Məhkəmə qərarları › İş №1(004)-417/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-417/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-417/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını saxlanc yeri olan anbara qanunsuz olaraq daxil olmaqla, gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxana binasının həyətində saxlanc yeri olan tikili anbara qanusuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 950 manat dəyərində «Tufan » markalı «M50» model mopedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, 01 fevral 2022-ci il tarixdə “Kubinka” deyilən yerdən üzdən tanıdığı istintaqa məlum olmayan şəxsdən, qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində çəkisi 1,015 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin”əldə edib üzərində saxlamaqla daşımış, 03 fevral 2022-ci il tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs ünvan 3 ünvanında olarkən Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PB-nə gətirilmiş, 28-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış və əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı siqaretin gümüşü kağızına bükülmüş 01(bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində çəkisi 1,015 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci il yanvar ayının sonları səhər vaxtı saat 09-30 radələrində sərxoş vəziyyətdə Yasamal rayonu, Şərifzadə küçəsindəki yataqxana binasının həyətindən təsadüfən keçərkən orada bir yüngül motosikl saxlanmasını görüb baxıb orada başqa kimsə olmadığını görüb, ona görə də mopedi oğurlayıb aparıb bir müddət sürüb sonra satıb pulunu ehtiyaclarıına xərcləmək istəmişdir. Mopedi işə salıb bir neçə gün xeyli sürüb axşamlar evinin həyətində saxlamışdır. 03 fevral 2022-ci il tarixdə Yasamal rayonu, Ə.Cavad küçəsində yaşadığı evin yanında polis əməkdaşları kimi özlərini təqdim etmiş şəxslər onu saxlayıb polis bölməsinə dəvət etmiş, polis bölməsinə gəldikdə orada müdafiəçi dəvət edib üzərində axtarış apararkən əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı , bir neçə gün əvvəl Kubinka deyilən ərazidə tanımadığı şəxsdən özü qəbul etmək üçün aldığı bir bükümdə, şüşə deyilən metamfetamin narkotik vasitəni təqdim etmişdir. Bükülünü açıb içində ağ duzşəkilli «şüşə» narkotik vasitə metamfetamin olmasını görmüşlər. O, polis əməkdaşlarına həmin maddənin metamfetamin və ya «şüşə» olmasını, özü qəbul etmək məqsədi ilə Kubinkada tanımadığı şəxsdən alıb saxladığını bildirmişdir. Aşkar edilmiş maddə bükülüb möhürlənib götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını və ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 19 yanvar 2021-ci il tarixdə Moto Plazadan 1670 manata Tufanm M50 markalı moped almışdır. Həmin mopedlə Bolt şirkətində işləyib və təhsil aldığı universitetə gedib gəlirdi. 28 yanvar 2022-ci il tarixdə saat 22 radələrində mopedi həmişə odlduğu kimi, yaşadığı ünvan 5 ünvanda yerləşən İnşaat Memarlıq Universitetinin 5 saylı yataqxanası qarşısındakı həyətdə alaçıq kimi olan, üstüörtülü, taxtadan olan, kiçik pəncərə və qapısı olan anbar kimi istifadə etdiyi budkada saxlayıb evinə getmişdir. 29 yanvar 2022-ci il tarixdə saat 09;30 radələrində evdən çıxdıqda mopedin saxladığı yerdə olmadığını görüb dərhal DİN-nin 102 xidmətinə məlumat verərək mopedin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Sonradan polis əməkdaşları hadisə yerınə gəlmişlər. Mopedin üzərində hər hansı sənəd və əlavə əşya olmamış, mopedi aldığı MMC-dən mopedin alqı satqı müqaviləsi və müqaviləyə əlavə arayışı polisdə təqdim etmişdir. Oğurlanmış mopedi qənədlərin boz rənjdə plastik materialdan olmasına, yanacaq çəninin sağ tərəfində «Tufan» yazısı, alt ban hissəsində «M50» yazısı, alqı satqı sənədində olan və ban hissədə yazı rəqəmləri, işlənmə dərəcəsinə görə tanıya bildiyini göstərmişdir. Mopedi 1 il əvvəl 1670 manata rəsmi olaraq almışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili işləyir. xx.xx.2022-ci il tarixdə əməliyyat fəaliyyəti ilə bağlı ona məlum olmuşdur ki, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkoik vasitələrin istifadəsi və daşınmasında şübhəlidir. Ona görə də o, bu barədə rəsmi olaraq raportla bölmə rəisinə müraciət etmişdir. Həmin tarixdə bölmə rəisi əməliyyat axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərarı təsdiq etmiş, həmçinin qərarla ondan başqa 28-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 qrupun üzvü kimi qrupa daxil edilmişdir. Əməliyyat tədbiri keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, Ə.Cavad küçəsi 23A ünvanda yaşadığı evin yanında müəyyən edilib ona narkotik vasitələrin daşınmasında şübhəli olması bildirilmiş, ona polis bölməsinə gəlməsi təklif edilmiş, o etiraz etməmiş, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində onun, əməliyyat müvəkkili Şahid2 təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçi vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən görünütü qeydiyyatı ilə şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki qara rəngli şalvarının sağ yan icibində siqaretin gümüşü kağızında narkotik vasitə olan «şüşə» deyilən «metamfetamin» narkotik vasitəsi vardır və həmin bükülünü cibindən çıxarıb təqdim etmişdir. Bükülünü açdıqda içində kristalşəkilli ağ maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni Kubinka deyilən ərazidən üzdən tanıdığı, adını bilmədiyi, əvvəllər də eyni narkotik vasitə aldığı şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə keçirilməsinə baxmayaraq hər hansı əşya və maddə aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş siqaretin gümüşü kağızına bükülü maddə zərfə qoyulub yapışdırılıb möhürlə möhürlənərək iştirakçıların imzaları ilə təsdiq edilərək götürülmüşdür. Axtarış və götürmə aparılarkən heç bir ərizə və şikayət qeyd daxil olmamış, təhqiqatçı tərəfindən «Ayfon X» markalı mobil telefonu ilə görüntü qeydiyyata alınmışdır. Bu barədə təhqitqatçı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan 03 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 109-119-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və onun barəsində 04 may 2022-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 148-153-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlama müddəti isə 03 may 2022-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 166-169-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 iyul 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 225-229-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 10 avqust 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanovun 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin xx.xx.2022-ci il tarixdə başa çatması səbəbilə həmin müddətin uzadılması üçün təqdimatla məhkəməyə müraciət olunmasından imtina edilmiş, həmçinin Təqsirləndirilən şəxs həbsdə saaxlanılma müddəti bitdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 81-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/696 saylı ekspert rəyindən görünür ki, «Hüseynli» yazısı olan zərfdəki 1 ( bir) ədəd bükümdə təmiz çəkisi 1,015 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 80-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 239-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4700 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Tufan» markalı «M50» model, boz rəngli, 2020-ci il islehsalı olan mopedin istifadə olunması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 950 manat müəyyən edilir. Cinayət işinin 238-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 243-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 4010 saylı rəyindən görünür ki, müayinə zamanı X5 Opioidlərin və spsixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 245-250-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1.015 qram çəkidə psixotrop maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübüt kimi tanınmış və həmin ekspertiza tədqiqatından sonra metamfetaminin 0,965 qram qalığı Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş verilmiş, digər maddi sübut zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd «Tufan M50» markalı motosikl zərərçəkmiş şəxsdə saxlanılır. Cinayət işinin 138-140-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan doğum haqqında AZ-İİİ 187144 nömrəli şəhadətnamədən görünür ki,xx.xx.2013-ci il tarixdə anadan olan Hüseynli Əlinin atası Hüseynli Agşin, anası isə Hüseynli Turandır. Cinayət işinin materiallarında olan doğum haqqında AZ-İİ 835281 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə anadan oan Hüseynli İncinin atası Hüseynli Agşindir, anası isə Hüseynli Turandır. Cinayət işinin materiallarında olan doğum haqqında AZ-İİİ 596007 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olan Hüseynli Fatmeyizəhranın atası Hüseynli Agşindir, anası isə Hüseynli Turandır. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən PB-nin inzibati binasında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində narkotik vasitə və digər qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibində bir ədəd siqaretin gümüşü kağızı bükülüsü çıxarıb təqdim etmiş, bükülü təhqiqatçı tərəfindən açdıqda içində ağ rəngli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik maddə şüşə kimi adlandırılan metamfetamindir, onu Kubinka deyilən ərazidən özü qəbul etmək məqsədi ilə tanımadığı şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə keçirilmiş, lakin hər hansmı əşya və maddə aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə təhqiqatçı tərəfindən zərfə qoyulub yapışdırılıb möhürlənərək iştirakçıların imzaları ilə təsdiq edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin əvvəllər məhkum edilməməsini və ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası, həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, sonuncunun 03 fevral 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 (altı) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx.xx.2022-ci il tarixli, 4010 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,965 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə digər maddi sübut olan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd «Tufan M50» markalı motosikl sahibinə qaytarıldığınan onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 164 (bir yüz altmış dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili M.M.Kərimova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili M.M.Kərimova məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (il) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 (altı) ay 07 (yeddi) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 03 (üç) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,965 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd «Tufan M50» markalı motosikl sahibinə qaytarıldığınan onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 164 (bir yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar