Məhkəmə qərarları › İş №1(004)-414/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-414/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-414/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxx 1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli bükümdə olmaqla ümumi təmiz çəkisi 1,05 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, 09 aprel 2022-ci il tarixdə saat 12:10 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsində yerləşən 26 nömrəli evin yaxınlığında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə olan təmiz çəkisi 1,05 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2007-ci ildə o, Rusiya Federasiyasının CM-nin 105-ci maddəsi ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 2018-ci ildə isə azadlığa buraxıldıqdan sonra Azərbaycana qayıtmışdır. 2018-ci ildən etibarən o, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Hazırda ailəlidir, böyük oğlu Rusiyada ali hərbi məktəbdə təhsil alır, 15 yaşında olan kiçik oğlu isə onun həyat yoldaşı ilə birlikdə Lənkəranda yaşayırlar. Onun özü yuxarıda qeyd edilən ünvanda müvəqqəti yaşayır, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən mebel sexində usta işləyir, müxtəlif cür mebel düzəldir. 09 aprel 2022-ci il tarixdə saat 10 radələrində o, Bakı şəhəri Nəsimi rayonu “Kubinka” deyilən yerdə bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 10 manata 1 ədəd gümüşü rəngli bükümdə psixotrop maddə metamfetamin əldə etmiş və əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 12:10-da o, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi ilə piyada yol getdiyi zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar və özlərini təqdim edərək Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona özünü təqdim etməsini söyləmişlər və o, xx.xx.1976-cı ildə Lənkəran şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu, ünvan 4 ünvanında yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu 26-cı PB-nə dəvət etmişlər. O, razılaşmış və həmin əməkdaşlarla birlikdə həmin polis bölməsinə getmişdir. Orada ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün ona dövlət vəsaiti hesabına vəkil ilə təmin olunacağını bildirmişlər, o etiraz etməmişdir. Bundan sonra ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o, həmin siyahıdan istənilən vəkilin dəvət olunmasını bildirmişdir. Bundan sonra həmin bürodan vəkil X4 dəvət edilmişdir və ona təqdim edilmişdir. Bundan sonra həmin polis bölməsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq polis bölməsinə gətirmiş həmin iki nəfər polis əməkdaşları və vəkil Nofəl Əhmədov var idilər. O da əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd gümüşü rəngli bükümü cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümdə nə olduğu soruşulanda o bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin var. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açılmışdır və ona baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən başqa bir əşya aşkar olunmamışdır. Sonra isə onun təqdim etdiyi həmin büküm 1 ədəd zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərfdə olan onun üzərindən aşkar edilmiş metamfetamin ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, ailəli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əməliyyat müvəkkili işlədiyi Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 09 aprel 2022-ci il tarixdə saat 12:10 radələrində Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində ünvan 5 ünvanı qarşısında olduqları zaman, orada zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdilər. Onlar həmin şəxsdən kim olduğunu soruşdular. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, xx.xx.1976-cı ildə Lənkəran şəhərində anadan olduğunu, ünvan 6 ünvanında yaşadığını demişdir. Həmin vaxt o, və Şahid1 ona narkotik vasitələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və bununla bağlı Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququ olduğunu bildirmişlər və sonuncu ona təqdim edilmiş siyahıdan Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X4 müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmiş, sonra isə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, sonuncunun üzərində şəxsi axtarış keçiriləcəkdir və üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızından olan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm açılmış, bükümün içərisindən ağ rəngli kristalşəkilli maddələr aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində olan maddə “patı” adlanan psixotrop maddə olan metafetamindir və həmin maddəni o, həmin gün saat 10 radələrində Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində əldə etmişdir. Bundan sonra həmin büküm bağlanaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərində başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm zərfə qoyulmuş və zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış 01 ədəd büküm içərisində olan maddələrin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Bundan əlavə Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni əldə etdiyi mənbə barədə heç bir əməliyyat məlumatı əldə edilməmişdir və Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1967 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №170” dairəvi möhür əksi olan, “...vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olmuş maddi sübut...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz 1,05 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (Ekspert tədqiqatı zamanı 1,05 qram olan ümumi çəkidən 0,05 qram çəkidə metamfetamin sərf edilmiş, tədqiqatdan sonra 1,00 qram metamfetamin qalıq qalmışdır.) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 4012 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə protokol”a əsasən o, həmin tarixdə tutularaq, istintaqa təqdim edilmiş və bundan sonra müstəntiq tərəfindən cinayət işi üzrə icraat təzələnmiş, istintaq hərəkətləri davam etdirilmiş, xx.xx.2022-ci il tarixli qərarla barəsində seçilmiş qətimkan tədbiri ləvğ edilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 02 ay 28 gün (bir il iki ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 11 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 88 manat (səksən səkkiz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,00 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar