Məhkəmə qərarları › İş №1(004)-443/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-443/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-443/2025 14.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 9 iyun 1999-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən və Şəki şəhəri, Mirbəşir Qasımov küçəsi 24 nömrəli evdə qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev № 32, 07 saylı mənzildə yaşamış, Şəki Apellyasiya Məhkəməsinin 9 avqust 2023-cü il tarixli qərarı ilə qəti olaraq 10 (on) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısı olan bank kartından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 19 iyun 2024-cü il tarixdə günorta saat 12 radələrində ünvan 1 ünvanda yerləşən «Gülüstan Residense» adlı yaşayış binasının yaxınlığındakı "xxxx" ASC-nə məxsus bankomatdan həmin banka aid 4169-7388-0998-5520 nömrəli bank kartındakı hesabında olan 560 manat məbləğində pulu nağdlaşdıraraq həmin pul vəsaitini bankomatdan götürmədən ayrılmasından istifadə edib, bankomatda tamamlanmamış bank əməliyyatı üzrə Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC- nə aid 4169-7388-0998-5520 nömrəli bank hesabından 560 manat pulu qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 560 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 08 aprel 2025-ci il tarixdə günorta saatlarında satış məqsədi olmadan Bakı şəhəri, Binəqədi rayonu, «Biləcəri» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 aprel 2025-ci il tarixdə saat 21:35 dəqiqədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 61 nömrəli ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,551 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir. Artıq bir neçə ildir ki, o, müxtəlif adlı narkotik vasitələrdən istifadə edir. O, 19 iyun 2024-cü il tarixdə günorta saat 12 radələrində ünvan 1 ünvanda yerləşən «Gülüstan Residense» adlı yaşayış binasının qarşısına gəlmişdir. Bundan sonra o, qeyd olunan yaşayış binasının qarşısındakı "xxxx" Acıq Səhmdar Cəmiyyətinə aid qapalı obyektdə yerləşən bankomata yaxınlaşıb bank kartından pul çıxartmaq istəmişdir. Həmin vaxt bankomat olan obyektin qarşısında o, tanımadığı bir cavan oğlanın dayandığını görmüş, orada bir qədər gözləyərək siqaret çəkməyə başlamışdır. Həmin cavan oğlan çıxıb getdikdən bir-iki dəqiqə sonra o, həmin yerə daxil olub bankomata yaxınlaşmış və özünə məxsus bank kartını qeyd olunan bankomata daxil etmək istəyən zaman bankomatın pul verilən hissəsində pul olduğunu görmüşdür. O, ətrafa baxdıqda heç kimin olmadığını görmüş, həmçinin başa düşmüşdür ki, bir az əvvəl bankomatın yanından gedən tanımadığı oğlan pulunu götürməyi unutmuş və oradan çıxıb getmişdir. O, bankomatdan pulu götürüb saymış və 560 manat məbləğində olduğunu aşkar etmişdir. Daha sonra o, həmin pulu cibinə qoyub oradan uzaqlaşaraq evinə getmişdir. Qısa müddət sonra o, bankomatdan götürdüyü 560 manat məbləğində pulu öz şəxsi ehtiyaclarıma xərcləmişdir. Bundan başqa o, bildirmişdir ki, artıq onda asıllıq yarandığı üçün narkotik maddələrdən istifadə etməyəndə ağrıları şiddətlənir və bu zaman məcbur olub hardansa narkotik vasitə olan heroin tapıb qəbul edir. Belə ki, 08 aprel 2025-ci il tarixdə günorta saatlarında o, narkotik vasitə almaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə tərəf getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən iyirmi manat pul müqabilində şəxsi istifadəsi üçün qızılı rəngli kağıza bükülmüş və içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik maddə olan heroin kimi bildiyi bir ədəd bükümü alıb əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə olan heroini cibində gizlədib piyada hərəkət etməyə başlamışdır. Həmin gün saat 21:35 dəqiqədə o, Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 61 nömrəli ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən hansı səbəbə saxlandığını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğumu bildirib Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməyib birlikdə qeyd olunmuş polis şöbəsinin inzibati binasına getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosundan vəkil kimi Müdafiəçi1 dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçisinin iştirakı ilə baş təhqiqatçı, polis mayoru X3 tərəfindən hüquq və vəzifələri izah olunmuş və ona təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O, həmin vaxt artıq üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi, içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm onun iştirakı ilə açılan zaman bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Baş təhqiqatçı Ruslan Əfəndiyev ondan həmin bükümdəki maddənin nə olduğunu və qeyd olunan maddəni haradan əldə etdiyini soruşduqda o, bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu qeyd etməklə yanaşı, həmin narkotik maddəni 08 aprel 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində üzdən tanıdığı lakin adı, soyadı və atasının adını bilmədiyi kişi cinsli şəxsdən cəmi 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd büküm baş təhqiqatçı Ruslan Əfəndiyev tərəfindən içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzərində iştirakçılar, müdafiəçisi Müdafiəçi1 və özü tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılarla birlikdə imzaları ilə protokolu təsdiq etmişlər. O, əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən, ona qarşı hər hansı fiziki zor və sair təyziqlər göstərilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə peşmançılıq çəkməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 19 iyun 2025-ci il tarixdə günorta saat 12:25 radələrində ünvan 1 ünvanda yerləşən «Gülüstan Residance» adlı yaşayış binasının yaxınlığındakı "xxxx" ASC-nə məxsus bankomata yaxınlaşıb, həmin banka aid 4169-7388-0998-5520 nömrəli bank kartını qeyd olunan bankomata daxil edib oradan təxminən 10-15 manat məbləğində pul çıxartmaq istəmiş, lakin bankomat ona xırda pul verməmişdir. Onun kartı ekranda görünmüş və o, orada “təsdiq et” sözünü oxumuşdur. Bundan sonra “imtina etmək” sözünün üzərinə işarə etmək istəsədə özü bilmədən “təsdiq et” sözünü işarələmişdir. Daha sonra o, bank kartını bankomatdan götürüb getmişdir. Oradan uzaqlaşan zaman o, həmin bankomata bir nəfər tanımadığı şəxsin yaxınlaşdığını görmüşdür. Həmin şəxs hətta ondan bankomatın işləyibişləməməsi ilə maraqlanmış və o, bankomatın işlədiyini bildirmişdir. O, həmin yerdən yaxınlıqda yerləşən Dəri-Zöhrəvi xəstəxanasına getmiş və xəstəxanadan çıxan zaman mobil telefonuna bildiriş gəlmişdir. Mobil telefonuna baxan zaman o, bank kartından 560 manat məbləğində pulun naməlum şəraitdə nəğdləşdirildiyini aşkar etmişdir. Artıq həmin vaxt ona məlum olmuşdur ki, qeyd olunan pulu bankomatdan götürməyi unutmuşdur. O, baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təxminən bir həftə sonra ona 19 iyun 2025-ci il tarixdə bankomatda unutduğu pulu götürən şəxsin tapılması barədə məlumat verilmişdir. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər ödənilməmişdir və ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyin tələblərinə uyğun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hal-hazırda Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin C/A üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə müvəkkili, polis kapitanı Şahid2 və onun iştirakı ilə 08 aprel 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. O, 08 aprel 2025-ci il tarixdə axşam saat 21:35 dəqiqədə əməliyyat qrupunun digər iştirakçısı Şahid2la birlikdə Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsində olan zaman, həmin küçədəki 61 nömrəli ünvanın qarşısında olan zaman orada piyada hərəkət edən və xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib saxladıqları şəxsin şəxsiyyətini dəqiqləşdirmək istəmişlər. Saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınması şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinin 29cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə qeyd olunan polis şöbəsinin inzibati binasına getmişdir. Oradakı xidməti iş otaqların birində baş təhqiqatçı, polis mayoru X3 tərəfindən həmin şəxsə hüquqları izah olunmuş və müdafiəçi qismində Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosundan Müdafiəçi1 dəvət etmişlər. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, həmçinin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalarla sənədləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən qızılı rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm iştirakçılarla özünün gözü qarşısında açılır və həmin bükümdə tünd qəhvəyi rəngli, toz-kristall şəkilli maddə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli kağıza bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iştirakçıların gözü qarşısında baş təhqiqatçı Ruslan Əfəndiyev tərəfindən qablaşdırılaraq içərisi boş olan zərfə qoyulur və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənib üzərində qeydlər aparılmaqla imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddənin konkret nə olması və haradan əldə edilməsi soruşulduqda saxlanılan şəxs həmin maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu və narkotik maddəni 08 aprel 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən iyirmi manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. Daha sonra zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi1 və onunla bərabər digər polis əməkdaşı tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da ifadəsində iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, baş vermiş hadisə yeri ünvan 1 ünvanda yerləşir. (İ/V. 103-106). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 9 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” 8 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:35-dən şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 19). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 8 aprel 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən qızılı rəngli kağıza bükülmüş bir ədəd bükümdə tünd qəhvəyi rəngli, tozkristal şəkilli narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (İ/V. 29-30). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 8 aprel 2025-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 08 aprel 2025-ci il tarixdə saat 23:00-dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, baş təhqiqatçı X1 qarşısındakı masa arxasında, sağ tərəfdə əyləşmiş şəxs, Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi1dur. Xidməti otaqda olan masanın qarşısında - əynində tünd göy rəngli cins şalvarı, qara rəngli uzunqol köynəyi və qara rəngli ayaqqabısı olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı baş təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin C/A üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin şöbənin sahə müvəkkili, polis kapitanı Şahid2dur. Videoçəkilişin davamında baş təhqiqatçı X3, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan qızılı rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm iştirakçılarla özünün gözü qarşısında açılır və həmin bükümdə tünd qəhvəyi rəngli, tozkristall şəkilli maddənin olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni 08 aprel 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 20 (iyirmi) manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq 08 aprel 2025-ci il tarixdə axşam saat 21:35 dəqiqədə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 61 nömrəli evin qarşısında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli kağıza bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında baş təhqiqatçı X3 tərəfindən qablaşdırılaraq içərisi boş olan ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 və iki nəfər polis əməkdaşı tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2025-ci il tarixli, 6/1308 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N° 169”-li dairəvi möhür əksi, “(imza) Abbasov S” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,551 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (İ/V. 41-45). “Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-1 və 234.1-ci maddərinə tövsif edilmişdir. (İ/V. 168-169). “Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddəri ilə təqsirləndirilən şəxs qismində cılb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 176-177). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 69-71). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 may 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti ilə bağlı verdiyi ifadələri hadisə yerində yoxlanılmış və həmin şəxs ifadələrində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. (İ/V. 159-161). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının 09 aprel 2025-ci il tarixli, 1986 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ/V. 72-73). “Sübutların qiymətləndirilməsi haqqında” 27 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,551 qram narkotik maddə olan heroin qeyd olunan cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra bir ədəd zərfdə qalıq qalmış 0,501 qram narkotik maddə olan heroin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin məsul saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün 01 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (İ/V. 207- 214). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 09 avqust 2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən 03 fevral 2023-cü il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikasının CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 10 (on) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cəzanın sonu ilə azad edilmişdir. (İ/V 83-84; 194- 205). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 09 avqust 2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən 03 fevral 2023-cü il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikasının CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 10 (on) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,501 qram narkotik vasitə heroin məhv edilməli, 114 (bir yüz on dörd) məhkəmə-ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 443/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,501 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar