Məhkəmə qərarları › İş №1(004)-438/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-438/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-438/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Tovuz rayonu, Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, tanışı X6 24 fevral 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 24 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı Metropoliteninin «28 May» stansiyasında çantasını yoxlama aparatına təqdim etmədiyindən və özünü şübhəli apardığından Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin İdarənin inzibati binasına gətirilib xidməti otaqda həmin gün saat 19:00 radələrində üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən ona məxsus üzərində «NİKE» sözü yazılmış qara rəngli çantasının içərisindən 2 ədəd şəffaf sellofan paketində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3,40 qram və 4,49 qram olmaqla, ümumi çəkisi 7,89 qram bitki mənşəli kütlələr tərkibinə görə eyni olan cətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə–qurudulmuş marixuana aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 il olar ki, o, nakotik vasitə marixuana istifadə edirdi. 24 fevral 2023-cü il tarixdə təxminən saat 15 radələrində o, yaşadığı evdə olmuşdur. 24 fevral 2023-cü il tarixdə metronun “28 May” stansiyasının yaxınlığında X9 ilə görüşüb ondan 100 manat pul müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə marixuana almışdır. Onun aldığı marixuana 02 ədəd şəffaf rəngli sellofan paketdə olmuşdur. Sonra yaxınlıqda olan köşkdən marixuananı çəkmək üçün filtir kağızı almışdır. O, aldığı marixuananı və filtir kağızını əlində olan qara rəngli süni dərindən hazırlanmış çantaya qoymuşdur. Sonra o, metronun “28 May” stansiyasına daxil olmuşdur. Həmin vaxt stansiyada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq əlində olan çantanı yoxlama aparatına qoymağını istəmişdir. O, əlində olan çantanı yoxlama aparatına qoymaqdan imtina edib stansiyanı tərk etmək istəmişdir. Sonra polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin polis əməkdaşı ondan özünü təqdim etməyini xahiş etmişdir. O, həmin polis əməkdaşına özünü təqdim etməyərək stansiyanı tərk etmək istəmişdir. Sonra polis əməkdaşı onu Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişdir. O, polis əməkdaşı ilə birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində olan zaman o, polis əməkdaşlarına üzərində şəxsi istifadəsi üçün narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra Polis İdarəsinin xidməti otaqlarından birində ona “Mərkəz” vəkillər bürosunun siyahısı təqdim edilmişdir. O, həmin siyahıya baxaraq adı siyahıda qeyd edilmiş vəkil X4 hüquqlarını müdafiə etməsini istəmişdir. Onun seçdiyi vəkil Polis İdarəsinə dəvət edilmişdir. Sonra vəkilin iştirakı ilə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt o, əlində olan üzərinə “NİKE” yazılmış süni dəridən hazırlanmış qara rəngli əl çantasını masanın üzərinə qoyub təqdim etmişdir. Həmin çanta açılan zaman içərisindən 4 ədəd açar, 1 manatlıq pul əskinası, 85 qəpik, yara bandı, 01 ədəd redmi markalı mobil telefon və 02 ədəd şəffaf rangli sellofan paketini və bir qutu filter kağızı təqdim etmişdir. O, təqdim etdiyi 02 ədəd şəffaf rəngli sellofan paketinin içərisində yaşıl rəngli ota bənzər maddə olduğu müəyyən edilmişdir. Sonra həmin 02 ədəd şəffaf rəngli sellofan paketdə olan kütlənin el arasında nəşə kimi tanınan marixuana olduğunu və həmin marixuananı xx.xx.2023-cü il tarixdə X6 100 manat pul müqabilində aldığını bildirmişdir. Bir ədəd filtir kağızını isə həmin marixuananı çəkmək üçün istifadə etdiyini bildirmişdir. 02 ədəd şəffaf rəngli sellofan paketdə olan narkotik vasitə marixuana əhəmiyyət kəsb edildiyindən zərf qoyularaq qablaşıdırılmışdır. O, polis əməkdaşları tərəfindən metronun “28 May” stansiyasında saxlanılan zaman və Polis İdarəsinə gətirilən və Polis İdarəsində olan zaman ona qarşı hər hansı bir fiziki və ya psixoloji təsir olmadığını bildirmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını və əvvəllər məhkum edilməmisini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı Metropolitenində Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə o, metronun «28 May» stansiyasında manqa komandiri Şahid2 ilə birlikdə işdə olmuşdur. Onun vəzifəsinə stansiyada təhlükəsizliyin təmin olunması məqsədi ilə stansiyaya daxil olan sərnişinlərin əllərində olan əşyaların yoxlanılması və ictimai əsayişin qorunması daxildir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində metroya daxil olan bir nəfər sərnişin üzərində olan əl çantasının yoxlanılması üçün həmin çantanı yoxlama aparatına qoymaqdan imtina etmişdir. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Lakin, həmin şəxs özünü təqdim etməyərək ona qeyri-adekvat cavab verib stansiyadan uzaqlaşıb getmək istəmişdir. O, həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə sonuncunu Şahid2lə Metropolitendə Polis İdarəsinə dəvət etmişdir. Həmin şəxs onlarla bir yerdə Polis İdarəsinə gəlmiş və burada ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Habelə, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana vardır və buna görə metrodan çıxıb getmək istəmişdir. O, raportla Təqsirləndirilən şəxs saxlamağı haqqında məruzə etmiş və onu növbətçi hissəyə təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs İdarənin təhqiqatçısına təqdim olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasında o, da iştirak etmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində, əşyalarında və paltarında hər-hansı bir qeyri-qanuni əşya varsa təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özünə məxsus üzərində «NİKE» sözü yazılmış qara rəngli çantasını və həmin çantanın içərisindən 4 ədəd açar, 1 manat və 85 qəpik pul, yara bandı, narkotik vasitəni çəkərək istifadə olunması üçün olan filtr kağızı, 1 ədəd «Redmi» markalı mobil telefon və içərilərində yaşıl rəngli maddə olan 2 ədəd şəffaf sellofan paketi təqdim etmişdir. Həmin 2 ədəd sellofan paketlər açılaraq içərisinə baxış keçirilən zaman onların içərisində yaşıl rəngli ota bənzər qurudulmuş halda spesifik iyə malik olan maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 2 ədəd paketdə olan maddə el arasında «nəşə» adlanan narkotik vasitə qurudulmuş marixuanadır, filtr deyilən kağız isə həmin marixuananı ona bükərək çəkməklə istifadə etmək üçün kağızdır. Habelə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kağızı özü mağazadan almış, marixuananı isə 24 fevral 2023-cü il tarixdə X6 öz istifadəsi üçün 100 manata almışdır. Təqsirləndirilən şəxs üzərində şübhə doğuran hər-hansı başqa bir əşya şəxsi axtarış zamanı aşkar edilməmiş, onda aşkar edilmiş 2 paket maddə araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülərək 1 ədəd zərfə qoyularaq möhürlə möhürlənmişdir. Sonra protokol tərtib olunmuş və ucadan oxunduqdan sonra düzgün yazıldığından iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Cinayət işinin 15-ci vərəqəsində olan 24 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 55-ci vərəqəsində olan qətimkan tədbiri seçmək haqqında 26 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 29-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/290 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Nağıyev imza. ,,,» yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3,40 qram və 4,49 qram olmaqla, ümumi çəkisi 7,89 qram bitki mənşəli kütlələr tərkibinə görə eyni olub, cətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Cinayət işinin 30-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat təşkil etmişdir. Cinayət işinin 73-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1510 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 85-97-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 7,89 qram kustar üsullu hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 7,69 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, təqsirlləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanmasından ötrü Bakı Metropolitenində Polis Şöbəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, video görüntüləri əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 123-cü vərəqəsində olan AZ-İV 706436 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Nağıyev Elman adlı 1 övladı var. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Metropolitenində Polis İdarəsinə gətirilmiş və üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs özünə məxsus üzərində «NİKE» sözü yazılmış qara rəngli çantasını və həmin çantanın içərisindən 4 ədəd açar, 1 manat və 85 qəpik pul, yara bandı, narkotik vasitəni çəkərək istifadə olunması üçün olan filtr kağızı, 1 ədəd «Redmi» markalı mobil telefon və içərilərində yaşıl rəngli maddə olan 2 ədəd şəffaf sellofan paketi təqdim etmişdir. Həmin 2 ədəd paketləri açan zaman onların içərilərində yaşıl rəngli, ota bənzər spesifik iyə malik kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 2 ədəd sellofan paketlərin içərisində olan kütlələr el arasında «nəşə» adlanan narkotik vasitə qurudulmuş marixuanadır və həmin marixuananı o, 24 fevral 2023-cü il tarixdə X6 100 manata almışdır. Əlavə axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa bir əşya və predimet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi selloffan paket açılan zaman içərilərində yaşıl rəngli ot mənşəli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 2 ədəd paketin içərisində olan kütlələr el arasında «nəşə» adlanan narkotik vasitə marixuanadır, şəxsi istifadəsi üçün həmin marixuananı 24 fevral 2023-cü il tarixdə X6 100 manata aldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını və əvvəllər məhkum edilməmisini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 24 fevral 2023-cü il tarixdən 26 fevral 2023-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx.xx.2023-cü il tarixli, 1510 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Bakı Metropolitenində Polis Şöbəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 7,69 qram kusta üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 88 (səksən səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdən 26 fevral 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı Metropolitenində Polis Şöbəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 7,69 qram kusta üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar