Məhkəmə qərarları › İş №1(004)-430/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-430/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-430/2025 24.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Zaqatala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində ünvan 2 ünvanında tanıdığı Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə qəsdən vuraraq, ona burun sümüyünün qapalı sınığı ilə müşayət olunan burun nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayında Şahid ilə tanış olmuş, sonradan münasibətləri qarşılıqlı məhəbbətə çevrilmişdir. Aynurə rəfiqəsi Zərərçəkmiş şəxs ilə birgə Yasamal rayonu, Moskva prospekti ev 27, mənzil 101 ünvanında kirayədə yaşadığından bir neçə dəfə Aynurə ilə həmin ünvanda görüşmüşdülər. 13 iyun 2025-ci il tarixdə saat 10:00 radələrində Aynurə ilə onun arasında bir gün əvvəl olan anlaşılmazlığı həll etməsi üçün həmin ünvana getmiş və Aynurə ilə söhbət edərkən onunla sözlü mübahisə baş vermişdir. Bu zaman Aynurənin rəfiqəsi Nigar digər otaqdan yanlarına gələrək onların mübahisələrinə müdaxilə etdikdə, o, Nigardan özünə aid olmayan işlərə qarışmamasını tələb etmişdir. Bu sözlərinə görə Nigar onun və valideynlərinin ünvanına nalayiq sözlər dedikdə, onu əli ilə kənara itələdikdə ehtiyyatsızlıqdan burnuna dəymişdir. O, bunu bilərəkdən etməmişdir. Bundan sonra Nigarın burnundan qan axdıqda isə mənzili tərk edib oradan getmişdi. Münaqişə təxminən 5 dəqiqə davam etmiş, hadisəni heç kim görməmiş, münaqişə zamanı heç bir xəsarət almamışdır. İfadəsinin sonunda törətdiyi ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayında Şahid ilə tanış olmuş, sonradan münasibətləri qarşılıqlı məhəbbətə çevrilmişdir. Aynurə rəfiqəsi Zərərçəkmiş şəxs ilə birgə Yasamal rayonu, Moskva prospekti ev 27, mənzil 101 ünvanında kirayədə yaşadığından bir neçə dəfə Aynurə ilə həmin ünvanda görüşmüşdülər. 13 iyun 2025-ci il tarixdə saat 10:00 radələrində Aynurə ilə onun arasında bir gün əvvəl olan anlaşılmazlığı həll etməsi üçün həmin ünvana getmiş və Aynurə ilə söhbət edərkən onunla sözlü mübahisə baş vermişdir. Bu zaman Aynurənin rəfiqəsi Nigar digər otaqdan yanlarına gələrək onların mübahisələrinə müdaxilə etdikdə, o, Nigardan özünə aid olmayan işlərə qarışmamasını tələb etmişdir. Bu sözlərinə görə Nigar onun və valideynlərinin ünvanına nalayiq sözlər dedikdə, əsəblərini cilovlaya bilməyərək əli ilə bir dəfə onun sifətindən zərbə vurmuşdu. Zərbənin təirindən Nigarın burnundan qan axdıqda isə mənzili terk edib oradan getmişdi. Münaqişə təxminən 5 dəqiqə davam etmiş, hadisəni heç kim görməmiş, münaqişə zamanı heç bir xəsarət almamışdır. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadəsini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən üç aydır ki, rəfiqəsi Şahid ilə Yasamal rayonu, Moskva prospekti ev 27, mənzil 101 ünvanında kirayədə yaşayırlar. Bir neçə ay olar ki, Aynurə, Təqsirləndirilən şəxs ilə sevgili münasibətlərindədirlər və bir neçə dəfə Elşad yaşadıqları evə gəlib-getmişdi. Elşadla əvvəllər normal münasibətlərdə olmuş, heç zaman aralarında münaqişələr olmamışdır. 13 iyun 2025-ci il tarixdə saat 10:00 radələrində Elşad Aynurə ilə söhbət etməsi üçün mənzillərinə gəlmiş və o, onların söhbətlərinə maneçilik etməməsi üçün digər otağa keçib anası ilə telefon vasitəsilə danışırdı. Bu zaman Elşadın Aynurə ilə yüksək səslə mübahisə etdiyini eşidib anası ilə söhbəti kəsərək həmin otağa getmişdir. O, Elşadın əl-qolla danışaraq Aynurənin üstünə getdiyini gördükdə onların söhbətlərinə müdaxilə edib Elşadı kənara itələmişdi. Bu zaman Elşad onu nalayiq sözlərlə təhqir edərək əli ilə sifətindən vurduqda burnundan qan açılmış və Elşad bunu görərək mənzili tərk edərək getmişdi. O, əvvəlcə bu barədə şikayət etmək istəməmiş, lakin sonradan burnundan ciddi xəsarət aldığını bilib DİN-nin 102 xidmətinə məlumat vermiş və Elşadın cinayət məsuliyyətinə cəlb edilməsi üçün ərizə ilə 29-cu PŞ-nə müraciət etmişdir. Münaqişə təxminən 5 dəqiqə davam etmiş, hadisəni heç kim görməmişdir. Onun tərəfindən Elşada qarşı heç bir xəsarət və ya fiziki zorakılıq hərəkətləri edilməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını, ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, təxminən üç aydır ki, rəfiqəsi Zərərçəkmiş şəxs ilə Yasamal rayonu, Moskva prospekti ev 27, mənzil 101 ünvanında kirayədə yaşayırlar. Bir neçə ay olar ki, Təqsirləndirilən şəxs ilə sevgili münasibətlərində olduqlarından Elşad bir neçə dəfə yaşadıqları evə gəlib-getmişdir. 13 iyun 2025-ci il tarixdə saat 10:00 radələrində Elşad onunla söhbət etməsi üçün mənzillərinə gəlmiş və rəfiqəsi Nigar onların söhbətlərinə maneçilik etməməsi üçün digər otağa keçmişdir. Bu zaman Elşad onunla yüksək səslə mübahisə edərək, əl-qolla danışmağa başladıqda Nigar onlar olan otağa gəlib Elşadı kənara itələmişdir və ona qarşı nalayiq ifadələrdən istifadə etmişdir. Bu zaman Elşad Nigarı doğru əlini uzatmışdır, bundan sonra Nigarın burnundan qan açılmış və Elşad bunu görərək məsələni öz aralarında həll etmələrini və bütün xərcləri qarşılayacağını bildirmişdir. İş materiallarında olan və mahkəmə istintaqı zamanı tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Yasamal rayonu, Moskva prospekti ev 27 ünvanında yerləşən yaşayış binasının 101 saylı mənzilindədir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs, hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. (İ.V. 8-9). Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş MTE və PA Birliyi publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 484 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - burun sümüyünün qapalı sınığı ilə müşayət olunan burun nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, baş və s) təsirindən əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (İ.V. 13-15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X1 daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-29/2-6129/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. (İ.V 52). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnaməsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (İ.V. 53). Sübutların qiymətləndirilməsi barədə 29 iyun 2025-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində xuliqanlıq xüsusatı üzrə cinayət işinin başlanılması rədd edilmiş, material üzrə izahatlar, ifadələr, hadisə yerinə baxış protokolu və ekspertiza rəyi sübut növü kimi qəbul edilmişdir. (İ.V. 55-57). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi, zərərçəkmişin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsi halını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, hazırkı vaxtadək tərəflər arasında barışıq əldə edilməmişdir, zərərçəkmiş şəxsə vurulmuş ziyan (müalicə ilə əlaqədar) aradan qaldırılmamışdır və zərərçəkmiş şəxsin onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsi xahiş olunmuşdur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək, vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 22 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 22 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar