Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-432/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X6 X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi, "Gündəlik Bakı.com" internet səhifəsinin baş redaktoru X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdirlər. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, 02 avqust 2023-cü il tarixdə, saat 16:28-də "Gündəlik Bakı.com" internet səhifəsində barəsində "Bir cinayətin izi ilə...- X8 həbs oluna bilər..." başlıqlı məqalə dərc edilmşdir. Məqalədə qeyd olunmuşdur ki, "Təxminən 3 ay öncə, Apa-nın verdiyi məlumata görə, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində **-KU-*** dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü X12 və Şərur rayon sakini 1983-cü il təvəllüdlü X2. Avtomobilə baxış zamanı ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə-marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilib. Narkotacirlərin həbs olunması və maddi sübut kimi 31 kiloqram 500 qram narkotik vasitənin dövriyyədən çıxarılması 100 minlərlə şəxsin narkotik bəlasından xilas olması deməkdir. Biz bu gün narkotacirlərə qarşı hamılıqla mübarizə aparırıq. X5 əməkdaşları həyatlarnı hər an təhlükəyə ataraq, narkotacirləri yerində həbs edir və onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirdikləri narkotik vasitələri əldə edərək, məhv edirlər. Bu gün 31 kiloqram 500 qram narkotik vasitəni heç bir kənddən yenicə gəlmiş 83 təvəllüdlü sıradan biri daşıya bilməz. Gəlin görək, bu işin başında duran kimdir? Kimdir bu cinayətə rəvac verənlər? X1? Buyurun, tanış olun. **-KU-*** dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvan şəhəri, Şərur rayonundan olan X8. Yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, ünvan 2ənzil 30. Əldə etdiyimiz məlumata görə, həbs olunan şəxslərdən biri Şərurludur, amma maraqlı məqam burasındadır ki, şəxsin avtomobili cinayət hadisəsində iştirak etsə də, həmin avtomobilin sahibi cinayət məsuliyyətinə cəlb olunmayıb. Onu da xatırladım ki, el arasında Azad kimi tanınan X8 yüksək çinli məmurların adından da istifadə edir. P.S. Cənab Prezidentimizdən xahişimiz ondan ibarətdir ki, bu cür faktların üstünü açdığımız üçün bizə yaradıla biləcək problemlərin qarşısının alınması üçün göstəriş versin." Nəzərə çatdırır ki, Habil Vəliyev adlı şəxsi şəxsən tanımır, onun rəhbəri olduğu saytdakı xəbərləri oxumur. O, da onu tanımır, amma barəsində böhtan xarakterli, qərəzli, heç bir istinadı olmayan xəbər yayır, onu ağır cinayət törətməkdə, külli miqdarda narkotik vaistənin satışını həyata keçirən bir qrup şəxsə rəhbərlik etməkdə ittiham edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. "Media" Azərbaycan Respublikasının Qanununun 14.1; 14.1.7 və 14.1.9- cu maddələrinə görə mediada dərc olunan və (və ya) yayımlanan informasiya şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməli, böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir. Yenə həmin Qanunun 77.1ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin dispozitiv şərti ondan ibarətdir ki, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət təkibi yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında" xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütlavi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsində göstərilən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət əməlinin əlamətləri vardır. Odur ki, xx.xx.1973-cü ildə Zəngilan rayonu, Həkəri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi, "Gündəlik-Bakı.com" internet saytının baş redaktoru işləyən, Zəngilan rayonu, Həkəri qəsəbəsində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsilə təqsirli bilib cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 nümayəndəsi, vəkil Nümayəndə şikayətin icraata qəbul edilməsini və X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən X6 bildirdi ki, "Gündəlik Bakı.com" internet səhifəsi ona məxsus deyil, həmçinin həmin internet səhifəsinin "xxxx" MMC-yə hər hansı bir aidiyyəti yoxdur. Ona görə də şikayətin əsassız olması ilə əlaqədar icraatı qəbul edilməsində imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayətin verildiyi yer göstərilməmişdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1— 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan əlavə CPM-nin 88.5-ci maddəsinə əsasən xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir. CPM-nin 103.1-ci maddəsinə əsasən xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir. CPM-nin 103.3-cü maddəsinə əsasən məhkəmə cinayət təqibi üzrə icraatda iştirak edən xüsusi ittihamçının xahişi ilə vəkili onun nümayəndəsi qismində təyin etməlidir. CPM-nin 103.4-cü maddəsinə əsasən cinayət işinə məhkəmə baxışında xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 14-cü bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətin törədilmiş cinayət haqqında məlumata bərabər tutulmasını nəzərə alaraq belə şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasında bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nın 296-cı maddəsi ilə xəbərdar olunur. Sadalananlara əsasən görünür ki, xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edə və üzərinə qoyulmuş vəzifələri yerinə yetirsə də, xüsusi ittihamçının xahişi ilə vəkili onun nümayəndəsi qismində məhkəmə təyin edir. Həmçinin birinci instasiya məhkəməsində icraat məhkəmə hazırlıq (maddə 298-307), məhkəmə baxışı (məhkəmə istintaqı, məhkəmə çıxışları, təqsirləndirilən şəxsin son sözü, yekun məhkəmə qərarının çıxarılması, maddə 308-358) mərhələlərindən ibarətdir. CPM-nin yuxarıda sadalanan normalarından da görünür ki, məhkəmə baxışında xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilər. Yəni CPM-də birbaşa olaraq məhkəmə hazırlığında da xüsusi ittihamçının nümayəndəsinin təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilməsinə dair müddəa yoxdur. Bundan əlavə nümayəndəsi yalnız şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirdiyindən, Ali Məhkəmənin Plenumunun yuxarıdakı Qərarında da göründüyü kimi xüsusi ittihamçıdan hazırlıq iclasında CM-nın 296-cı maddəsi ilə xəbərdar edilməsi barədə iltizam alınmalı olduğunda, bu hüquq isə şəxsiyyətin ayrılmaz hüquqları ilə bağlı olduğundan, xüsusi ittihamçının əvəzinə onun nümayəndəsi bu barədə xəbərdar edilə bilməz və nümayəndədən iltizam alına bilməz. Bu səbəbdən də hazırlıq iclasında xüsusi ittihamçının məhz özü iştirak etməlidir. Lakin iş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2023, xx.xx.2023-cü il tarixlərə təyin edilsə də, bu barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs rəsmi qaydada məlumatlandırılsa da, məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəblərin həqiqətən üzürlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. Bununla da şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-432/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-432/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver