Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-417/2025 22.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu ildə Yardımlı rayonu, Cavran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdir. Belə ki, o, 07 may 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 181 ünvanında yerləşən «Ağ çiçəyim» şadlıq sarayının arxa hissəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,246 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması və istifadə edilməsi barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal RPİ-nin NMBnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 07 may 2025-ci il tarixdə, saat 12:10-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq, həmin yerdə üzərinə əməliyyat axatarış tədbirinin keçirilməsi və baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,246 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Ağ çiçəyim» restoranının arxasında yerləşən kirayə yaşadığı evdə yatan zaman 3 nəfər polis əməkdaşı olan Şahid2 оğlu, Şahid3 və Yasamal RPİ-nin NMB-nin rəisi X5 onu yuxudan oyadaraq döyməyə başlamışdırlar. Həmin vaxt tanışı Şahid1 da orada olmuşdur. Yasamal RPİ-nin NMB-nin rəisi X6 onun İXM-nin 206-cı maddəsi ilə sənədləşdiriləcəyini bildirərək narkotik vasitəni videoçəkiliş zamanı özünə məxsus olması barədə bildirməsini tələb etmiş və o razilaşdıqdan sonra Şahid2 ona videoçəkilişdən əvvəl narkotik vasitə vermişdir. O da bölmə rəisinin sözünə etibar edərək narkotik vasitəni götürüb cibinə qoymuşdur. Daha sonra polis əməkdaşları onun kirayə yaşadığı evin yaxınlığında o və Şahid1 iştirakı ilə videoçəkiliş həyata keçirmişlər. Bundan sonra onlar İdarəyə gətirilmişdirlər. Polis İdarəsində həmin polis əməkdaşları həmin narkotik vasitəni təhqiqatçıya təqdim edilmişdir. Sonradan o, barəsində CM-nın 234.1-ci maddəsi ilə cinayət işinin başlanmasından xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifаdəsində göstərmişdir ki, 07 may 2025-ci il tarixdə Yasamal RPİ-nə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin istifadə edilməsi və daşınmasında şübhəli olması barədə daxil olmuş məlumatı araşdırmaq məqsədilə onun və Şahid2 оğlunun iştirakından ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs və Şahid1 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra polis əməkdaşları olduqlarını bildirmiş, sonra həmin şəxslərə narkotik vasitələrin istifadə edilməsində və daşınmasında şübhəli bilindiklərini izah edərək video çəkiliş aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi 01 ədəd şəffaf bükümü və qara rəngli «Nokia» markalı mobil telefonu könüllü olaraq təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs və Şahid1 Yasamal RPİ-nə dəvət etmişlər, həmin şəxslər etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nə gəlmişdirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon, içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd sellofan büküm zərfdə qablaşdırılaraq Yasamal RPİ-nin Təhqiqat şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və baxış keçirilməsinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması və videoçəkiliş zamanı NMB-nin rəisi Anar İbrahimov iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı videoçəkilişin kimin tərəfindən aparılmasını xatırlamır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 оğlu digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin rəisi vəzifəsində xidmət edir. 07 may 2025-ci il tarixdə Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra həmin məlumatı araşdırmaq məqsədi ilə yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfində saxlanılmışdır. O, həmin tədbirdə iştirak edib-etmədiyini xatırlamır. Hesab edir ki, əgər o, həmin əməliyyat tədbirində iştirak etmiş olsaydı, onun ifadəsi ibtidai istintaq zamanı alınardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserdə müalicə alır. Dəqiq xatırlamadığı tarixdə səhər 12:00 radələrində qonşusu Təqsirləndirilən şəxslə təsadüfən rastlaşmışdır. Onlar birlikdə piyada gedən zaman Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ağçiçəyim” şadlıq evinin yaxınlığında olan vaxt polis əməkdaşları onlara yaxınlaşaraq onlara narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını deyərək üzərlərinə videoçəkiliş ilə baxış keçirəcəklərini bildirmişlər. Onlar da etiraz etməmişlər. Həmin vaxt onun və Anarın üzərində narkotik vasitə heroin olmuşdur. Bundan sonra onun yanında birinci Anarın üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman Anarın üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmiş, polis əməkdaşları həmin narkotik vasitəni zərfə qoyaraq möhürləyib imza etmiş, sonra polis əməkdaşları ondan qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet olub-olmamasını, olduğu təqdirdə könüllü təqdim etməyini təklif etmiş, o da əynində olan açıq mavi rəngli gödəkçəsinin sol yan cibində saxladığı, bir neçə saat əvvəl aldığı içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu və Anarı Yasamal rayon polis idarəsinin inzibati binasına aparmışlar. Ona və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadə məqsədi ilə əldə edib Yasamal rayonu ərazisində istifadəsi və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, saat 12:10-da ünvan 3 ünvnanında saxlanılaraq üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd səffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. (i.v. 9-10) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, 07 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs bir ədəd mobil telefon, bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, Şahid1 bir ədəd mobil telefon, bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək edələrək qablaşdırılmış üç ədəd zərf Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən Yasamal RPİ-nin inzibati binasında xidməti otaqda təhqiqatçıya təqdim olunur, həmçinin «əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsi zamanı qeydə alınmış görüntü olan 01 ədəd disk xidməti otaqdan kompyuterin disk oxuyucusuna daxil edildikdə NMB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi 01 ədəd şəffaf bükümü və qara rəngli «Nokia» markalı mobil telefonu könüllü olaraq təqdim etməsi, sonra Şahid1 həmin vaxtı əynində olan açıq mavi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və əynində olan açıq mavi rəngli gödəkçəsinin həmin cibində olan özünə məxsus «Redmi» markalı mobil telefonu da çıxarıb könüllü şəkildə təqdim etməsi, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə həmin bükümlərin və mobil telefonların üç ədəd zərfə qoyularaq qablaşdırılıb zərfin üzərinin möhürlənərək imzalanması müşahidə edilir, sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdə səhər saatlarında tanışı Şahid1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Ağ çiçəyim» restoranının arxasına gedərək, orada tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manat pulun müqabilində 01 büküm narkotik vasitəni əldə etməsini, həmçinin Şahid1 07 may 2025-ci il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxslə birlikdə görüşüb Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ağçiçəyim” şadlıq evinin yaxınlığında olan zaman adını və digər anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin aldığını bildirməsi müəyyən edilir. (i.v. 14-15) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tаriхli 6/1728 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №42”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,246 qram olan qəhvəyi rəngli maddə kustar üsalla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 43-47) “Diskə baxış keçirilməsi haqqında” 08 may 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanının qarşısında X3 üzərinə Yasamal RPİ-nin NMB-nin əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla hüquq və vəzifələri izah olunduqdan sonra paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra Anar Masıyev könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü və qara rəngli «Nokia» markalı mobil telefonu polis əməkdaşlarına təqdim edir. X12 üzərinə yoxlama aparılır, lakin lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Anar Masıyevin təqdim etdiyi 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Anar Masıyev tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon, içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd sellofan büküm, həmçinin Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon, içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd sellofan büküm 03 ədəd zərfdə qablaşdırılaraq götürülür. (i.v. 53) “Diskə baxış keçirilməsi haqqında” 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin inzibati binasında xidməti otaqların birində şübhəli şəxs X3 iştirakı ilə sonuncunun üzərindən aşkar edilmiş 01 ədəd bükümün qablaşdırıldığı 1 (bir) ədəd ağ rəngli kağız zərf Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısına təqdim edilməsi, təhqiqatçı tərəfindən həmin diskin kompyuterin disk oxuyucusuna daxil edilməsi, həmin görüntüdə Anar Masıyevin könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümü və qara rəngli «Nokia» markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etməsi, polis əməkdaşları tərəfindən Anar Masıyevin üstünə yoxlama aparılması, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməməsi müəyyən edilir. Sorğu zamanı Anar Masıyevin təqdim etdiyi 01 ədəd bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 07 may 2025ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Ağ çiçəyim» restoranının arxa tərəfindən tanımadığı şəxsdən 20 manat pulun müqabilində alıb üzərində saxlamaqla gəzdirməsini bildirir. (i.v. 54) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 10 may 2025-ci il tarixli 373 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (i.v. 120-122) “Maddi sübut kimi tanınma haqqında” 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və ekspertiza tədqiqatından sonrakı qalıq 0,196 qram narkotik vasitə heroin isə saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 124) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 17 iyun 2025-ci il tаriхli 3609 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhəri narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanserdə qeydiyyatdadır. (i.v. 167-168) “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, baxışla əlaqədar içərisində baxış keçirilməsinə dair görüntülər olan 02 (iki) ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. (i.v. 184-195) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, narkotik vasitələrin aludəçisidir, bədənində ağrılar olduğu üçün təxminən 10 ildir ki, narkotik vasitə heroin istifadə edir, onu narkotik vasitə istifadə etməyə heç kim məcbur etmir, əvvəllər Azərbaycan Respublikası CM-in müxtəlif maddələri azadlıqdan məhrum edilmiş, sonuncu dəfə 2023-cü il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən 01 il 06 ay müddətinə azadlıqdan məhrum olunmuş və üç ay əvvəl azadlığa buraxılmış, 07 may 2025-ci il tarixdə səhər saatlarında tanışı Şahid1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Ağ çiçəyim» restoranının arxasına getmiş, orada tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manat pulun müqabilində 01 büküm narkotik vasitə heroin alaraq istifadə etməsi üçün həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətmiş, ondan başqa tanışı Afaq da həmin şəxsdən növünü, çəkisini bilmədiyi narkotik vasitə almış, həmin gün, yəni 07 may 2025-ci il tarixdə, saat 12:10-da ünvan 3 ünvanının qarşısında Şahid1 ilə birlikdə olarkən, iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşlarını olduqları bildirib narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması və istifadə edilməsində şübhəli olduqlarını izahat edərək video çəkiliş aparmaqla üzərlərinə baxış keçirmiş, o, həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi 01 büküm narkotik vasitə heroini və özünə məxsus qara rəngli «Nokia» markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmiş, ondan başqa Şahid1 da üzərindən 01 büküm narkotik vasitə heroini və özünə məxsus qara rəngli «Redmi» markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmiş, bundan sonra Şahid1 və onu Yasamal RPİ-nə dəvət etmişlər, onlar da də etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə yollanmış, Polis İdarəsində həmin polis əməkdaşları tərəfindən onun Şahid1 üzərindən aşkar edilərək narkotik vasitələr və mobil telefonlar təhqiqatçıya təqdim edilmiş, həmçinin Şahid1 və onun üzərinə baxış keçirilməsinə dair protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. (i.v. 82-87) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 31 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən X8, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Yasamal RPİ-nin MSY-də saxlanılarkən, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə ərizə və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heç-bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs X8 xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adma tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkar edilməmişdir, hər iki said və bazunun ön səthində postinyeksion döyənəklər aşkar edilmişdir. 18 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlamlmasının rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olan heroin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83-cü qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.246 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 29) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-372/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 may 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 82-87) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Masiyev X4 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 01 il 02 aya endirilmiş, xx.xx.2016-cı il də cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixli Yasamal rayon məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. xx.xx.2023-cü ildə Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl şərti azad edilib. xx.xx.2024-cü ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. (i.v. 139- 141) CM-nin: 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunsa da yenidən cinayət törədərkən məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 11 dekabr 2023-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə əsasən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.196 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 07 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə olan heroin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 07 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.196 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 495 (dörd yüz doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-417/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-417/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver