Məhkəmə qərarları › İş №1(004)-420/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-420/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-420/2025 20.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, Belə ki, Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,377 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 09 aprel 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsində xidmət aparılarkən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əsaslı şübhələr yarandığından qeyd olunan tarixdə saat 16:20-də həmin küçədə 132 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin inzibati binasına aparılmış, bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin qızılı rəngli kağız bükümündə təmiz çəkisi 0,377 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5nda yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər cinayətlərə görə məhkum olunmamışdır. O, 5 ildir ki, narkotik vasitə istifadəçisidir. 09 aprel 2025-ci il tarixdə saat 11 radələrində şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən istifadə etmək üçün bir büküm narkotik vasitə olan heroini 20 manata alaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 16:20-də ünvan 6 ünvanının qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirməklə, onu Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarından hansı səbəbə onu polis bölməsinə dəvət etdiklərini soruşduqda, polis əməkdaşları onun narkotik vasitə və ya psixotrop maddələrin istifadə etməsi ilə bağlı şübhələndiklərini bildirmişlər. Onun üzərində həmin vaxt narkotik vasitə olduğundan həyəcanlı olduğu üçün polis əməkdaşlarından yayınmağa cəhd etmişdir. Lakin polis əməkdaşları ona yayınmamasını və qaçmamasını bildirmişlər. O, qaça bilməyəcəyini düşünüb, polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə 26-cı polis bölməsinə getmişdir. Orada barəsində şübhəli şəxs qismində tutulmağı ilə əlaqədar qərar qəbul edilmişdir. O, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış edilmişdir. Bundan sonra, üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarışın video-çəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, video-çəkilişlə şəxsi-axtarış başlanılmışdır. Şəxsi-axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir büküm 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisinə baxış keçirilərkən ondan həmir kütlənin nə olması, haradan və neçəyə əldə etməyi barədə soruşulduqda o, həmin kütlənir narkotik vasitə heroin olduğunu, 09 aprel 2025-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata alaraq əldə etdiyini bildirmişdir. Bundan sonra, üzərində şəxsi axtarış aparılsa da, əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da zərflərin üzərini və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmamışdır. Narkotik vasitə heroini ona satan şəxsin anket məlumatlarını, əlaqə nömrəsini və harada yaşamasını bilmir. Həmin şəxs arıq bədən quruluşlu, orta boylu, az saqqalı olan, qarabəniz biri olmuşdur. 09 aprel 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə aparılarkən, eyni zamanda, polis bölməsində olarkən, üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir qanunsuz hərəkətlər olmamış, fiziki və ya psixi zor tətbiq olunmamışdır. O, daha heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Onun istifadəsində mobil telefonu yoxdur və heç vaxt mobil telefon istifadə etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman həyəcanlı olduğundan təhqiqatçının sualını elə başa düşmüşdür ki, onun üzərində bıçaq, silah və sair əşya olması soruşulur. Lakin həmin cavabdan sonra dərhal təhqiqatçının ondan üzərində narkotik vasitə olub-olmadığını soruşduğunu başa düşmüş və ona üzərində narkotik vasitə olduğunu deyib, həmin kütləni təqdim etmişdir. O, şəxsi axtarış zamanı həyəcanlı olduğu üçün saxlanıldığı ünvanı səhv demişdir. O, 09 aprel 2025-ci il tarixdə saat 16:20də ünvan 7 ünvanın qarşısında saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 09 aprel 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidməti ərazidə olarkən həmin gün saat 16 radələrində ünvan 8 ünvanının qarşısında bir nəfər şəxsin özünü qeyri-adekvat apardığı üçün onun narkotik vasitə və ya psixotrop maddələrin təsiri altında olduğundan şübhələnmişlər və həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, 26-cı polis pölməsinin əməkdaşları olduqlarını, anket məlumatlarını onlara deməsini, onun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı onlarda şübhələr yarandığını bildirmişlər. Həmin şəxs onlara 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu demiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroin aludəçisi olduğunu bildirmişdir. Buna görə də, onlar Təqsirləndirilən şəxs 26-cı polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilkin anda polis bölməsinə getmək istəməsə də, onlarla birlikdə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs artıq etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getməyə razılaşmışdır. Eyni zamanda qanunvericiliyin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə əlaqədar müdafiəçi, o və polis leytenantı Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video-çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş kütləni çıxardaraq həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, qanunla dövriyyəsi qadağan edilmiş əlavə hər hansı və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxsnın göy rəngli cins şalvarının sağ yan cibindən çıxardaraq təqdim etdiyi bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünün içərisinə baxarkən orada qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin gün, yəni 09 aprel 2025-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Şahid Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 aprel 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünü təqdim etmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə olan vasitəni heroin kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik vasitəni 09 aprel 2025-ci il tarixdə səhər saatlarında Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını, istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, 09 aprel 2025-ci il tarixdə saat 16:20-də polis əməkdaşları tərəfindən Yasamal rayonu, M.F.Axundov küçəsində saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər vasitə olan bir ədəd siqaretin qızılı rəngli rəngli kağızına bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (i.v. 23-24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, 6/1321 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №170”-li dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1( bir) ədəd bükümdə təmiz çəkisi 0,377 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 36-40). “Baxış keçirmə haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən, icraatında olan ********* nömrəli cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi1 iştirakları ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, 09 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış video-görüntü olan diskə tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü diskə «20250409_173611» adı ilə əlavə edilmiş və 10 dəqiqədən ibarətdir. Videogörüntüyə baxdıqda 09 aprel 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda göstərilənlərin öz təsdiqini tapması, yəni, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu bir ədəd bükümdə olan narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etməsi, həmin bükümün içərisinə baxış keçirilərkən ondan həmin kütlənin nə olması, haradan və neçəyə əldə etməyi barədə soruşulduqda, həmin maddənin “kokos”, yəni narkotik vasitə heroin olduğunu, 09 aprel 2025-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul verməklə şəxsi istifadəsi üçün əldə etdiyini, 5 ilə yaxındır ki, narkotik vasitə aludəçisi olduğunu, həmçinin, 09 aprel 2025-ci il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ünvan 9 ünvanının qarşısında saxlanılaraq 26-cı polis bölməsinə gətirildiyini, təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir fiziki və ya psixi zorakılığın olmadığını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, əlavə qanunsuz heç bir əşya və ya predmetin aşkar olunmaması, götürülən kütlənin bir ədəd zərfə qoyularaq qablaşdırılması və üzərinin möhürlənərək iştirakçılar tərəfindən imzalanması müəyyən edilir (i.v. 49). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 daxil olmuş 28 aprel 2025-ci il tarixli, 3-28-29/2-4224/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 4-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsi, ev 127-də yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 84). “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 05 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,327 qram narkotik vasitə heroin və 09 aprel 2025-ci il tarixdə sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntü olan bir ədəd DVD diskin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq, yəni təmiz çəkisi 0,327 qram narkotik vasitə heroin təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 85- 86). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 aprel 2025-ci il tarixli, 2013 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 88-90). “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsinin Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən 09 aprel 2025-ci il tarixdə aşkar edilərək götürülmüş təmiz çəkisi 0,377 qram olan narkotik vasitə heroinin və 09 aprel 2025-ci il tarixdə sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış video-görüntü olan bir ədəd DVD diskin 05 may 2025-ci il tarixdə maddi sübut kimi tanınmasının nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi şəxsin və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 aprel 2025-ci il tarixli 6/1321 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 10 aprel 2025-ci il tarixli 2013 nömrəli ekspert rəyləri və digər istintaq sənədlərinin iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v. 91-99). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanması və cinayət işinin icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 09 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutulma vaxtı 09 aprel 2025-ci il tarixdə saat 16:20-dən hesablanmışdır (i.v. 15). “Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində “0,377” qram çəkidə narkotik vasitə olan heroin aşkar olunması ilə bağlı toplanmış HK 1-567 saylı materialın araşdırılmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (i.v. 42). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 50). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov küçəsi, ev 188/216-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R. Salmanov küçəsi, ev 217-də yaşayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Fərid Soltanlının 11 aprel 2025-ci il tarixli vəsatətinin təmin edilmədən rədd edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır (i.v. 67-68). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 69-70). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 79). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroinin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “17 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixdən 11 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş narkotik vasitə olan 0,327 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “17 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “17 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar