Məhkəmə qərarları › İş №1(004)-415/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-415/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-415/2022 04.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X3 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, nıəhkumluğu olmayan, taksi sürücüsü işləyən, evli, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 66-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə 16 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşınını ünvan 2 ünvanında yerləşən «Daşfırın» restoranının arxa hissəsində olan yaşayış sahəsinə aparan yolun girişində saxladığına və həmin zaman məişət tullantıları qablarını boşaltmaq üçün həmin yerə gəlmiş Yasamal rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə aid avtomaşının hərəkətinə maneə yaratmasına görə Zərərçəkmiş şəxs3 avtomobilini kənara çəkərək yol açmasını istəməsi kimi əsaslı tələbini bəhanə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs3 şəxsiyyətinin fövqündə qoymaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan ictimai qaydam kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ilə Zərərçəkmiş şəxs3 üzrəinə hücum etməklə onun baş nahiyyəsinə doğru bir neçə dəfə yumruq ataraq vurmağa cəhd etmiş, həmin vaxt onun qanunazidd davranışlarının qarşısını almaq üçün hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs4 ictimai qaydanın pozulmasının qarşısını almaqla bağlı vəzifələrini yerinə yetirdikdə sonuncunun haqlı iradlarına məhəl qoymayaraq müqavimət göstərib əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs4 baş və bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə vurmağa cəhd etmiş, bununla kifayətlənməyərək öz qərəzli hərəkətlərini davam etdirərək həmin avtomobildə saxladığı təyinatı bilinməyən silah qismində istifadə olunan bıçağı götürərək Zərərçəkmiş şəxs3 vurmaq niyyəti ilə sonuncuya hücum edərkən mübahisə edən şəxsləri ayırmaqla bağlı ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 ayaq nahiyyəsindən iki dəfə, Zərərçəkmiş şəxs2 sol əl nahiyəsinə bir dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs1 sol baldır nahiyəsinin iki ədəd kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 isə sol əlin İV-V barmağının funksiyasının pozulması ilə fəsadlaşmış, sol dirsək sinirinin və arteriyasının kəsilməsi ilə müşayiət olunmuş sol mil-bilək oynağı nahiyəsinin kəsilmiş yarası kimi dərəcəsinə görə əmək qabiliyyətinin dayanıqlı olaraq 1/3-dən az (10 %) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, yəni zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar ona xuliqanlıq niyyəti ilə həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmçinin ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərib silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı pozan cəmiyyətə açıq hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması, habelə belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, "xxxx" MMC-yə məxsus **-PN-*** qeydiyyyat nişanlı avtomaşınla bir aydır ki, taksi fəaliyyəti ilə məşğuldur. 08 aprel 2022-ci il tarixdə saat 16 radələrində avtomaşını Daşfırın restoranın sol tərəfindən məhəlləyə giriş yolunun sol kənarında saxlayaraq orada olan kserokopiya mağazına daxil olmuş təxminən 15 dəqiqə sonra maşınına geri qayıtmış və maşını işə salaraq həmin yerdən çıxmaq istədiyi zaman zibil daşıyan maşın arxaya hərəkət edərək onun maşını ilə üzbəüz olan zibil qablarının yanına doğru hərəkət etdiyindən o maşından düşərək zibil maşının arxasında həmin avtomaşına istiqamət göstərən şəxsə bildirmişdir ki, o, avtomaşını ilə çıxmaq istəyir, zibil maşınına arxaya doğru gəlməsini deməsin. Həmin şəxs ona söz deyildikdən sonra artıq zibil avtomaşınına yol göstərməmişdir. Kənardan gələn digər bir şəxs ona bildirmişdir ki, zibil maşınına yol versin. O isə zibil maşınına yol vermək imkanının olmamasını bildirmişdir, çünki həmin yer çox dar olmuş, zibil avtomaşınına yol verə bilməmişdir. Həmin şəxslə üzbə-üz mübahisə etdiyi zaman onu əlləri ilə kənara itələmiş və ona hədə qorxu gəlmişdir ki, maşını çəkməsə onu döyəcək. Bu səbəbdən bir dəfə əli ilə onun üz nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt əynində «Daşfırın» yazısı olan digər bir şəxs onun üstünə qaçaraq gəlmiş və o da həmin şəxsin onu vurmaq istədiyini görüb onu qabaqlamış və onun da üz nahiyəsinə zərbə vurmuşdur. Sonra birinci mübahisə edib vurduğu şəxslə yaxalaşmış və sonra yenə 2-ci əynində “Daşfırın” yazısı olan digər şəxs də onun üstümə gəlmiş və o həmin şəxsi də bir dəfə yumruqla üzündən vurmuşdur. Sonra həmin şəxslərin birləşərək üstünə gəlməsini və onların çox olmasını görüb maşınına gedərək bıçağı götürmüş və geri qayıdaraq əynində “Daşfırın” yazısı olan şəxsə tərəf bıçağı çıxarıb qorxutmaq məqsədi ilə ona tərəf uzatmışdır, həmin vaxtı bıçaq həmin şəxsin sol əlinə dəymiş və əlindən qan axmağa başlamışdır. Sonra ətrafdakı şəxslər əlindən bıçaq almağa çalışdıqlarından bıçağı qatlayıb cibinə qoymuşdur. Həmin vaxt orta yaşlı bir kişi yaxınlaşıb ona bildirmişdir ki, bıçaq ona da dəymişdir. O həmin kişidən üzr istəmişdir. Sonra isə çevik polis alayının əməkdaşları onu saxlayaraq PB-nə gətirmişdirlər. Əlavə olaraq bildirmişdir ki. mübahisə zamanı 3 nəfər şəxs eyni zamanda onunla dava etdiklərindən həmin şəxslərə gücünün çatmayacağını görüb həmin şəxsləri qorxutmaq məqsədi ilə avtomaşınından özünə məxsus bıçağı götürüb onların üzərinə getmişdir. Bıçağın həmin şəxslərdən birinin əlinə, digər bir şəxsin ayağına dəyməsini hiss etməmişdir. Yalnız birinci şəxsin əlindən qan axmasını görüb bilmişdir ki, həmin şəxs əlindəki bıçağı tutmaq istədiyi zaman əli kəsilmişdir. Əməlindən peşman olmasını, zərərçəkənlərə dəyən ziyanı tam ödəməsi, zərərçəkənlərlə barışması, zərərçəkənlərin ondan şikayət və tələblərinin olmamasının, həmçinin həmçinin şəhid olan dostunun atasına mənəvi dayaq duraraq onun qulluğunda durduğunu, evli olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 10 ildən artıqdır ki, “Daşfırın” restoranın yanında yerləşən obyektdə şəxsi VÖEN-i əsasında meyvə-tərəvəz satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 16:30-da o işlədiyi yerdə olduğu zaman “Daşfırın” restoranının qarşısında camaatın toplaşmasını həmçinin bir nəfər əvvəllər görmədiyi şəxsin əlində bıçaqla “Daşfırın” restoranının işçiləri ilə münaqişə etməsini görüb dərhal həmin şəxslərə köməklik etmək və münaqişəni sakitləşdirmək üçün həmin yerə gəlmişdir. Bıçaq əlində olan şəxsin arxasından tutaraq onu həmin yerdən uzaqlaşdırmağa çalışmışdır. Onu həmin formada restoranın sol tərəfindən arxa hissəsinə doğru aparmışdır. Həmin vaxt sol ayağında ağrı olmasını hiss etmişdir. Baxdığı zaman şalvarının kəsilməsini görmüş və başa düşmüşdür ki, həmin adamın əlində olan bıçaq onun da ayağına dəymişdir. Bu səbəbdən həmin şəxsə hadisə vaxtı onu da bıçaqla bilmədən vurduğunu demişdir. Həmin şəxs isə bundan xəbəri belə olmadığını bildirərək ondan üzr istəmişdir. Həmin yerdən bir az aralandıqdan sonra həmin ünvana polis əməkdaşları gəlmişdir. Onun xəsarəti elə də ciddi olmadığından buna çox da əhəmiyyət verməmişdir. Lakin orada olan şəxslər təcii tibbi yardım çağırdıqlarından onu də həmin vaxt müayinə etmişdirlər. Sonra isə o yarası sarıldıqdan sonra yaşadığı evə yollanmışdır. Əlavə olaraq bildirmişdir ki, ona bıçaqla xəsarət yetirən şəxsi tanımır həmin şəxsi ilk dəfə görmüşdür. Həmin şəxslə mübahisə edən şəxslərin demək olar ki, çox qismini üzdən tanıyır. Mübahisə vaxtı qarışıqlıq olduğundan dəqiq olaraq kimin həmin şəxslə münaqişə etdiyini bilməmişdir. Həmin vaxt həmkəndlisi Vüqar da bıçaq xəsarəti almışdır. Vüqar “Daşfırın” restoranında dönərçi olaraq işləyir. Mübahisənin hansı səbəbdən baş verməsini bilmir. Hadisə zamanı sol ayağından bıçaqla kəsilərək xəsarət almışdır. O, əlində bıçaq olan şəxsi digər şəxslərdən araladığı zaman özü də bilmədən bıçaqla xəsarət almışdır. Həmin şəxs təsadüf nəticəsində əlində olan bıçaqla onun ayağına özü də bilmədən xəsarət yelirmiş, o, həmin xəsarəti ümumiyyətlə hiss etməmiş, sonradan şalvarının kəsilməsini və ayağının ağrıdığını hiss edib baxdıqdan sonra ayağının bıçaqla kəsilməsini başa düşmüşdür. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin şəhid olan dostunun atasına mənəvi dayaq duraraq qulluq etdiyini, göstərilənlərə əsasən təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 05 ildən artıqdır ki, “Daşfırın” restoranında kababçı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16:30-da o, işlədiyi restoranda olduğu zaman şüşədən restoranda işləyən adını bilmədiyi ofisiantın bir nəfər şəxslə dava etməsini görmüş və dərhal onları ayırmaq məqsədi ilə restoranın arxa qapısından çıxaraq restoranın qarşısına gəldiyi zaman görmüşdür ki, ofisiantla mübahisə edən şəxs qaçaraq avtomaşına doğru getmiş və qapını açaraq əyilib maşından bıçaq götürüb onunla mübahisə edən şəxsin üstünə doğru getmişdir. Həmin vaxt əlində bıçaq olan şəxsi arxadan tutmaq istəsə də, o güclə onun əlindən çıxmış, lakin o yenə də onun arxasınca getmişdir. Restoranın solunda olan ağacın yanında ona çatıb qışqıraraq onu səsləmiş və o çevrildiyi zaman sol əlini ataraq əlindən bıçağı götürmək istədiyi zaman o, əlində olan bıçaqla çevrildiyindən bıçaq onun əlinin içərisinə dəymiş və əlindən qan axmağa başlamışdır. Həmin vaxt PPX-nin əməkdaşları da hadisə yerinə gəlmiş və onu avtomaşınla RKX-na gətirmişlər. Lakin orada ona köməklik edə bilmədiklərindən Şahid adi restoran işçisi onu taksi ilə «Zəfəran» klinikasına gətirmiş, o 3 gün müddətində orada müalicə almış və buraxılmışdır. Əlavə olaraq bildirmişdir ki, ona bıçaqla xəsarət yetirən şəxsi tanımır, həmin şəxsi ilk dəfə görmüşdür. Onunla mübahisə edən şəxslərdən biri adını xatırlamadığı “Daşfırın” restoranın ofisiantıdır. Digəri isə orada işləyən kababçı Zaurun qohumudur. Mübahisə edən digər şəxslərin kim olmasını xatırlamır. Həmin vaxtı onların hansı səbəbdən mübahisə etməsini bilməmiş sonradan işçilərdən öyrənmişdir ki, taksi sürücüsünə onların ofisiantı zibil avtomaşına yol verməsini tələb etdiyindən həmin şəxslə aralarında mübahisə yaranmışdır. Sonradan digər şəxslər də onunla mübahisə etmişdir. Hadisə zamanı onun sol əli bıçaqla kəsilərək xəsarət almışdır. O, əlində bıçaq olan şəxsin əlindən bıçağı almaq istədiyi zaman o çevrildiyindən əlindəki bıçaq təsadüf nəticəsində onun əlini kəsmişdir. Bıçaqla ona xəsarət yetirən şəxsin onu bıçaqla vurmaq fikri olmamışdır, əlindəki bıçağı o almaq istədiyi zaman təsadüfən bıçaq əlinə dəyərək əlini kəsmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin şəhid olan dostunun atasına mənəvi dayaq duraraq qulluq etdiyini, göstərilənlərə əsasən təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 03 ilə yaxındır ki, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, həmçinin “Daşfırın” restoranının sifarişi ilə lazımı məhsulları lazım olan ünvanlara çatdırır. xx.xx.2022-ci il tarixdə o, sərbəst vaxtı olduğu üçün sadəcə Daşfırın restoranın çölündə sağ tərəfdə dayanaraq açıq şüşədən kababçı Vüqar ilə söhbət etmişdir. Bu zaman zibil maşının siqnal verə verə arxaya doğru hərəkət etməsini və bir nəfər zibil maşını ilə gələn şəxsin ona yol göstərdiyini görmüşdür. Həmin vaxt bir nəfər cavan oğlan ağ rəngli avtomaşını yolun düz ayrıcında saxladığından zibil maşınının arxaya sərbəst hərəkət etməsinə maneəçilik törətmişdir. Bu səbəbdən o, köməklik etmək üçün həmin yerə yaxınlaşmışdır. Həmin cavan oğlan avtomaşından düşərək zibil maşınının işçisinə yaxınlaşaraq nəsə demişdir. Həmin vaxt o, həmin şəxsə bildirmişdir ki, söhbət elmək əvəzinə maşınına oturub kənara çəksin. Həmin şəxs isə aqressiv formada maşını çəkəcəyini demişdir. Sonra isə yenə də həmin şəxsə maşını tez çəkməyini dedikdə həmin şəxs özündən çıxıraq onun düz qabağına yaxınlaşmışdır. O həmin şəxsin çox üzünə doğru dirənməsini görüb məcbur olub onu hər iki əli ilə özündən kənara itələmişdir. Həmin şəxs isə onun bu hərəkətindən sonra əli ilə onun əvvəlcə yaxasından tutub dərhal da onu arxaya itələmişdir. O isə həmiq şəxsə qoşulmayaraq arxaya çəkilmişdir. Həmin vaxt həmin oğlan ona əli ilə zərbə endirmiş lakin o cəld tərpənib həmin zərbədən yayınmışdır. Sonra isə İlkin adlı ofisiant da onları ayırmaq üçün yanlarına gəlmişdir. Həmin vaxt İlkin onlara çox yaxın gəldiyi üçün həmin mübahisə edən taksi sürücüsü İlkinin onu vurmağa gəldiyini zənn etdiyi üçün İlkinə tərəf getmişdir və İlkin taksi sürücüsünün onu vura biləcəyini fikirləşib ona ayağı ilə badalaq vurmuşdur ki, yerə yıxılsın. Lakin həmin cavan oğlan badalaq vurulmağına baxmayaraq yıxılmamış və yenidən İlkinin üstünə gələrək təpiklə onun istiqamətinə zərbə endirsə də, İlkin kənara çəkildiyindən həmin zərbə ona dəyməmişdir. Həmin vaxt ətrafda adamlar çoxaldığından həmin mübahisə edən taksi sürücüsü avtomaşına doğru getmiş və qapını açaraq əyilib maşından bıçaq götürüb onun üstünə doğru gəlmişdir. Həmin vaxt o arxaya doğru hərəkət edərək bıçağ zərbəsindən yayınmağa çalışmış və qəflətən arxası üstə yerə yıxılmışdır. Taksi sürücüsü də əlində bıçaqla onun üzərinə gələrək özü də yıxılmışdır. Həmin vaxt Vüqar arxadan taksi sürücüsünü tutmaq istəsə də taksi sürücüsü güclə onun əlindən çıxmışdır. Sonra isə yadında qalan o olmuşdur ki, onu arxadan qucaqlayıb saxlamaq istəsə də yenə də əlindən çıxmışdır. Sonra isə “Daşfırın” restoranında işləyən uzaq qohumu Zaur qaçaraq gəlib onu restoranın arxa hissəsinə doğru aparmışdır. Başqa baş vermiş hadisələrdən məlumatı yoxdur. Əlavə olaraq bildirmişdir ki, onunla mübahisə edən şəxsi ilk dəfə görmüş onunla əvvəllər aralarında heç bir ədavət olmamışdır. O həmin taksi sürücüsünə yalnız avtomaşını yoldan çəkərək zibil avtomaşınına yol verməsini bildirmişdir. Onun iradı həmin şəxsin xoşuna gəlmədiyindən aralarında sözlə mübahisə başlamış və həmin zaman o onun üstünə gəldiyindən həmin şəxsi özündən əlləri ilə kənarlaşdırmışdır. Həmin şəxs isə sakitləşməyərək ona doğru bir neçə dəfə əl atsa da, ona zərbə endirə bilməmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin şəhid olan dostunun atasına mənəvi dayaq duraraq qulluq etdiyini, göstərilənlərə əsasən təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdən “Daşfırın” restoranında ofisiant vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16:30-da mən işlədiyi restoranının həyətində sağ künc hissədə tək siqaret çəkdiyi zaman restoranda işləyən adını bilmədiyi kababçının qohumu Sənanın küçədə bir nəfər şəxslə sözlə mübahisə etməsini görmüş və dərhal həmin şəxslərə yaxınlaşaraq ayırmaq məqsədi ilə onların yanına yaxınlaşmışdır. O, həmin adamlara yaxınlaşdığı zaman Sənanla birbirilərini itələdiklərini görmüşdür. Həmin vaxt o onlara daha da yaxın gəldiyi üçün həmin mübahisə edən taksi sürücüsü onu vurmağa gəldiyini zənn etdiyi üçün ona tərəf gəlmiş və o həmin şəxsin onu vura biləcəyini fikirləşib həmin şəxsə ayağı ilə badalaq vurmuşdur ki, yerə yıxılsın. Lakin həmin şəxsə badalaq vurmağına baxmayaraq yıxılmamış və üstünə gələrək təpiklə onun istiqamətinə zərbə endirsə də, o, kənara çəkildiyindən həmin zərbə ona dəyməmişdir. Həmin vaxt ətrafda adamlar çoxaldığından həmin mübahisə edən taksi sürücüsü avtomaşına doğru getmiş və qapını açaraq əyilib maşından bıçaq götürüb onunla mübahisə edən Sənanın üstünə doğru getmişdir. Həmin vaxt Sənan arxaya doğru hərəkət edərək bıçağ zərbəsindən yayınmağa çalışdığı zaman özü yerə yıxılmışdır. Taksi sürücüsü də əlində bıçaqla Sənanın üzərinə gedərək özü də yıxılmışdır. Həmin vaxt Vüqar arxadan taksi sürücüsünü tutmaq istəsə də o güclə Vüqarın əlindən çıxmış lakin Vüqar yenə də həmin şəxsin arxasınca getmişdir. Restoranın solunda olan ağacın yanında həmin adama çatıb qışqıraraq onu səsləmiş və taksi sürücüsü çevrildiyi zaman Vüqar sol əlini ataraq həmin şəxsin əlindən bıçağı götürmək istədiyi zaman həmin adam əlində bıçaqla çevrildiyindən bıçaq onun əlinin içərisinə dəymiş və əlindən qan axmağa başlamışdır. Həmin vaxt PPX-nin əməkdaşları da hadisə yerinə gəlmiş və əlində bıçaq olan şəxsi avtomaşınla aparmışlar. Vüqarı da Nazim dayı adlı şəxs RKX-na aparmışdır. Bıçaqla xəsarət yetirən şəxsi ilk dəfə həmin vaxt görmüş, həmin şəxslə mübahisə edən şəxslərdən biri “Daşfırın” restoranının kababçısı Zaurun qohumu Sənan olmuşdur. Mübahisə edən digər şəxslərin kim olmasını xatırlamır. Sənan adlı şəxs məhəlləyə zibil maşınının girmək istədiyini görüb həmin zaman taksi sürücüsünə həmin maşına yol verməsini tələb etdiyindən sonuncu onunla mübahisə etməyə başlamış sonradan digər şəxslər də onunla mübahisə etdiyindən həmin şəxs avtomaşınından bıçaq çıxardaraq həmin şəxslərin üstünə gəlmişdir. Hadisə zamanı xəsarət heç bir xəsarət almamışdır. O mübahisə edən şəxsləri ayırmaq istəmiş, lakin ora gəldikdə həmin taksi sürücüsü onun onu vura biləcəyəni fikirləşmiş və ona tərəf gəldiyindən o da özünü müdafiə etmək üçün ona badalaq vurmuşdur ki, yerə yıxılsın. Lakin həmin şəxs yıxılmamış və ona tərəf gələrək təpik atmışdır. Lakin həmin zərbə ona dəyməmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin şəhid olan dostunun atasına mənəvi dayaq duraraq qulluq etdiyini, göstərilənlərə əsasən təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid ifadəsində göstərdi ki, o, 02 ildir ki, “Daşfırın” restoranında işləyir. 01 ildən artıqdır ki, administrator vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16:30-da o işlədiyi restoranın içərisində özü zala tərəf oturduğu zaman yanından restoranda oturmuş şəxslərdən bir neçə nəfər şəxsin çölə çıxdığını görmüşdür. Bu səbəbdən nə baş verməsi ilə maraqlandığından restoranın şüşəsindən çölə tərəf baxmış görmüşdür ki, restoranın sağ künc hissəsində camaatın toplaşmışdır. Bu səbəbdən o da həmin yere doğru gəlmişdir. Həmin yerə çatdıqda artıq polis əməkdaşlarının gəldiyini və restoranda kababçı işləyən Zərərçəkmiş şəxs2 sol əlinin kəsildiyini və əlindən qan axdığını görmüşdür. Polis əməkdaşlarının Vüqarı xəstəxanaya aparmasını görüb o da onlara qoşularaq birlikdə RKX-ya getmişdir. Orada onlara Travmatologiya İnstitutuna getmək tövsiyə edilmiş, lakin həmin xəstəxana ilə əlaqə saxlasa da həkimin yerində olmadığını öyrəndiyindən Vüqarı Zəfəran hospitalına aparmışdır. Bıçaqla xəsarət yetirən şəxsi görməmişdir. O yalnız Vüqarın xəsarət aldığını görüb onu xəstəxanaya aparmışdır. O ümumiyyətlə baş vermiş hadisəni görməmişdir. Yalnız Vüqardan hadisəni öyrənmişdir. Vüqar ona bildirmişdir ki, mübahisə edən şəxsləri ayırdığı zaman əlindən xəsarət almışdır. Baş vermiş hadisə qısa müddət ərzində baş vermiş və orada olan restoran işçiləri və tanımadığı şəxslər hadisənin şahidi olmuşdurlar. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 aprel 2022-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, 1972-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər sol baldır nahiyəsinin iki ədəd kəsilmiş yarası kəsici kənara malik əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaqla yetirilməsi mümkündür dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 aprel 2022-ci il tarixli 409 №-li rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 may 2022-ci il tarixli 349 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət sol əlin İV-V barmağının funksiyasının poxulması ilə fəsadlaşmış, sol dirsək sinirinin və arteriyasının kəsilməsi ilə müşayiət olunmuş sol mil-bilək oynağı nahiyəsinin kəsilmiş yarası kəsici kənara malik əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaqla yetirilməsi mümkündür dərəcəsinə görə əmək qabiliyyətinin dayanıqlı olaraq 1/3- dən az (10 %) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslər və şahid ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cinayət işi üzrə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəyən ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxsin həbs edilməsini istəmirlər. Həmçinin zərərçəkmiş şəxslər də bildirirlər ki, təqsirləndirilən şəxs şəhid olan dostunun atasına mənəvi dayaq duraraq, ona qulluq edir. Yəni xeyrixah işlərlə məşğuldur. İş materiallarındakı nikah haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə nikaha daxil olmaqla, yeni ailə qurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, onlarla barışmasını, onun cəzalandırılmasını istəmədiklərini, təqsirləndirilən şəxsin cavan olmasını, yeni ailə qurmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxs yeni ailə qurmuşdur, evlidir, təqsirini səmimi etiraf edir, əməlindən səmimi peşmandır, zərər çəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmişdir, zərər çəkmiş şəxslərlə barışıb, zərər çəkmiş şəxslərin onun barəsində şikayəti və ya tələbləri yoxdur, onun cəzalandırılmasını istəmirlər, təqsirləndirilən şəxs xeyrixah işlərlə məşğuldur.. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkildiyi müddətdə yeni qurmuş ailəsinin həyat şəraitinə də pis təsir edəcəkdir, ailəsinin həyat şəraitinin ağırlaşmasına da səbəb olacaqdır. Onun ailə başçısı olması nəzərə alınaraq arvadının da ailə başçısız qalmasına gətirib çıxaracaqdır. Halbuki, cəza təyini məsələsində humanizm prinsipinə əməl edilməlidir və CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Bu cür təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə MSY-dən azad olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 01 gün həbsdə olmuşdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 il 11 ay 29 gün (üç il on bir ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay (iki il altı ay) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin və Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişdirməsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar