Məhkəmə qərarları › İş №1(004)-411/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-411/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-411/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə saat 16:00 dəqiqədə Bakı şəhəri Nəsimi rayonu “Kubinka" adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,034 qram qəhvəyi rəgli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, 12 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanının qarşısında Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əsaslı şübhələrə səbəb olan Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ- nin 26-cı Polis bölməsinin inzibati binasına dəvət edilmiş, bölmənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,034 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik maddə olan heroindən inyeksiya və çəkmək yolu ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:00 radələrində o, Nəsimi rayonu ərazisindəki Kubinka deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata bir büküm narkotik vasitə olan heroini əldə etmişdir. O, həmin narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış ki, sonra istifadə edər. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Yasamal rayonu, M.Muxtarov küçəsi 160 ünvanın qarşısında olan zaman iki nəfər şəxs mənə yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini ona təqdim etmişlər. O, üzərində narkotik vasitə olduğundan onlardan yayınmaq istəmişdir. Polis əməkdaşları ona narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal rayonu, 26-cı polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis bölməsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət etdilər və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğumu bildirdilər. Ona müdafiə hüququ təmin olunaraq vəkil təyin edildi. Bundan sonra vəkilinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bu zaman təhqiqatçının otağında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklər üzərində şəxsi axtarış keçirildi. Polis bölməsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən saxladığı şəffaf sellofana bükülmüş bükümü təqdim edib içərisində narkotik vasitə olan heroin olduğunu bildirib masanın üzərinə qoymuşdur. Həmin sellofan polis əməkdaşları tərəfindən açılmışdır. Həmin sellofan bükümün içərisində narkotik vasitə olan heroin var imiş. O, aşkar olunmuş madənin narkotik vasitə olan heroin, həmin maddəni xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində olan Kubinka deyilən yerdən üzdən tanıdığım, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyimi bildirmişdir. Bundan başqa, üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar edilmədi. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edildi, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Törətdiyi əməli səmimi etiraf etməyini, əməlimdən səmimi peşman olmağını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də o və bölmənin digər əməkdaşı əməliyyat müvəkkili polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və digər əməkdaşla birlikdə məlumat əsasında 12 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 4 ünvanın yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Həmin gün, yəni 12 aprel 2023-cü il tarixdə saat 19:30 dəqiqədə onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün onlarla birlikdə getməsini bildirmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Yasamal rayon Polis İdarəsininin 26-cı PB-na gəlmişdir. Bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 28 may küçəsi, 6-cı paralel, nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olundu. Həmin şəxs bölmədə xidməti iş otaqlarının birinə dəvət edildi. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olundu və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirləcəyi bildirildi. Bundan sonra video çəkilişdən istifadə edilməklə ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoydu. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Həmin büküm açıldıqda onun içərisində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddə olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, həmin heroini 12 aprel 2023-cü il tarixdə saat 16 radələrində Nəsimi rayonu “Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində Şahid2 verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2168 saylı, 13 aprel 2023-cü il tarixli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs – imza, təhqiqatçı: R.Qafarov-imza...” yazı əlavəsi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,034 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 4086 saylı, 25 iyun 2023-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 3 dəfə məhkum edilmişdir. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2012-ci il tarixdən hesablanmış və cəzasını çəkib bitirmişdir. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 12 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat (doxsan iki manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,984 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar