Məhkəmə qərarları › İş №1(004)-43/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-43/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-43/2025 12.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:05 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxsin hüquqi varisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 22 aprel 2023-cü il tarixdə saat 23:50-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 2 ünvanının qarşısı ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar" tələbini pozmuş və nəticədə yolun onunla eyni istiqamətdə hərəkət hissəsinin sol kənarı ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurub ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, sol təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol təpə nahiyəsinin hematoması, sağ əlin arxa səthinin, sağ ayağın arxa səthinin, sağ kürəkaltı nahiyənin sıyrıqları, hər iki diz oynağının qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o hadisə baş verməmişdən 2 ay əvvəl ailəsini dolandırmaq üçün taksi fəaliyyəti məşğul olmuşdur. Onun özünə məxsus avtomobili olmadığı üçün Vəliyəddin adlı şəxsdən "Toyota Prius" markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobil icarəyə götürüb, taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, avtomobili etibarnamə əsasında idarə etmişdirr və avtomobil idarə etmək üçün «B,C» dərəcəli sürücülük vəsiqəsi vardır. 22 aprel 2023-cü il tarixdə saat təxminən 13 radələrində işə başlamışdır. Həmin gün saat 23 radələrinə “Uber” şirkət tərəfindən sifarişlə müştəri verilmiş, o həmin müştərini Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında götürüb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə aparmalı olmuşdur. Belə ki, o həmin müştərini götürüb, göstərilən ünvana aparmaq üçün yola düşmüşdür. Həmin müştərini o, əvvəllər tanımamış, sadəcə xanım olduğunu və sifarişin 070-922- 00-61 saylı nömrədən gəldiyini bilmişdir. O, idarə etdiyi "Toyota Prius" markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobil ilə Yasamal rayonu, Musabekov parkından dörd yolu düzünə keçib Nazim Hikmət küçəsi ilə üzü MİDA yaşayış kompleksi istiqamətindən təxminən 50-60 km/saat sürətlə yolun ikinci zolağı ilə hərəkətdə olmuşdur. Həmin vaxt yol qaranlıq vəziffətdə olmuş, idarə etdiyi avtomobillə hərəkətdə olan zaman nə baş verdiyi başa düşməmiş, birdən avtomobilinin sol qarşı tərəfinə kiminsə çırpıldığını görmüşdür. Bundan sonra həmin piyada onun avtomobilinin qarşı alın şüşəsinə başı dəymiş və alın şüşəsi tor şəklində partlamışdır. Həmin vaxt o vurduğunun qadın piyada olduğunu bilmişdir. O, piyadanı vurduqdan sonra isə avtomobili qarşıya hərəkət etdirib, yolun sağdan birinci zolağında saxlayıb piyadanın yanına qayıtmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, o piyadanı vurduqdan sonra piyada yolun əks zolağına düşmüşdür. O, artıq piyadanın yanına gəldikdə qadının başından qan gəlmişdir, əli ilə nəbzini yoxladıqda hiss etmişdir ki, piyada artıq nəfəs almır və ona məlum olmuşdur ki, piyada hadisə yerində ölmüşdür. Həmin vaxtı oraya tanmadığı insanlar toplanmış və bir müddət keçdikdən sonra hadisə yerinə TTY stansiyasının əməkdaşları yaxınlaşmışdırlar. Həkimlər yerdə uzanmış qadın piyadanı müayinə etdikdə, piyadanın vəfat etdiyini bir daha təsdiq etmişdirlər. Bir qədər sonra isə oraya polis əməkdaşları da gəlmiş və sənədləşmə işləri aparmışdırlar. İfadəsinin sonunda o, törətdiyi əməldən səmimi peşman olmasını, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsində öz təqsirini dərk etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmadığını, eləcə də himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən müəyyən edilmişdir ki, 22 aprel 2023-cü il tarixdə öz işləri ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, Nizami metro stansiyasının yaxınlığında kafedə əyləşmişdir. Kafedə işini yekunlaşdırdıqdan sonra taksi sifariş verib, yaşadığı yəni, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmək istəmişdir. Bunun üçün də, mobil telefonunda olan "Uber" proqramı vasitəsi ilə həmin ünvana taksi sifariş vermişdir. Bir müddət sonra həmin taksi o dayandığı yerə yaxınlaşmışdır. Həmin taksi gümüşü rəngli "Toyota Prius" markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobil olmuşdur. O, həmin avtomobilin sağ arxa oturacağında əyləşmiş, ilkin olaraq sürücü ilə salamlaşmış və daha sonra isə qulağına qulaqcıq taxıb musiqiyə qulaq asmağa başlamışdır. O, taksi sürücüsünü ilk dəfə görmüşdür, həmin şəxslə heç bir münasibəti olmamışdır. Həmin sürücü avtomobili idarə edərək yola düşmüş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "ASAN" xidmət mərkəzinin yanında üzü "MİDA" yaşayış kompleksi istiqamətində hərəkət edən zaman anidən yolun sol hissəsi ilə bir piyadanın onlarla eyni istiqamətdə hərəkət etməsini görmüşdür. Bu zaman sərnişini olduğu avtomobil həmin piyadanı vurmuşdur, ilkin olaraq onun başı avtomobilin sağ tərəfində güzgüyə dəymiş daha sonra isə o, avtomobilin sol oturacağına yıxılmışdır. Bir az keçdikdən sonra özünə gəlib sürücüyə nə baş verdiyini soruşmuşdur. Sürücü isə avtomobili ilə piyadanı vurduğunu bildirmiş və avtomobili yolun sağ tərəfində saxlamışdır. Həmin an o fikir vermişdir ki, avtomobilin qarşı alın şüşəsinin sol tərəfi tor şəklində partlamışdır. Daha sonra o və sürücü avtomobildə düşüb piyadanın vurulduğu yerə getmişdir. Həmin piyada yolun əks istiqamətinə düşmüşdür. Onlar orada olanda həmin yerə tanımadığı yaxınlıqda olan şəxslər toplaşmışdırlar. Bir az keçdikdən sonra o, fikir vermişdir ki, artıq piyada nəfəs almır. Bir az orada dayandıqdan sonra isə sürücü onu başqa taksiyə əyləşdirmiş və o, yaşadığı evə getmişdir. Hadisə ilə bağlı onun heç kimdən şikayəti və tələbi olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 01). “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində baş vermişdir, yolnəqliyyat hadisəsinin baş verdiyi yol asfalt örtüklü olmaqla quru, düz olmuşdur. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 8 metrdir. (İ/V. 07-16). xx.xx.2023-cü il tarixli 2/10246 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:05də müayinə olunan zaman ayıq olmuşdur. (İ/V. 06). “Zərərçəkmiş şəxsin hüquqi varisi təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı ölmüş Zərərçəkmiş şəxs yaxın qohumları və digər qohumları müəyyən edilmədiyindən ibtidai istintaq orqanı tərəfindən Bakı şəhəri 22 Saylı Vəkil Bürosundan X6 vəkil təyin edilmiş və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (cild İ/V. 125-126). Məhkəmə-tibbi ekspertizasının 04 may 2023-cü il tarixli 47 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: Açıq kəllə beyin travması, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, sol təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol təpə nahiyəsinin hematoması, sağ əlin arxa səthinin, sağ ayağın arxa səthinin, sağ kürəkaltı nahiyənin sıynqları, hər iki diz oynağının qançırları. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. Zərərçəkmiş şəxs Aleksandrovanın ölümünə səbəb - almış olduğu açıq kəllə beyin travması nəticəsində sol təpə sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunan yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinə olunduğu vaxtdan təqribən 8-12 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,2 % etil spirti aşkar edilmişdir ki, bu da mövcud təlimata əsasən canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. (İ/V. 37-42). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 6 may 2024-cü il tarixli 8/1054 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud şəraitdə hadisə yerində qalmış tormoz izinə uyğun nəqliyyat vasitəsinin hərəkət surəti 48 km/saatdır. Lakin iş materiallarından məlum olduğu kimi nəqliyyat vasitəsi tormoz izinin sonunda dayanmadığından onun hərəkət surəti tormoz izinə əsasən müəyyən edilmiş 48 km/saat sürətdən artıq olmuşdur. (İ/V. 113-116). Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (İ/V. 155-156). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 172-173). Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixdək etibarlıdır) AE 034918 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 88-89). xx.xx.2022-ci il tarixli 737778 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir azyaşlı övladı vardır. (İ/V. 86). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 344374 saylı ölüm haqqında akt qeydindən görünür ki, Zərərçəkmiş şəxs əri (faktiki nikah üzrə) X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. (İ/V. 78-79). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Toyota Prius» minik markalı, **-CH- *** dövlət nömrə nişanlı avtomobilin X5 qaytarılması nəzərə alınmışdır. (İ/V. 136-144). Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ərizəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 6 may 2024-cü il tarixli 8/1054 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də himayəsində bir azyaşlı övladının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq Zərərçəkmiş şəxs hüquqi varisi X2 ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Toyota Prius» minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilin X5 qaytarılması nəzərə alınmalıdır Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 55 (əlli beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 55 (əlli beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Toyota Prius» minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilin X5 qaytarılması nəzərə alınsın. İş üzrə yol nəqliyyat hadisəsi ekspertizalarının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 340 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar