Məhkəmə qərarları › İş №1(004)-442/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-442/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-442/2022 19.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, X12 massivində qeydiyyatda olan barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, eləcə də ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşya ilə istifadə etməklə qərəzli xuliqanlıq hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 8 ünvanında yerləşən “SPACE” televiziya kanalının qarşısında qeyri rəsmi nikah münasibətində olan Zərərçəkmiş şəxs1 və sonuncunun bacısı Zərərçəkmiş şəxs2 ilə söhbət edərkən sonuncunun ona bacısı Zərərçəkmiş şəxs1 ilə münasibətlərini sonlandırmasını tələb edərkən o, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib küçədə sonuncuların ünvanına nalayiq söyüşlər işlədərək hadisə yerinə toplanmış vətəndaşların gözü qarşısında cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarını pozub heç bir əsaslı səbəb olmadan yumruğu, yəni sağ əlinin ovuc hissəsində saxladığı silah qismində istifadə etdiyi avtomobil açarı ilə Zərərçəkmiş şəxs1 çənə nahiyəsinə bir dəfə qəsdən vurub sonuncuya sol yanaq nahiyəsində çənə şaxəsi proyeksiyasının qançırı və əzilmiş yarası kimi həm ayrı-ayrılıqda, həm də ümümilikdə dərəcələri təyin olunmayan sağlamlığa zərər vurmayana aid xəsarətlər yetirmiş, həmin zaman Zərərçəkmiş şəxs2 ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirərək yumruq zərbəsindən yerə yıxılmış bacısı Zərərçəkmiş şəxs1 yerdən qaldırmağa cəhd edərkən Təqsirləndirilən şəxs yumruğu, yəni həmin sağ əlinin ovuc hissəsində saxladığı silah qismində istifadə etdiyi avtomobil açarı ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə bir neçə dəfə qəsdən vurub sonuncuya baş beyin silkələnməsi kimi dərəcəsinə gorə həm ayrıayrılıqda, həm də ümümlikdə qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarəti və burun belinin şişkinliyi, qançırı və əzilmiş yarası, sol saidin şişkinliyı və qançırı kimi dərəcələri təyin olunmayan sağlamlığa zərər vurmayan aid xəsarət yetirməklə qərəzli hərəkətlər etməklə xüliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının əvvələrindən bu günə kimi idarə etdiyi “Mercedes Benz 250” minik markalı Az ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 ilə “Facebook” sosial şəbəkəsində tanışı olmuş, bundan sonra 2022-ci ilin fevral ayının əvvələrindən 20 iyun 2022-ci il tarixədək onun Zərərçəkmiş şəxs1 ilə qeyri rəsmi olaraq yaxın münasibətləri olmuşdur. Onun Zərərçəkmiş şəxs1 ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. 20 iyun 2022-ci il tarixdə saat təxminən 15:30 radələrində Səbinə ilə telefon vasitəsi ilə danışan zaman onların aralarında mübahisə yaranmışdır. Bundan təxminən 20 dəqiqə sonra Səbinə ona zəng edərək “SPACE” TV kanalının qarşısında olduğunu bildirmiş və o həmin yerə getmişdir. Orada o Zərərçəkmiş şəxs1 bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə olduğunu görüb onlara yaxınlaşaraq Səbinəyə onunla birgə evə getməsi üçün idarə etdiyi avtomobilə minməsini xahiş etmişdir. Bu zaman Səbinənin bacısı Gülər ona irad tutaraq bacısı Səbinədən uzaq durmasını və münasibətlərinə son qoymasını bildirmişdir. Gülərin bu sözlərinə cavab olaraq, onların işlərinə qarışmamağını bildirmiş və bu zəmində onların arasında sözlə mübahisə yaranmışdır. Bundan sonra o Səbinəyə Gülərin onların işlərinə nəyə görə qarışdığını irad tutaraq Səbinənin çənə nahiyəsindən bir dəfə vurmuş, həmin zərbədən Səbinə yerə yıxılmışdır. Bu zaman Gülər onun üstünə hücum edərək əli ilə onu vurmaq istəyərkən, o Gülərin bu hərəkətlərindən əsəbiləşərək əli ilə Gülərin sifət nahiyəsinə iki dəfə vurmuş və həmin zərbələrdən Gülər yerə yıxılmışdır. Bundan sonra o həmin hadisə yerindən çıxıb getmişdir. Hadisə zamanı onun əlində açar dəsti olmuş, lakin o Səbinə və Güləri yalnız əli ilə vurmuş, yəni Səbinə və Güləri vuran zaman həmin açar dəsti onun digər əlində olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Milli Konservatoriyası nəznində musiqi kollecində musiqi müəlliməsi vəzifəsində işləyir. 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ilə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur və bundan sonra onların şəxsi münasibətləri yaranmışdır. Rafayıl ilə münasibətləri olan dövrdə Rafayıl dəfələrlə onu söyərək şiddət göstərmiş və onun bu hərəkətlərinə cavab olaraq onunla olan münasibətlərinə son qoymaq istədiyini bildirmişdir. Lakin Rafayıl onunla əlaqəni kəsəcəyi təqdirdə, onu üzərinə kislota tökərək yandıracağı ilə və ya avtomobil ilə vuraraq öldürəcəyi ilə hədələmişdir. Bundan əlavə Rafayıl dəfələrlə onun yaşadığı ünvanın qarşısına və iş yerinə gələrək onunla yenidən görüşməyini təklif etmiş, o isə ona rədd cavabını vermişdir. Rafayılın bu hərəkətlərindən bezdiyi həmdə qorxduğu üçün o bu barədə bacısı Gülərə danışmışdır. 20 iyun 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində o “28 may” metrostansiyasının qarşısında olan zaman Rafayıl onun mobil telefonuna zəng edərək onun harada olduğunu soruşmuş, o isə onun bu sualına cavab olaraq “28 may” metrostansiyasının qarşısında olduğunu bildirmiş, lakin Rafayıl onun bu cavabı ilə kifayətlənməyərək onu söyüb təhqir etmişdir. Bundan sonra o bacısı Gülərlə əlaqə saxlayıb ona bu barədə məlumat verərək onunla birlikdə evə getmək məqsədi ilə “SPACE” TV kanalının qarşısında görüşmüşdür. O bacısı ilə görüşən zaman Rafayıl ona yenidən zəng edərək onun harada olduğunu soruşmuş, o isə olduğu yeri demişdir. Təxminən 15 dəqiqədən sonra Rafayıl idarə etdiyi avtomobil ilə onların olduğu yerə gəlmiş və onlara yaxınlaşaraq ona idarə etdiyi avtomobilə əyləşməyi təklif etmiş, o isə Rafayılın bu təklifindən imtina edərək Rafayıla ona olan sözünü bacısının yanında deməyini bildirmişdir. Həmin vaxt bacısı Gülər Rafayıla irad tutaraq ondan uzaq durmağını, onunla münasbətinin və əlaqəsinin kəsməsini bildirmişdir. Bundan sonra Rafayıl onun və Gülərin ünvanına nəlayiq söyüşlər söymüş, onları təhqir edərək, Gülərin hansı əsasla onların şəxsi işlərinə qarışdığını irad tutaraq sağ əlində tutduğu avtomobilinin açarı ilə onun çənə nahiyəsinə bir dəfə vurmuş o isə həmin zərbədən yerə yıxılmış və ağzından qan gəlmişdir. Bundan dərhal sonra Gülər onu yerdən qaldırmaq istəmiş, lakin Rafayıl onları bir daha təhqir edərək əlində tutduğu açarla Gülərin sifət nahiyəsinə bir neçə dəfə vurmuş, həmin zərbələrdən Gülər sol qolu üstdə yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin hadisə yerindən çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə dəfələrlə onu təhqir etmişdir və məhkəməyə barışıq ilə bağlı ərizə təqdim etmədiyi tədqirdə onun üzərinə kislota tökərək öldürəcəyi ilə hədələmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Poliklinikasında tibb bacısı işləyir. Zərərçəkmiş şəxs1 onun bacısıdır. Səbinə 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ilə “Facebbok” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur və bundan sonra onların şəxsi münasibətləri yaranmışdır. Bir müddət sonra Səbinə ona demişdir ki, Rafayıl özünü onunla aqressiv aparır, onu dəfələrlə söyüb təhqir edir və bu səbəbdən Səbinə məcbur olaraq Rafayıl ilə olan münasibətlərinə son qoymaq qərarına gəlmişdir. X10 söyüb təhqir edərək onunla əlaqəni kəsdiyi tədqirdə onun üzərinə kislota tökərək yandıracağı ilə və ya avtomobillə vuraraq öldürəcəyi ilə hədələyir. O Səbinənin dediklərini eşitdikdən sonra Rafayıl ilə görüşərək bu məsələyə aydınlıq gətirmək qərarına gəlmişdir. 20 iyun 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində Səbinə “28 may” metrostansiyasının qarşısında olan zaman Rafayıl ona zəng edərək onun harada olduğunu soruşmuş, Səbinə isə olduğu yeri demişdir. X8 bu cavabı ilə kifayətlənməyərək onu söyüb təhqir etmişdir. Bundan sonra Səbinə onunla telefon vasitəsi ilə əlaqə saxlayıb ona bu barədə məlumat vermiş və onlar “SPACE” TV kanalının qarşısında görüşərək birlikdə evə getmək qərarına gəlmişlər. O Səbinə ilə “SPACE” TV kanalının qarşısında görüşdükdən qısa müddət sonra Rafayıl Səbinəyə zəng edərək onun harada olması barədə maraqlandıqdan sonra idarə etdiyi avtomobil ilə onların olduğu yerə gəlmişdir. Bundan sonra Rafayıl onlara yaxınlaşaraq Səbinəyə onun idarə etdiyi avtomobilə əyləşməyi təklif etmiş, lakin Səbinə onun bu təklifinə rədd cavabı vermiş, o isə Rafayıla Səbinədən uzaq durmağını, onunla münasbətinin və əlaqəsinin kəsməsini bildirmişdir. Onun sözlərinə cavab olaraq Rafayıl ona irad tutub onların işlərinə qarışmamasını bildirərək küçədə onun və Səbinənin ünvanlarına qarşı nəlayiq söyüşlərlə söyüb təhqir edərək sağ əlində tutduğu açar dəsti ilə Səbinənin çənə nahiyəsinə bir dəfə vurub Səbinəni yerə yıxmışdır. Rafayılın yetirdiyi zərbədən sonra Səbinənin ağzından qan gəlmişdir. Bu zaman o, Səbinəni yerdən qaldırmaq istəmiş, lakin Rafayıl onları yenidən küçə söyüşləri ilə təhqir edərək əlində olan açar dəsti ilə onun sifət nahiyəsinə bir neçə dəfə vurub onuda yerə yıxmışdır. Bundan sonra Rafayıl oradan çıxıb getmişdir. Həmin hadisə təxminən 10-15 dəqiqə davam etmiş, o hadisəni telefon vasitəsi ilə videoya çəkmişdir və qeyd edilən video görüntü zamanı Təqsirləndirilən şəxs əlində açar dəsti olduğu aydın şəkildə görünür. Bundan sonra Səbinə həmin baş vermiş hadisə barədə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə dəfələrlə Səbinəni və onu təhqir etmişdir və məhkəməyə barışıq ilə bağlı ərizə təqdim etmədiyi tədqirdə Səbinənin üzərinə kislota tökərək öldürəcəyi ilə hədələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, həmin tarixdən bu günə kimi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 8 ünvanında yerləşən “Space” TV kanalında müxbir vəzifəsində işləyir. 20 iyul 2022-ci il tarixdə saat təxminən 16 radələrində “Space” TV həyətində mühafizəçisi işləyən Şahid1 ilə söhbət edərkən görmüşlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nəlayıq küçə söyüşləri ilə təhqir edib əli ilə onların hər ikisinin sifət və ağız nahiyələrinə vuraraq yerə yıxmışdır. Bundan dərhal sonra həmin hadisə yerinə küçədən keçən şəxslər toplaşmışlar, o və Rəman dayandıqları ərazidən həmin baş vermiş hadisə yeri olan küçəyə tərəf gedib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxınlaşmışlar. Həmin vaxt Səbinə və Gülərin üz nahiyəsinin qanadığını görmüşlər. Onlar Səbinə və Gülərə yaxınlaşan zaman Rafayıl hadisə yerindən uzaqlaşaraq getmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 157-159-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvələrindən ifadə verdiyi günə kimi Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 8 ünvanda yerləşən «Space TV» kanalında mühafizətçi vəzifəsində işləyir. 20 iyul 2022-ci il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 8 ünvanında yerləşən «Space TV» inzibati binasının dəmir barmalıqları ilə hazara alınmış ərazisində mühafizətçilik edən zaman və «Space TV» kanalının müxbiri Şahid2 ilə söhbət edərkən, həmin ünvanın qarşısında yerləşən küçədə sonradan Yasamal RPl-nın 26-cı PB-də təhqiqat zamanı adları və soyadları onlara məlum olan Hüseynova Şəbinə və Zərərçəkmiş şəxs2 bacılarını Təqsirləndirilən şəxs tərəfindən onların ünvanlarına qarşı nəlayıq küçə söyüşlərlə təhqir edərək onların üstlərinə hüçum edərək əli ilə onların hər ikisində sifət və ağız nahiyələrinə vurduğunu və onların yerə yıxıldıqlarını görmüşdür. Bu zaman həmin hadisə yerinə küçədən keçən şəxslər toplaşaraq Təqsirləndirilən şəxs öz iradlarını bildirmişlər, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs həmin şəxslərə heç bir əhimiyyət verməyərək Səbinəni və Güləri ünvanlarına qarşı nalayıq küçə söyüşləri ilə soyub təhqir etmişdir. Bundan sonra o və Şahid2 həmin hadisənin qarşısını almaq məqsədi ilə Təqsirləndirilən şəxs öz iradlarını bildirib, mühafizə etdiyi ərazidən həmin baş vermiş hadisə yerinə getmişlər, lakin həmin vaxt Rafayıl hadisə yerindən uzaqlaşaraq getmişdir. Bundan sonra o və Kamal Zərərçəkmiş şəxs1 çənə nahiyəsindən və Zərərçəkmiş şəxs2 isə burun nahiyəsindən xəsarət aldıqlarını görmüşlər. Bundan sonra onlara köməklik göstərərək və baş vermiş hadisə barədə polisə şikayət etmələrini bildirmişlər. Elə həmin gün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilk növbədə DİN-nın 102 zəng xidməti mərkəzinə məlumat vermişlər və sonra isə Yasamal RPl-nin 26-cı PB-nə şikayət ərizələri ilə müraciət etmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Yasamal RPİ-nin 26-cı PB-nə müraciətlərındən sonra 05 iyul 2022-ci il tarixdə o, və Kamal Hüsyenli həmin polis bölməsinə dəvət olunmuşlar və orada baş vermiş hadisə barədə ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanının qarşısı olduğu müəyyən edilmişdir. (i.v. 26-28) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 20 iyun 2022-ci il tarixli, 615 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan burun belinin şişkinliyi, qançırı və əzilmiş yarası, sol saidin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 20 iyun 2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 34-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 20 iyun 2022-ci il tarixli, 616 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət - sol yanaq nahiyəsində çənə şaxəsi proyeksiyasının qançırı və əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 20 iyun 2022-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələr təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 38-40) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə iradəsini yerində yoxlanılarkən Təqsirləndirilən şəxs tərəfindən əlində tutduğu avtomobil açarı ilə birlikdə onun sifət nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona xəsarət yetirməsi yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinin materialına əlavə edilmişdir. (i.v. 120-123) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, X4 göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə ifadəsini yerində yoxlanılarkən Təqsirləndirilən şəxs tərəfindən əlində tutduğu avtomobil açan ilə birlikdə çənə nahiyəsinə bir dəfə qəsdən vuraraq ona xəsarət yetirməsi yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinin materialına əlavə edilmişdir. (i.v. 134-137) “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi xususatları aydınlaşdırmaq məqsədi ilə ifadəsini yerində yoxlanılarkən o, törətdiyi cinayət əməlini hadisə yerində əyanı şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinin materialına əlavə edilmişdir. (i.v. 134-137) 21 iyul 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı X6 Məmmədov tərəfindən əlində tutduğu avtomobil açarı ilə birlikdə çənə nahiyəsinə bir dəfə qəsdən vuraraq ona xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirmişdir. (i.v. 148-151) 23 iyul 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən əlində tutduğu avtomobil açarı ilə birlikdə onun sifət nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirmişdir. (i.v. 152-155) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 27 iyul 2022-ci il tarixli, 12/615 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarellər – baş beyin silkələnməsi ilə müşayiət olunan burun belinin şişkinliyi, qançırı və əzilmiş yarası, sol saidin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 20 iyun 2022-ci il tarixdə əmələ gələ bilərdilər, baş beyin silkələnməsi dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, burun belinin şişkinliyi, qançırı və əzilmiş yarası, sol saidin şişkinliyi və qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş baş beyin silkələnməsi ilə müşayiət olunan burun nahyiəsinin qançırı və əzilmiş yarası, sol saidin qançırı xarakterinə görə həm yumruqla və eləcə də dəmir əşya ilə (dəmir açarla) yetirilə bilərdilər. Qeyd olunan xəsarətlər nahiyəsində əşyanın fərdi xüsusiyyətləri saxlanılmadığından hansı küt əşya ilə yetirilməsini demək mümkün deyildir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 168-172) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 27 iyul 2022-ci il tarixli, 13/616 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət - sol yanaq nahiyəsində çənə şaxəsi proyeksiyasının qançırı və əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 20 iyun 2022-ci ıl tarixdə əmələ gələ bilərdi, həm ayrı-ayrılıqda, həm də ümümlikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş sol yanaq nahiyəsində çənə şaxəsi proyeksiyasının qançırı və əzilmiş yarası əllə və dəmir əşya ilə (alətlə) yetirilməsi mümkündür. Xəsarət nahiyəsində əşyanın fərdi xüsusiyyətləri saxlanılmadığından hansı kut əşya ilə yetirilməsini demək mümkün deyildir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 173-176) İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, X1 əlində açar dəsti vardır və o həmin açar dəstini bir əlindən digər əlinə keçirməklə aqressiv hərəkətlər edir. Məhkəmə, təqsirləndirilən şəxs X1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərbə endirərkən əlində açar dəstinin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.3-cü maddəsinə əsasən bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 iyul 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 177) “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da tutulmuşdur. (i.v. 210-211) “Təqsirləndirlən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 240-242) “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 243-244) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 1(004)- 442/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirləndirilən şəxs xx xxxxx 1985-ci il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, X12 massivində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbs edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Elektron Məhkəmə Sistemiondən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində birazyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablanmalı, 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar