Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-43/2024 19.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun, Məhkəmə iclasının katibi: X4, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X1 və onun müdafiəçiləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Çərkəz oğlunun iştirakı ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 10 noyabr 1968-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi olduğundan onu həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini, onun barəsində cinayətin təkrarən törətməsini nəzərə alaraq həmin maddədə göstərilmiş daha ciddi cəza tətbiq edilməsini, bununla əlaqədar ona dəymiş mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pul kompensasiyasının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, “Youtube” platformasında “Kanal 13" və “Laf TV” TV kanallarında yayımlanan videoçarxda X5, xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirdiyi konfransda çıxış edərək onun barəsində yalan və böhtan xarakterli fikirlər söyləmiş, xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham edərək böhtan atmış, şəxsi və işgüzar nüfuzunu ləkələmişdir. Bununla əlaqədar E.T.Məmmədov xüsusi ittiham qaydasında Bakı Hərbi Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1-1(093)-161/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin şəxs verilmiş cəzadan nəticə çıxarmayaraq, islah olunmamış və azadlığa buraxıldıqdan sonra yenidən öz qanunsuz əməllərini davam etdirmişdir. Belə ki, “Youtube” platformasında “Hürriyyət TV” internet televiziya kanalında yayımlanan videoçarxda E.T.Məmmədov xx.xx.2023-cü il tarixdə “Hürriyyət TV”-nin baş redaktoru və təsisçisi X3 iştirakı ilə keçirdiyi müsahibədə çıxış edərək onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o, həmin videoçarxın 33:41-ci dəqiqəsində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan ifadələr işlətmişdir: “Hüquq İdarəsinin rəisi Elçin Əliyev üzə durandır, təsəvvürünüzə gətirin üzünə durmadığı adam yoxdur, bu adam Hüquq İdarəsində şöbə rəisi olub, bu adam orduya gələnə kimi Respublika Hərbi Prokurorluğunda xidmət edib, oradan da bunu rədd ediblər. Oradan da gedib Vergilər Nazirliyinə. İşləyib Vergilər Nazirliyində. Oradan təsəvvürünüzə gətirin tutub gətiriblər bizim orduya, ordumuzu düzəltmək üçün, tərsinə. Bu adamın fəaliyyəti var axı, prokurorluqda yarıtmayıb, vergilərdə yarıtmayıb, hər ikisindən qovublar. Gəlib indi də Azərbaycan Ordusuna. 2019-cu ildə yas həddi ilə əlaqədar ordudan xaric olunub. Tərtər hadisələri dövründə təhqiqatın işinə rəhbərlik edib. 2019-cu ildə təxris olunduğu halda təzədən bunu çağırırlar. Bölmə rəisində uvolit olunub, qoyublar idarə rəisi. Elçin Əliyevi oradan rədd eləsinlər ora qovsunlar ağıllı başlı adam. Elçin Əliyev 3 ilə yaxındır İdarə rəisidir, on vərəqlik qanun layihəsini Milli Məclisə təqdim edə bilməyiblər.” E.T.Məmmədov yuxarıda göstərilən ifadələri ilə onun şərəf və ləyaqətini ləkələmiş və onu nüfuzdan salmışdır. O, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2001-ci il tarixli 10/746-k nömrəli əmri ilə köçürülmə qaydasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə işə qəbul olunmuşdur. Bu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq öz xahişi ilə həyata keçirilmişdir. E.T.Məmmədov iddia edir ki, o prokurorluqdan rədd edilmişdir. Bununla da E.T.Məmmədov onun əvvəlki xidmət etdiyi vəzifədə buraxdığı nöqsanlara görə işdən çıxarılmağını iddia edir. “Rədd olunub” kəlməsi də təhqir kimi qəbul olunur. Eyni ilə təhqiramiz və nalayiq formada “mənim tutulub” orduya gətirilməyini səsləndirmişdir. “Tutulub gətirilib” dedikdə cəmiyyətdən hər hansı heyvanın, itin, pişiyin və s. güclə tutulub gətirilməsi nəzərdə tutulur. Halbuki, o Azərbaycan Respublikası Vergilər Nazirliyindən xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu məddəsi ilə öz xahişinə görə xidmət etdiyi Operativ təşkilat şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdur. E.T.Məmmədov barəsində “üzədurandır”, “üzədurmadığı adam yoxdur” ifadələrini işlətməklə, onun əsassız olaraq yalandan kiminsə əleyhinə izahat və ya ifadə verərək həmin şəxslərin məsuliyyətə cəlb olunmasında iştirak etdiyi ilə bağlı cəmiyyətdə yalnış fikirlərin yarandığı başa düşülür. Bundan əlavə onun prokurorluqda və Vergilər Nazirliyində “yaratmayaraq hər ikisindən qovulduğunu” səsləndirmişdir. Buda onun işgüzar nüfuzuna xələl gətirmişdir. O, təkrarən “Tərtər hadisələri” dövründə təhqiqatın işinə onun rəhbərlik etməyini deyərək dolayı yolla bir daha həmin cinayətlərin təşkilatçısı və iştirakçısı kimi qələmə verməyə çalışmışdır. Halbuki, bu böhtana görə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə onun məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü mövcuddur. Həmin çıxışında E.T.Məmədov onun hazırda tutduğu vəzifədən rədd edilməyini və əvəzində ağıllı başlı adamın qoyulmasına dair müraciət səsləndirmişdir. Belə çıxır ki, onun ağlı, savadı yoxdur. Rədd olunmağı isə kobud və nalayiq formalı bir ifadədir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tələbləri baxımından E.T.Məmmədovun onun barəsində yuxarıda qeyd edilən məlumatlar nüfuzuma xələl gətirmiş, onun barəsində cəmiyyətdə mənfi fikir və rəy yaratmış, şərəf və ləyaqətini ləkələyərək ona böhtan atmışdır. E.T.Məmmədov tərəfindən barəsində edilən böhtan xarakterli çıxışları “Youtube” platformasında “Hürriyyət TV” kanalında yayımlanmış və 11000 (on bir min) nəfər həmin videonu izləmişdir. E.T.Məmmədovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi mövcuddur və buna görə də o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. E.T.Məmmədov onu şərəf və ləyaqətini ləkələyərək nüfuzdan saldığına görə ona mənəvi ziyan vurmuşdur. Bununla əlaqədar ona dəymiş mənəvi ziyana görə 20000 (iyirmi min) AZN pul kompensasiyası ödənilməlidir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X6 bildirmişdir ki, o X5 ilə barışmışdır. O, xüsusi ittiham qaydasında şikayəti geri götürür və iş üzrə icraata xitam verilməsini xahiş edir və bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X5 bildirmişdir ki, əməlindən peşmandır. Qarşı tərəflə barışmışdır. Gələcəkdə belə hallar olmayacaq. Xüsusi ittihamçı barəsində olan şikayəti geri götürdüyündən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu bildirmişdir ki, artıq X5 və X6 arasında barışıq olmuşdur, X6 verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürür və iş üzrə icraata xitam verilməsini xahiş edir. Buna görə də həm tərəflər arasında barışıq olduğundan, xüsusi ittihamçı şikayətindən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin xüsusi ittiham qaydasında şikayət üzrə Yasamal Rayon Məhkəməsinin 1(004)-494/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), həmçinin CPM-nin 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 311.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız aşağıdakı müstəsna hallarda yol verilir: 311.2.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda; 311.2.2. cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda. 311.3-cü maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Beləliklə, xüsusi ittihamçı şikayətindən imtina etdiyindən, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxslə barışdığından, işin icraatına xitam verilməsini xahiş etdiyindən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-43/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-43/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver