Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-44/2022 29.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 59, mənzil 70 ünvanda yaşayan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 yaşadağı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsindəki 12A saylı evin 149 saylı mənzilində olduğu dövrdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 20.08.2021-ci il tarixdə yataq otağının divardan asılmış Zərərçəkmiş şəxs1 məxsus qiyməti 600 manat olan LG-82 markalı televizoru, daha sonra 01 sentyabr 2021-ci il tarixdə həmin otaqda olan dolabın siyirməsindəki Zərərçəkmiş şəxs2 məxsus qutunun içərisindən əyarı 585, çəkisi 3, 5 qram, qiyməti 180 manat olan qızıl qadın üzüyü, əyarı 585, çəkisini məlum olmayan qiyməti 200 manat olan qızıl qadın üzüyü, brilliant qaşlı, çəkisini məlum olmayan qiyməti 280 manat olan qızıl qadın üzüyü, istifadə olunmuş qiyməti 80 manat olan «Michael Kors» markalı MK-5372 modelli qızılı rəngli, kənarlarında kiçik ölçülü qaşları olan qadın qol saatını, yarasız vəziyyətdə və heç bir dəyəri olmayan «İPHONE» markalı mobil telefonu gizli talamaqla zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ümumi mülkiyyətlərində olan əmlakına cəmi 1340 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 59, mənzil 70 saylı ünvanda ayda 150 manat ödəməklə kirayəşin yaşayır. 2012-2014-cü illərdə hərbi xidmətdə olmuş, Bakı şəhərinin müxtəlif yerlərində fəhlə kimi işləmişdir. 2019-cu il tarixdə narkotik vasitə istifadə etməyə başlamış, qazandığı pulların çoxunu narkotik vasitəyə vermişdir. Zərərçəkmiş şəxs1 təxminən 10 ildir ki, tanıyır, atası Xaləddinin Oleqin dostudur, bu səbəbdəndə aralarında mehriban münasibətlər yaranmışdır. 2021-ci ilin iyul aynda Oleqin təklifi ilə o, təxminən 1 ay müddətinə onun yaşadığı mənzildə yaşamağa başlamışmışdır. Belə ki, onun arvadı Lada müvəqqəti olaraq qohumlarının yaşadığı Xaçmaz rayonuna getmişdir. O, həmir ərəfələrdə cox vaxt evdə tək qalmışdır.Oleq isə işdə olmuş, hətta Oleq evin giriş qapısının açarının bir nüsxəsini ona vermişdir. 20 avqust 2021-ci ildə 12 radələrində o evdə tək olan zaman mənzilin yataq otağında olan LG markalı televizoru yerindən çıxararaq tanımadığı taksi vasitəsi ilə Nizami rayonu, «Qara Qarayev» metrostansiyasının yaxınlığına aparmış, orada həmin televizoru üzdən tanıdığı «Malış» ləqəbli şəxsə göstərərək həmin televizorun müqabilində ondan narkotik vasitə heroin istəmişdir. «Malış» həmin televizoru götürmüş və ondan uzaqlaşmış, «Malış» televizor harasa aparıb təxminən bir saat sonra ora qayıtmışdır. «Malış» həmin televizorun müqabilində ona təxminən 1 qram çəkidə narkotik vasitə heroin vermişdir. Həmin axşam Oleqin yaşadığı evə qayıtmamışdır. Gecə Oleqin mobil telefonuna taksafon vasitəsi ilə zənq edərək evə qayıtmayacağı bu barədə məlumat vermişdir. Növbəti gün axşam radələrində o, Oleqin mənzilinə getmiş, onunla qonaq otağında oturmuşdur. Oleq yataq otağına keçmədiyi üçün televizoru oğurlamağından xəbəri olmamışdıır. İki gün keçdikdən sonra Oleq ondan televizorun harada olmasını soruşmuş, ilkin olaraq xəbəri olmadığını bildirmişdir, lakin bir necə gün sonra Oleqə televizoru oğurladığını etiraf etmiş və qaytaracağına söz vermişdir. Lakin o «Malış» dan televizoru geri ala bilmədiyi üçün Oleqlə münasibətləri kəskinləşdir və Oleqin mənzilindən çıxmaq qərarına gəlmişdir. 01.09.2021-ci il tarixdə səhər saatlarında Oleq ayaqyolu sahəsində olan zaman, o, yataq otağında olan açıq palıdı rənqli dolabın siyirtməsinə qoyulmuş qutudan 01 ədəd qol saatı, ağ rəngli qutudan 3 ədəd qızıl üzükləri və 01 ədəd «İphone» markalı telefonu götürərək əynindəki şortikin çibinə qoymuşdur. Həmin gün saat 10 radələrində o, Oleqlə birlikdə evdən çıxaraq getmişdir. Oleq iş yerinə getmiş, o, isə yenidən Nizami rayonu «Qara Qarayev» metrostansiyasının yaxınlığına getmişdir ki, «Malış»la görüşüb narkotik vasitə əldə etsin. Orada «Malış»la görüşmüş və həmin üzüklərin müqabilində ondan təxminən 3 qram narkotik vasitə heroin əldə etmişdir. «Malış» saatı bəyənməmiş, telefonu isə işləmədiyi üçün götürməmişdir. Daha sonra o, həmin saatı Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında olan hündür mərtəbəli binanın altındakı mağazaya 10 manat satmışdır, telefonu isə işləmədiyi üçün zibilliyə tullamışdır. Qeyd etdiyi oğurluq əməlinin törədilməsində ona köməklik edən şəxs olmamış, bu oğurluğu tək törətmişdir. Hər hansı bir xəstəlikdən əziyyət çəkmir və hər hansı bir dispanserdə qeydiyyatda deyildir. Oğurladığı 01 ədəd qol saatını Bakı şəhəri Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən mağazaya satan zaman həmin saatı oğurluq yolu ilə əldə etməyi barədə məlumat verməmiş, oğurladığı saatı mağazaya satan zaman bildirmişdir ki, saat özünə məxsusdur, həmçinin «Malış adlı şəxsə həmin əşyaları verən zaman bildirmişdir ki, ailəsinə məxsusdur, onlar qeyd olunan əşyaları oğurluq yolu ilə əldə etdiyini bimirdilər. «Malış» ləqəbli şəxsə həmçinin. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. O, narkotik vasitələri ancaq anket məlumatları bilmədiyi «Malış» ləqəbli şəxsdən əldə etmiş, arada ondan pul ilə narkotik vasitələri almış, onun yaşadığı ünvanı və telefon nömrəsini bilmir, dediyinə görə Ağdam rayon sakinidir, mütamadi olaraq «Qara Qarayev» metrostansiysının yaxınlığında olmuş, boyu 150 sm, qarabuğdayı, arıq bədən qurluşludur, sacı nisbətən uzun, gözləri yaşıl rənglidir. İstifadəsində mobil telefon aparatı olmamışdır. Hər-hansı bir ruhi əsəb dispanserində qeydiyyatda deyil və hər hansı bir psixi xəstəliyi yoxdur. Törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır, belə ki, onun atası Xaləddini də tanıyır. Xaləddin də onun kimi tornaçı peşəsinin sahibidir. Ruslanla və onun atası Xaləddinlə münasibəti yaxşı olmuşdur. Ruslan narkotik vasitələrinin aludəçisi olduğundan bir necə il əvvəl narkomaniyadan müalicə almış, hətta o Ruslanın müalicəsi uçün atası Xaləddinə maddi cəhətdən köməklik etmişdir, arada bir Ruslana cib xərcliyi üçün 5-10 manat pul da vermişdir. Ruslanın anası ilə atası ayrı yaşadıqlarından maddi vəziyyəti çətin olmuşdur. Ruslan cox vaxt atası Xaləddinin iş yerində gecələmişdir. Ruslanın atası Xaləddin Nərimanov rayonu «Ulduz» metrostansiyasımn yaxınlığında işləyir. 2021-ci ilin iyul ayının sonlarında həyat yoldaşı Zərərçəkmiş şəxs2 Xaçmaz rayonu Muxtadır kəndinə qohumları gilə getmişdir. Təqsirləndirilən şəxs həmin vaxtdan həyat yoldaşı Zərərçəkmiş şəxs2 qayıdanadək mənzilindən yaşamağı təklif etmiş, həmin vaxtdan təxminən 1 ay müddətinə, yəni 01 sentyabr 2021-ci ilə kimi onun mənzilində yaşamağa başlamışdır. Qeyd etdiyi kimi Ruslanın maddi durumu ilə əlaqədar onun atası Xaləddin ilə olan münasibətlərinə görə bir insan kimi ona bu təklifi etmişdir. 2021- ci ilin avqust ayının ortalarında yaşadığı mənzilin yataq otağında olan LG-82 markalı televizoru oğuraldığmı aşkar etmişdir. Ruslandan telefızoru neyləməsi ilə əlaqədar soruşduqda, o, əvvəl etiraf etməmiş, bir gün sonra etiraf edərək televizoru götürdüyünü, qaytaracağını bildirmişdir. Ruslan müxtəlif bəhanələr gətirməklə telefızoru hara verməsi barədə dəqiq məlumat verməmişdir. Ruslan ona söz vermişdir ki, qısa zamanda telefızoru gətirib yerinə qoyacaqdır. 01 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Ruslan onunla birlikdə yaşadığı mənzildən çıxmış, Həmin gün arvadım Zərərçəkmiş şəxs2 Xaçmaz rayonundan qayıtdı, Zərərçəkmiş şəxs2 mənzilə qayıtdıqdan sonra bizə məlum oldu ki, Ladanm istifadəsində olan 03 ədəd qızıl üzük, 01 ədəd qadın qol saatı və 01 ədəd yararsız «İphone» markalı telefon yataq otağında olan açıq palıdı rəngli dolabın siyirməsindən oğurlanmışdır. Bunu aşkar etdikdən sonra təxminən 1 həftə bu barədə onun atası Xaləddinə demiş, lakin Ruslanı tapmaq mümkün olmamışdır. Bundan sonra o məcbur olub Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Qızılların oğurlanması barədə Təqsirləndirilən şəxs heç nə deməmişlər, ancaq televizoru oğurladığına görə bilmişlər ki, qızılları da o oğuralmışdır. Bu barədə Ruslanın qohumu Novruz adlı şəxslə telefon vasitəsi ilə danışdıqda, Novruz qızılların Ruslan tərəfindən oğurlanmasını bizə dedi və həmin qızıllardan bir ədəd brilliant qaşlı qızıl üzüyü «20 Yanvar» dairəsində lambarda 155 manata verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs mənzildən yataq otağında divardan açılmış qiyməti 600 manat olan LG-82 markalı televizoru, həmin otaqda olan açıq palıdı rəngli dolabın siyirməsindən qutunun içərisindən əyarı 585, çəkisi 3, 5 qram, qiyməti 180 manat olan qızıl üzüyü, əyarı 585, çəkisini bilmədiyi qiyməti 200 manat olan qızıl üzüyü, brilliant qaşlı, çəkisini bilmədiyi qiyməti 280 manat olan qızıl üzüyü, 7 il bundan əvvəl, yəni 2014-cü ildə 500 ABŞ dollarına yəni azərbaycan manati ilə 400 manata aldıqları «Michael Kors» markalı MK-5372 modelli qızılı rəngli, kənarlarında kiçik ölçülü qaşları olan qadın qol saatını, arvadı Zərərçəkmiş şəxs2 məxsus yarasız vəziyyətdə olan heç bir dəyəri olmayan «İPHONE» markalı mobil telefonu oğurlamışdır. Oğurlanmış əşyaları o özü almışdır. Lakin arvadı Ladanm istifadəsində olmuşdur. Mənzildən oğurlanmış qeyd olunan əmlak onun və həyat yoldaşı Zərərçəkmiş şəxs2 ümumi mülkiyyətində olmuşdur. Həmçinin təqsirləndirilən şəxsə köməklik göstərdikləri halda, evlərinə buraxdıqları halda onun belə bir hərəkət etməsi onlara pis təsir etmişdir. Onlara dəymiş ziyan hələ də ödənilməmişdir, şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində doğulmuş, atası azərbaycanlıdır, anası rus milliyətindəndir, özü isə azərbaycanlıdır. Azərbaycan dilini tam bilir və başa düşür. ünvan 4 ünvanda əri X3 ilə birlikdə yaşayır. Ruslan adlı şəxsi əvvələr görməmiş və onunla hec bir münasibəti olmamışdır, onun barəsində əri Oleqdən eşitmişdir, Oleqin Ruslanın atası ilə də münasibəti vardır, Oleqin sözlərinə görə dəfələrlə Ruslana maddli köməklik etmiş, ona yemək almışdır. Təxminən 2021- ci ilin iyul ayının əvvələrində o qohumlarının yaşadığı Xaçmaz rayonu, Muxtadır kəndinə qonaq getmişdir. 01 sentyabr 2021-ci il tarixdə o yaşadığı ünvana qayıtdıqda məlum olmuşdur ki, evdə olmadığı müddət ərzində əri Oleqin dəvəti ilə mənzildə yaşayan Təqsirləndirilən şəxs yataq otağında olan 01 ədəd 600 manat dəyərində LG-82 markalı televizoru, yataq açıq palıdı rəngli dolabın siyirməsindən 3,5 qram çəkidə 585 əyarlı 180 manat dəyərində 01 ədəd qadın üzüyü, brilliant qaşlı 585 əyarlı 280 manat dəyərində 01 ədəd qadın üzüyü, 585 əyarlı 200 manat dəyərində 01 ədəd qadın üzüyü və təxminən 7 il bundan əvvəl, yəni 2014-cu ildə 500 ABŞ dollara, yəni azərbaycan manati ilə 400 manata aldıqları 01 ədəd “Michael Kors» markalı qadın qol saatını, həmçinin yarasız vəziyyətdə və heç bir dəyəri olmayan «İphone» markalı telefonu oğurlamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs1 oğurladığı əşyaları gətirib qaytaracağına söz vermiş, lakin Ruslan sözünə əməl etmədiyindən Oleq Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Mənzilimizdən oğurlanmış əşyaları birgə nigah dövründə həyat yoldaşım Zərərçəkmiş şəxs1 almışdır, həmin oğurlanmış əşyalar onların ümumi mülkiyyətində olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri «Memar Əcəmi» metrostansiyasmın yaxınlığında Nəsimi rayonu5-ci mikrarayon M.Cəfərov küçəsindəki 16 saylı evin 1-ci mərtəbəsində qerləşən 56 kvadoat metr qeyri yaşayış sahəsini icarəyə götürüb mağaza kimi işlədir. 2021-ci ilin sentyabr ayının əvvələrində özünü Ruslan kimi təqdim edən şəxs mağazaya gələrək uşağının xəstə olduğuna görə qol saatını 10 manata satdığını bildirmişdir. Ona saatı almayacağmı bildirmiş, lakin Rüslan uşağının müalicəsi üçün 10 manat lazım olduğunu, dərman almaq istədiyini bildirmişdir.Bundan sonra Ruslana 10 manat pul vermiş, saatı da özü ilə götürüb getməsini xahiş etmişdir. 10 manat pulu aldıqdan sonra qol saatını vitrinin üzərinə qoyub çıxıb getmişdir. Həmin qol saatı «Michael Kors» markalı olmuşdur. Ruslan həmin qol saatının cinayət yolu ilə əldə etməsçi barədə ona heç bir məlumat verməmiş, uşağına dərman almaq üçün satdığını bildirmişdir, Ruslan adlı şəxsi əvvəlcədən tanımamış və ondan saatı alan vaxt onu ilk dəfə görmüş, sonuncu dəfə isə polis əməkdaşları ilə 28.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə işlədiyi mağazaya gələrək görmüşdür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 20.10.2021-ci il tarixli, 9/6956 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş «Michael Kors» markalı qol saatı 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 80 manat təşkil edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərin ziyanları ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdə tutulmuş, sonra o, 27 sentyabr 2021-ci il tarixdə həbsdən azad edilib və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, 10.04.2022-ci il tarixdə tutulmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Həmçinin Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə taqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4 (004) -281 /2022 saylı, 12.04.2022-ci il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri də seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd «Michael Kors» markalı qol saatı saxlanması üçün Zərərçəkmiş şəxs1 məsul saxlancına verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Michael Kors» markalı qol saatının Zərərçəkmiş şəxs1 təhfil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-44/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-44/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver