Məhkəmə qərarları › İş №1(004)-420/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-420/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-420/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittiham qaydasında sikayət vermiş şəxs X4, onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, "xxxx" MMC-nin direktoru X10 barəsində AR CM-in 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru Kənan Zeynalov tərəfindən bilavasitə şəxsinə ünvanlanmış böhtan xararkterli ifadələrlə bağlı olmuşdur. Belə ki, sözügedən şirkətə məxsus olan "xxxx" MMC adlı “Youtube” internet informasiya platformasında paylaşılmış, barəsində şikayət edilən şəxs tərəfindən səsləndirilən videoçarxda birbaşa onunla bağlı böhtan xarakterli məlumat yerləşdirilmişdir. 08 aprel 2023-cü il tarixdə “Azestetikə iki kəlmə sözüm var.” başlığı altında yayımlanmış həmin video-çarxda aşağıdakı ifadələrin əks olunduğu foto yerləşdirilmişdir: “Dövlət Xidməti “X15” barədə araşdırmaya başladı”. “Banker.az on Linkedln:Dələduzluqda təqsiləndirilən şirkət rəhbərinə bəraət verilib” https://www.youtube.com/watch?v=bliREXRrqdO,https://www.tiktok.eom/@lazer aparatlari/video/**********158608146, https://www.facebook.com/famil.zeynalov.372. Xəbər başlığında adı keçən Banker.az saytının məsul şəxsləri ilə məsələ barəsində əlaqə saxlayıb izahat tələb etdiyimdə həmin saytdan qeyd olunan paylaşımla bağlı məlumatları olmadığını, ümumiyyətlə, saytda belə bir məlumatın yerləşdirilmədiyi bildirilmişdir. Göründüyü kimi barəsində şikayət edilən şəxs ölkə hüdudlarında geniş tanınmış “Banker.az” saytının adından istifadə edərək saxta paylaşım hazırlamaqla onu müvafiq faktı təsdiqləyən heç bir qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan ictimaiyyətə açıq sosial şəbəkə platformasında ağır cinayətdə ittiham edərək dələduzluq cinayət əməlinə yol verdiyini bəyan etmişdir. Bu məlumat böhtan xarakteri daşımaqla kütləvi informasiya vasitəsində həm müştəriləri, həm də sosial şəbəkə istifadəçiləri olan geniş izləyici kütləsi arasında sürətlə yayılmışdır. Belə ki, şikayət tərtib edilən tarixə rəy bölməsinə 78 rəy əlavə edilmiş, sözügedən video-çarxın xx.xx.2023-cü il tarix üçün baxış sayı 1,620-dir. Bundan başqa həmin video-çarx bir çox şəxs tərəfindən müxtəlif internet informasiya ehtiyatlarında təkrar paylaşılaraq daha çox istifadəçi tərəfindən izlənmişdir. Bununla da barəsində Kənan Zeynalov tərəfindən ittiham edildiyi böhtan xarakterli məlumat daha çox sosial şəbəkə istifadəçisinə, yəni geniş ictimaiyyətə çatmaqla şəxsi və iş adamı olaraq işgüzar nüfuzu ciddi zərər vurulmuşdur. Göründüyü kimi barəsində şikayət edilən şəxs tərəfindən, onun və rəhbərlik etdiyim şirkət haqqında yanlış fikirlər formalaşdırmaq, nüfuzumu zədələmək məqsədilə geniş ictimaiyyət arasında qərəzli şəkildə həqiqəti əks etdirməyən böhtan xarakterli məlumatlar yayılmışdır. Qeyd edilməlidir ki, müvafiq əməlin törədildiyi məkan hər kəsə açıq olan internet informasiya ehtiyatı olduğu və müvafiq paylaşımlar hər kəs üçün əlçatan rejimdə yayımlandığı üçün ağır cinayətdə ittiham edildiyim böhtan xarakterli məlumat geniş izləyici kütləsinə məlum olmuşdur. Həmin şəxslərin arasında rəhbəri olduğu şirkətin əməkdaşları, eləcə də bənzər sahədə fəaliyyət göstərən digər şəxslər, müştərilər və potensial müştərilər olmuşdur. Bu hal, xüsusilə də eyni iş mühitində çalışdığı həmkarlarının həmin rəylərlə tanış olması öz işgüzar nüfuzunu əsaslı şəkildə zədələnməsinə, eləcə də rəhbəri olduğu şirkətə dair müştərilər arasında yanlış fikrin formalaşmasına səbəb olmuşdur. Digər tərəfdən barəsində şikayət edilən şəxs yuxarıda qeyd olunan hərəkətlə kifayətlənməyərək direktoru olduğu digər şirkət "xxxx" MMC-nin satış mərkəzində yerləşdirilmiş avadanlıqların oğurluq məhsullar olduğunu iddia etmiş, bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayətlə müraciət etmişdir. Kənan Zeynalov xx.xx.2023-cü il tarixli izahatında həmin avadanlıqların sənədlərinin olmadığını və onun tərəfimdən qanunsuz yollarla əldə edildiyini bildirmişdir. Nərimanov RPİ-də şikayətə baxılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək, X5 barəsində CM-in 147.1-ci maddəsi cinayət işi başlamaqla cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 Kənan Famil oğlunun barəsində CM-in 147.1-ci maddəsi cinayət işi başlamaqla cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Rəşad Surxay oğlu ilə eyni sahə üzrə xidmət göstərdiklərini və uzun müddətdir ki, rəqabət içərisində olduqlarını bildirmişdir. Bu səbəbdən də, onlar jurnalistin müsahibəsində iştirak etmişlər və nəticədə internetdən yayımlanmış videoda həmin jurnalist tərəfindən əhəmiyyətli ixtisarlar aparılmış və onun ifadələri təhrif olunmuş formada təqdim edilmişdir. O, səhv məlumatların qarşısının alınması məqsədi ilə öz kanalında video yayımlamış və həmin videoda sadəcə internet resurslarda mövcud olan xəbər başlıqlarını qeyd etmişdir. Həmin videoda şikayət vermiş şəxs barəsində heç bir məlumat verməmişdir. Onun tərərfindən polis orqanlarına verilmiş şikayət tamamilə dövlət orqanlarına şikayət etmək hüququnun həyata keçirilməsi ilə bağlı olmuşdur. Verilmiş şikayətin əsaslılığına dəlalət edən heç bir sübutun olmadığını bildirərək məhkəmədən işə baxılmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayətin verilmə qaydasının Cinayət-Prosessual Məcəllənin tələblərinə zidd olaraq tərtib edildiyini və verildiyini, barəsində şikayət verilmiş şəxsin əməlində hər hansı qanun pozuntusunun olmadığını bildirərək, məhkəmədən işə baxılmasından imtina edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş diskə məhkəmə hazırlıq iclası zamanı baxış keçirilmişdir. Həmin diskdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin "xxxx" MMC tərəfindən Youtube internet platformasında yerləşdirilən videoya şərh verdiyi görünür. Barəsində xüsusi ittiham vermiş şəxsin şəkli həmin videonun üzqabığında əks olunmuş, arxa fonda isə müxtəlif internet resurslarından götürülmüş xəbər başlıqları olmuş və orada X10 tərəfindən hər hansı ifadənin istifadə edilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Xüsusi ittiham qaydasında şıkayətin məzmununun CPM-nin tələblərinə uyğunluğu ilə bağlı məhkəmə qeyd edir ki, həmin şikayət tərtib edilərkən CPM-nin 293.3.4-cü maddəsinin tələblərinə tam riayət edilməmişdir. Belə ki, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, məlum olduğu kimi Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti - obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. Göründüyü kimi yuxarıda qeyd olunan cinayət obyektiv cəhətinin mühüm əlamətlərindən biri maddənin dispozisiyasında təsvir olunan qanunazidd əməllərin konkret şəxsə qarşı yönəlməsidir. Bu hərəkətlər konkret şəxsə qarşı yönəlmədikdə, yəni Azərbaycan Respublikası CMnin 147.1-ci maddəsində təsvir olunan əməllər (hərəkətlər) ümumi xarakterli olduqda, həmin maddələrin tərkibinin obyektiv cəhətdən mövcud olmasından söhbət gedə bilməz. Cinayətin obyektiv cəhətinin mövcud olmaması faktı isə cinayətin mövcudluğunu istisna edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində şikayət verilən şəxsin təqsirini təsdiq edəcək sübutlar məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilməməklə bərabər, şikayət ərizəsində şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks etdirilməmişdir. Belə ki, şikayətə əlavə olunmuş "xxxx" MMC-nin Youtube kanalında yerləşdirilmiş videoda X10 tərəfindən şikayət vermiş şəxsə ünvanlanmış yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma faktı aşkar edilmir. Belə olan halda X4 xüsusi ittihamçı qismində X7 qarşı cinayət təqibinə başlamaq hüququ da əmələ gəlmiş hesab oluna bilməz. Eyni zamanda şikayət ərizəsində qeyd edilmiş X10 tərəfindən "xxxx" MMC-nin satış mərkəzində yerləşdirilmiş avadanlıqların oğurluq məhsullar olduğunu iddia etməsi və bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayətlə müraciət etməsi onun tərəfindən Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət etmir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Plenumun qeyd olunan qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və “şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə ”məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, şikayətçi ərizəsində törədilməsinə dair ittiham irəli sürdüyü böhtanın təsdiqinə dair mötəbər, tutarlı və birbaşa sübutları iş materiallarına əlavə etməmişdir və məhkəməyə təqdim etdiyi barəsində şikayət edilən şəxsin qeydinin (şərhinin) fikir və ya fakt olmasının fərqləndirilməsi baxımından qiymətləndirmə aparılması üçün hər hansı dəlil göstərməmişdir. Bununla bərabər məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüdə barəsində xüsusi ittiham verilən şəxsin hər hansı bir söz deməsi, fikir bildirməsi müşahdə edilmir, orada sadəcə onun şəkili və arxa fonda müxtəlif internet xəbər portallarının linkləri əks olunur və xüsusi ittihamçı özü müxtəlif fikirlər səsləndirir. Məhkəmə tərəfindən internet informasiya resurslarında olan “Google” axtarış sistemində axtarış verdikdə həmin linklərdə qeyd edilən başlıqlı xəbərlər olması müəyyən edilir, məsələn “Banker.az on Linkedİn: Dələduzluqda təqsirləndirilən şirkət ... Dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə bəraət verilib https://lnkd.in/dQeChDC8. linkedin.com https://az.linkedin.com › posts Dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə bəraət verilib https://lnkd.in/dQeChDC8. Belə olan halda məhkəmə hesab edir ki, hər kəs tərəfindən açıq şəkildə istifadə oluna bilən müxtəlif internet xəbər portallarının linklərini öz şəkilinin arxa fonunda paylaşılması şəxsə qarşı xüsusi ittihamın əsasını təşkil edən sübüt kimi qəbul oluna bilməz. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq “açıqlanmış fikir qiymətləndirici mülahizə sayıldığı halda belə, müdaxilənin mütənasib olub-olmamasına verilən qiymət etiraz olunmuş rəyin yetərli faktual əsasının varlığından asılı ola bilər. Hətta hər hansı faktual əsasa söykənməyən qiymətləndirici mülahizəyə qarşı müdaxilə tədbirinin özü də zəruri həddi aşa bilər.” (Yerusəlim Avstriyaya qarşı. 2001, Dixand və başqaları Avstriyaya qarşı, 2001) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 302.1.3, 302.1.6 və 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə qərara aldı: X4 X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar