Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-411/2025 22.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, orta təhsilli, subay, Saatlı rayonu O.Rzayev küçəsi D-1 ev 3-də qeydiyyatda olmaqla yaşamış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsə məxsus əmlakı tamah niyyəti ilə gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, tamah niyyəti ilə 27 aprel 2025-ci il tarixdə saat 17 radələrində paketçi kimi işlədiyi ünvan 1 ünvanında fəaliyyət göstərən «Qızıl Əllər» qutab evinin mətbəxindən həmin iaşə obyekində qutabçı kimi işləyən Zərərçəkmiş şəxs məxsus pul kisəsindən ümumi dəyəri 2500 manat təşkil edən 1 ədəd 2,5 qram çəkidə 585 əyarlı 400 manat dəyərində qızıl boyunbağı, 1 cüt 2,5 qram çəkidə 585 əyarlı 350 manat dəyərində qızıl sırğa, 1 ədəd 3 qram çəkidə 583 əyarlı üzərində «Gülxar» sözləri yazılan 450 manat dəyərində qızıl klon, 1 ədəd 2,5 qram çəkidə 585 əyarlı 400 manat dəyərində üzərində «Ayətül Kürsü» yazıları olan qızıl boyunbağı, 1 ədəd 1,5 qram çəkidə 585 əyarlı 200 manat dəyərində üstü qaşlı nazik qadın qızıl üzüyü,1 ədəd 2 qram çəkidə 583 əyarlı göy daşlı 300 manat dəyərində qızıl klon,eləcə də 400 manat məbləğində gümüş bijuteriyaları, bundan əlavə 120 manat nağd pulu gizli olaraq talayıb, hadisə yerindən gedərək, Zərərçəkmiş şəxs 2620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri Saatlı rayonunda yaşayırlar, ailəsilə arasında ailə daxili narazılıq olduğuna görə 1 ilə yaxındır ki, Bakı şəhərinə gəlib müxtəlif yerlərdə gündəlik kirayələrdə qalır. Özünü dolandırmaq üçün fəhlə kimi, araba sürən kimi, kuryer kimi müxtəilif mağazalarda, sexlərdə, kafelərdə işləyir. 2025-ci ilin aprel ayının əvvəlindən başlayaraq 27 aprel 2025-ci il tarixə kimi ünvan 2 ünvanında yerləşən «Qızıl əllər» qutab evinin işlədən Nərmin adlı qadından xahiş etmişdir ki, ona köməklk etsin, qalmağa yeri yoxdur,y eməyə yemək tapa bilmir və obyektin zibilini daşıyıb tullamağa, eləcə də sifariş olanda aparıb çatdırmağa kömək edə biləcəyini demişdir. Nərmin xanımın da ona yazığı gəlib ona gündəlik olaraq obyektdə yemək verirmiş, o da obyektin zibililərini tullayırmış. Hətta bəzən alver yaxşı olanda Nərmin xanım ona gündəlik 15 manat pul da verirmiş. 27 aprel 2025-ci il tarixdə saat təxminən 16-17 radələrində qutab evində olarkən Nərmin qonşuluqdakı paltar mağazasına getmiş, obyektdə tək qalmışdır. Nərminin həmin günü lombarda özünə məxsus qızıl əşyalarını girova qoyub pul götürmək fikrində olduğunu, lakin lombardın bazar günü olduğuna görə bağlı olması səbəbi ilə Nərminin pul götürə bilmədiyini və qızıllarının kaşlokunda olduğunu bilirmiş. Nərmin obyektdən çıxandan sonra onda oğurluq etmək barədə fikir formalaşmış, ilk əvvəl həmin vaxtı obyektin vitrinində olan pul qabının içərisindən 40 manat xırda pulu götürmüş, daha sonra Nərminin pul kisəsini açıb içərsindən iki ədəd qızıl boyunbağı, 2 ədəd klon, bir cüt sırğa və bir ədəd qızıl üzüyü, gümüş bijuteriyaları oğurladım, pul kisəsinin içində olan 80 manata yaxın pulu da götürmüşdür. Oğurladığı qızılları və 120 manat pulu cibinə qoyub obyektdən çıxb uzaqlaşmışdır. Yol kənarında olan tanımadığı bir taksi maşınına minib 28 may metrosuna getmişdir. Oğuradığı qızıl əşyalarını «28 May» ticarət mərkəzinin yanındakı «Qızıl zinət əyşlarının qəbulu » ilə məşğul olan dükana satmışdır. Belə ki, Nərminə məxsus oğurladığı 1 ədəd təxminən 2.5 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, 1 cüt 2.5 qram çəkidə 585 əyarlı qızıl sırğanı, 1 ədəd 3 qram çəkidə üzərində «Gülxar» sözləri yazılan qızıl klonu, 1 ədəd 2.5 qram çəkidə 585 əyarlı üzərində «Ayətül Kürsü» yazıları olan qızıl boyunbağını, 1 ədəd 1.5 qram çəkidə üstü qaşlı nazik qadın qızıl üzüyünü, 1 ədəd 2 qram çəkidə 583 əyarlı göy daşlı qızıl klonu öz şəxsi əmlakı kimi təqdim edərək, pula ehtiyajı olduğunu bildirib şəxsiyyət vəsiqəsini təqdim edib 1110 manata satmışdır. Qızılları ondan qəbul edən orta yaşlarında olan kişi onun şəxsiyyət vəsiqəsinin şəklini telefonla çəkib qızılları ondan qəbul etmişdir. Bijuteriyaları isə dəyərsiz bilib tullamışdır. Qızılların satışından əldə etdiyim 1110 manat və oğurladığım 120 manat pula özünə palpaltar almış, daha sonra 2-3 gün ərzində həmin pulu kafelərdə, barda xərcləmişdir. Bir neçə gün sonra isə polis əməkdaşları onu «Papanin» adlanan ərazidə küçədə yaxalayıb 29-cu PŞ-ə gətirmişlər və O baş vermiş hadisə ilə bağlı olaraq izahat yazmışdır. Etdiyi əməldən çox peşmandır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, 29-cu PŞ-də olarkən qızılları guya Zaqatala rayonunda tanışı Ceyhun adlı şəxsin vasitəsi ilə satmağı barədə dedikləri yalandır. Polis əməkdaşları onu tutarkən həmin vaxtı içkili vəziyyətdə olmuş, ona görə də nə danışdığını bilməmiş, özündə olmamışdır. Bir daha bildirmişdir ki, qızılları 28 may metrosunun yaxınlığındakı qızıl qəbulu dükanına satmış, qızılları satarkən də yanında heç kim olmamış, tək olmuş, Ceyhun adlı şəxs isə onun köhnə tanışıdır, onu neçə müddətdir ki, görmür, telefon nömrəsi, harada yaşamasını, tam anket məlumatlarını da bilmir. İfadəsinin sonunda bildirmişdir ki, törətdiyi əməldən peşmandır, vurulmuş zərərdən 200 manat ödəmişdir və hər ay da 300 manat olmaqla ödəyəcəkdir. İndiyədək zərəri ödəməməsinin səbəbi işsiz olması olmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində həbslə bağlı olmayan alternativ cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayından etibarən ünvan 3 ünvanında yerləşən 12 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini icarəyə götürüb həmin obyektdə qutab, dönər, peraşki bişirib satmaqla ailəsini dolandırır.Obyektin adı «Qızıl Əllər» qutab evi adlanır. 2025-ci ilin aprel ayının əvvəlində iş yerində olarkən bir nəfər cavan oğlan ona yaxınlaşaraq qalmağa yerinin olmadığını, kuryer kimi obyektdə ona köməklik edə biləcəyini, zibili daşıyacağını və əvəzində ona gündəlik olaraq yemək, lazım olanda 5-10 manat da pul verməyini xahiş etmişdir. Həmin oğlana yazığı gəlmişdir. Bu oğlanın adı Təqsirləndirilən şəxs idi. Özünün deməsinə görə əslən Saatlı rayonundan idi. Həmin gündən etibarən Tural obyektin zibilini daşıyıb atır, sifariş olan zaman sitarişi ünvana çatdırır və bir sözlə ona yazığı gəldiyi üçün yanında qalıb ona köməklik edirdi. Bütün günü obyektin mətbəxindəki zibilləri təmizləyirdi. Hər gün onun yemək içməyini verirmiş, alver olanda isə 15 manat da pul verirmiş. 27 aprel 2025-ci il tarixdə həmişə olduğu kimi işdə olmuşdur. Səhər saat təxminən 10-11 radələrində özünə məxsus olan qızılları lombarda girova qoyub pul götürmək məqsədilə yaxınlıqda olan lombarda getmişdir. Tural da həmin vaxtı ona zəng vurub müştəri olduğunu bildirmiş və lombard bağlı olduğu üçün 5 dəqiqəyə obyektə gəlmişdir. Müştərinin sifarişini hazırlayıb onu yola salmışdır. Tural həmin vaxtı ondan qızılları lombarda qoyub-qoymadığını soruşanda lombardın bağlı oldğunu, bu gün bazar olduğuna görə ola bilsin ki, lombardın bəlkədə işləmədiyini bildirmişdir. Saat təxminən 16-17 radələrində obyektdən çıxıb yaxınlıqda olan paltar dükanına getimişdir. Tural obyektdə qalmışdır. Təxminən 6-7 dəqiqə sonra geri qayıdanda görmüşdür ki, Tural obyektdə yoxdur, mətbəx hissəsinə keçəndə özünə məxsus pul kisəsinin açıq olduğunu görmüş və tez içinə baxdıqda içərsində özünə məxsus olan 1 ədəd 2.5 qram çəkidə 585 əyarlı 400 manat dəyərində qızıl boyunbağı, 1 cüt 2.5 qram çəkidə 585 əyarlı 350 manat dəyərində qızıl sırğa, 1 ədəd 3 qram çəkidə 583 əyarlı üzərində «Gülxar» sözləri yazılan 450 manat dəyərində qızıl klon, 1 ədəd 2.5 qram çəkidə 585 əyarlı 400 manat dəyərində üzərində «Ayətül Kürsü» yazıları olan qızıl boyunbağı, 1 ədəd 1.5 qram çəkidə 585 əyarlı 200 manat dəyərində üstü qaşlı nazik qadın qızıl üzüyü, 1 ədəd 2 qram çəkidə 583 əyarlı göy daşlı 300 manat dəyərində qızıl klon, eləcə də 400 manat məbləğində gümüş bicuteriyaların, bundan əlavə 80 manat nağd pulun yerində olmadığını aşkar etmiş, o dəqiqə başa düşmüşdür ki, Tural oğurlayıbdır, ona zəng vursa da telefonuna cavab verməmiş, telefona adboy vermiş, daha sonra mətbəxdəki qutununu içrəisində olan 40 manat pulun da yerində olmadığını görmüşdür. Turalın etmiş olduğu bu oğurluqla bağlı dərhal DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Təxminən 15-20 dəqiqə ərzində ərazi üzrə Yasamal RPİ-nin 29-cu PŞ-dən əməkdaşlar hadisə yerinə gəlmişlər və baş vermiş hadisə ilə bağlı olaraq ərizə və izahat yazmışdır. Baş vermiş oğurluq nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 2620 manat məbləğində maddi ziyan yetirilmişdir. Vurulmuş zərərdən 200 manat ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyə uyğun şəkildə cəzalandırılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsindən görünür ki, bacısının həyat yoldaşı İbrahimov ibrahim Mədət oğlu Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən qızıl və gümüş məmulatlarınını alışı-satışı mağazasının faktiki olaraq sahibidir, qanuna müvafiq qaydada Dövləi Vergi Xidmətindən kiçik sahibkar kimi qeydiyyatdan keçmişdir Həmin obyektdə bacısı Mamedova Elnarə, bəzən isə özü yeznəsinə kömək kimi yanında olurlar. 27 aprel 2025-ci il tarixdə axşam saat 18 radələrində həmişə olduğu kimi obyektdə olarkən bu zaman 25-30 yaşları arasında olan, hündür boy, üzü tüklü olan bir cavan oğlan mağazaya daxil olub ona 1 ədəd 585 əyarlı qızıl boyunbağı, 1 cüt 585 əyarlı qızıl sırğa, 1 ədəd 583 əyarlı üzərində «Gülxar» sözləri yazılan qızıl klon, 1 ədəd 585 əyarlı üzərində «Ayətül Kürsü» yazıları olan qızıl boyunbağı, 1 ədəd 585 əyarlı üstü qaşlı nazik qadın qızıl üzüyü,1 ədəd 583 əyarlı göy daşlı qızıl klonu göstərib, həmin qızılların özünə məxsus olduğunu, metal qəbulu məntəqəsində işlədiyini, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin şəxsin hərəkətləri onda şübhə yaratmadığı üçün qızılları çəkib 12-13 qrama yaxın olduğunu və qızılın qramını 97 manatdan ala biləcəyini bildirmişdir. Qiymətlə bağlı razılığa gəlib, həmin şəxsin şəxsiyyət vəsiqəsinin fotosunu çəkib götürmüş və şəxsiyyət vəsiqəsində bu şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Təqsirləndirilən şəxs qəbul etdiyi qızıllara görə ona 1110 manat pul vermişdir və həmin şəxs pulu alıb sağollaşıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs adlı şəxsdən qəbul etiyi qızılları isə səhəri gün gündəlik olaraq «lom» qiymətinə qızıl alan şəxsə satmışlar. Bir müddət sonra obyektdə olarkən Təqsirləndirilən şəxs adlı şəxsi polis əməkdaşları obyektə gətirmişlər və ona məlum olmuşdur ki, bu şəxsin ona satdığı qızıllar oğurluq olmuşdur. Lakin onun bu barədə heç bir məlumatı olmamışdır, həmin şəxs qızılları ona öz əmlakı kimi təqdim edərək satmışdır, bu şəxsi əvvəllər tanımamış, 1-ci dəfə həmin günü görmüş, qızılların oğurluq olmasını polis əməkdaşlarından eşidib bilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Yasamal RPİ 29-cu PŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, hadisənin törədildiyi yer kimi Yasamal rayonu 192 ünvanında yerləşən obyekt göstərilmişdir və bununla bağlı protokol tərtib edilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmişdir (İ/V. 9-11). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 28). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş, DVD diskdə olan videogörüntülərə baxış keçirilən zaman, xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında“ protokolda göstərilənlər öz təsdiqini tapmışdır. “İfadənin yerində yoxlanılması haqqında” 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ünvana aparılaraq ifadəsində göstərdiyi halları yerindəcə nümayiş etdirmiş, zəruri izahatlar vermişdir. (İ/V. 33-34). “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 67-68) “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 74) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs Xaliq qızının ifadəsi, hadisə yerinə baxış protokolu, qızılın satışına dair əldə olunmuş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, qızılların fotoşəkilləri və 01 ədəd DVD disk sübut növü kimi qiymətləndirilmişdir. (İ/V. 53-57). “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ifadələrin yerində yoxlanması protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən (iki yüz manat) ödəməsini onun cəzasini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 iyul 2025-ci il tarixdən hesablanmalı, hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 411/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 165 (bir yüz altmış beş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-411/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-411/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver