Məhkəmə qərarları › İş №1(004)-416/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-416/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-416/2021 05.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” deyilən ərazidən şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli naməlum şəxsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd ağ kağıza bükülmüş bükümdə, təmiz çəkisi 0,303 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 may 2021-ci il tarixdə saat 13:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu M.Sübhi küçəsi ev 169 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş, PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,303 qram olan, açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 10 ildir ki, narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir, sonuncu dəfə təxminən 1-2 gün əvvəl narkotik vasitə qəbul etmişdir. Belə ki, narkotik maddə ona sakitləşdirici təsir göstərir. Hər dəfə narkotik vasitəni ayrı-ayrı şəxslərdən alıb qəbul edir. Subaydır. Heç yerdə işləmir. 31 may 2021-ci il tarixdə saat 09 radələrində narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayon, “Kubinka” yaşayış massivinə getmiş, orada üzdən tanımadığı, lakin dəqiq adını bilmədiyi narkotik vasitə satan şəxsi görmüş, həmin şəxsin narkotik vasitə satanı olduğunu bildiyi üçün yaxınlaşaraq ondan heroin satmasını istəmiş, ona narkotik vasitə satmağa razılaşmışdır. Həmin şəxs ona 20 manata ağ rəngli kağız bükülüdə olan narkotik vasitə heroin satmış, aldığı narkotik vasitəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, sonradan istifadə etsin. Piyada yaşadığı ünvan 4 ünvanın qarşısına gələrkən onu mülki geyimdə olan iki nəfər polis əməkdaşı yaxınlaşaraq polis vəsiqələrini göstərib üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğum üçün əllərini ciblərinə salmağa imkan verməyərək onu avtomobilə əyləşdirərək Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Bölmənin xidməti otağların birində ona təqdim edilmiş vəkili Müdafiəçi1 iştirakı ilə razılığı əsasında videoçəkilişdən istifadə etməklə üzərinə baxış keçirilmiş, baxış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükülüdə olan heroin aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Daha sonra polis əməkdaşları üzərində olan paltarlarına və ayaqqabılarına baxış keçirmişlər, lakin hər hansı bir qeyriqanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o və baxışda iştirak edən digər şəxslər öz imzaları ilə təsdiq etmişlər. Narkotik vasitənin növünü və çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilmişdir. Üzərindən aşkar edilmiş maddəni 31 may 2021-ci il tarixdə saat təxminən 09 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını, saxladığını və gəzdirdiyini, Yasamal RPİ-nin 27-ci PB-nə gətirilərkən, eyni zamanda Yasamal RPİ-də ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 31 may 2021-ci ildə ona xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin Yasamal rayonunun inzibati ərazisində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş, bununla bağlı raportla müraciət etmiş, bölmə rəisinin əmri ilə qrup yaradılmış, o, qrupun rəhbəri, Yasamal RPİ- nin 27-ci PB-nin əməliyyat müvəkkili, polis kaptanı Şahid2 isə qrupun üzvi kimi birlikdə müvafiq sənədləşdirmə işləri apardıqdan sonra əməliyyata başlamışlar. 31 may 2021-ci il tarixdə saat 13 radələrində verilən məlumatlarda keçən şəxsin əlamətləri ilə üst-üstə düşən sonradan tanıdığı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, M.Şübhi küçəsi 169 saylı evin qarşısında şühbəli şəxs qismində saxlanılmışdır. Bundan sonra o, onlar tərəfindən Yasamal rayon Polis İdarəsinin 27-cı PB-nə gətirilmiş, raportla təhvil verilmişdir. Bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyanın könüllü surətdə təqdim olunması təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 1 ədəd bükülünü könüllü çıxardıb təqdim edərək həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülü açılaraq içərisinə baxış keçirilmiş, həmin maddənin spesifik iyili, tünd qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən könüllü çıxardaraq təqdim etdiyi ağ rəngli kağıza bükülmüş maddənin heroin olduğunu, həmin narkotik vasitəni həmin gün, yəni 31 may 2021-ci il tarixdə saat 09 radələrində “Kubinka” deyilən ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan kişi cinsli şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını, əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə ağ rəngli kağızın içərisinə yerləşdirərək saxladığını, özünün istifadəsi üçün daşıdığını, 31.05.2021-ci il tarixdə saat 13 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirildiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, özünün təqdim etdiyi kütlədən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 168 nömrəli möhürü ilə möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən video yazan texniki vasitə olan “İ Phone” markalı mobil telefondan istifadə edilərək çəkilmiş video görüntü bir ədəd “DVD” diskə yazılaraq materiala əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, heç bir irad və ərizə daxil olmamışdır. Protokolun tərtibi 15:10-da yekunlaşmışdır. Protokolu və qablaşdırılmış maddi sübutun qablaşdırılmasını imza etmişlər. Bundan sonra müvafiq ekspertiza təyin edilmiş, müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddə narkotik vasitə olan heroindir. Bundan sonra isə toplanmış matarial Yasamal RPİ-nin İŞ-nə təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni hansı mənbədən əldə etməsi barədə tərəflərindən müəyyən tədbirlər görülsə də bu günə kimi bir nəticə olmamışdır. Lakin tədbirlər davam etdirilməkdədir. Nəticə olduğu təqdirdə bu barədə məlumat veriləcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 01.06.2021-ci il tarixli, 6/2188 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №168” dairəvi möhür əksi və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,303 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 20.09.2021-ci il tarixli 3530 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 28.08.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27.08.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 27 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,253 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar