Məhkəmə qərarları › İş №1(004)-443/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-443/2021

23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-443/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Zaqatala rayonunda anadan olmuş, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmiş, eləcə də ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki o, 04 iyul 2021-ci il tarixdə, saat 18 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanda yerləşən 286 nömrəli məktəbin qarşısında olarkən həmin yerdən keçməklə ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə gedən Zərərçəkmiş şəxs onunla münasibət qurmamasına görə irad bildirərək, alkoqol sərxoşluğu vəziyyətində öz şəxsiyyətini Zərərçəkmiş şəxs və ətrafda olan digər şəxslərin fövqündə qoyaraq, heç bir əsaslı səbəb olmadan, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə həmin yerdə N.Xasayevlə mübahisə edib ucadan səs-küy salaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, həmin səs-küyə görə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətməyə, səs-küy salmağa davam etməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, bununla kifayətlənməyərək əlində olan silah qismində istifadə etdiyi dəmir açar ilə vuraraq ona sol bazunun hematoması və qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa o, 13 sentyabr 2020-ci il tarixdə Zaqatala rayonunda vəfat etmiş atası Ramazan Musayevdən qalmış bir ədəd tünd boz rəngli materialdan hazırlanmış uzunluğu 135 mm, eni 26 mm, qalınlığı 12 mm ölçüdə dəstəyi olan və 95 mm uzunluğunda, 27 mm enliyində, 3 mm qalınlığında tiyəsi olan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, Yasamal RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM- nin 221.1-ci maddəsi ilə şübhəli şəxs kimi axtarışda olan zaman Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2021-ci il tarixdə, saat 12:45 dəqiqədə ünvan 3 ünvanda yerləşən “Azərpoçtun” inzibati binasının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsinin inzibati binasında əynində olan qara rəngli şalvarın arxa hissəsinə keçirilmiş qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən həmin bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Bakı Şəhər Binəqədi Rayon İcra və Probasiya şöbəsində köməkçi işlədiyi dövrdən tanıyır. Onunla fikri ciddi olmuşdur. Bir neçə dəfə onunla görüşərək söhbət edib onunla ailə qurmaq istədiyini bildirmişdir. Natavan isə ona vermiş olduğu cavabında bir müddət gözləyib bir birilərini daha da yaxından tanımalı olduqlarını bildirmişdir. Bundan sonra onların arasında münasibət yaranmış və gündəlik olaraq əlaqə saxlamışlar. Bir müddət sonra bir sıra səbəblərdən Natavan ilə arasında olan münasibət pozulmuşdur. Natavan artıq onunla danışıb görüşmək istəməmişdir. 04.07.2021-ci il tarixdə, saat 17 radələrində Natavan anası və az yaşlı oğlu ilə bağçadan gələn zaman, Bakı şəhəri, Yasamal rayonu 286 saylı məktəbin qarşısında rastlaşmışdır. Həmin vaxt içkili olmuş, yəni 2-3 “bakal” pivə içmişdir. Natavana yaxınlaşaraq ondan hansı səbəbdən ailə qurmaq istəmədiyini soruşduqda Natavan onun əlindən çıxaraq heç bir münasibətlərinin olmayacağını bildirdiyinə görə o, əsəbiləşərək sillə ilə Natavanın qulağından bir dəfə vurmuş və bu zərbədən Natavanın qulağında olan sirğa onun qulağını zədələmiş və o yerə yıxılmışdır. Daha sonra isə Natavanı qolundan tutaraq yerdən qaldırmışdır. Bu zaman anası Məhsəti Natavanın yanında gələrək onu hadisə yerindən uzaqlaşdırmışdır. Üzərindən aşkar olunmuş bir ədəd bıçaq isə 13 sentyabr 2020-ci il tarixdə Zaqatala rayonunda vəfat etmiş atası Ramazan Musayevdən yadigar qalmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirdi ki, hadisə zamanı onun əlində açar olmamış, Zərərçəkmiş şəxs əli ilə 1 dəfə vurmuş, həmin vaxt hadisə yerindən kənarda bir necə şəxs olmuşdur. Hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxsdən üzr istəmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə həm 15 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində, həm də 17 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində, eləcə də uzun müddət sonra 28 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən bütün ifadələrində göstərmişdir ki, “Zərərçəkmiş şəxs Binəqədi rayon icra və probasiya şöbəsində köməkçi işlədiyi dövrdən tanıyır. Onunla fikri ciddi olmuşdur. Bir neçə dəfə onunla görüşərək söhbət edib onunla ailə qurmaq istədiyini bildirmişdir. Natavan isə ona vermiş olduğu cavabında bir müddət gözləyib bir birimizi dahada yaxından tanımalı olduqlarını bildirmişdir. Bundan sonra onların arasında münasibət yaranmış və gündəlik olaraq əlaqə saxlamışlar. Hətta maddi çətinlik çəkdiyi vaxtlar bir birilərindən bir neçə dəfə 200-300 manat borca pul alıb sonra qaytarmışlar. Sonuncu dəfə o, Natavandan 2021-ci ilin may ayında 1000 manat pul almışdır. Natavan onun çay evi götürüb işlətmək istəyini bilmiş və bundan sonra özü maddi köməklik göstərəcəyini bildirmişdir. O, razılaşmış və Natavandan 1000 manat pulu borca almışdır. Lakin pulu alan zaman geri qaytaracağını söz versədə maddi vəziyyəti pis olduğuna görə onun pulunu geri qaytara bilməmişdir. Bir müddət sonra bir sıra səbəblərdən Natavan ilə arasında olan münasibət pozulmuşdur. Natavan artıq onunla danışıb görüşmək istəməmişdir. Natavan onunla görüşməməyə və telefon zənglərinə cavab verməməyə başlamışdır. Sonuncu dəfə 04.07.2021-ci il tarixdə saat 17 radələrində Natavan anası və az yaşlı oğlu ilə baxçadan gələn zaman, Bakı şəhəri Yasamal rayonu 286 saylı məktəbin qarşısında rastlaşmışdır. Həmin zaman spirtli içkinin təsiri altında Natavana yaxınlaşaraq ondan hansı səbəbdən ailə qurmaq istəmədiyini soruşmuşdur. Bu zaman Natavan onun əlindən çıxaraq heç bir münasibətlərinin olmayacağını bildirmişdir. Bundan sonra o, əsəbiləşərək və əlində olan açar ilə Natavanın qulağından bir dəfə vurmuşdur. Bu zərbədən sonra Natavan yerə yıxılmışdır. O, əsəbi olduğuna görə Natavana yerdə olduğu zamanda əlində olan açar ilə bir neçə dəfə onu vurdum. Məqsədi onu incitdiyinə görə ona xəsarət yetirmək olmuşdur. Bu zaman Natavanın anası Məhsəti və orada olan tanımadığı şəxslər onu ayırmaq istəmişlər. Spirtli içkinin təsiri altında olduğuna görə o, Natavanı, onun anasını və ətrafda olan şəxsləri söyərək təhqir etmiş və oradan çıxıb getmişdir. 11.07.2021-ci il tarixdə axşam radələrində o yenidən spirtli içkinin təsiri altında Natavangilin yaşadığı binanın həyətinə getmişdir. Bir neçə dəfə Natavana zəng etsədə onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Natavanın idarə etdiyi avtomobilin dövlət nömrə nişanlarını üzərindən açaraq Natavangilin ev telefonuna zəng vurub nömrələrini götürdüyünü bildirmişdir. Bu zaman Natavan ona bu barədə polisə müraciət edəcəyini bildirmişdir. Bundan sonra o, dövlət qeydiyyat nişanlarını avtomobilin yanına atmış və oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Natavan onun barəsində polisə müraciət etmişdir.” (i.v. 82-84, 101-104, 168-171). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından tanıyır. 2015-ci ildə X5 ilə ailə həyatı qurmuş və 2020-ci ilin noyabr ayında rəsmi olaraq başanmışdır. Boşanma prosesindən sonra 2021-ci ilin yanvar ayında Binəqədi rayon icra şöbəsindən özünü icraçı kimi təqdim edən Təqsirləndirilən şəxs ona zəng vuraraq aliment ödənişinə ilə maraqlanmışdır. Bundan sonra Əli mütəmadi olaraq ona zəng vurmuş və onunla tanışlıq etmişdir. Bir müddət sonra Əli ona, fikrinin ciddi olduğunu və ailə qurmaq istədiyini bildirmişdir. O, isə vermiş olduğu cavabında, əvvəllər ailəli olduğunu və himayəsində bir azyaşlı övladının olduğunu bildirmişdir. Əli isə israrla onunla ailə həyatı qurmaq istədiyini bildirmişdir. Hətta o, bir neçə dəfə Əli ilə kobud danışıb onu özündən uzaqlaşdırmaq istəmişdir. Lakin Əlinin onunla mütəmadi olaraq maraqlandığını görüb, ona bir şans vermək istəmişdir. Bundan bir müddət sonra o, Təqsirləndirilən şəxs normal insan olmadığını və mütəmadi olaraq yalan danışdığının şahidi olmuşdur. Əli ondan iki günlük 1000 manat pul istəmişdir. Əli bir neçə dəfə təxmini 10 gün ardıcıl olaraq xahiş etdiyinə görə məcbur qalıb Əliyə 1000 manat pul vermişdir. O, Əliyə həmin pulu işlədiyi yerin yaxınlığında vermişdir. Əli pulu iki günə qaytaracağını söz versədə müxtəlif bəhanələrlə aldatmış və pulunu geri qaytarmamışdır. Əlidən pulunu geri istədikdə o, özünü öldürəcəyini bildirmişdır. Bundan sonra Əli mütəmadi olaraq ondan pul istəməyə başlamış, o, isə pulunun olmadığını və ona pul verə bilməyəcəyini bildirmiş və bu səbəbdən Əli onu müxtəlif təhdidlərlə qorxutmağa başlamışdır. Əli onu bütün qohumlarının həmçinin iş kollektivimin yanında biabır edəcəyini demiş, Əlidən hansı yolla biabır edəcəyini soruşduqda Əli, ona məxsus “Honor” markalı mobil telefondan onun dənizdə çəkilmiş şəkillərini özünə göndərdiyini, onun dediklərini etməyəcəyi təqdirdə rüsvay edəcəyini bildirmişdir. O, fikir vermədikdə dəfələrlə üstünə gələrək fiziki güc tətbiq etmişdir. Belə ki bir neçə dəfə Əli onu yaşadığı evin yaxınlığında, iş yerinin yaxınlığında və avtomobilində döymüşdür. Lakin o, qorxduğuna görə heç bir yerə şikayət etməmişdir. O, şikayət etmədikcə Təqsirləndirilən şəxs onun üzərinə daha çox gələrək hər gün müxtəlif formalarda onu narahat etmişdir. Əli ona yenidən mütəmadi olaraq zəng vuraraq barəsində rüsvayedici məlumat yayacağını bildirərək ondan pul istəmişdir. O, Təqsirləndirilən şəxs 600 manat maaş aldığını ona pul verməyə maddi imkanının olmadığını dedikdə, Əli ona heç nəyin dəxlisi olmadığını və tələbinin yerinə yetirilməyəciyi təqdirdə onu rüsvay edəcəyini bildirmişdir. Belə ki, mütəmadi olaraq onun avtomobilinin, yaşadığı binanın liftində həmçinin mənzilin giriş qapısının üzərinə onun və özünün baş hərflərini yazaraq ona narahatçılıq yaşatmışdır. O, dəfələrlə gecə müxtəlif üsullarla həmin yazıları silmişdir. Belə ki, sonuncu dəfə 04.07.2021-ci il tarixdə, saat 18 radələrində anası Məhsəti ilə oğlu Fazili yaşadığı evin yaxınlığında bağçadan götürən zaman 286 nömrəli məktəbin qarşısında Əli qəfildən qarşılarına çıxmışdır. Yaxınlaşan kimi anasının və övladının qarşısında qolundan tutub möhkəm silkələmiş və əlində olan dəmir açarla sağ qulaq nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Bundan sonra o, yerdə olarkən onun, övladının və anasının ünvanına müxtəlif küçə söyüşləri söyərək təhqir etmişdir. O, Əlidən qorxduğuna görə bu barədə şikayət etməmişdir. Lakin sonuncu dəfə 11.07.2021-ci il tarixdə, saat 23 radələrində ona məxsus avtomobilin dövlət qeydiyyat nişanlarını üzərindən açdığı barədə zəng vurub ona məlumat verdikdə, artıq dözməyərək və bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Lakin ərizə yazan zaman yenidən Əlinin şantajlarından və hədələrindən qorxduğuna görə onun yalnız döyməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsi heç vaxt bağışlamayacağını bidirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından tanıyır. 2015-ci ildə qızı Zərərçəkmiş şəxs, X5 ilə ailə həyatı qurmuş və 2020-ci ilin noyabr ayında rəsmi olaraq boşanmışdır. Boşanma prosesindən sonra 2021-ci ilin yanvar ayında Binəqədi rayon icra şöbəsindən özünü icraçı kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs zəng vuraraq aliment ödənişinə görə maraqlanmışdır. Bundan sonra o, mütəmadi olaraq qızı Natavana zəng vurmuş və onunlan münasibəti yaranmışdır. Bir müddət sonra qızı Natavan ona icraçının onunla ailə qurmaq fikrinin olduğunu bildirmişdir. O isə qızına bu məsələlərin tez həll olunmayacağını bir müddət tanımaq lazım olduğunu bildirmişdir. Bir müddət sonra isə qızı Natavan ona Əli ilə xasiyyətlərinin tutmadığını və onunla görüşmək istəmədiyini bildirmişdir. Bundan sonra o, Əli ilə danışıb ona artıq qızını narahat etməməsini tapşırmışdır. Lakin Əli mütəmadi olaraq onu və qızını narahat etmişdir. Belə ki, Əli dəfələrlə qızının iş yerinə, yaşadıqları binanın həyətinə gələrək qızına məxsus avtomobilin təkərlərini deşib, dövlət qeydiyyat nişanlarını oğurlayıb, avtomobilin üzərinə Natavan və özünün adlarını yazmışdır. Bir neçə dəfə Əlinin Natavanı döydüyünü bilmişdir. Lakin qızı şikayət etmək istəməmişdir. Sonuncu dəfə 04.07.2021-ci il tarixdə o, qızı Natavan ilə nəvəsini bağçadan gətirən zaman Əli qəfildən qarşılarına çıxmış və onları nalayiq söyüşlərlə söyməyə başlamışdır. Onlar Əlini sakitləşdirmək istəyərkən Əli əlində olan dəmir açarla qızının bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Həmçinin Əli qızının onun və azyaşlı nəvəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman azyaşlı nəvəsi qorxub ağlamağa başlamışdır, ətraflarına bir neçə şəxs yığılsa da, qızını Əlinin əlindən ala bilməmişlər. O, Əlinin qarşısına keçib qızını vurmasının qarşısını almaq istəsə də, gücü çatmamışdır. Həmçinin o, həmin zaman Əlinin spirtli içkinin təsiri altında olduğunu hiss etmiş və ondan çıxıb getməsini tələb etmişdir. Bundan sonra Əli onların yanından çıxıb getmişdir. Evə getdikdən sonra o, qızı Natavandan Əlinin elədikləri barədə polisə məlumat verməsini tələb etsədə o, Əlinin özünə və azyaşlı övladına xəsarət yetirəcəyindən qorxduğu üçün şikayət etmək istəmədiyini bildirmişdir. 11.07.2021-ci il tarixdə Əli yenidən həyətə gələrək qızına məxsus avtomobilin nömrə nişanlarını açmış və bu barədə zəng vurub məlumat vermişdir. Bundan sonra qızı Natavan əsəbiləşmiş və baş verənlər barədə polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əkram oğlu ifadəsində göstərdi ki, hazırda Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 15.09.2021-ci il tarixdə saat səhər radələrində Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsində yerləşən u‘Azərpoçtun” inzibiati binasının qarşısına gələcəyi barədə əməliyyat məlumatı əsasında o və Yasamal RPİ-nin CAŞ-nin rəis müavini polis mayoru Şahid2 ilə qeyd olunan ünvana getmişdir. Saat təxminən 12 radələrində axtarışda olan Təqsirləndirilən şəxs qeyd olunan ünvana gəlmişdir. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim edən zaman onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra həmin şəxsə əllərində olan barəsində axtarış elan edilməsi haqqında qərarın surəti təqdim olunmuş və onu qərarla tanış etdikdən sonra Yasamal RPİ-nə getməli olduğu izah edilmişdir. Bundan sonra ondan, üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub olmadığını soruşulduqda o, üzərində heç bir qanunsuz əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, heç bir müqavimət göstərməmiş və onlarla birlikdə xidməti avtomobilə minərək Yasamal RPİ-nin inzibati binasına gəlmişdir. RPİ-nin inzibati binasına çatdıqdan sonra üzərində atasından yadigar qalan bir ədəd qara rəngli bıçağın olduğunu bildirmiş və həmin bıçağı çıxardıb təqdim etmişdir. O, həmin bıçağı götürmüş və Təqsirləndirilən şəxs axtarış qərarına əsasən Yasamal RPİ-nin MSYnə təhvil vermişlər. Axtarışda olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bıçaq barədə raport yazılmış və müvafiq istintaq hərəkətlərin keçirilməsi üçün İstintaq Şöbəsinə təqdim olunmuşdur. Məhkəmədə ifadəsi elan edilərək araşdırılmış Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hazırda Yasamal RPİ-nin CAŞ-nin rəis müavini vəzifəsində polis mayoru xüsusi rütbəsində xidmət edir. Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 15.09.2021-ci il tarixdə saat səhər radələrində Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsində yerləşən “Azərpoçtun” inzibiati binasının qarşısına gələcəyi barədə əməliyyat məlumatı əsasında o və Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ilə qeyd olunan ünvana getmişdir. Saat təxminən 12 radələrində axtarışda olan Təqsirləndirilən şəxs qeyd olunan ünvana gəlmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim edən zaman onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra həmin şəxsə əllərində olan barəsində axtarış elan edilməsi haqqında qərarın surəti təqdim olunmuş, o, qərarla tanış olduqdan Yasamal RPİ-nə getməli olduğu izah edilmişdir. Bundan sonra ondan, üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub olmadığını soruşulduqda o, üzərində heç bir qanunsuz əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, heç bir müqavimət göstərməmiş və onlarla birlikdə xidməti avtomobilə minərək Yasamal RPİ-nin inzibati binasına gəlmişdir. RPİ-nin inzibati binasına çatdıqdan sonra üzərində atasından yadigar qalan bir ədəd qara rəngli bıçağın olduğunu bildirmiş və həmin bıçağı çıxardıb təqdim etmişdir. O, həmin bıçağı götürmüş və Təqsirləndirilən şəxs axtarış qərarına əsasən Yasamal RPİ-nin MSY-nə təhvil vermişlər. Axtarışda olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bıçaq barədə raport yazılmış və müvafiq istintaq hərəkətlərin keçirilməsi üçün İstintaq Şöbəsinə təqdim olunmuşdur. (i.v.129-130). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 iyul 2021-cu il tarixli, 621 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol bazunun hematoması (yumşaq toxumaların arasına qan yığılması) və qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 04.07.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 9-10). “Götürmə aparılması barədə” 16.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.09.2021-ci il tarixdə saxlanılan zaman üzərində bir ədəd qara rəngli bıçaq aşkar edilmişdir. Odur ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin bıçaq götürülmüşdür. (i.v. 87) 16 sentyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı onun törətmiş olduğu cinayət əməlini bir daha deyərək təsdiq etmişdir. (i.v.89-90). 17 sentyabr 2021-ci il tarixli “əşyanın tanınması haqqında” protokol və ona əlavə edilmiş fotodan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində gəzdirdiyi bir ədəd qara rəngli bıçağı ona təqdim olunmuş digər bıçaqların arasından tanıyaraq göstərmişdir. (i.v.118-120). 13 oktyabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanıdır.(i.v.132-133). 14 oktyabr 2021-ci il tarixli, 3/1638 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (i.v.141-142). “Sübutların qitmətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” 28 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin və Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri və işin digər halları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 149-157) 23 oktyabr 2021-ci il tarixli, 1782-6521-21 nömrəli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X1 Xidmətinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs ovçuluq fəaliyyəti ilə əlaqədar ovçuluq vəsiqəsi verilməmişdir. (i.v.137) 28 oktyabr 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin NH-nə təhvil verilmişdir. (i.v.147-148) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini bildirsə də, mahiyyət etibarilə, yəni zərərçəkmiş şəxsə silah qismində isitfadə edilən əşya ilə deyil, əli ilə vurmasına dair ifadəsi ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə yanaşı özünün ibtidai istintaq zamanı verdiyi ifadələrlə də tam təkzib olunur. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xuliqanlıq cinayəti ilə bağlı ətraflı ifadə verməsini, həmin ifadənin zərərçəkmiş şəxsin ifadəsi və işin məhkəmədə müəyyən olunan halları ilə təsdiq olunduğuna görə, məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini deyil, ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə, gəldiyi bu nəticəni Konstitusiya Məhkəməsinin Plenumu qərarı baxımından da əsaslı hesab edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Cinayət qanununun bu müddəasının tərkibi üçün istər əşyaların məhvetmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir.” “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli qərarında göstərilmişdir ki, dur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Hazırkı ittihamın xuliqanlıq cinayətinə aid hissəsindən aydın olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə silah qismində istifadə etdiyi dəmir açar ilə yüngül xəsarət yetirmiş və cinayətin gedişində toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək zərərçəkmiş şəxsə, onun anasına, oraya toplaşmış şəxslərə nalayiq ifadələr işlətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, habelə yuxarıda şərh olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CM-nin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulması haqqında” 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 65) “Qətimkan tədbiri seçilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (i.v. 111-116) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 125) Məhkəmə, Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3 və 228.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan yəni 15 sentyabr 2021-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə qənaətinə gəldiyindən məkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə xərcini təşkil edən 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir Maddi sübut-Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş bir ədəd qara rəngli bıçaq CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona CM-nin 221.3cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CMnin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və üzərində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcini təşkil edən 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Maddi sübut - Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş bir ədəd qara rəngli bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar