Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-43/2019 13.02.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 avqust 2018-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 10 (on) manat müqabilində aldığı şəxsi istehlak miqdarından artıq miqdarda siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,350 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, həmin gün saat 13:00-da Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilib saat 14:00-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə aludəçisidir, əsasən heroin narkotik vasitəsindən istifadə edir. Əvvəllər narkotik vasitələrdən istifadə etməyə görə 2 dəfə, narkotiki vasitələri satış məqədi ilə daşımağa görə 1 dəfə məhkum olunmuş, 15.01.2018-ci il tarixdə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra mütəmadi olaraq narkotik vasitələrdən istifadə etsə də satışı ilə məşğul olmamış, narkotik vasitəni əsasən Bakı şəhərində «Kubinka» və «Papanin» adlanan ərazilərdə tanımadığı şəxslərdən pul müqabilində almışdır. Sonuncu dəfə 01 avqust 2018-ci il tarixdə saat 12 radələrində şəxsi istifadəsi üçün narkotik almaq məqsədi ilə Papanin adlanan əraziyə getmiş, orada əvvəllər tanımadığı bir şəxsdən 10 manat müqabilində siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd bükümdə heroin almışdır. Heroini aldıqdan sonra büküldüyü bükümü əynindəki şalvarın sağ yan cibinə qoyub yaşadığı ünvan 4 ünvanında yerləşən evə getmişdir. Yaşadığı evin qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları şəxsiyyət vəsiqəsini istədikdə üzərində olmadığını demişdir. Polis əməkdaşları narkotik vasitədən istifadə etməkdə və üzərində gəzdirməkdə şübhələndiklərini deyib birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getməyi təklif etmiş, o da razılaşaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə polis əməkdaşları hüquqlarını müdafiə etmək məqsədi ilə vəkil dəvət etmiş, hüquq və vəzifələri izah edildikdən sonra video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı polis əməkdaşı üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etdikdə o, əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 bükümdəki heroini çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı onun üstünü yoxlamış, lakin başqa heç bir qanunsuz maddə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi bükülünü zərfə qoyub möhürləmiş və bu barədə protokol yazmışlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, 26-cı PB-nə aparıldığı zaman ona qarşı hər hansı zor tətbiq edilməmiş, 15.01.2018-ci il tarixdə azadlığa çıxdıqdan sonra heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi olmamışdır. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2ifadəsində göstərmişdir ki, o Yasamal RPİ 26-cı PB-də əməliyyat müvəkkkili işləyir. 01 avqust 2018-ci tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan heroinin qəbulunda və saxlanılmasında şübhəli olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuş, həmin məlumata əsasən raportla Yasamal RPİ-in 26-cı PB-nin rəisi polis polkovnikleytenantı Faiq Bədəlova məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşı Şahid1 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, 01 avqust 2018-ci il tarixdə saat 13:00-da Yasamal rayonu Ak.Qarayev küçəsi 27 ünvanınında zahiri əlamətləri məlum olan Təqsirləndirilən şəxs müşahidə edib dərhal sonuncuya yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Təqsirləndirilən şəxs üzərində heç bir sənədi olmadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanılmasında şübhəli olduğunu izah edərək Yasamal RPİ-nin 26-cı PB-nə dəvət elmiş və birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs bölmənin xidməti otaqlarının birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə bükülünü çıxararaq stolun üzərinə qoymuşdur. Həmin büküm onun yanında açıldıqda bir tərəfi ağ, digər tərəfi gümüşü rəngli siqaret kağızında olan bükümdə spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli maddə olduğu, həmin maddənin narkotik vasitə heroinə oxşadığı müəyyən edilmişdir. Həmin maddə zərfə qoyulub DİN-nin 170 nömrəli möhürü ilə möhürləndikdən sonra saxlanılan şəxs, müdafiəçi və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Bundan başqa saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya maddə aşkar olunmamışdır. İlkin sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin narkotik vasitə heroini 01 avqust 2018-ci il tarixdə saat 12 radələrində «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pula almasını bildirmişdir. C.Abbasov ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə onlara heç bir məlumat daxil olmamış, yalnız onun qanunsuz narkotik vasitə əldə etməsi və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 01.08.2018-ci il tarixli, 19947 №saylı ekspert rəyinə tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxstəqdim etdiyi narkotik vasitəyə bənzər maddə...” əl yazıları və AR DİN “zərflər üçün 170” möhür əksi olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,350 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (ilkin tədqiqat zamanı narkotik vasitənin xalis çəkisi 0,350 qram olmuşdur, tədqiqata istifadə edildikdən sonra sonda qalıq çəkisi 0,300 qram təşkil edir). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 27.09.2018-ci il tarixli 1701 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündəcəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 11.09.2013-cü il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 08 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 15.01.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Bununla da Təqsirləndirilən şəxs məhkumluğuödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, cavan olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs 01.08.2018-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Yasamal rayon prokurorunun 03 avqust 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən ötrü məhkəməyə təqdimat verilməsinə dair Yasamal RPİnin İŞ-nin müstəntiqi Rövşən Cavadovun 03.08.2018-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. O, 03 avqust 2018-ci il tarixdə həbsdən azad edilib və barəsində 03 avqust 2018ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 01.08.2018-ci il tarixdən 03.08.2018-ci il tarixədək 02 gün həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 08 ay 28 gün (bir il səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni 13 fevral 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 161,29 manat (yüz altmış bir manat 29 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,300 qram narkotik vasitə olan-həroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-43/2019
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-43/2019
13.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver