Məhkəmə qərarları › İş №1(004)-41/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-41/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-41/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakları ilə, xx xxx 1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Xanlıq ərazi dairəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən filialının kiçik istehlak krediti şöbəsinin mütəxəssisi vəzifəsində çalışdığını bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs və qızı Şahid işlədiyi bankın girovunda ucuz qiymətə olan və Yasamal rayonu, Dövlət Statistika Komitəsinin yaxınlığında köhnə tiklilərdə yerləşən bir otaqlı 77 km2 sahəsi olan 116.000 manat dəyərində və üç otaqlı 89 kv2 metr sahəsi olan 82.000 manat dəyərində olan mənzillərin ipoteka şərtləri ilə 20 il müddətinə aylıq hər biri 320 və 220 manat təşkil edən ödənişlə satacağı barədə yalandan vəd verib aldadaraq, 04 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən "Grandmart" marketin içərisində quraşdırılmış "E-manat" ödəniş terminalı vasitəsi ilə istifadəsində olan 5310********7916 saylı "Yelo bank” kartına 7.955 manat, 17 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "Araz Centre" marketin içərisində quraşdırılmış "Milliön" ödəniş terminalı vasitəsi ilə istifadəsində olan 4169-7385- 2219-9672 saylı "xxxx" kartına 6.336 manat, 18 iyun 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "Araz Centre" marketin içərisində quraşdırılmış "Milliön" ödəniş terminalı vasitəsi ilə istifadəsində olan 4169-7385-2219- 9672 saylı "xxxx" kartına 2.000 manat, 26 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən "X5" mərkəzinin yaxınlığında olan "xxxx"-ın ofisinin qarşısında ödəniş terminalı vasitəsi ilə "xxxx" MMC-nin hesabına 17.874 manat, 2023-cü ilin iyun ayının sonunda ünvan 5 ünvanında mobil tətbiq vasitəsi ilə istifadəsində olan 4127********3956 saylı "xxxx" kartına 2485 manat və 09 iyul 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "Araz Centre" marketin içərisində quraşdırılmış "Milliön" ödəniş terminalı vasitəsi ilə istifadəsində olan 4169-7385-2219-9672 saylı "xxxx" kartına 1400 manat köçürtməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz olaraq alıb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 38.050 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ildə "xxxx" ASC-yə işə qəbul olunmaq üçün özünə məxsus olan anket məlumatlarını göndərmişdir. Həmin müraciəti ilə əlaqədar olaraq onu Banka imtahan mərhələsinə çağırmışdılar. Bu barədə ailə üzvlərinində məlumatı olmuşdur. O, imtahanın nəticəsini gözləmədən həm ailə üzvlərinə həm da onu tanıyan kənar şəxslərə Kapital Bankda imtahan verdiyini, imtahanın nəticəsinin uğurlu olduğunu, işə qəbul olunduğunu söyləmişdir. Bu barədə atasının tanışı olan Asiflə söhbət edən zaman Asifə də məlumat vermişdir. Asif də öz növbəsində ondan harada və hansı vəzifədə çalışdığını söyləyən zaman "X5" mərkəzinin yaxınlığında olan "xxxx" ASC-nin filialında kiçik istehlak krediti şöbəsində mütəxəssis vəzifəsində çalışdığını söyləmişdir. Asif də öz növbəsində ona ev axtaran tanışlarının olduğunu ilkin ödəniş şərtləri əsasında bankın girovunda olan evlərdən müxtəlif insanlar üçün təşkil edə biləcəyini maraqlandıqda o, Asifə heç bir problemin olmadığını bankın girovda mənzillərinin olmasını Asifin tanışlarına da mənzil təşkil edə biləcəyini, bunun üçün bəzi ödənişlərin edilməli olduğunu söyləmişdir. 2023-cü ilin fevral ayında Asifin ona yönəldiyi şəxslərlə "X5" mərkəzinin yaxınlığında olan "xxxx" ASC-nın filialının qarşısında Minayə Hacıyevə və qızı olan İlahə Hacıyevə ilə görüşmüşdür. Həmin görüş zamanı həmin şəxslərə özünü "xxxx" ASC-nin kiçik istehlak krediti şöbəsində mütəxəssis vəzifəsində çalışdığını hal-hazırda bankın girovunda Yasamal rayonu, Dövlət Statistika komitəsinin yaxınlığında yerləşən köhnə tikililərdən iki mənzilin girovda olmasını həmin mənzillərin satışını münasib qiymətə həyata keçirəcəyini bildirmişdir. Mənzillərin birinin bir otaqlı, digərinin üç otaqlı olmasını, bir otaqlı mənzilin 77 kv2 sahəsi olan 116.000 manat dəyərində və üç otaqlı 89 kv2 metr sahəsi olan 82.000 manat dəyərində olmasını söyləmiş və həmin mənzillərin satışının mümkün ola biləcəyini Zərərçəkmiş şəxs və qızına bildirmiş və həmin mənzillərin şəkillərini həmin şəxslərə göstərmişdir. Həmin mənzilləri Zərərçəkmiş şəxs ipoteka şərtləri ilə 20 il müddətinə aylıq ödənişlə satılacağını, həmin şərtlərə əsasən ilkin ödənişi həyata keçirdikdən sonra Minayə Hacıyevə üçün nəzərdə tutulan məbləğə görə onun hesabına aylıq 220 manat ödəniş edəcəyini, İlahə Hacıyevə isə aylıq olaraq 320 manat pul ödəyəcəyini bildirmişdir. Həmin mənzilləri almaq üçün tələsməli olduqlarını, mənzillərin yaxın zamanda satışa çıxarılacağını ona görə də ilkin ödənişləri tez bir zamanda həyata keçirməyin lazım olduğunu söyləmişdir. Minayə və qızı həmin ödənişləri necə həyata keçirilməli olduğunu soruşan zaman o, özünə məxsus olan "xxxx" və "xxxx" ASC-yə məxsus şəklini atmış və pulları kartlara göndərmələrini, onun vasitəsi ilə pulun hesaba köçürüləcəyini söyləmiş və bu qaydada ilkin ödənişi edəcəyini bildirmişdir. Bundan sonra müxtəlif vaxtlarda Minayə və qızı İlahə onun taqdim etdiyi bank kartlarına ümumilikdə 38.050 manat pulu 09 iyul 2023-cü il tarixədək köçürmüşdülər. O, həmin müddət ərzində Minayə və qızına özünə inandırmaq üçün mənzillərin alınmasına görə keçirilən auksionlarda qalib gəlmələri barədə həqiqətə uyğun olmayan məzmunda smsləri özünə məxsus olan mobil nömrələr vasitəsi ilə Minayəyə və qızı İlahəyə göndərmişdir. Bundan başqa, Minayə və qızının ona tam olaraq inanması üçün mobil tətbiqində yaddaşda qalmış olan qəbzi həqiqətə uyğun olmayan məzmunda dəyişdirib həmin şəxslərə ödəniş qəbzi kimi təqdim etmişdir. 2023-cü ilin avqust ayında həmin şəxslərlə bu məsələ barədə söhbət aparan zaman həmin vəzifədə çalışmadığını, onlarda özünə qarşı inam yaradaraq dələduzluq etdiyini, buna baxmayaraq almış olduğu pulları tez bir zamanda geri qaytaracağını söyləmiş və bu barədə öz xətti ilə iltizam yazaraq həmin şəxslərə təqdim etmişdir. Minayə xanım polisə şikayət edənədək, 1600 manat polisə şikayət etdikdən sonra isə 1.000 manat pul qaytarmış və 2024-cü ilin aprel ayının sonunadək 4.000 manat pul qaytarmağı öhdəsinə götürmüşdür. O, Minayə və qızı üçün girovda olan mənzilləri almağa köməklik göstərmək adı ilə 38.050 manat pul almışdır. Həmin pulun 16.821 manatını İlahədǝn, 21.116 manatını isə Minayədən almışdır. Lakin, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin şəxslərdən pulu əsasən, kartdan karta köçürmək yolu ilə almışdır. Belə ki, ilkin olaraq 04 fevral 2023-cü il tarixdə 7955 manat pul vəsaitini adına olan “Yelo” banka aid sonu nömrəsi ilə bitən bank kartına, 17 fevral 2023-cü il tarixdə 6336 manat pul vəsaitini adına olan "Kapital banka" aid bank kartına, 18 iyun 2023-cü il tarixdə 2000 manat pul vəsaitini adına olan bank kartına köçürmüşlər, bundan başqa 26 iyun 2023-cü il tarixdə qeyri iş günü olduğundan onun təklifi ilə "xxxx" ASC-nin filialının qarşısında ödəniş terminalından 17.874 manat pul vəsaitini adına olan karta köçürmüşdülər. Hansı ki, bundan sonra o, həmin şəxslərə mobil tətbiqdə düzəltmiş olduğu sənədi təqdim etmiş, əlavə olaraq 2023-cü ilin iyun ayının sonunda mobil tətbiq vasitəsi ilə ona məxsus olan bank kartına 2485 manat pul vəsaitini və yekun olaraq 09 iyul 2023-cü il tarixdə 1400 manat pul vəsaitini adına olan bank kartına köçürmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ildə ailəvi tanışları olan Asifə ev almaq istədiyini bildirmiş, Asif isə onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Məhəmmədlə görüşən zaman sonuncu onlara özünü "xxxx" ASC-nin girovda olan evlərin satışı üzrə mütəxəssisi vəzifəsində çalışan şəxs kimi təqdim edib və hal-hazırda bankın girovunda Yasamal rayonu, Dövlət Statistika komitəsinin yaxınlığında yerləşən köhnə tikililərdən iki mənzilin girovda olduğunu bildirmişdir. Mənzillərin birinin 77 kv. metr olmaqla 116.000 manat, digərinin 89 kv. metr olmaqla 82.000 manat dəyərində olmasını bildirmişdir. Həmin mənzilləri onlara ipoteka ilə, yəni 20 il müddətinə aylıq 220-320 manat ödənişlə satılacağını bildirmişdir. Həmin mənzilləri almaq üçün tələsməli olduğunu evlərin yaxın zamanda satışa çıxarılacağını ona görə də ilkin ödənişləri tez bir zamanda həyata keçirməyin lazım olduğunu söyləmişdir. Bundan sonra müxtəlif vaxtlarda o və qızı Məhəmmədin təqdim etdiyi bank kartlarına ümumilikdə 38.050 manat pul köçürmüşlər. Lakin Təqsirləndirilən şəxs həmin mənzillərin alınmasını yubandırmış, Məhəmməddən bu barədə soruşduqda isə Məhəmməd mənzillərin alınmasına görə keçirilən auksionlarda qalib gəlməsi və tez bir zamanda alqı-satqının həyata keçirilməsi ilə bağlı smslərin ona və qızına məxsus olan mobil nömrələrə göndərilməsini təşkil edərək onları özünə inandırmışdır. Buna baxmayaraq 2023-cü ilin avqust ayında Məhəmmədlə bu məsələ ilə söhbət aparan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs inamından və etibarından sui istifadə edərək ona qarşı dələduzluq etdiyini Məhəmmədə vermiş olduğu 38.065 manat pulunu mənimsədiyini etiraf etmiş və tez bir zamanda həmin pul vəsaitini geri qaytaracağını söyləmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 39-42-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2023-cü ildə anası Zərərçəkmiş şəxs ilə birlikdə ev almaq qərarına gəlmiş və bu barədə tanışları ilə mütəmadi olaraq danışmışlar. Həmin tanışlardan biri də uzun müddətdir ailələrini tanıyan Asif adlı şəxs olmuşdur. Onlar Asifə bu barədə məlumat verdikdə, Asif bankda girovda olan mənzillərin satışının ucuz olduğunu, belə bir mənzil alacaqları halda ziyana düşməyəcəklərini qeyd etmişdir. Daha sonra Asifdən bu sahədə tanışının olub-olmadığını və belə bir şəxs varsa, kömək edib-edə bilməyəcəyini soruşmuşlar. Asif qısa müddət ərzində cavab verəcəyini bildirmişdir. Təxminən bir müddət sonra Asiflə ailəvi görüş zamanı o, Yunus adlı iş yoldaşının olduğunu, Yunusun oğlunun “Kapital” Bankda mütəxəssis işlədiyini və onları həmin şəxsə yönləndirə biləcəyini söyləmişdir. Beləliklə, 2023-cü ilin fevral ayında Şahid və anası Minayə, Asifin məsləhəti ilə Yunusun oğlu Təqsirləndirilən şəxs işlədiyi “Kapital” Bankın ofisinə yaxınlaşıb onunla görüşmüşlər. Məhəmməd həmin görüş zamanı özünü “Kapital” Bankın girovda olan evlərin satışı üzrə mütəxəssisi kimi təqdim etmiş və Yasamal rayonu, Dövlət Statistika Komitəsinin yaxınlığında yerləşən iki köhnə tikilinin girovda olduğunu bildirmişdir. O, mənzillərdən birinin bir otaqlı və 77 kv.m sahəsi olmaqla 116.000 manat, digərinin isə üç otaqlı və 89 kv.m sahəsi olmaqla 82.000 manat qiymətində olduğunu izah etmişdir. Məhəmməd həmin mənzilləri ipoteka şərtləri ilə 20 illik aylıq ödənişlər vasitəsilə ala biləcəklərini və ilkin ödənişdən sonra İlahənin aylıq 320 manat, anasının isə 220 manat ödəniş edəcəyini bildirmişdir. O, mənzillərin yaxın zamanda satışa çıxarılacağını, buna görə də ilkin ödənişin tez bir zamanda həyata keçirilməsinin vacib olduğunu vurğulamışdır. Ödənişlərin necə həyata keçiriləcəyini soruşduqda, Məhəmməd onlara öz bank kartlarının şəkillərini göndərərək pulların həmin kartlara köçürülməsini istəmişdir. Şahid və anası müxtəlif vaxtlarda Məhəmmədin təqdim etdiyi bank kartlarına ümumilikdə 38.065 manat pul köçürmüşlər. Lakin Məhəmməd mənzillərin alınmasını yubandırmış, onların suallarına cavab olaraq auksionlarda qalib gəldikləri barədə mesajların göndərilməsini təşkil etmiş və bu yolla onları özünə inandırmışdır. 2023-cü ilin avqust ayında bu məsələ ilə bağlı Məhəmmədlə söhbət zamanı məlum olmuşdur ki, o, Şahid və anasının inamından suiistifadə edərək onlara qarşı dələduzluq etmiş və 38.065 manat pulu mənimsəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC və "xxxx" ASC tərəfindən təqdim olunan “ödəniş kartı üzrə” çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bank kartlarına müxtəlif vaxtlarda ümumilikdə 38.050 manat məbləğində köçürmələr həyata keçirilmişdir. (i.v. 102-145) xx.xx.2024-cü il tarixli “Sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi "xxxx" və "xxxx"-a aid çıxarışların siyahısı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən sonuncudan götürülmüş cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmişdir. (i.v. 98-99) xx.xx.2024-cü il tarixli “Sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü tarixdə Təqsirləndirilən şəxs məxsus 5310********7916 saylı "Yelo bank” kartına 7.955 manat pul vəsaitinin daxil olmasını, xx.xx.2023-cü il tarixdə sonuncuya məxsus 4169***********9672 saylı "xxxx" kartına 6.336 manat pul vəsaitinin daxil olmasını, daha sonra xx.xx.2023-cü il tarixdə eyni qayda ilə 4169************9672 saylı "xxxx" kartına 2.000 manat pul vəsaitinin daxil olmasını, xx.xx.2023-cü il tarixdə 4169************9672 saylı "xxxx" kartına 1400 manat pul vəsaitinin daxil olması müəyyən olunmuşdur. (i.v. 146) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı pulların zərərçəkmiş şəxsə geri qaytarılması ilə bağlı iltizam, köçürmə qəbzinin şəkilləri, ödəniş kartı üzrə çıxarış iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 153-163) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, X2 həmin tarixdə saat 18:00 dəqiqədə tutulmuş, azadlığı faktiki olaraq 18:00-da məhdudlaşdırılmışdır. (i.v. 55-56) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və saxlanıldığı MSY-dən azad olunması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı MSY-dən azad olunmuşdur. (i.v. 82-83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 147) Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs X1 heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, onunla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, AR CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (AR CM-nin 58.3-cü maddəsi) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 26 aprel 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək olan 01 (bir) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gün hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1) barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-nin 132-ci maddəsi). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübutlar – bank kartının şəkli, köçürmə qəbzinin şəkli, pulların zərər çəkmiş şəxslərə geri qaytarılması ilə bağlı iltizam, ödəniş kartı üzrə çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 26 aprel 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar – bank kartının şəkli, köçürmə qəbzinin şəkli, pulların zərərçəkmiş şəxslərə geri qaytarılması ilə bağlı iltizam, ödəniş kartı üzrə çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar