Məhkəmə qərarları › İş №1(004)-415/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-415/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-415/2024 06.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Babayeva Nərgiz Çingiz qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Cəlilabad rayonunun Dələli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonunun Dələli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə xeyli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 1 konvalyutda 2 həb metadon narkotik vasitəsini əldə etmiş, sağ ayağına geyindiyi corabın içərisində gizlədib saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 5 radələrində Bakı şəhəri, Nəsimi rayonu X4 Əliyev küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Kia Rio” markalı, 50ED267 dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində gedərkən saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində sağ ayağına geyindiyi corabın içərisində xeyli miqdarda üzərində “Methadone40” göstəricisi olan bir ədəd konvalyutda ümumilkdə 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həbdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər marixuana istifadəçisi olmuş, lakin digər narkotik vasitələrin istifadəsi ilə məşğul olmamışdır. Cəlilabad rayonunun Dələli kəndində qeydiyyatda olduğu üçün sürücülük vəsiqəsi almaq məqsədilə dəqiq xatırlamadığı tarixdə Əli adlı tanışı ilə birlikdə Cəlilabad rayonuna getmişdir. Həmin günün axşamı onlar birlikdə Bakı şəhərinə qayıtmışlar, həmin vaxt, təxminən gecə saat 01:00 radələrində tanımadığı şəxslər onun olduğu avtomobilə yaxınlaşaraq onu avtomobildən çıxarmışlar. Bundan sonra həmin şəxslər ona təpik vuraraq döyməyə başlamışdırlar. Daha sonra onu döyən şəxslər avtomobildə nə olduğunu soruşmuşlar, o isə avtomobildə heç nə olmadığını, avtomobilin onların əlində olduğunu bildirmişdir. Bundan sonra onu saxlayan şəxslər onu başqa bir avtomobilə əyləşdirərək Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə aparmışdırlar. İdarədə olan zaman avtomobil yoxlanılmış və hər-hansı hüquqpozma predmeti aşkar edilməmişdir. Həmin vaxt İdarənin əməkdaşları ona zor tətbiq edərək sənədləri imzalamağa məcbur etmişlər, o isə heç bir sənədə imza etməmişdir. Lakin sonradan o, əməkdaşlar tərəfindən döyüldüyü üçün hal şahidlərinin və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilən zaman üzərində olan əşyaları, o cümlədən sağ ayağına geyindiyi corabın içərisinə əməliyyat müvəkkili olan Rüstəm adlı şəxs tərəfindən qoyulan, içərisində 2 həb metadon olan 1 ədəd konvolyutu çıxarıb təqdim etmişdir. Bundan sonra həmin həblər protokol tərtib olunaraq götürülmüşdür. O, məcburi şəkildə protokolu imzalamış, ona iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyi bildirilmişdir. Lakin o, saxlanılan zaman üzərində ümumiyyətlə, narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin böyük əməliyyat müvəkkili xidmət kapitanıdır. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Elgün adlı şəxs barəsində narkotiklə bağlı olmayan məlumat daxil olmuşdur. Bu məlumatı idarə rəisinə bildirimiş və onun tərəfindən onun və Əməliyya-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Narkotikərlə mübarizə şöbəsinin rəisi X3 və Gəncə Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qəbul olunmuş “əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar ilə qrupun üzvləri tərəfindən 18 mart 2024-cü il tarixdə saat 05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, İnqilab prospektində hərəkətdə olan “Kia Rio” markalı 50ED267 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Nəsimi rasyonu, X6 küçəsi ilə Azər Əliyev küçəsinin kəsişməsində saxlanılmışdır. Həmin zaman müəyyən edilmişdir ki, nəqliyyat vasitəsində olan şəxslər - nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikasının vətəndaşı X2, həmçinin həmin nəqliyyat vasitəsində sərnişin qismində olan şəxslər - Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs və X1, nəqliyyat vasitəsinə vizual baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarının olmadığı müəyyən edilmişdir. Bundan sonra nəqliyyat vasitəsində olan şəxslərlə şifahi şəkildə sorğu-sual aparılmış, sorğu-sual zamanı həmin şəxslərdən biri Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu və üzərində metadon adlı həblərin olduğunu bildirmişdir. Bundan sonra “Kia Rio” markalı 50ED267 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü yuxarıda adları sadalanan şəxslər Əməliyyat-İstintaq Baş idarəsinə gətirilmiş və raportla Gömrük İdarəsinin təhqiqat şöbəsinə təhvil verilmişdir. Həmin zaman onlara qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, kafedə ofisiant işləyir. Onun işlədiyi kafe Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında yerləşir. Mart ayında dəqiq xatırlamadığı tarixdə gecə saat 14:30 radələrində kafedən çıxaraq metrostansiyanın açılmasını gözləmək məqsədilə bir qədər gəzmək qərarına gəlmişdir. Təxminən saat 05:00 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanın yaxılığında olarkən Dövlət Gömrük Komitəsinin əməkdaşı ona yaxınlaşaraq bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirib hal şahidi olaraq iştirak etməsini ondan xahiş etmişdir. O da gömrük əməkdaşının təklifi ilə razılaşaraq onunla birlikdə Gömrük Komitəsinin Əməliyyat-istintaq baş idarəsinə gəlmişdir. İdarənin ikinci mərtəbəsində yerləşən otaqların birində daha bir nəfər hal-şahidi, vəkil və üzərində şəxsi axtarış aparılacaq şəxs, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs olmuşdur. Elgün adlı şəxsə üzərində axtarış aparılacağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindən şəxsi əşyalarını, o cümlədən siqaret və bank kartını, ayağına geyindiyi corabın içərisindən 1 ədəd kağız salfetə bükülü 1 konvolyutda 2 həbi çıxarıb masanını üzərinə qoymuşdur. Həmin həblər, mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış barədə protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı cinayət işinin aidiyyət qaydaları pozulmadan məhkəmə baxışına təyin edildiyini, lakin hazırki vəziyyətdə cinayət işinin aidiyyatı üzrə göndərilib-göndərilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmağa davam etdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. İş materiallarında olan “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 18 mart 2024-cü il tarixli qərarda və raportdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsində saxlanılaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Verilmiş ittihama əsasən şəxsin cinayət əməli narkotik vasitəni əldə edib saxlamaqla daşımadan ibarət olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarından görünür ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Cinayət Məcəlləsinin 27ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.2-ci mədəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə CM-in 234-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını saxlama uzanan cinayətdir. Hər bir halda cinayətin ərazi aidiyyətini müəyyən etmək üçün CPM-nin müddəalarına diqqət yetirilməlidir. Belə ki, CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-nin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; Belə olduğu təqdirdə, CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Qeyd edilənlərə əsasən cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar