Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-430/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış massivi 95 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavadakı “Meşə Park” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan qadın cinsli şəxsdən satış məqsədi ilə qanunsuz olaraq polietilen materialın içərisində beş ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,225 qram, 0,151 qram, 0,213 qram, 0,231 qram, 0,105 qram, ümumi təmiz çəkisi 0,955 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış. 04 aprel 2023-cü il tarixdə saat 11:50 dəqiqədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış massivindəki 95 nömrəli evin qarşısında saxlanılaraq qeyd olunan polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən polietilen materialın içərisində beş ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,225 qram, 0,151 qram, 0,213 qram, 0,231 qram, 0,105 qram, ümumi təmiz çəkisi 0,955 qram ağ rəngli, kristall şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, artıq xeyli müddətdir ki, fasilələrlə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. Bu onda asıllıq yaratdığı üçün artıq istifadə etməyəndə dözülməz ağrıları olur. Bu səbəbdən son vaxtlar ağrıları olduqda psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Belə ki, o, 03 aprel 2023-cü il tarixdə axşam saatlarında narkotik vasitə almaq üçün Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində yerləşən “Meşə Park” adlanan əraziyə getmiş və orada olan skamyaların birində oturan zaman qarşı tərəfdə başqa bir tanımadığı qadının oturduğunu görmüşdür. O, həmin qadının narkotik qəbul edən olduğunu hiss edib yaxınlaşmış və tanış olduqdan sonra ona metamfetamin lazım olduğunu bildirmişdir. Həmin qadın harasa çıxıb getmiş və bir az sonra qayıdıb ona 40 manat pul müqabilində polietilen materialın içərisinə qoyulmuş və beş ədəd qızılı rəngli kağıza bükülmüş bükümləri alıb əynində olan qara rəngli cins şalvarının sağ cibinə qoymuşdur. O, həmin psixotrop maddə olan metamfetamini sağ cibində gizlədərək yaşadığı ünvana tərəf qayıtmışdır. 04 aprel 2023-cü il tarixdə saat 11:50 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış massivi, 95 nömrəli evin qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə getmişdir. Oradakı xidməti otaqların birinə apararaq hüquqlarının müdafiə edilməsi üçün X7 adlı müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan psixotrop maddənin artıq gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli cins şalvarının sağ cibindən polietilen materialın içərisinə qoyduğu beş ədəd ayrı-ayrı ölçüdə olan qızılı rəngli kağıza bükülmüş bükümləri çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər orada onun və digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Şəxsi axtarış keçirilən zaman artıq onun üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və yaxud predmet aşkar olunmamışdır. Polis əməkdaşları ondan həmin beş bükümdə olan maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda bildirmişdir ki, həmin beş bükümdə olan maddə metamfetamindir. Həmin psixotrop maddəni 03 aprel 2023-cü il tarixdə axşam Bakı şəhəri, Yasamal rayonu, 02-ci Alatava yaşayış massivində yerləşən "Meşə Park" adlanan ərazidə tanımadığı qadın cinsli şəxsdən 40 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş beş ədəd biikümdəki ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə olan metamfetamin onun gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılarla onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. Əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və xüsusilə də Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə onun rəhbərliyi altında və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşı Şahid2 iştirakı ilə 04 aprel 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 04 aprel 2023-cü il tarixdə saat ll:50-dəqiqədə o vəəməliyyat qrupunun digər iştirakçısı Şahid1 ünvan 2 ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonunun ərazisində həmin maddələrin satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq birlikdə polis idarəsinin inzibati binasına gəlmişdir. Orada xidməti ış otaqlarının birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında əşyalarında və yaxud bədənində olması ehtimal edilən vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən polietilen materialın içərisinə qoyduğu beş ədəd ayrı-ayrı ölçüdə, olan qızılı rəngli kağıza bükülmüş bükümləri çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və yaxud predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi içərisində metamfetaminə bənzər kütlə olan beş ədəd qızılı rəngli kağıza bükülmüş bükümlər içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən aşkar olunmuş beş ədəd bükümün içərisində olan psixotrop maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş beş ədəd bükümdəki ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə olan metamfetamindir. O, həmin psixotrop, maddə olan metamfetamini 03 aprel 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində yerləşən "Meşə Park" adlanan ərazidə tanımadığı qadın cinsli şəxsdən 40 manat pul müqabilində aldığını və özünün istifadə etdiyinin xərcini çıxartmaq üçün satmaq məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs soruşulur ki, narkotik vasitəni hansı səbəbdən əldə etmisən, o isə bildirir ki, bir hissəsini satmaq, bir hissəsini isə özünün istifadəsi üçün əldə etmişdir. Bununla da narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/1974 saylı, xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 169” dairəvi möhür əksləri olan “..Təqsirləndirilən şəxs (imza)..." sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 05 (beş) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,255 qram, 0,151 qram, 0,213 qram, 0,231 qram və 0,105 qram ümumi təmiz çəkisi isə 0,955 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 3711 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına və Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(004)-320/2017 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM 263.2-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 4 il 6 ay müddətinə endirilmişdir, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 2.2-ci bəndi tətbiq edilmiş, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının çəkilməsinə xx.xx.2021-ci il tarixdən başlanılır və onun tutulduğu xx.xx.2023-cü il tarixədək həmin əlavə cəzasının 1 il 4 ay 10 gününü çəkilmiş, 1 il 1 ay 20 gün hissəsi çəkilməmiş qalmışdır. Hazırkı hökm çıxarılarkən CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş 01 il 01 ay 20 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzası, hazırkı hökmlə təyin olunan cəzaya tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 il 01 ay 20 gün (bir il bir ay iyirmi gün) müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 04 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 80 manat (səksən manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,705 qram psixotrop maddə olan – metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-430/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-430/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver