Məhkəmə qərarları › İş №1(004)-410/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-410/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-410/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X8, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləmir, məhkumluğu olan, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf selofan bükümündə, təmiz çəkisi 1,001 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü kağızı bükümündə, təmiz çəkisi 0,848 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla, daşımış, 31 iyul 2021-ci il tarixdə saat 18:30 dəqiqədə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində, ünvan 2 ünvanın qarşısında saxlanılaraq, polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf selofan bükümündə, təmiz çəkisi 1,001 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü kağızı bükümündə, təmiz çəkisi 0,848 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olsa da, ünvan 3 ünvanında müvəqqəti yaşayır, heç bir yerdə işləmir, lakin avtomobillərin rənglənməsi işi ilə məşğul olmuşdur, subaydır, əvvəllər 22 oktyabr 2015-ci il tarixdə Bakı ağır cinayətlər məhkəməsinin hökmünə əsasən, AR CM-nin 180.2.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 66.3-cü maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, 24.01.2018-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə, onun təqsirləndirildiyi maddələrdən AR CM-nin 177.2.4-cü maddəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən xaric edilmişdir və ona təyin olunmuş cəza AR CM-nin 66.2-ci maddəsinə əsasən 05 il 02 aya endirilmişdir, 03.09.2019-cu il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə AR CM-nin 76- cı maddəsinə əsasən, ona təyin olunmuş cəzadan çəkilməmiş qalan 09 ay 11 cün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir, 12.06.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamışdır, həmin xəstəxanalarda qeydiyyatda deyildir. Təxminən 02 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin növündən qəbul etmişdir, metamfetamini və heroini tüstüsünü çəkməklə qəbul etmişdir. Narkotik vasitənin heroin və psixotrop maddə metamfetamin növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılar olmuşdur. 31 iyul 2021-ci il tarixdə saat 16 radələrində onun bədəni ağramışdır, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də o, Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan əraziyə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmışdır, həmin şəxsə bədəninin ağradığını, narkotik vasitə heroin və metamfetamin istədiyini bildirmişdir. Həmin şəxs də ona narkotik vasitə heroin və metamfetamin olmasını və neçə büküm lazım olmasını bildirmişdir. O da həmin şəxsə bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamin lazım olmasını bildirmişdir və qiymətini soruşmuşdur. Həmin şəxs də ona bir bükümünün 10 manata satdığını, iki bükümünə görə 20 manat verməli olduğunu bildirmişdir. O da həmin şəxsə 20 manat verməklə, həmin şəxsdən bir ədəd sellofan bükümündə narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü kağız bükümündə psixotrop maddə metamfetamin almışdır və əynində olan göy rəngli idman şalvarının sağ yan cibində qoymaqla, saxlamışdır və daşımışdır, fikirləşmişdir ki, məhəllədə sakit bir yer tapıb narkotik vasitəni qəbul etsin. 31 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində o yaşadığı ünvan 2 ünvanının qarşısında olduğu vaxt, ona mülki geyimdə şəxslər yaxınlaşmışdırlar, özlərini ona təqdim etdikləri vaxt, o yaxınlaşan şəxslərin 26-cı PB-nin əməkdaşları olmasını bilmişdir. Sonra polis əməkdaşları onu 26-cı polis bölməsinə dəvət etmişdirlər, o da polis əməkdaşları ilə polis bölməsinə getməyə etiraz etməmişdir və birlikdə polis bölməsinə getmişdirlər. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə üzərinə video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir, istintaq hərəkəti zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predimet varsa təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümündə narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü kağız bükümündə psixotrop maddə metamfetamin olmuşdur, həmin bir ədəd sellofan bükümündə narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü kağız bükümündə psixotrop maddə metamfetamini onlara təqdim edə bilər. O da şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümündə narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü kağız bükümündə psixotrop maddə metamfetamini polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Həmin şəffaf selofan paketi açarkən, içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə, siqaretin gümüşü kağızı açılarkən içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş iki ədəd kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmişdir, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümündə narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü kağız bükümündə psixotrop maddə metamfetaminə bənzər kütləni 31 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almışdır və öz üzərində saxlamışdır, həmin narkotik vasitədən başqa bir şəxsə satmamışdır, özünün istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşmüşdür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus olmuşdur, özü qəbul etmək üçün 20 manata almışdır, narkotik vasitənin və psixotrop maddənin çəkisinin nə qədər olmasını bilməmişdir. O üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən heç kimə satmamışdır. O üzərindən bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,001 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,848 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilməsini təsdiq etmişdir, rəydə qeyd olunan çəki ilə razıdır. O polis şöbəsinə gətirilərkən onu kimsə döyməmişdir, vurmamışdır, xəsarət yetirməmişdir, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyündə həmin şəxs arıq bədənli, orta boylu olmuşdur, saçları yarı ağarmış rəngli olmuşdur, əynində qara rəngli qısaqol yay köynəyi gödəkcə, qara rəngli idman şalvar, qara idman ayaqqabısı olmuşdur, o həmin şəxsdən əvvəllər narkotik vasitə almamışdır, birinci dəfə olmuşdur ki, rastlaşmışdır. O hadisə vaxtı və hadisəyədək olan müddət ərzində mobil telefon istifadə etməmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdən etibarən tanımışdır, onu əvvəllər tanımamışdır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 31.07.2021-ci il tarixdə saat 18 radələrində Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmışdır, əməliyyat qrupuna o rəhbərlik etmişdir, əməliyyat qrupunun tərkibinə Yasamal RPİ-nin 26cı PB-nin əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindənn əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışdırlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nin 26-cı PB-nə gəlməyə etiraz etməmişdir, onlar birlikdə Yasamal RPİ-nin 26- cı PB-nə gəlmişdirlər. Yasamal RPİ-nin 26-cı PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakıyla üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almış olduğu bir ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümdə içərisində psixotrop maddə metamfetamin və bir ədəd şəffaf selofan kəsiyi bükümündə içərisində narkotik vasitə heroini əldə edərək üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığını bildirərək, üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı iki ədəd bükümü təqdim etmişdir. Həmin siqaretin gümüşü kağızma bükülmüş bükülüyə baxış keçirilərkən, içərisində ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlənin olması və bir ədəd şəffaf selofan kəsiyi bükümünə baxış keçirilərkən, içərisində qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd bükümlər tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır və bağlamanın üzəri AR DİN-nin 170 saylı möhürü ilə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündən aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümdə içərisində psixotrop maddə metamfetamini və bir ədəd şəffaf selofan kəsiyi bükümündə içərisində narkotik vasitə heroini olmasını, həmin iki ədəd bükümü 31 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən ümumilikdə 20 manata almasını, üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığını və gəzdirdiyini, narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etmədiyini, özünün istifadəsi üçün əldə etməsini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması ilə əlaqədar hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3231 saylı, 01 avqust 2021-ci il tarixli ekspertiza rəyinə əsasən üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 170 dairəvi möhür əksi olan, “Vət.Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,001 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,848 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 2929 saylı, 17 avqust 2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.10.2015-ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.01.2018-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarı ilə CM-nin 177.2.4-cü maddəsi hökümdən xaric edilib CM-nin 66.2-ci maddəsi ilə cəzası 05 il 02 aya endirilib. 03.09.2019-cu il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən çəkilməmiş 09 ay 11 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş və 12.06.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 02.08.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31.07.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik və psixotrop vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 02 ay (iki il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 31 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,951 qram narkotik vasitə olan heroin və 0,798 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X6 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar