Məhkəmə qərarları › İş №1(004)-420/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-420/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-420/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Baki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 33də qeydiyyatda olan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrar törədilməklə oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 15 avqust 2021-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanının qarşısında park edilmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus 3000 manat dəyərində «Tufan CUB50» markalı, mopedi gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 3000 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədi ilə 29 avqust 2021-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanının dəhlizindən Zərərçəkmiş şəxs2 məxsus yük hissəsində 200 manat dəyərində təmir üçün lazım olan açar dəsti, 4800 manat dəyərində «Mondial 125 MH Motoskl» markalı, 99-B-235 dövlət qeydiyyat nişanlı motosikleti gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Mirzəli Hüseynova ümumilikdə 5000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabunçu rayon Məhkəməsinin 10.06.2021-ci il tarixi hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda heç bir yerdə işləmədiyi üçün və bu səbəbdən maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 15 avqust 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhər Yasamal rayonunun ərazisində Zərgərpalan küçəsi ilə piyada hərəkət edən zaman həmin küçədə yolun kənarında göy rəngli «Tufan» markalı moped görmüşdür. Artıq saat 04 radələri olmuş, bir qədər kənardan həmin mopedə baxmış və heç kimin gəlmədiyi üçün həmin mopedi oğurlayaib bir qədər kənara aparmışdır. Orada mopedin naqilləri qırıb işə salaraq sürüb yaşadığı Maştağa qəsəbəsindəki evinə gəlmişdir. Bundan təxminən 6 gün sonra mopedi satmaq üçün «tap.az» saytında elan vermiş və tanımadığı şəxsə 450 manata satmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra yenidən pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, yenidən moped və ya motosklet oğurlasın. 29 avqust 2021-ci il tarixdə gecə saatlarında yenidən Maştağa qəsəbəsindən Yasamal rayonuna gəlmiş və piyada olaraq Yasamal rayonu, M.F.Axundov küçəsi ilə hərəkət edərkən həmin küçədə yerləşən iki mərtəbəli yaşayış binasının blokunda qara rəngli «Mondial» markalı motosklet görmüşdür. Ətrafda heç kimin olmadığını görüb həmin motoskleti oğurlayıb bir qədər kənara çəkərək motoskleti işə salıb oradan idarə edib Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, ev 24 ünvanına gətirmişdir. 30 avqust 2021ci il tarixdə saat 16 radələrində polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və o, etdiyi hər iki oğurluğu etiraf edib «Mondial» markalı motoskleti təqdim etmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxslərə dəymiş zərərərin ödənildiyini, onlarla barışdığını və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 28 avqust 2021-ci il tarixdə saat 20 radələrində özünə məxsus olan «Mondial 125» markalı, 99-B-235 dövlət qeydiyyat nişanlı motoskleti yaşadığı evin blokunda saxlayıb evinə getmişdir. Səhəri gün yəni, 29 avqust 2021-ci il tarixdə saat 05 radələrində işə getmək üçün evdən çıxanda motoskletin yerində olmadığını görmüşdür. Artıq motoskletin oğurlanmasını başa düşmüş və bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edib motoskletin oğurlanması barədə məlumat vermişdir. Bundan sonra ərizə ilə Yasamal RPİ-nin 27-ci PB-nə müraciət etmişdir. Motoskleti oğrulanarkən motoskletin yük hissəsində motoskletə aid təmir üçün lazım olan açar dəsti olmuşdur. O həmin motoskleti alarkən motoskletin dəyəri 4800 manat, açar dəstinin dəyri isə 200 manat olmuşdur. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 72-74-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, özünə məxsus olan avtomat sürət qutusu olan «Tufan» markalı mopedi kuryer işləmək üçün ilkin olaraq 300 manat ödəməklə, hər ayı 300 manat olmaqla 9 ay müddətinə kredik olaraq almışdır. Həmin mopedə 3 ay 300 manat ödəmiş, 6 ay krediti qalmışdır. 14 avqust 2021-ci il tarixdə axşam saatlarında işlərini bitirib yaşadığı evə gəlmiş və özünə məxsus «Tufan» markalı mopedi yaşadığı ünvan 3 ünvanının qarşısında saxayıb evinə getmişdir. 15 avqust 2021-ci il tarixdə saat 03:45 radələrində yaşadığı evdən həyətə düşüb siqaret çərəkən mopedin yerində olduğunu görmüşdür. O, yenidən evə qalxıb quran oxumağa başlamış, yenidən saat 04:48 radələrində siqaret çəkmək üçün həyətə çıxarkən mopedin yerində olmadığını görmüşdür. O, mopedin yerində olmadığını görüb başa düşmüşdür ki, mopedi oğurlanmışdır. Buna görə də dərhal DİN-nin 102 xidmətinə zəng edib mopedin oğurlanması barədə məlumat vermişdir. Bundan sonra ərizə ilə Yasamal RPİ-nin 27-ci PB-nə müraciət etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 77-79-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 15.10.2020-ci il tarixdə "xxxx" MMC-dən müqavilə əsasında 1700 manata «Tufan» markalı mopedi almış, sonradan həmin mopedi Zərərçəkmiş şəxs1 ilkin ödəniş 300 manat, hər ayı 300 manat olmaqla 9 ay müddətinə kredit olaraq satmışdır. Həmin mopedə görə Zərərçəkmiş şəxs1 3 ay 300 manat ödəniş etmiş, 6 ay krediti qalmışdır. Sonradan ona məlum olmuşdur ki, onun Mehmana satdığı moped oğurlanmışdır. Mopedi özü alsa da sonradan Zərərçəkmiş şəxs1 aylıq 300 manat olmaqla 3000 manata satmış, 3 ay kredit ödəmişdir. Mopedin hazır ki sahibi Zərərçəkmiş şəxs1dur. Onun şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış haqqında” 15.08.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan ünvan 4 evləri olmaqla “OBA” market vardır. Baxışda iştirak edən vətəndaş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 15.08.2021-ci il tarixdə saat 03:45-dən 04:48-dək olan müddətdə yaşadığı evin qarşısında saxladığı “Tufan” markalı, tünd göy rəngli mopedi naməlum şəxs(lər) tərəfindən oğurlanmışdır. (i.v. 11-14) “Hadisə yerinə baxış keçirilməsi barədə” 29 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvan 2 mərtəbədən ibarətdir. Binanın giriş hissəsinin qapısı apac materiallıdır, göy üzlükdən ibarətdir. Qeyd olunan həmin giriş hissəsində pilləkənlər vardır. Protokol tərtib olunan zaman vətəndaş qeyd etmişdir ki, özünə məxsus olan “Mondial” markalı motosiklet qeyd olunan binanın həyətindən oğurlanmışdır. (i.v. 23-25) AD seriyalı 848664 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mondial 125MH Motosikl” markalı 99-B-235 dövlət qeydiyyat nişanlı motosiklet X8r. (i.v. 27) ƏN-Vİİ seriyalı 404261 nömrəli etibarnamədən görünür ki, “Mondial 125MH Motosikl” markalı 99-B-235 dövlət qeydiyyat nişanlı motosiklet X12 tərəfindən Zərərçəkmiş şəxs2 etibar edilmişdir. (i.v. 28) “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxışın aparıldığı yer 1 mərtəbəli yaşayış evidir, həyətində müxtəlif meyvə ağacları vardır. Baxışda iştirak edən Pərviz Əsgərov göy rəngli “Mondial” markalı motosikleti yaşadığı evin həyətindən təqdim edərək bildirdi ki, həmin motosiklet onun tərəfindən 29 avqust 2021-ci il tarixdə Yasamal rayonu, M.F.Axundov küçəsi 83 ünvanından oğurlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi motosiklet tərəfindən götürülmüşdür. (i.v. 30-34) 15.10.2020-ci il tarixli 10110450 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Tufan Cub50” markalı göy rəngli 1700 manat dəyərində moped "xxxx" MMC tərəfindən X1. (i.v. 75) Fərid Mehtiyev tərəfindən verilmiş 31.08.2021-ci il tarixli ərizədən görünür ki, “Tufan CUB50” markalı moped müqavilə əsasında onun adına olsada, həmin moped hal-hazırda Zərərçəkmiş şəxs1 mülkiyyətindədir. Onun şikayəti və tələbi yoxdur. (i.v. 80) “İfadənin yerində yoxlanılması haqqında” 31.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirdi ki, özünə heç bir yerdə iş tapa bilmədiyi üçün qərara gəlmişdir ki, moped və ya motosklet oğurlayıb satıb pul əldə etsin. Bu məqsədlə mən 15 avqust 2021-ci il tarixdə gecə saatlarında əvvəllər yaşadığım Bakı şəhər Yasamal rayonuna gəlmiş və orada piyada Zərgərpalan küçəsində hərəkət edərkən həmin küçədə yolun kənarında göy rəngli «Tufan» markalı moped görmüşdür. Artıq saat 04 radələri olmuş və o, bir qədər kənardan həmin mopedə baxmış, heç kimin gəlmədiyi üçün həmin mopedi oğurlayaib bir qədər kənara aparmışdır. Orada naqilləri qırıb işə salaraq sürüb yaşadığı Maştağa qəsəbəsindəki evinə gəlmişdir. Oğurluqdan təxminən 6 gün sonra mopedi satmaq üçün «tap.az» saytında elan vermiş və tanımadığı şəxsə 450 mnata satıb, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə ikinci dəfə oğurluq etdiyi ünvana, yəni Bakı şəhər, Yasamal rayonu, M.F.Axindov küçəsi 83 ünvana gəldik. Orada Təqsirləndirilən şəxs bildirdi ki, 29 avqust 2021-ci il tarixdə gecə saatlarında yenidən Maştağa qəsəbəsindən Yasamal rayonuna gəlmiş və piyada olaraq Yasamal rayonu, M.F.Axundov küçəsi ilə hərəkət edərkən həmin küçədə yerləşən iki mərtəbəli yaşayış binasının blokunda qara rəngli «Mondial» markalı motosklet görmüş və heç kimin olmadığını görüb həmin motoskleti otrulayıb bir qədər kənara çəkmişdir. Motoskleti naqilləri ilə işə salıb oradan idarə edib Maşağa qəsəbəsi, Albalılıq yaşayış massivi ev 24 ünvanına gətirmişdir. Həmin motoskleti bir neçə gün saxlayıb satmaq istədikdə 30 avqust 2021-ci il tarixdə saat 16 radələrində polis əməkdaşları yaşadığı evə gəlmiş və etdiyim hər iki oğurluğu etiraf edib «Mondial» markalı motoskleti təqdim etmişdir. (i.v. 94-95) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 9/6389 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən 01 ədəd 2018-ci il istehsallı, “Mondial 125 MH Motosikl” markalı, 99B235 dövlət qeydiyyat nişanlı, 125sm3 mühərrik həcmli, qara rəngli motosikletin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1600.00 manat müəyyən edilmişdir. (i.v. 144-146) “Sübutların qiymətləndirilməsi haqqında” 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş X5 ifadələri sübut növü kimi qiymətləndirilmişdir.1 ədəd Mondial 125 MH Motosikl markalı, 99-B-235 dövlət qeydiyyat nişanlı motosiklin dəyərinin Zərərçəkmiş şəxs2 göstərməsinə əsasən 4800 manat, təmir üçün lazım olan açar dəyrinin isə 200 manat kimi qəbul olunmuşdur, həmçinin Tufan CUB50 markalı mopedin dəyəri Zərərçəkmiş şəxs1 göstərməsinə əsasən 3000 manat kimi qəbul olunmuşdur. 1 ədəd “Mondial 125 MH Motosikl” markalı, 99-B-235 dövlət qeydiyyat nişanlı motosiklet və təmir üçün lazım olan açar dəsti iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. (i.v. 157-162) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxsna CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqında 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 55) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 121-124) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 03.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.12.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.01.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 13.17.2018-ci il qərarı ilə CMnə dəyişdirilməsi qanunu tətbiq olunaraq cəzası 03 ilə endirilmişdir. 17.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v. 125-127) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(008)-232/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 11 (on bir) ay 20 (iyirmi) gün çıxılaraq üərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 137-142) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Prosbasiya İdarəsinin 23.11.2021-ci il tarixli 21-1/3-10677 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-232/2021 saylı, 10 iyun 2021-ci il tarixli hökmü və onun icrası barədə 01.07.2021-ci il tarixli göstərişi Bakı Şəhər Probasiya İdarəsinin icraatına 27.07.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmü ilə ona təyin edilmiş 01 il 06 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi çəkilməmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 11.11.2021-ci il tarixli notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Bununla bağlı ona qarşı heç bir iddiası, tələbi şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Nəzərə alınmasını xahiş etmişdir. AZ-İİİ № 676731 nömrəli doğum haqqında şəhadətnamədən və AZE seriyalı 11685643 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 22.04.2014-cü il təvəllüdlü Vəliyev Hafizin atası Vəliyev Ramizdir. AZ-İİİ № 676732 nömrəli doğum haqqında şəhadətnamədən və AZE seriyalı 11685425 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 03.07.2015-ci il təvəllüdlü Vəliyeva Nərgizin atası Vəliyev Ramizdir. X10 tərəfindən verilmiş ərizədən görünür ki, 23.04.2014-cü il təvəllüdlü oğlu X9 və qızı 03.07.2015-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs Canpolad oğlunun himayəsi altında qalmasına etiraz etmir. Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəsinin 11.11.2021-ci il tarixli 4142 nömrəli arayışından görünür ki, Maştağa qəsəbəsi, Albalılıq-1 bağ sahəsi, bağ evi 24 ünvanında yaşayan Təqsirləndirilən şəxs həbsdə olduğu 30.08.2021-ci il tarixdə övladları X14 və X11 atalarının himayələrində olmuşlar və birgə yaşamışdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 03.09.2021-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.01.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13.07.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzası 3 ilə endirilmiş, 17.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun əməli residiv hesab olunmur. Bundan əlavə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(008)-232/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü madəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, CM-in 68.1.1-1-ci maddələrinə əsasən ona təyin edilmiş cəza (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Həmçinin, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(008)-232/2021 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti cəza müəyyən olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə əvvəllər 2 dəfə eyni xarakterli cinayəti törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən eyni xarakterli cinayət əməlini törətməsini məhkəmə bunu onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(008)-232/2021 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (09 ay 05 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 30 avqust 2021-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış, “Mondial 125 MH Motosikl” markalı, 99-B-235 dövlət qeydiyyat nişanlı motosiklet və təmir üçün lazım olan açar dəsti maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(008)-232/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay 05 (beş) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, CM-nın 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Mondial 125 MH Motosikl” markalı, 99-B-235 dövlət qeydiyyat nişanlı motosiklet və təmir üçün lazım olan açar dəsti maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X4, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar