Məhkəmə qərarları › İş №1(004)-423/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-423/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-423/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Kaminal qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi 4 saylı yataqxanada qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin may-iyun ayları ərzində Gəncə və Bakı şəhərlərində öz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə 56 nömrəli Yanğından mühafizə hissəsinin hərbi qulluqçu olmayan daxili xidmət çavuşu xüsusi rütbəsində olmaqla, yanğınsöndürəni vəzifəsində işlədiyi zaman 2023-cü ilin may ayında tanışı Zərərçəkmiş şəxs Kaminal qızının fövqəladə hallar orqanlarında işə düzəlmək istəyini yəqinliklə öyrənib bildikdən sonra, tamah niyyətilə qanunsuz yolla maddi gəlir əldə etmək məqsədilə özünü Fövqəladə Hallar Nazirliyində işə düzəltmək imkanında və iqtidarında olan geniş əlaqələrə malik şəxs kimi təqdim edərək, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs səlahiyyətli şəxslərə verilməsi üçün 7000 manat pul müqabilində həmin Nazirliyin Gəncə Regional Mərkəzinə işə düzəldəcəyini vəd edib aldadaraq, Zərərçəkmiş şəxs bu məqsədlə 1 may 2023-cü il tarixdə faktiki istifadəsində olan tanışı Şahid1 adına olan 5***********6801 saylı bank kartına köçürdüyü 700 manat, Şahid2 adına olan ********94516550 və 5167********7535 saylı bank kartlarına həmin tarixdə köçürülən 2000 manat, 18 may 2023-cü il tarixdə də Şahid2 5167********7535 saylı bank kartına köçürülən 1800 manat, 23 may 2023-cü il tarixdə Alisoltan Cəbrayıllının adına olan 4**********0740 saylı bank kartına köçürdüyü 500 manat, həmçinin, 2 iyun 2023-cü il tarixdə X6 adına olan **********68243116 saylı bank kartına köçürdüyü 300 manat məbləğində pul vəsaitlərini Bakı şəhərində yerləşən bankomatlar vasitəsilə nağdlaşdırıb götürmüş, bundan başqa 12 iyun 2023-cü il tarixdə Gəncə şəhərində Zərərçəkmiş şəxs ilə şəxsən görüşüb birbaşa ondan 800 manat, sonuncu dəfə isə 20 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Kolorit” kafesində görüşüb şəxsən 1000 manat nağd pul vəsaitlərini qəbul edərək vahid niyyətlə cəmi 7100 manat pulunu ələ keçirməklə faktiki olaraq ona vəd etdiyi kimi işə düzəltmək üçün heç bir iş görmək niyyətində olmadan həmin pulları öz şəxsi ehtiyaclarına sərf etməklə həmin məbləğdə pulu qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs Kaminal qızını aldatma yolu ilə qanunsuz ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsində işləmişdir. 2019-cu ilin dəqiq xatırlamadığım tarixdə “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs Kaminal qızı ilə tanış olmuşdur. O, X5 Nazirliyində işlədiyini bildirmişdir. Bir müddət sonra Gülnar ona həmin qurumda işə düzəlmək istədiyini demiş, o isə sonuncunu 7000 manat müqabilində FHN-in Gəncə Regional İdarəsinə dispetçer vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Dəqiq xatırlamadığı tarixdə o, “whatsapp” tədbiqi vasitəsi ilə Gülnara tanışlarına məxsus bank kartlarının nömrələrini göndərmişdir. Bundan sonra Günlar həmin kartlara ümumilikdə 6100 manat göndərmişdir. Bundan əlavə, dəqiq xatırlamadığı tarixdə ünvan 1 ünvanında yerləşən “Kolorit” kafesində Günlarla görüşüb ondan 1000 manat pul almışdır. Həmin vaxt onun maddi vəziyyəti pis olduğu üçün həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Yekun olaraq o, əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərəri qismən ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs Kaminal qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə “İnstagram” sosial şəbəkədə tanış olmuşdur. İsmayılı canlı yayımda görən zaman onun FHN-nə məxsus xidməti geyimdə olduğunu görmüşdür. Bundan sonra o, İsmayıldan onu həmin nazirlikdə işə düzəldə biləcəyini soruşmuş, İsmayıl ilkin olaraq bunun mümkün olmadığını bildirsə də, bir müddətdən sonra onu həmin nazirlikdə işə düzəldə biləcəyini demişdir. O İsmayıl ilə razılaşdıqdan sonra sonuncu ona “whatsapp” tətbiqi vasitəsi ilə bank kartlarının nömrələrini göndərmiş, o isə həmin hesablara ümumilikdə 6100 manat məbləğində pul yükləmişdir. Bundan bir müddət sonra o, İsmayılla “Kolorit” adlı kafedə görüşüb ona 1000 manat məbləğdə pul vermişdir. Lakin İsmayıl verdiyi vədə əməl etməmiş və ondan aldığı pulları isə qaytarmamışdır. Son olaraq Təqsirləndirilən şəxs tərəfindən ona dərmiş zərərin 3150 manat məbləğində olan hissəsinin ödənildiyini, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edərək bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla Qaradağ rayonu Səngəçal qəsəbəsi 4 nömrəli yataqxanada qonşu olmuşdur. İsmayıl əvəllər Fövqəladə Hallar Nazirliyində işləmişdir. Dəqiq xatırlamadığı tərixdə İsmayıl özünə məxsus bank karının işləmədiyini ona deyib və ondan bank kartının nömrəsini istəmişdir. Bundan bir müddət sonra onun bank hesabına 700 manat pul yüklənmiş və həmin pulu nəğdləşdirib İsmayıla vermişdir. Bundan əlavə, o, İsmayıl ilə Gəncə şəhərində olan zaman İsmayılın Gülnar adlı qadınla görüşüb söhpət etdiyini görmüş, lakin onların nə barədə danışdıqlarından məlumatsızdır. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cild 117-180-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla FHN-in DYMX-nin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə 56 saylı yanğından mühafizə xidmətində birlikdə işləyərkən iş yoldaşı kimi tanışlığı olmuşdur. Xidmətdə olduğu dövrdə dəfələrlə səbəbsiz yerə işə gəlməmiş, işdən yayınmış, barəsində intizam tədbirləri görülməklə 2024-cü ilin fevral ayında FHN-dən xaric edilmişdir. xx.xx.2023-cü il tarixdə İsmayıl sevgilisinin pul göndərəcəyini deyərək ondan bank kartını istəmiş, öz kartının atasında olduğunu demişdir. Adətən iş yoldaşlarıyla arasında belə hallar olur, ya da bank borcları səbəbi ilə alacaqları pulu şəxsən öz kartlarına deyil digər karta göndərtdirib nağdlaşdırırlar. Ona görə də İsmayıla 4098 5844 0451 6550 nömrəli “Leo Bank”a məxsus kartını vermiş, karta gəlmiş 1 min manat pulu İsmayıl çıxarmış, kart limiti keçməsi səbəbi ilə əlavə pul çıxarmalarda faiz tutulacağı üçün İsmayıla digər kartı olan 5167 5133 4644 7535 nömrəli Azərbaycan Beynəlxalq Bankına məxsus maaş kartını vermiş, göndərilmiş 1 min manat pulu İsmayıl bankomatdan çıxarmışdır. Daha sonra 5167 5133 4644 7535 nömrəli ABB kartına xx.xx.2023-cü il tarixdə 1,800.00 AZN pul göndərilmiş, həmin pulu da İsmayıl tam şəkildə özü çıxararaq götürmüşdür. Bu halların hər birində İsmayıl özü bankomata yaxınlaşıb, pulu çıxarmışdır. Həmin pulları kimin göndərməsini konkret bilməmiş, lakin İsmayıl sevgi münasibətində olduğu qızın göndərdiyini demişdir. İsmayıl işə düzəltmək adı ilə bu pulu aldığını deməmişdir. 2023-cü ilin yay aylarında Gülnar zəng edərək kartlarına ümumilikdə hissə-hissə 3800 manat pul atdığını, İsmayılın onu FHN-də işə düzəldəcəyi üçün pullarını sonuncunun göstərişi ilə kartına göndərdiyini demiş, o da Gülnara İsmayılın FHN-də siravi işçi olduğunu, onun heç kimi işə düzəldə bilməyəcəyini, onun bu əməllərimdən məlumatı olmadığını demişdir. İsmayıldan bu barədə soruşduqda sonuncu Gülnarı işə düzəltmək adı ilə aldadaraq pulunu ələ keçirdiyini, pulları isə şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Kolorit” kafesi ünvan 2 ünvanında yerləşir. (i.v. 1-ci cild 40-42) Zərərçəkmiş şəxs Kaminal qızı tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxsla arasında olan “Whatsapp” sosial şəbəkəsində olan danışıqları baxış keçirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil GSM nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM nömrəsi arasında “whatsapp” sosial şəbəkəsində olan danışıqları zamanı xx.xx.2023-cü il tarixdə saat 12:31-də Təqsirləndirilən şəxs ( ***-***-**-**) tərəfindən Gülnara Şahid2 ********94516550 saylı, 5167********7535 saylı kartlarının fotoşəkillərini göndərmiş, 12:38-də Zərərçəkmiş şəxs ümumilikdə 2700 AZN pul göndərdiyini qeyd etmiş, Təqsirləndirilən şəxs da təsdiqləmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhərinə gəldiyini, 2-3 günə Gülnarın əmrinin veriləcəyini , hospitalla danışdığını deyərək sonuncunun tibbi sənədlərini tələb etmiş, 800 manat da pul verməli olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə də aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs Gülnara əlavə 1400 manat pul verməli olduqları, əmrini həmin gün götürəcəyini yazmışdır. 1-ci cild (i.v. 162-166) Zərərçəkmiş şəxs Kaminal qızı tərəfindən təqdim edilmiş “Mpay” ödəniş terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 19803 saylı qəbzlə Şahid2 ********94516550 saylı kartına 1000 AZN, 20814 saylı qəbzlə AD** KA***** adlı şəxsin 5167********7535 saylı kartına 1000 AZN, 3899 saylı qəbzlə SH**** HA***** adlı şəxsin 5***********6801 saylı kartına 700 AZN, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ödəmə terminalı vasitəsi ilə AD** KA***** adlı şəxsin 5167********7535 saylı kartına 1800 AZN, xx.xx.2023-cü il tarixdə “Mpay” ödəniş terminalı vasitəsi ilə 2893 saylı qəbzlə AL******* CA ******** adlı şəxsin 4**********0740 saylı kartına 500 AZN, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ödəniş terminalı vasitəsi ilə X9 adlı şəxsin **********68243116 saylı kartına 300 AZN pul göndərməsi barədə qəbzlərin surəti materiala əlavə edilmişdir.1-ci ild (i.v. 167-169) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Kolorit” kafesi ünvan 2 ünvanında yerləşir. (i.v. 1-ci cild 40-42) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğından mühafizə xidməti Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə yanğından mühafizə idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-18-102/2-946/2024 saylı məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində, xüsusi rütbəli vəzifədə, xidmətə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə, Nazirliyin 0359/ş nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən, intizam qaydalarını pozduğuna görə, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrinə uyğun olaraq, “daxili xidmət çavuşu” xüsusi rütbəsində, X1 xaric edilmişdir. 24 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqıda” qərardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan “whatsapp” sosial şəbəkəsində olan yazışmalar və ödəmə terminalı vasitəsi ilə pul köçürmə qəbzləri cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.3 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:45-də tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Yasamal RPİ-nin MSYdən dərhal azad edilmişdir. İltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-423/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 18 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Xəzər rayon məhkəməsi tərəfindən AR CM-in 178.1-ci maddəsi ilə istintaq olunmuş ********* saylı cinayət işinə xx.xx.2022-ci il tarixdə AR CM-in 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə icraata xitam verilməsi haqqında qərar çıxarılmış və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. (cild1, i.v. 152-153) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Cinayət işinə əlavə edilmiş AZ-İ № 833738 saylı və AZ-İ № 017641 saylı “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaqları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Kaminal qızına dəymiş zərəri qismən ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.3 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar olmasını və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 29 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək, 15 noyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək olan cəmi 15 (on beş) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır (CM-52-1). Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut “whatsapp” yazışmaları və qəbzlərin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs Kaminal qızı tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, onun bu əməli törətməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs Kaminal qızına vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş 3950.00 (üç min doqquz əlli) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs Kaminal qızının xeyrinə ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 29 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək, 15 noyabr 2024-cü il tarixdən 28 noyabr 2024-cü il tarixədək olan cəmi 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 30 (otuz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşarış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 3950.00 (üç min doqquz əlli) manat məbləğində maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs Kaminal qızının xeyrinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar