Məhkəmə qərarları › İş №1(004)-442/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-442/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-442/2024 04.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Yasamal rayonu ərazisində yerləşən “Saf Su” mağazasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 10 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,369 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 00:15 radələrində Yasamal rayon Polis idarəsinin X1 əməkdaşları tərəfindən ünvan 3 ünvanda saxlanılaraq Yasamal rayon Polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,369 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü sonda təqsirli bilsə də ilkin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, lakin həmin gün üzərində narkotik vasitə olmamışdır, polis idarəsində stolun üstündə olan narkotik vasitəni cibinə qoymuş və məcbur olub əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində görünür ki, o, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən bir il müddətdir ki, narkotik vasitə istifadə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Saf Su” mağazasının yaxınlığında olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin almışdır. Həmin bükümü sonra istifadə etmək üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra Yasamal rayonu Şərifzadə küçəsinə gəlmişdir. Həmin yerdə tanışı Eminlə rastlaşmışdır. Bir qədər dayanıb söhbət edən zaman xx.xx.2024-cü il tarixə keçən gecə saat 00:15 radələrində ünvan 3 ünvanda küçədə olan zaman mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlarla söhbət zamanı narkotik vasitə və psixotrop maddə istifadəsində şübhəli olduqlarını deyərək onu və Emini Yasamal rayon Polis idarəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Orada müdafiəçi dəvət olunmuşdur. Sonradan polis idarəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kiçik ölçüdə şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan açıldıqda içərisindən bir neçə saat əvvəl aldığı həmin narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman özünə məxsus bir ədəd “Samsung A10” markalı mobil telefondan savayı qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə və telefonu təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitəni bir neçə saat əvvəl, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində Yasamal rayonu ərazisində yerləşən “Saf Su” mağazasının yaxınlığında olan zaman tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra polislər onun təqdim etdiyi həmin narkotik vasitəni və mobil telefonunu zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin özünə məxsusdur, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Yasamal rayonu ərazisində yerləşən “Saf Su” mağazasının yaxınlığında olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində almış, həmin bükümü şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini satmaq, hər hansı şəxsə bağışlamaq, nəyinsə müqabilində hədiyyə etmək fikri olmamışdır. Onun narkotik vasitə heroin əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 00:15 radələrində ünvan 5 ünvanda onunla birlikdə saxlanılaraq Yasamal rayon polis idarəsinə dəvət olunmuş X6 uzun müddətdir tanıyır, onunla münasibətləri yaxşı olmuşdur, Eminlə aralarında əvvəllər hər hansı ədavət, düşmənçilik, qərəzli münasibətləri olmamışdır. Saxlanılan zaman o, X5 üzərində narkotik vasitə olduğunu bilmirmiş, bu barədə polis idarəsində sonradan məlumatı olmuşdur. O, heç vaxt X4 istifadə etmək, satmaq və ya daşımaq üçün narkotik vasitə və ya psixotrop maddə almamışdır. Saxlanılan zaman X5 onun üzərində narkotik vasitə olması barədə heç bir məlumatı olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Saf Su” mağazasının yaxınlığında olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində almış, həmin narkotik vasitəni X4 almamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özü etiraf etməsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2012-ci ildən, tutduğu vəzifədə, yəni Yasamal rayon Polis idarəsinin X1 əməliyyat müvəkkili vəzifəsində 2021-ci ildən, hazırda polis kapitanı rütbəsi ilə xidmət edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Bağ evi 1/71-1371 ünvanda qeydiyyatda olmaqla, ünvan 8an X5 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 23 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və NMB-nin kiçik inspektoru Şahid3la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Yasamal rayonu, X.Dadaşov küçəsinə getmişlər. xx.xx.2024-cü il tarixə keçən gecə saat 00:15 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi 590 ünvanın qarşısında Emin Kərimovu görüb ona yaxınlaşmışlar. Emin Kərimovun yanında bir nəfər sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs də olmuşdur. Özlərini təqdim etdikdən sonra Emin Kərimova narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar hər iki şəxsi Yasamal rayon Polis idarəsinə dəvət etmişlər. Həmin şəxslər də heç bir etiraz etməyib onlarla polis idarəsinə gəlmişlər. Yasamal rayon Polis idarəsində Emin Kərimovun yanında olan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Yasamal rayon Polis idarəsində onların iştirakı ilə həmin şəxslərin hər birinə ardıcıl olaraq şəxsi axtarış keçirilmişdir. Yasamal rayon Polis idarəsinin inzibati binasında təhqiqatçı Ariz Qədiməliyev və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Cavid üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Caviddən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü və sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Saf Su” mağazasının yaxınlığında olan zaman tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və NMB-nin kiçik əməliyyat müvəkkili Şahid3 ifadələrində Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişlər. Cinayət işinin 21-ci vərəqəsində olan 02 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Yasamal rayonu prokuroru Elman Süleymanovun 03 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 38-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2417 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 42” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi - 0,369 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,369 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,319 qram təşkil edir. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 109-115-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,319 qram çəkidə olan narkotik vasitə heroin və DVD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Yasamal RPİ-nə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3277 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixli Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 il 04 ay 29 gün hissəsini çəkmək üçün məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə keçirilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2 bəndinə əsasən azad edilib. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir və onun əməlində cinayətlərin residivi vardır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan büküm və şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özü əvvəl etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində xx.xx.2022-ci il təvəllüdlü Ramil adlı 1 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, xx.xx.2019-cu il tarixli Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 il 04 ay 29 gün hissəsini çəkmək üçün məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə keçirilməsi, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2 bəndinə əsasən azad edilməsini, cəza müddəti başa çatdıqdan sonra məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədiyi halda, yenidən qəsdən az ağır cinayət törətməsi əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 04 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun 02 may 2024-cü il tarixdən (saat 01:10) - 03 may 2024-cü il tarixədək (saat 18.45) 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx.xx.2024-cü il tarixli, 3277 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,319 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdən (saat 01:10) - 03 may 2024-cü il (saat 18.45) tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmün icrası bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,319 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar