Məhkəmə qərarları › İş №1(004)-416/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-416/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-416/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1995-ci il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, Qax şəhəri, İmam Mustafayev küçəsi, döngə 5, ev 6-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 21 aprel 2023-cü il tarixdə saat təxminən 05 radələrində ünvan 1 ünvanında yerləşən «Ləziz house» restoranının plastik giriş qapısını əlində olan dəmir alətlə sındırıb açaraq, binaya qanunsuz daxil olaraq restoranda kassa aparatının üzərində olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 60 manat dəyərində olan Nokia markalı, 1 ədəd 90 manat dəyərində Nokia markalı, 1 ədəd 300 manat dəyərində olan «Samsung» markalı, 8A modelli mobil telefonu, həmin mobil telefonların üzərində olan biri 200 manat dəyərində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrini və kassa aparatında olan 96 manat nəğd pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1346 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər bir neçə dəfə oğurluq və xuliqanlıq cinayətləri etdiyinə görə məhkum olunmuşdur. Özü psixi xəstəliyi olduğu üçün psixiatriya kabinetində qeydiyyatdadır və xəstəliyi ilə əlaqədar olaraq dəfələrlə müalicə almışdır. Belə ki, o, əvvəllər ünvan 2 ünvanda yerləşən “Ləziz House” kafesində 2015-ci il tarixdən 5 il müddətində paketçi vəzifəsində işləmişdir. Bundan sonra doğulduğu Qax şəhərində tanışı ilə dalaşdığı üçün 4 ay 16 gün həbs edilmişdir. xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinin 16 saylı CÇM-dən azad olunmuş və həmin müddətdən də Bakı şəhərində kirayədə yaşamışdır. Lakin, təxminən 2-3 aydır azadlığa çıxsa da, özü üçün iş tapa bilmədiyindən özünü dolandıra bilməmişdir. Belə ki, 21 aprel 2023-cü il tarixdə gecə saatlarında o, pulu olmadığından pul əldə etmək qərarına gəlmiş və buna görə də, oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt əvvəllər işlədiyi «Ləziz House» restoranını tanıdığından oraya daxil olub, oradan oğurluq etməyi düşünmüşdür. O, buna görə həmin kafenin qarşısına gəlmiş və qapını açmaq üçün yerdən dəmir parçası taparaq, kafenin plastik giriş qapısını həmin dəmir parçası ilə açıb, kafeyə daxil olmuşdur. Kafeyə daxil olduqdan sonra, o, kassa aparatına yaxınlaşmış və kassa aparatında olan pulları götürmüş, həmçinin həmin vaxt kassa aparatının üzərində olan 1 ədəd Samsung markalı, 2 ədəd isə Nokia markalı mobil telefonları da götürüb cibinə qoymuşdur. Həmin vaxt ac olduğu üçün vitrində olan salatlardan da biraz yemək yeyib, kafedən çıxıb getmişdir. Bundan sonra kafedən oğurladığı 2 ədəd Nokia markalı mobil telefonları səhər saatlarında 20 yanvar metrostansiyasmm yaxınlığında metroya giriş hissədə tanımadığı ayrı-ayrı şəxslərə hərəsini 5 manata satmışdır. Əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. Lakin, həmin gün günorta saatlarında isə o, özlüyündə düşünərək, həmin kafedə əvvəllər işlədiyindən və kafenin müdiri Sənanı tanıdığından, etdiyi əməldən peşman olmuş və buna görə də, qayıdıb «Ləziz House» kafesinə gəlmiş və kafedə kassir işləyən Rəvana yaxınlaşıb, Samsung markalı mobil telefonu təqdim edib, gecə saatlarında kafedən oğurluq etdiyini, lakin hazırda peşman olaraq telefonu qaytarmaq istədiyini, digər telefonları satdığını, pulları isə xərclədiyini bildirmişdir. Həmçinin, Rəvandan bu barədə Sənana məlumat verməsini, ona vurduğu maddi ziyanı da ödəməyə çalışacağını bildirmişdir. Bundan sonra isə o, Sənanla da, danışmaq üçün kafedə oturub gözləmişdir. Bir müddət sonra isə Sənan gəlmiş və artıq oğurluqla bağlı polisə məlumat verdiyini bildirdiyindən, ona da bu barədə demişdir. O da, buna görə etiraz etməmiş və daha sonra polis əməkdaşlarının gəlməsini gözləmiş və polis əməkdaşları gələrək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində də o, oğurluqla bağlı izahat yazmışdır. O, törətdiyi əməldən peşmandır, həmin oğurluğu ehtiyac səbəbindən törətsə də, sonradan ifadəsində qeyd etdiyi kimi ziyanı ödəyərək Sənandan üzr istəməyə çalışmışdır. O, bu hadisədən başqa hər hansı cinayət əməli törətməmişdir. Törətmiş olduğu əməlindən peşman olduğunu, əməlini etiraf etməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxslərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 8 ildir ki, “Ləziz House” kafesini işlədir. Belə ki, o, hər gün sahibi olduğu kafeni saat 09 radələrində açır və axşam saat 00 radələrində bağlayıb evinə gedir. 20 aprel 2023-cü il tarixdə eyni saatda kafeni bağlayıb yaşadığı evə getmişdir. Səhəri gün yəni, 21 aprel 2023-cü il tarixdə səhər saat 09 radələrində işlətdiyi kafeyə gəldikdə kafenin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, giriş qapısına fikir verdikdə qapının dəmir alətlə sındırıldığını müəyyən etmişdir. O, kafeyə daxil olub kafeyə daxil olan şəxsin müxtəlif növdə yeməklər yeyib və kassa aparatının üzərində olan ona məxsus 1 ədəd 60 manat dəyərində olan Nokia markalı, 1 ədəd 90 manat dəyərində Nokia markalı, 1 ədəd 300 manat dəyərində olan «Samsung» markalı, 8A modelli mobil telefonu, həmin mobil telefonların üzərində olan biri 200 manat dəyərində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini və kassa aparatında olan 96 manat nəğd pul vəsaitini oğurladığını aşkar etmişdir. Həmin şəxs ümümilikdə ona 1346 manat məbləğində maddi ziyan vurmuşdur. O, bundan sonra Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək kafedə baş vermiş oğurluq barəsində şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları kafeyə gələrək sənədləşdirmə işləri aparmışlar. Həmin gün yəni 21 aprel 2023-cü il tarixdə təxminən günorta saatlarında kafe işçi olan Şahid Nürəddin oğlu onun istifadəsində olan mobil telefona zəng edərək, kafedən oğurluq edən əvvəllər kafedə işləyən Təqsirləndirilən şəxs olduğunu və hazırda Ülvinin kafedə olduğunu, Ülvinin kafeyə gələrək oğurladığı 3 ədəd mobil telefondan, 2 ədəd Nokia markalı mopbil telefonu tanımadığı şəxsə satdığını, lakin 1 ədəd «Samsung» markalı. 8A modelli mobil telefonu gətirib qaytardığını və Ülvi kafedə oturaraq onu gözlədiyini bildirmişdir. O da, Rəvana Ülvinin kafedə oturub gözləməsini özünün gələcəyini bildirmişdir. O, dərhal bu barədə polis şöbəsinin əməkdaşlarına məlumat vermiş, kafedə oğurluq edən şəxsin, yəni Ülvinin hazırda kafedə olduğunu bildirmişdir. Polis əməkdaşları kafeyə gəlib Ülvini PŞ-nə aparmışlar. Bundan sonra isə o, polis şöbəsinə gedib, Ülvinin ilkin olaraq kafedən oğurladığı daha sonra isə özü gətirib qaytardığı “Samsung” markalı, 8A modelli mobil telefonu PŞ-nin təhqiqatçısına protokol əsasında təhvil vermişdir. Ülvinin kafedə müxtəlif yeməklərdən hərəsindən bir az yeməsi ilə bağlı ona heç bir məbləğdə ziyan dəyməmiş və bununla da bağlı onun şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/4249 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd Vietnam istehsalı, “Samsung A8” markalı, “SM-A530F/DS” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla və hazırki vəziyyətdə (arxa və ön gövdəsində zədələr, çatlar, cızıqlar, boya qopuqları və s.) orta bazar qiyməti təxminən 80,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 2 dəfə məhkum edilmişdir. 1) Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə qəti olaraq 01 il 03 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 2.5-ci bəndi tətbiq edilməklə cəzadan azad olunmuş və üzərindən məhkumluq götürülmüşdür. 2) Qax Rayon Məhkəməsimnin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qax Rayon Məhkəməsimnin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 04 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Həmin cinayətə görə məhkəmə hökmünə əsasən təyin edilmiş cəza azadlığın məhdudlaşdırılması ilə əlaqədar olmuşdur. Belə olduğu təqdirdə isə, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarındakı zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli teleqrammasına əsasən onun təqsirləndirilən şəxsə qarşı şikaüyət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, əməlini etiraf etməsini, cavan olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar