Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-412/2021 03.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi: Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili X8 Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi: Guseinov Gasan Zərər çəkmiş şəxsin hüquqi varisi: X10 Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil: X9 Təqsirləndirilən şəxs: xx xxxxxx 1996-cı ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 19-cu küçə, döngə 1, ev 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə saat 20:37-də “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi ilə Respublika Klinik Xəstəxanası istiqamətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70-80 km/saat sürətlə idarə edərək yol ayrıcı səddən 3-cü hərəkət zolağı ilə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş və ünvan 1 ünvanında piyada xətti ilə sağdan sola keçən piyada X2 idarə etdiyi “Daewoo Gentra” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya Baş beyin toxumasına yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı sağ təpə nahiyəsinin hematoması sağ baldır sümüklərinin açıq qəlpəli sınığı sağ baldırın əzilmiş yarası, bədənin sıyrıq və qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib, həmçinin "xxxx" ASC-yə məxsus Daewoo Gentra markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1320,00 manat maddi ziyan vurmaqla zərərçəkmiş şəxs İ.B.Yusifovanın ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 3 ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. «Maxim 2111» taksi şirkətinin sürücüsüdür. **-PG-*** dövlət qeydiyyat nişanlı «Union» lizinq şirkətinə məxsus avtomaşını etibarnamə əsasında idarə edir. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 07.07.2021-ci il tarixdə o, həmin avtomaşın ilə Yasamal rayonu Kaktus restoranından yanından avtomaşınla 20 Yanvar dairəsinə gəlmək üçün hərəkətə başlamışdır. Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə hərəkətdə olduğu zaman 20 yanvar dairəsi istiqamətində yolun sağ hərəkət hissəsi ilə yol ayrıcından 3-cü hərəkət zolağı ilə 70-80 km/sat sürəti ilə hərəkət etdiyi zaman 2 saylı Tibb Kollecinin yaxınlığından keçərkən işiqforun sol və axırıcı sağ zolağı üçün qırmızı işıq yanmış, orta 2 zolaq üçün isə yaşıl rəngli işıq yanmışdır. Bu səbəbdən o, soldan 3-cü zolaqdan hərəkətini davam etdirmişdir. Yolun 1-ci zolağında xatırlamadığı sayda avtomaşınlar sıra ilə dayanmış vəziyyətdə olmuş, 2-ci zolaqda isə bir maşın dayanmışdır. O, 2 metr məsafədən 2-ci zolaqda olan maşının qarşısından bir nəfər yaşlı qadının qaçaraq yolu piyada keçidi ilə keçməsini gördükdən dərhal sonra əyləci basmış, lakin əyləci basmağına baxmayaraq yolu soldan sağa keçmək istəyən piyada qadını 3-cü hərəkət zolağının tam ortasında piyada xəttinin üstündə vurmuşdur. Zərbə nəticəsində həmin qadın təxminən 10 metr irəliyə tərəf yolun üstünə yıxılmışdır. O, avtomaşından düşərək cəld qadına tərəf yaxınlaşmış, həmin vaxt artıq kənardan keçən şəxslər də köməyə gəlmiş və birlikdə qadını onun avtomaşının arxa oturacağına qoyduqdan sonra qadını yaxınlıqda olan Respublika Klinik Xəstəxanasına çatdırmışdır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz olmuş, hadisə zamanı avtomobili təxminən 70-80 km/saat surətlə idarə etmiş, yolu keçən piyadanı 2 metr məsafədən görmüş və dərhal əyləci basmışdır. Ürəyində xəstəliyinin olmasını, ailəsi tərəfindən zərərçəkənin hüquqi varisinə maddi ziyanla bağlı ödəniş etmək istədiyini, lakin onların bunu qəbul etmədiklərini, zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsi üçün cəhdlər etdiyini, zərərçəkmiş tərəfin ondan hər hansı bir maddi tələbinini olmamasını, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardımın təşkil edilməsini təmin etdiyiy, onu xəstəxanaya aparılmasını təşkil etdiyini, hadisə nəticəsində digər zərərçəkmiş "xxxx" ASC-yə dəymiş ziyanın tam ödənilməsini, şikayət və tələbinin olmamasını, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, mərhum X6 onun arvadıdır. Hadisə baş verən günə qədər birlikdə ünvan 2 ünvanında yaşamışdırlar. İlhamə Yusifova ilə 1988-ci ildə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2 övladları, Yusifli Kamran və İlahə Yusifli vardır. Mərhum həyat yoldaşı evdar qadın olmuşdur. Hadisənin baş verdiyi gün İ.Yusifova gün ərzində yaşadığları evdə olmuş, axşam saatlarında yəni təxminən 20 radələrində İ.Yusifova onunla əlaqə saxladığı zaman ona bildirmişdir ki, evdədir. Sonra isə İ.Yusifovanın hara getməsi barədə məlumatı olmamışdır. Yalnız hadisə baş verdikdən sonra ona məlum olmuşdur ki, arvadı evdən çıxaraq piyada yaxınlıqda yerləşən Respublika Klinik Xəstəxanasında xəstə yatan qohumuna baş çəkmək məqsədi ilə xəstəxanaya getmiş və yolda hərəkət etdiyi zaman avtomobilin onu vurması nəticəsində vəfat etmişdir. Hadisə barədə başqa heç bir məlumatı yoxdur. Arvadının ehtiyatsızlıqdan baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar çəkdiyi xərclərlə əlaqədar təqsirləndirilən şəxsdən hər hansı bir məbləğ tələb etməmişdir, təqsirləndirilən şəxs tərəf ödəniş etmək istəsə də, bunu qəbul etməmişdir, bununla belə təqsirləndirilən şəxslə barışmır, şikayətçidir və təqsirləndirilən şəxsə qanunla hansı cəza nəzərdə tutulursa, həmin cəzanın da təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi Guseinov Gasan ifadəsində göstərmişdir ki, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyir. 27 iyul 2021-ci il tarixli etibarnamə əsasında həmin şirkəti təmsil edir. 11.12.2019-cu il tarixdə "xxxx" ASC-dən **-PG-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomaşın öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X7 etibarnamə əsasında verilmişdir. 07.07.2021ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı həmin avtomaşınının bir neçə hissəsi zədələnmişdir. Avtomaşın "xxxx" MMC-nin servisində yoxlamadan keçirilmiş və avtomaşına dəymiş zərərin məbləği müəyyən edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs ilə danışıqlar aparılmış və həmin şəxs maşına dəymiş ziyanın avtomobilin təmiri yolu ilə aradan qaldırılacağına söz vermişdir. Avtomobilə dəymiş ziyan tam aradan qadırıldığı təqdirdə təmsil etdiyi şirkətin heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid ifadəsində məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli 70 saylı rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi. Baş beyin toxumasına yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı sağ təpə nahiyəsinin hematoması sağ baldır sümüklərinin açıq qəlpəli sınığı sağ baldırın əzilmiş yarası, bədənin sıyrıq və qançırları. bu xəsarətlər həyatı olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunduğu kimi yol nəqliyyat qəzası nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan 07.07.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, sanlı şəxslərdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. Vət. X1 ölümünə səbəb-almış olduğu açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasına yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən təqribən 8-12 saat əvvələ uyğun gəlir. Vət. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş 27.09.2021-ci il tarixli, 8/2108 nömrəli rəyə əsasən “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa hexniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Həmçinin Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, cinayətin törədilməsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu tibb müəssisəsinə aparmışdır. Həmçinin hazırkı iş üzrə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz İş materiallarında olan zərərçəkmiş "xxxx" ASC-nin nümayəndəsinin ərizəsinə əsasən hüquqi şəxsə dəymiş ziyan ödənildiyi üçün, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş materiallarında olan "xxxx" MMC-nin 20.04.2021-ci il tarixli tibbi sənədinə əsasən Təqsirləndirilən şəxs !) ürəyinin sol mədəciyinin konsentrik hipertrofiyası, 2) ürəyinin minimal mitral çatışmamazlığı, mitraq qapaqların qalınlaşması xəstəliyi aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə köməklik göstərməsi, tibb müəssisəsinə aparması, zərərçəkmişin hüquqi varisinə vurulmuş ziyanla bağlı ailəsi tərəfindən ödəniş etmək istəmələri, lakin zərərçəkmiş şəxsin hüquqi varisinin bunları qəbul etməməsini, barışıq üçün cəhd etmələrini, digər zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsini və təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 01.10.2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Yol-nəqliyyat hadisəsini qeydə alan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 06 ay (dörd il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Daewoo Gentra” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı minik avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Yol-nəqliyyat hadisəsini qeydə alan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili X4 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-412/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-412/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver