Məhkəmə qərarları › İş №1(004)-430/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-430/2021

06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-430/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat olan, ünvan 2ş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızından olan bükümdə olmaqla ümumi təmiz çəkisi 0,449 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, 14 avqust 2021-ci il tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsində yerləşən 1 saylı evin qarşısında Yasamal RPİ-nin 28-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd gümüşü rəngli siqaret kağızından olan bükümdə təmiz çəkisi 0,449 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ildir ki, “kokos” adlandırılan narkotik vasitə olan heroindən və “şüşə” adlandırılan psixotrop maddə metamfetamindən istifadə edir. Heç bir yerdə işləmir. 13 avqust 2021-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatım olmayan şəxsdən şəxsi istifadəsi üçün 20 manata 1 ədəd gümüşü rəngli siqaret kağızından olan bükümdə psixotrop maddə metamfetamin əldə etmiş və əynində olan göy rəngli cins şalvarın arxa sağ cibinə qoymuşdur ki, sonradan istifadə etsin. 14.08.2021-ci il tarixdə saat 12:30-da o, yaşadığı Yasamal rayonu M.Seyidov küçəsi ev 1 ünvanı qarşısında olduğu zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar və özlərini təqdim edərək Yasamal RPİ-nin 28-ci PBnin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona özünü təqdim etməsini söyləmişlər və o xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu, ünvan 3 ünvanında yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsində və istifadə edilməsində şübhəli olduğunu bildirmişlər və onu 28-ci PB-nə dəvət etmişlər. O razılaşmış və həmin əməkdaşlarla birlikdə həmin polis bölməsinə getmişdir. Orada ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün ona dövlət vəsaiti hesabına vəkil ilə təmin olunacağını bildirmişlər,o etiraz etməmişdir. Bundan sonra ona “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o, həmin siyahıdan hüquqlarının müdafiə edilməsi üçün vəkil Müdafiəçi dəvət edilməsini istəmişdir. Bundan sonra həmin bürodan vəkil Müdafiəçi dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra həmin polis bölməsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq polis bölməsinə gətirmiş həmin iki nəfər polis əməkdaşları və vəkil Müdafiəçi var idilər. O da əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd gümüşü rəngli siqaret kağızından olan bükümü cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümdə nə olduğu soruşulanda o bildirmişdir ki, həmin bükümün içərisində “şüşə” adlanan psixotrop maddə olan metamfetamin var. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açılmış və ona baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa bir əşya aşkar olunmamışdır. Sonra isə onun təqdim etdiyi həmin büküm 1 ədəd zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərfdə olan onun üzərindən aşkar edilmiş metamfetamin ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əməliyyat müvəkkili işlədiyi Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Vaqif oğlu ilə birlikdə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində 14 avqust 2021-ci il tarixdə saat 12:30 radələrində ünvan 3 ünvanı qarşısında olduqları zaman, orada zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Onlar həmin şəxsdən kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olduğunu, ünvan 3 ünvanında yaşadığını demişdir. Həmin vaxt o və Şahid1 Vaqif oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və bununla bağlı sonuncunu Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Yasamal RPİnin 28-ci PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququ olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarının müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil Müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmiş, sonra isə həmin müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, sonuncunun üzərində şəxsi axtarış keçiriləcəkdir və üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd gümüşü rəngli siqaret kağızından olan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm açılmış, bükümün içərisindən şəffaf rəngli və kristalşəkilli maddə aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində olan maddə “şüşə” adlanan psixotrop maddə olan metamfetamindir və həmin maddəni o, bir gün əvvəl axşam saatlarında “İnşaatçılar” m/snın yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pulun müqabilində əldə etmişdir. Bundan sonra həmin büküm bağlanaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm zərfə qoyulmuş və zərf DİN-in 167 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış 01 ədəd büküm içərisində olan maddənin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 Vaqif oğlunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 17-ci vərəqəsində olan 14 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2021-ci il tarixli, 6/3508 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,449 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Ekspert tədqiqatı zamanı 0,449 qram olan ümumi çəkidən 0,05 qram çəkidə metamfetamin sərf edilmiş, tədqiqatdan sonra 0,399 qram metamfetamin qalıq qalmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 manat təşkil etmişdir. Cinayət işinin 89-94-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, 0,449 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,399 qram psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X2 ekspert komissiyasının 02 oktyabr 2021-ci il tarixli, 3745 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 73-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 20 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, disk açıldıqda orada bir ədəd videofaylın olduğu görünür. Həmin videofayla baxış zamanı məlum olur ki, orada əks edilmiş görüntülər 14 avqust 2021-ci ildə saat 14:00-də qeydə almır. Videogörüntüdən müəyyən edilir ki. Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı polis mayoru Səyyad Gözəlov tərəfindən həmin polis bölməsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Həmin zaman otaqda qeyd edilən şəxslərdən başqa “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Yasamal RPİ-nin 28- ci PB-nin C A üzrə əməliyyat müvəkkillər polis kapitanı Şahid1 və polis leytenantı Şahid2 olduqları görünür. Şəxsi axtarış keçirildikdən öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif edilir ki, sonuncu üzərində qanunsuz əşya varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızından olan bükümü çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən ondan həmin bükümdə nə olduğu soruşulur, Təqsirləndirilən şəxs isə həmin 1 ədəd gümüşü rəngli siqaret kağızından olan bükümdə psixotrop maddə metamfetaminin olduğunu bildirir. Həmin büküm təhqiqatçı tərəfindən açılır və baxış keçirilir, gümüşü rəngli siqaret kağızından olan bükümün içərisində, ağ rəngli, kristal şəkilli maddənin olduğu görünür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, lakin hər hansı bir əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm zərfə qablaşdırıldı, zərf möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini nə vaxt və haradan əldə etdiyi soruşuldu, sonuncu isə həmin psixotrop maddəni bir gün əvvəl axşam saatlarında “İnşaatçılar” metrostansiyasmm yaxınlığında tanımadığı şəxsdən 20 manat pula əldə etdiyini bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarışla bağlı iştirakçılardan etirazlarının olub-olmaması soruşulur və heç bir etiraz və ya şikayət daxil olmur. Bundan sonra təhqiqatçı şəxsi axtarış keçirilməsinin başa çatdığım bildirdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 avqust 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 02 oktyabr 2021-ci il tarixli, 3745 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,399 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili N.N.Rəhmanovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili N.N.Rəhmanovaya məhkəmədə iştirak etdiyi 40 saata 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,399 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının - 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X5 isə məhkəmədə iştirak etdiyi 40 saata 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar