Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-430/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,219 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 13:00-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Nizami” metrostansiyasının qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd gör rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 1,219 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, çoxdandır narkotik istifadəçisidir. İstintaq ifadəsini təsdiq edir. Narkotiki ona məlum olmayan şəxsdən əldə etmişdir. Əvvəllər də cinayət məsuliyyətinə cəlb edilib, məhkum olunmuşdur. Ona qarşı polis bölməsində və ümumiyyətlə istintaq zamanı hər hansı təzyiq olmayıb. Narkotik vasitə olaraq heroini istifadə edir. Son vaxtlar daha çox istifadə edirdi. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitəni istifadəsi və daşıması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxsi “Sovetski” adlı ərazidə saxlamışdırlar. Özlərini təqdim edib, onu polis bölməsinə dəvət ediblər. Vəkilin iştirakı ilə video-baxış keçirilmiş, üzərindəki narkotik maddə olan “kakos”u könüllü təqdim etmişdir. Narkotik maddə möhürlənərək ekspertizaya göndərilmişdir. Sonradan həmin maddənin deyildiyi kimi heroin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 iştirakı ilə tərəfindən 01 aprel 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edildi. xx.xx.2024-cü il tarixdə saat 13:00-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi “Nizami”metrostansiyasının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etdilər. Bundan sonra onlar ona narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etdilər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəldi. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olundu. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsinlər. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etdi. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd qızılı rəngli kağıza bükülmüş büküm içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı və zəfrin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürüldü. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Baba bildirdi ki, üzərindən aşkar olunmuş həmin maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir. O həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu “Sovetski” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara onun narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində tərəflərindən sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslər də təsdiq edə bilər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 3-16-16/2-6/1773 saylı, 02 aprel 2024-cü il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170“ dairəvi möhür əksləri olan, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,219 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə-heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 2310A saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”da ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş və Bakı Şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-303/2024 saylı qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-430/2024 saylı qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 28 gün (bir il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 03 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,169 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-430/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-430/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver