Məhkəmə qərarları › İş №1(004)-428/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-428/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-428/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, ev 16 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi, Badamlı Y/K fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 18 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,691 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:30-da ünvan 2 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zaman saxlanılaraq Polis İdarəsinə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,691 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir ildir ki, narkotik istifadə etmiş, ilk olaraq marixuana ilə başlayıb, sonralar isə əsasən “kola”, “kakos” kimi tanınan narkotik vasitə olan heroinə keçmiş, olmayanda da “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Hazırda da “çəkmə” üsulu ilə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etməkdədir. 18 aprel 2023-cü il tarixdə təxminən saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “Kubinka” adlanan ərazidə olan zaman ağrıları olduğundan həmişə olduğu kimi üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 5 manat pul müqabilində ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə olan “partı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır.Həmin psixotrop maddə olan metamfetamini bir neçə saatdan sonra şəxsi istifadə etməyi üçün əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoyub üzərində saxlamaqla daşıyaraq Bakı şəhəri, Yasamal rayonu istiqamətində getmişdir. Təxminən bir saat, bir saat yarım piyada olaraq hərəkət edib müəyyən işlərini görmüş və qeydiyyatda olduğu, əvvəllər yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsinə doğru hərəkət etmişdir. Elə həmin günü, yəni, 18 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində ünvan 4 ünvanın qarşısından piyada keçən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə, narkotik vasitə və ya psixotrop maddə, ümumiyyətlə üzərində qeyri-qanuni olan nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı ağ rəngli kağıza bükülmüş bir bükümdə olan“patı”,“şüşə” kimi tanınan psixotrop maddə metamfetamini əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edlməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, C.Qaryağdıoğlu küçəsi, ev 16 ünvanında daimi qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır, hazırda faktiki olaraq atası tərəfindən inşa edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, Badamlı Y/K fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 18 aprel 2023-cü il tarixdə o və Yasamal Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 18 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Yasamal Rayon Polis İdarəsinə gəlməyə dəvət etmişlər.Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək birlikdə qeyd etdiyi idarəyə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir.Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı bir qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bükümün içərisində olan psixotrop maddə “patı”,“şüşə” kimi tanınan metamfetamindir. Həmin metamfetamini 18 aprel 2022- ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 5 manat pulun qarşılığında alıb əynindəki tünd göy rəngli cis şalvarının sağ yan cibinə qoyaraq yaşadığı ünvan 6 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri,Yasamal RPİ-nin NMBnin əməkdaşı Şahid2 da Şahid1 ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə (saat 19:30 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Ariz Qədiməliyev tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh. 23). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulma müddətinin 48 saat yəni 20 aprel 2023-cü il tarixdə saat 19:30-da bitməsini nəzərə alaraq o, saxlandığı Bakı şəhər Yasamal PRİ-nin Müvəqqəti saxlama yerindən azad edlmişdir. (səh. 88). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir (səh. 94). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2023-cü il tarixdə «şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş psixotrop maddəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (səh. 35-36) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 08 oktyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki tünd rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş içərisində ağ rəngli, kristallardan ibarət psixotrop maddəyə oxşar maddə olan bükümü çıxarıb könüllü təqdim edərək, 01 ədəd bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 18 aprel 2023-cü il tarixdə saat 17 radələrində Nəsimi rayonu «Kubinka» adlanan yerdən, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 5 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 03 may 2023-cü il tarixli 2599 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhə görülür. (səh. 125-126). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 03 may 2023-cü il tarixli 1212 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «isterik tipli şəxsiyyət pozuntusu» (F60.4) qeyd olunur. Buna cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarında xəsiyyətcə əsəbi olması, xarici qıcıqlara qarşı həşsas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, hərbi xidmətdə olmaması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 müayinədə olması və ona «Mülayim ifadəli dissosiativ konversion pozuntusu. Anamnezində özünükəsmələrdə» diaqnozunun təyin edilməsi və hal-hazırki psixiatrik müayinənin nəticələri (davranışında nümayişkarlıq elementlərinin olması, əhvali ruhiyə fonunun dəyişkən olması, emosional dayanığlığı və smair) sübut edir. Təqsirləndirilən şəxs Elşan oğlu cinayət törədən zaman «isterik tip şəxsiyyət pozuntusu» müəyyən edilir. Təqsirləndirilən şəxs Elşan oğlunda hazırda «isterik tip şəxsiyyət pozuntusu» aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda «isterik tip şəxsiyyət pozuntusu» müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (səh. 121-123). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. (səh. 97). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2023-cü il tarixli 6/2303 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Daxili İlşər Nazirliyi zərflər üçün № 42» dairəvi möhür əksi olan «(imza) ..Təqsirləndirilən şəxs ...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,691 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli “AR-nın Qanunu ilə təsdiq edilmiş AR-nin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Ekspertiza tədqiqinin dəyəri 80 manat təşkil edir (səh. 43-46). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 0,691 qram çəkidə narkotik vasitə psixotrop maddə metamfetamin isə 09 dekabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalan 0,641 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (səh. 136-143). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını, ilk dəfə məsuliyyətə cəlb edilməsini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Abşeron rayonu, Saray qəsəbəsi, Badamlı Y/K fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,641 qram olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Badamlı Y/K fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,641 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar