Məhkəmə qərarları › İş №1(004)-412/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-412/2022

26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-412/2022 26.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatla olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” adlanan ərazidə isintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngdə olan kağıza bükülmüş təmiz çəkisi 1,001 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 may 2022-ci il tarixdə saat 13:50-də özünü şübhəli apardığına görə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ev 30 qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngdə olan kağız bükümdə təmiz çəkisi 1,001 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər Cinayət Məcəlləsinin 177.2.4, 221.2.1 və 234.1-ci maddələri ilə məhkumluğu olmuşdur. Sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 02 ay müddətində azadlıqdan məhrum edilmiş, müvafiq qaydada barəsində amnistya tətbiq olunmuşdur, cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, qalan cəzasını çəkdikdən sonra 2021-ci ilin dekabr ayında cəzadan azad edilmişdir. Hal-hazırda heç bir işlə məşğul olmur. 2022-ci ilin may ayının 21-də saat 11:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Kubinka ərazisindəki üzdən tanıdığı, adını bilmədiyi şəxsdən ümumilikdə 10 manata 1 ədəd gümüşü rəngli kağıza bükülmüş heroini almışdır. Qeyd etdiyi narkotik vasitə heroini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirirmişdir. Həmin tarixdə saat 13:50-də isə ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİnin 26-cı PB-nə gətirilmiş, polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bununla da o bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra həmin maddə polislər tərəfindən götürülmüşdür. Göstərilənlərlə bağlı isə müvafiq protokol tərtib edilmişdir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 2 gün əvvəl, Yasamal rayonu, “Kubinka” deyilən yerdən üzdən tanıdığı və əvvəllər də narkotik vasitə aldığı şəxsdən almışdır. O, narkotik vasitə aldığı həmin şəxsi ətrafı tanımır, əvvəllər də ondan narkotik vasitə alsa da, lakin onun harada yaşadığnı və adının kim olduğunu bilmir. O, narkoloji dispanserdə qeydiyyatda deyildir. Onun üzərinizdən aşkar olunan narkotik vasitəni satmaq, bağışlamaq, hədiyyə etmək niyyəti olmamışdır. O xəstə olduğuna görə həmin narkotik vasitəni alaraq sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən və PB-nə gətirilərkən, eyni zamanda PB-də ona qarşı heç bir qanunsuz hərəkət olmamış, ona heç bir zor tətbiq olunmamışdır. Bədənində ağrılar olduğundan narkotik istifadə edir və həmin vaxt ağrıları olmur. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstrəmişdir ki, o, 2012-ci il tarixdən DİO-da, 2021-ci il tarixdən isə Yasamal RPİ-nin 26-cı PB-də CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 21 may 2022-ci il tarixdə qərərsiz mənbədən daxil olmuş məlumata görə xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlmatı daxil olmuşdur. Məlumat əməliyyat marağı kəsb etdiyindən yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən raportla Yasamal RPİ-nin 26-cı PB-nin rəisinə məruzə edilmiş və polis bölməsinin rəisi tərəfindən 21 may 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o və həmçinin bölmənin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 daxil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 21 may 2022ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək cinayət başında saxlanması məqsədi ilə əməliyyat tədbirinə başlanılmışdır. 21 may 2022-ci il tarixdə saat 13:00-dan 15:30-dək ünvan 6 ünvanının ətrafında güdmə həyata keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, onlar ona Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlir. Bundan sonra onlar tərəfindən saxlanılan şəxsə şəxsiyyəti haqqında məlumat verməsini tələb etdikdə həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu izah edib onun üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs kimi özünü onlara təqdim edən şəxs buna etiraz etməyib onlarla birlikdə 26-cı PB-nin inzbati binasına gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı, polis mayoru Elnur Heydərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngdə olan kağız bükümü təqdim edərək həmin bükümün içərisində heroin olduğunu bildirmiş, həmin heroini 21 may 2022-ci il tarixdə saat 11:50 radələrində Nəsimi rayonu ərazisində “Kubinka” deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən ümumilikdə 10 manata aldığını və üzərində saxladığını, özü istifadə edəcəyini və 21 may 2022-ci il tarixdə saat 13:50 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs 01 ədəd gümüşü rəngdə olan içərisində heroin olduğunu bildirdiyi kağız bükümdə qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş, aşkar olunmuş bükümdə olan maddə kütləsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və DİN-in «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması, onun narkotik maddə satması barədə heç bir məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2920 saylı, 21 may 2022-ci il tarixli ekspertiza rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” möhür əksi, «Şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...» və s.sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,001 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edilmiş, 0,951 qram çəkidə hissəsi qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 4158 saylı, 27 iyul 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən həmin Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilirlər. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. xx.xx.2021-ci il tarixə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 06 ay 10 gün təşkil etmişdir, yəni 6 aydan artıq olmuşdur, həmin cəzasının 06 ayından azad edilsə də, üzərində çəkilməmiş cəzası qaldığından, onun barəsində həmin Amnistiya Qərarının 7-ci bəndi titbiq edilə bilmir. Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 21 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat (yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,951 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar