Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-445/2022 03.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 31 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 2-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 08 iyun 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xalis ümumi çəkisi 1,157 qram olan 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyun 2022-ci il tarixdə saat 14:30 dəqiqədə Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava ev 2 saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə ümumi çəkisi 1,157 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, 08 iyun 2022-ci il tarixdə saat 10 radələrində narkotik vasitəni əldə etmək məqsədi ilə əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan əraziyə gedərək orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi narkotik vasitə satan şəxsi görmüşdür. Həmin şəxs ona 20 manata gümüşü rəngli kağıza bükülmüş olan narkotik vasitə heroini satmışdır. Aldığı heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. 08 iyun 2022-ci il tarixdə təxminən saat 14:30 radələrində piyada olaraq ünvan 2 ünvanda ona mülki geyimdə olan iki nəfər polis əməkdaşı yaxınlaşaraq polis vəsiqələrini göstərib üzərində narkotik vasitə və psixotrop maddələri gəzdirməkdə şübhəli olduğunu bildirmişdirlər. Onu Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişdirlər. Bölmənin xidməti otağların birində ona təqdim edilmiş vəkil Müdafiəçi1 iştirakı ilə razılığı əsasında videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış aparmışdırlar. Şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarımın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə olan heroini çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o və baxışda iştirak edən digər şəxslər öz imzaları ilə təsdiq etmişdirlər. Daha sonra isə üzərindən aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilmişdir. Qeyd etmişdir ki, o, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, sadəcə şəxsi istifadəsi üçün müştəri kimi 20 manat müqabilində bir büküm heroini almışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərizəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı bölməyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 29-cu PŞ-sinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunub və 08 iyun 2022-ci il tarixdə saat təxminən 14:00 radələrində Yasamal RPİ-nin 29cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə birlikdə əməliyyat tədbirini keçirmək üçün Bakı şəhəri Yasamal rayonu 1-ci Alatavaya yollanaraq güdmə əməliyyat tədbirini həyata keçirmişdir. Həmin günü saat təxminən 14:30 radələrində ünvan 3 ünvanın qarşısında dayanan, əməliyyat məlumatı əsasında xarici görnüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişdirlər. Ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. Oda onların təklifi ilə razılaşaraq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gətmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Fuad İsgəndərov onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansısa bir qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 1 ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin kağız büküm açıldı və içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddə narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün 08 iyun 2022-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan ərazidən narkotik vasitənin satışı ilə məşğul olduğunu bildiyi üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman zaman heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin maddə zərfə qoyularaq möhürlənib və ekspirtizaya aparılması üçün müvafiq quruma göndərilib. Bununla bağlı protokol tərtib edilib və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 24-cü vərəqəsində olan 08 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 89-90-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli 6/3234 saylı ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd gümüşü rəngli kağız bükümdə ümumi çəkisi 1,157 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 88 (səksən səkkiz) manat təşkil etmişdir. Cinayət işinin 134-141-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 1,157 qram narkotik vasitə olan heroin, eləcə də 01 (bir) ədəd DVD-R disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 1,107 qram heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 1ədəd DVD-R disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X2 ekspert komissiyasının 19 iyul 2022ci il tarixli, 3930 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Əkbərov X4 rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddələri ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Sabunçu Rayon Məhkəməsinin 05 may 2016-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 08 iyun 2022-ci il tarixdə saat 16:00-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİnin 29-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Fuad İsgəndərovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Fuad İsgəndərovun sağ tərəfində dayanmış şəxs 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi1dır. Xidməti otaqda olan sol yan tərəfində əynində göy rəngli cins şalvarda və qara rəngli köynəkdə olan ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanlarında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkilli polis baş leytenantı Şahid2 və Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkilli polis kapitanı Şahid1dur. Video çəkilişin davamında təhqiqatçı Fuad İsgəndərov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salıb 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etməsi müşahidə olunur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, 22 saylı vəkil bürosunun Müdafiəçi1 və polis əməkdaşları tərəfindən imzalanır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskdə olan video görüntülərlə və digər iş materialları tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 08 iyun 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 19 iyul 2022-ci il tarixli, 3930 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, təmiz çəkisi 1,157 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,107 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 88 (səksən səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, təmiz çəkisi 1,157 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,107 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-445/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-445/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver