Məhkəmə qərarları › İş №1(004)-435/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-435/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-435/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narlotik vasitə olan heroini əldə edib üstündə saxlamaqla daşımışdır. Beləki, o, 16 avqust 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,234 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış 17 avqust 2021-ci il tarixdə saat 21:00-dəqiqədə ünvan 2 ünvanın qarşısında Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 28-ci X7 binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli kətan materialdan olan şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,234 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə hesab edilən heroindən istifadə edir. Əvvəllər dəfələrlə məhkum olunmuş və sonuncu dəfə Yasamal rayon məhkəməsinin 30.09.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 22.12.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 16 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manat müqabilində bir büküm narkotik vasitə olan heroin alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. 17 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal rayon Polis İdarəsinin 28-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olub-olmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində heroin adlanan narkotik vasitə olduğunu bidirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 28-ci polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli kətan şalvarın sağ yan cibinə olan bir büküm heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni 16 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28-ci Polis Bölməsinə 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 28-ci PB-nin rəisi tərəfindən qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 avqust 2021-ci il tarixdə saat 21 radələrində Şahid2la birlikdə ünvan 5 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Əhməd onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 28-ci Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə 28-ci PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Camal əynində olan qara rəngli kətan şalvarın sağ yan cibində olan bir ədəd siqaret qutusunun gümüşü kağızına bükülmüş heroini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Camal həmin narkotik vasitə olan heroini 16 avqust 2021-ci il tarixdə Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 93-96-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 17 avqust 2021-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə xidməti ərazidə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında bölmənin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilməklə Yasamal RPİ-nin 28-ci polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, 17 avqust 2021-ci il tarixdə polis əməkdaşı Yaqub Həsənovla birlikdə xidməti ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və həmin gün saat 21:00-da əməliyyat məlumatında bildirilən zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin ünvan 6 ünvanının qarşısında dayandığını görüb dərhal ona yaxınlaşaraq saxlamışdırlar. Həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, o, xx.xx.1971-ci il tarixdə ünvan 7 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunmasında və istifadəsində şübhəli olması barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olması barədə məlumat verilmiş və onlarla bərabər Yasamal RPİ-nin 28-ci X7 binasına getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs onların təklifinə razılıq verdiyi üçün onlarla birlikdə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi bölmənin təhqiqatçısı, polis baş leytenantı Nail Bayramlıya həvalə olunmuşdur. Bununla bağlı, X11 Mahmudovun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosnun vəkili Müdafiəçi tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Nail Bayramlı vəkil Müdafiəçi Yasamal RPİ-nə dəvət etmişdir. Nail Bayramlı tərəfindən Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə saat 22:15-də şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoyazan texniki vasitə kimi «İphone X» markalı mobil telefonun video çəkmə funksiyasından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təhqiqatçı tərəfindən təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da həmin təklifi qəbul edərək əynindəki qara rəngli kətan şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü təqdim edərək həmin bükülüdə kakos kimi bildiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. 01 ədəd büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir gün əvvələ Kubinka adlanan ərazidə adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Nail Bayramlı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qeyri qanuni heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin bir ədəd bükümün Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı Nail Bayramlı tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «İphone X » markalı mobil telefonun video çəkmə funkiyası ilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs həm əvvəllər həmdə saxlanıldığı dövrdə narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir əməliyyat məlumatı daxil olmadığını, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satması müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təxminən 20 ildən artıq olar ki, narkotik vasitələrdən istifadə edir. Bu gün D.Bünyadzadə küçəsində yaşadığı evin yaxınlığında olarkən özlərini polis əməkdaşları kimi təqdim etmiş mülki geyimli şəxslər tərəfindən saxlanılmış və 28-ci PB-nə gətirmişdirlər. Polis Bölməsinə gətirilərkən Təqsirləndirilən şəxs ilə söhbət zamanı Camal bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və hal-hazırda da üzərində narkotik vasitə vardır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli kətan şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş öz dediyinə görə içərisində kakos deyilən “heroin” olan hükülünü çıxarıb könüllü olaraq təqdim etdi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli kətan şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində qəhvəyi rəngli maddə öz dediyinə görə “kakos" deyilən narkotik vasitə olan “heroin” vardır. İştirak edənlər və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli kətan şalvarın sağ yan cibində çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirdi ki, təqdim etdiyi bir ədəd bükülünün içərisindəki maddə kakos deyilən narkotik vasitə olan “heroin”-dir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında “Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də həmin şəxsdən narkotik vasitələr aldığı şəxsdən 20 manata alaraq həmin narkotik vasitənin bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün əyninə geyindiyi şalvarın sağ yan cibində saxlamışdır. Bu gün saat 21:00 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PB-nin inzibati binasına gətirilmişdir. (i.v. 28-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 avqust 2021-ci il tarixli 6/3560 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” Yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.234 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. (i.v. 36-41) “Disk baxış keçirilməsi barədə” 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş 17 avqust 2021-ci il tarixdə saat 22:30-da Yasamal RPİ-nin 28-ci X7 otaqlarından birində qeydə alınmışdır. Baxış zamanı Diskdə 01 ədəd İBNF8679 08 dəqiqə 08 saniyə video fayl vardır. Həmin video faylda olan görüntülərdən görünür ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nail Bayramlı, Yasamal RPİ-nin28-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2, Müdafiəçi iştirakları ilə 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan edir. Təhqiqatçı çəkilişin İphone X markalı mobil telefon vasitəsi ilə aparılacağını qeyd edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir.Təqsirləndirilən şəxs özü barədə anket məlumatlar verərək əvvəllər 6 dəfə narkotik vasitələrin qanunsuz istifadə etdiyinə görə məhkum edildiyini bildirir. Daha sonra təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsində nəzərdə tutulan müddəaları elan edir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və onların üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin bükümü bir gün əvvəl Kubinka adlanan ərazidən adını və anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul ödəyərək əldə etdiyini, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış zamanı tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar edilir. Həmin bükülü boş olan ağ rəngli zərfin içərisinə qoyularaq DİN-in Zərflər üçün 167 saylı möhürü ilə möhürlənib imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Qablaşdırılmış zərflər Təqsirləndirilən şəxs Müdafiəçi, polis əməkdaşları tərəfindən imzalanır. Vəkil Müdafiəçi narkotik vasitəni kimdən alması, və polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixi zorakılıq tətbiq edilib edilmədiyini soruşur. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsi tanımadığını və polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini bildirir. Daha sonra təhqiqatçı içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir. (i.v. 87-88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 nəticələrinə dair 04.09.2021-ci il tarixli 3263 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 108-109) “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2021-ci i il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd DVD-R modelli disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,234 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,184 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə birlikdə həmin maddi sübutla tanış olduqdan sonra maddi sübut saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən 17.08.2021-ci il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə haqqında protokol, məlumat daşıyıcısı olan “DVD” disk, maddi sübut, Təqsirləndirilən şəxs ifadələri, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, iş üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 17.08.2021-ci il tarixli 6/3560 saylı rəyi və ambulator-məhkəmə-narkoloji ekspertizasının 04.09.2021-ci il tarixli 3263 saylı rəyi və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilmişdir. (i.v. 110-119) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.234 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:15-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 20) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 4(004)-472/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 82-84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 06.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Xalq Məhkəməsinin 12.08.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsi ilə (keçmiş redaksiya) təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Səbail rayon Xalq Məhkəməsinin 25.12.1996-cı il tarixli qərarı ilə 05 ay 14 gün şərti azad edilmişdir, Yasamal rayon məhkəməsinin 26.12.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 17.02.2001-ci ildə Milli Məclisin 01.02.2001-ci il tarixli amnistiya qərarı ilə cəzadan azad edilmişdir, Yasamal rayon məhkəməsinin 04.04.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 16.06.2006-cı il tarixdə Şamaxı rayon məhkəməsinin 26.05.2006-cı il tarixli qərarı ilə 07 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir, Yasamal rayon məhkəməsinin 20.02.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yasamal rayon məhkəməsinin 02.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 06.02.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, Yasamal rayon məhkəməsinin 30.09.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 22.12.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 97-100) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli 1(004)-505/2016 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2016-cı il tarixdən hesablanmışdır. (i.v. 102-107) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli 1(004)-505/2016 saylı hökmünə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 22.12.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, CM-nın 83-cü maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasınıonun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.184 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 114.00 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə onun əvvəllər CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və həmin məhkumluğun ödənilməsinə baxmayaraq məhkəmə bunu onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 17 avqust 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.184 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut olan - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114.00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005,VÖEN**********, Müxbir hesab AZ 41,NABZ013601**********3944 SFİFT BİK CTREAZ22hesabakeçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 4 saylıVəkil Bürosununhesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar