Məhkəmə qərarları › İş №1(004)-422/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-422/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-422/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1952-ci ildə Ermənistanın Sisian rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, hazırda məhkumluğu olmayan, işləməyən, pensiyaçı, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 75000,00 ABŞ dolları vəsaitinin öhdəlik icra olunan zaman Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 41000,00 manat məbləğində pul tutularaq X8 və Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(103)- 1183/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 3(004)-2309/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla 15.01.2021-ci il, 12.02.2021-ci il və 30.04.2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 24 may 2021-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs X8 və Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs və onun rəhmətlik həyat yoldaşından heç vaxt pul almamışdır. Həmən vəsaiti onlar onun rəfiqəsi olmuş Hüseynova Şəlaləyə özləri vermişdilər, lakin Şəlaləni onlarla o tanış etmişdir. Əlavə olaraq, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(103)-1183/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 75000,00 ABŞ dolları vəsaitinin öhdəlik icra olunan zaman Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 41000,00 manat məbləğində pul ondan tutularaq X8 və Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq tələbin könüllü icra olunması üçün ona 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılmasına imkanı olmadığından irəli sürülən tələbi icra etməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, əmlakına və pul vəsaitlərinə dair müvafiq təşkilatlara sorğular verilmiş, lakin adına yeganə yaşayış yeri ünvan 1 ünvanda yerləşən üç otaqlı mənzilin üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuş və həmin mənzil 100000,00 manat dəyərində qiymətləndirilərək hərracda satılması üçün yönəlmiş, lakin şikayət verildiyindən həmin qərar ləğv edilmiş, icra vərəqəsi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Yasamal Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş və həmin cərimə tərəfindən ödənilmiş, məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdar olunmuş, icra zamanı qətnamə üzrə heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(103)-1183/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 75000,00 ABŞ dolları vəsaitinin öhdəlik icra olunan zaman Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 41000,00 manat məbləğində pul tutularaq ona və əri X5 ödənilməsinə qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, əmlakına və pul vəsaitlərinə dair müvafiq təşkilatlara sorğular verilmiş, adına ünvan 1 ünvanda yerləşən üç otaqlı mənzilin üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuş və həmin mənzil 100000,00 manat dəyərində qiymətləndirilərək hərracda satılması üçün yönəlmiş, lakin sonuncunun şikayətləri nəticəsində həmin qərar ləğv edilmiş, bundan başqa borclunun adına Şəki rayonu Qumux kəndində yerləşən 0,12 ha həyətyani torpaq sahəsinin olması müəyyən edilmiş və həmin torpaq sahəsinin üzərinə həbs qoyulan ərəfədə borclu Təqsirləndirilən şəxs qətnamənin məcburi icrasından yayınaraq həmin torpaq sahəsini qızı X6 bağışlamış, bundan başqa adına “Vaz 2106” markalı nəqliyyat vasitəsi aşkar edilmiş, lakin həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına baxmayaraq nəqliyyat vasitəsini aşkara çıxarmadığından həmin qərar bu günədək icra olunmamış qalmışdır. Qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib qətnaməni icra etməkdən yayınmışdır. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət rəhbər vəzifələrdə işləməsinə baxmayaraq mülki qaydada öhdəlik üzrə yaranmış borcu qərəzli olaraq ödəməkdən yayınır, özü pensiyaçı olmaqla yüksək məbləğdə pensiya haqqı, yəni 1000 manatdan artıq almasına baxmayaraq üç ildən artıqdır heç bir ödəniş etməmiş, ifadəsində qeyd etdiyi kimi mülkiyyətində əlavə torpaq sahəsinin olmasına baxmayaraq qətnamənin icrasından qərəzli yayınaraq həmin torpaq sahəsini qızının adına rəsmiləşdirmiş, icra zamanı məhkəmələr qarşısında müxtəlif iddialar irəli sürərək qətnamənin icrasından yayınır, özünün qadın və guya xəstə olmasından istifadə edərək cinayət məsuliyyətindən yayınacağını güman edir, həmçinin Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işlədiyi zaman öz vəzifəsindən istifadə edərək bir çox şəxsləri aldadıb onların pullarını ələ keçirmiş və bununla əlaqədar başqa şəxslərlə birlikdə cinayət əlaqəsinə girərək dələduzluq cinayətini törətmiş və bununla əlaqədar təqsirli bilinərək məhkəmə hökmü əsasında məhkum olunmuş, bu səbəbdən qətnamə üzrə qeyd olunan məbləğdə pulu Təqsirləndirilən şəxs alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X4 hüquqi varisi Zərərçəkmiş şəxs dindirilərək əvvəllər öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək yalandan xəstəliyini əsas gətirib həmin məhkəmə tərəfindən qəbul olunmuş ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardadı ləğv etdirərək ölkədən çıxmaq istəmiş, lakin bu barədə xəbər bilən kimi həmin qərardaddan şikayət verərək Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin qərardadın ləğv olunmasına nail olmuş, bu isə bir daha Təqsirləndirilən şəxs müxtəlif yollarla məsuliyyətdən yayınmasına dəlalət etdiyini göstərir. Həmçinin əri Əzizağa Əliyev 10.06.2018-ci il tarixdə ürək çatışmamazlığında rəhmətə getdiyindən və etibarnamə əsasında məhkəmələrdə və sonrakı dövrdə sonuncunun mənafelərini özü qorumuş və adından bütün hərkətlərdə iştirak etmiş, bu səbəbdən qətnamə üzrə qeyd olunan məbləğdə pulu Təqsirləndirilən şəxs alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1183/2018 saylı, 21.02.2018-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 75000 ABŞ dolları və 41000 manat tutularaq X5 və Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 13.11.2018-ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin Təqsirləndirilən şəxs tərəfindən könüllü ödənilməsi təmin edilməmiş, borclu Təqsirləndirilən şəxs əmlak və gəlirlərinin yoxlanılması ilə bağlı aidiyyəti orqanlara sorğular edilmiş, onun mülkiyyətində olan “Vaz 21063 minik” markalı, **-CN-*** nömrəli nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-490/2019 saylı, 08.08.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuş, lakin hazıradək onun axtarışı müsbət nəticə verməmiş, icraat zamanı borclu Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 116 ünvanında 12 saylı mənzilin üzərinə ünvan 2, 16.02.2015-ci il tarixli qərardadı ilə iddianın təmin etmə tədbiri qaydasında həbs qoyulduğu, həmin qərardadın yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlandığı məlum olmuş, bu səbəbdən mübahisəli mənzilin qiymətləndirilməsi ilə bağlı 17.09.2019-cu il tarixli qərarla "xxxx" MMC-yə müraciət olunmuş, həmin mənzilə 11.02.2020-ci il tarixli hesabatla 100000,00 manat qiymət qoyulmuş, lakin icra məmurunun 17.09.2019-cu il tarixli “mütəxəssisin dəvət edilməsi haqqında” qərarı Bakı Apellyasiya Məhkəməsinin 19.03.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və həmin mənzil üzərinə qoyulmuş həbs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2570/2015 saylı, 13.10.2020-ci il tarixli qərardadı ilə götürülmüş və qərardad Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8492/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır (AR NK-nin 05.06.2002-ci il tarixli qərarına əsasən şəxsin yeganə yaşayış yeri olduğu üçün), daha sonra “Elektron icra” informasiya sistemində borclu Təqsirləndirilən şəxs mülkiyyətində Şəki rayonu, Qumux kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmiş və onun üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2019 saylı, 04.12.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuş, həmin torpaq sahəsinin qiymətləndirilməsi və açıq hərrac yolu ilə satılması üçün icra işi 01.06.2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, lakin həmin torpaq sahəsinin təqdimat məhkəmə baxışında olan zaman 29.11.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs tərəfindən icradan yayınmaq məqsədilə qızı X6 bağışladığı məlum olmuş və icra sənədi 18.08.2020-ci il tarixdə geri qaytarılmışdır. “Elektron icra” informasiya sistemində borclu Təqsirləndirilən şəxs 1011,00 manat yaşa görə pensiya aldığı qeyd olunmuş, borc məbləği ilə Təqsirləndirilən şəxs pensiyası arasındakı kəskin fərq, həmçinin tələbkarların tələbin göstərilən gəlirə yönəldilməsinə etirazı və “borcun hissə-hissə ödənilməsi haqqında” məhkəmə qərardadı mövcud olmadığı nəzərə alınaraq tələbin pensiyaya yönəldilməsi mümkün olmamış, icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-593/2020 saylı, 18.09.2020-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş üzrə digər tələbkar Zərərçəkmiş şəxs əri X8 10.06.2018-ci il tarixdə ölmüş (vərəsəlik işi açılmamışdır). İcra sənədinin icrasından qərəzli olaraq yayınan və Türkiyə Cümhuriyyətinə gedən borclu Təqsirləndirilən şəxs barəsində 24.08.2020-ci il tarixdə axtarış qərarı qəbul olunaraq aidiyyəti üzrə göndərilmiş və o, ölkəyə daxil olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq 24.09.2020-ci il tarixdə şöbəyə təhvil verilmiş və həmin tarixdə icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 24.09.2020-ci il tarixli, 3(004)-2309/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcraat zamanı borclu Təqsirləndirilən şəxs yaşayış yerinə baxış keçirilmiş, orada ona məxsus tələbin yönəldilə biləcəyi hər-hansı əmlak aşkar edilməmiş, müvafiq akt tərtib edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin o, həmin müddət ərzində tələbi təmin etməmiş, icra sənədi üzrə borclu olan məbləği tələbkara ödəməmiş, icra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs ilə fərdi söhbətlər aparılmış, lakin o, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmış, icraat dövründə iş üzrə borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq o, öhdəliyini yerinə yetirməmiş, bununla bağlı hər hansı üzrlü səbəb bildirməmiş, beləliklə qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmışdır. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 19.03.2021-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq istintaq orqanına təqdimat verilməsini, borcun ödənilməsi üçün kifayət qədər imkanı olduğunu, lakin əmlak və gəlirlərini gizlədərək icradan yayındığını bildirmiş, Təqsirləndirilən şəxs borcundan hazıradək heç bir ödəniş edilməmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(103)-1183/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 75000,00 ABŞ dolları vəsaitinin öhdəlik icra olunan zaman Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 41000,00 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs və onun əri X5 ödənilməsinə qət edilmişdir. X10 10.06.2018-ci il tarixdə ürək çatışmamazlığından rəhmətə getmiş, bu səbəbdən etibarnamə əsasında məhkəmələrdə və sonrakı dövürdə onun mənafelərini arvadı Zərərçəkmiş şəxs qorumuş və onun adından bütün hərkətlərdə iştirak etmiş, qətnamə üzrə icra işi Yasamal rayon İcra şöbəsinə aparılmış, icra zamanı Təqsirləndirilən şəxs adına olmuş ünvan 1 ünvanda yerləşən üç otaqlı mənzilin üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuş və həmin mənzil 100000,00 manat dəyərində qiymətləndirilərək hərracda satılması üçün yönəlmiş, lakin borclunun şikayətləri nəticəsində həmin qərar ləğv edilmiş, bundan başqa onun adına Şəki rayonu Qumux kəndində yerləşən 0,12 ha həyətyani torpaq sahəsinin olması müəyyən edilmiş və həmin torpaq sahəsinin üzərinə həbs qoyulan ərəfədə qətnamənin məcburi icrasından yayınaraq həmin torpaq sahəsini qızı X6 bağışlamış, bundan əlavə adına “Vaz 2106” markalı nəqliyyat vasitəsi aşkar edilmiş, lakin həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına baxmayaraq həmin qərar bu günədək icra olunmamış, qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələri əsas gətirib qətnaməni icra etməkdən yayınmış, icra zamanı Təqsirləndirilən şəxs məxsus mənzilin satılması və əvəzinə daha ucuz qiymətə Xırdalan şəhərində mənzil alınması ona təklif olunsa da, ilk öncə həmin şərtlə razılaşmış və bu səbəbdən onunla birlikdə Xırdalan şəhərində müxtəlif mənzillərə baxılmışdır, lakin sonradan Təqsirləndirilən şəxs həmin vəddən imtina etmiş və bununla müxtəlif bəhanələrlə qətnamənin icrasını uzadaraq icrasından yayınmağa çalışmışdır. Həmçinin Təqsirləndirilən şəxs uzun müddət rəhbər vəzifələrdə işləməsinə baxmayaraq mülki qaydada öhdəlik üzrə yaranmış borcu qərəzli olaraq ödəməkdən yayınır, özü pensiyaçı olmaqla yüksək məbləğdə pensiya haqqı, yəni 1000 manatdan artıq almasına baxmayaraq üç ildən artıqdır heç bir ödəniş etməmiş, mülkiyyətində əlavə torpaq sahəsi olmasına baxmayaraq qətnamənin icrasından qərəzli yayınaraq həmin torpaq sahəsini qızının adına rəsmiləşdirmiş, icra zamanı məhkəmələr qarşısında müxtəlif iddialar irəli sürərək qətnamənin icrasından yayınmış, özünün qadın və guya xəstə olmasından istifadə edərək cinayət məsuliyyətindən yayınacağını güman edir, əlavə olaraq Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işlədiyi zaman öz vəzifəsindən istifadə edərək bir çox şəxsləri aldadıb onların pullarını ələ keçirmiş və bununla əlaqədar başqa şəxslərlə birlikdə cinayət əlaqəsinə girərək dələduzluq cinayətini törətmiş, lakin sonradan hər hansı yolla cinayət məsuliyyətindən yayınmasını bacarmış, Təqsirləndirilən şəxs hər iki qızı Türkiyə Respublikasında yaşadığından məsuliyyətdən yayınmaq məqsədi ilə ölkəni tərk etmək üçün Yasamal Rayon Məhkəməsinə müraciət edərək yalandan xəstəliyini əsas gətirib ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardadı ləğv edilməsinə çalışmış, lakin şikayətlər nəticəsində buna nail ola bilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. 08.10.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş vər. 287-288 24.05.2021-ci il tarixli təqdimatdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(103)-1183/2018 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab olunmuşdur. İş vər.7-9 Cinayət işinin materiallarından əlavə olunmuş 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 950342 nömrəli 20.06.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X8 10.06.2018-ci il tarixdə “qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult” səbəbindən ölmüşdür. İş vər. 213 Cinayət işinin materiallarına əlavə olunmuş DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinin 30.06.2020-ci il tarixli məktubuna və əlavə olunmuş sənədlərə əsasən, Təqsirləndirilən şəxs Şəki rayonu, Qumux kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisinin 29.11.2019-cu il tarixli, 4Ə- 2103 saylı müqaviləsinə əsasən X6 bağışlamışdır. İş vər. 130-133 Cinayət işinin materiallarına əlavə olunmuş DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin 25.07.2019-cu il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 116, 12 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş vər. 84 Cinayət işinin materiallarına əlavə olunmuş DMA-nin 1 saylı ərazi Məşğulluq Mərkəzi filialının məktubuna əsasən, Təqsirləndirilən şəxs işaxtaran vətəndaş kimi qeydiyyatdan keçməmiş və heç bir müavinət ödənişi almamışdır. İş vər. 180 Cinayət işinin materiallarına əlavə olunmuş “Elektron İcra” sistemindən çıxarışa əsasən, Təqsirləndirilən şəxs yaşa görə aylıq pensiya məbləği 1011,52 manat təşkil etmişdir. İş vər. 265 Cinayət işinin materiallarına əlavə olunmuş “Elektron İcra” sistemindən çıxarışa əsasən, Təqsirləndirilən şəxs 1984-cü il istehsalı olan “VAZ 21063” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi mülkiyyətindədir. İş vər. 263-264 Cinayət işinin materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-125/2015 saylı, 16.03.2015-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin təyin edilmiş cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. 18.04.2017-ci il tarixdə cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş vər. 222-223, 229-259 Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbi könüllü icra edilməsinə dair bildirişdən, Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 3(004)-2309/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(103)-1183/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş vər. 22-28, 148-152, 185-187 Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşlı qadın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və onun üzərinə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar