Məhkəmə qərarları › İş №1(004)-445/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-445/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-445/2024 05.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işləməyən, evli, Cəbrayıl rayonu, Qərar kəndində qeydiyyatda olan, və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park" yaşayış kompleksi, ev 25, mənzil 50də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə saat 17:35 radələrində BB214610 nömrəli «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz 2101» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi ilə saatda 30 km/saat sürətlə hərəkətdə olan zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetafor tərəfindən nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, nəqliyyat vasitəsinin dayandırmalı və piyadaya yol verməli olduğu halda və bunlara riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bunlara riayət etməyib, hərəkəti dayandırmadan davam etdirərək ünvan 1 ünvanda hərəkətdə olan zaman “Pullman" hotelin qarşısında piyada keçidi ilə hərəkət edən Zərərçəkmiş şəxs avtomobilin sağ ön hissəsi ilə vuraraq, nəticədə ehtiyatsızlıqdan sonuncuya sol qalça sümüyünün sirkə kasasını, oturaq sümüyünü keçən sınığı qismində dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən az olmaqla (25%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa Az ağır- zərər vurmaya səbəb olan xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 17:35 radələrində etibarnamə əsasında idarə etdiyi "Vaz 2101" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, M.Müşfiq küçəsi ilə Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsi istiqamətində saatda 30 km surətlə hərəkətdə olan zaman, M.Müşfiq küçəsində “Pullman" otelin qarşısında fikirli olduğu üçün piyada keçidi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs görmüyərək idarə etdiyi avtomobilinin sağ ön hissəsi ilə onu vurmuşdur. Hadisə nəticəsində piyada Zərərçəkmiş şəxs xəsarət almış və o onu dərhal avtomobilə qoyaraq Respublika Klinik Xəstəxanasına aparmışdır. Bundan sonra Zərərçəkmiş şəxs qohumları “Zəfərən” klinikasına aparmışlar. Orada Aliyənin qohumlarına 300 manat pul vermişdir. Bundan sonra maddi durumu pis olduğundan o, Zərərçəkmiş şəxs xəstəxana xərclərini ödəyə bilməmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat 17:35 radələrində Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən işlədiyi "Pullman" oteldən çıxaraq piyada zolağı ilə əks tərəfə, yəni Kapital Bank istiqamətinə keçmək istəyən zaman İİ Fəxri Xiyaban istiqamətindən gələn marka və dövlət qeydiyyat nişanını xatırlamadığı iki avtomobil dayanaraq ona yol vermişdir. O, təxminən 3-4 metr irəlilədikdən sonra həmin istiqamətdən gələn "Vaz 2101" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin surətlə gələrək onun sol yan tərəfindən vurmuşdur. Zərbənin təsirindən o yerə yıxılmışdır. Bundan sonra sürücü avtomobili saxlayaraq onu Respublika Kliniki Xəstəxanasına aparmışdır. Sonra isə qohumları onu "Zəfəran" Hospitalına aparmışlar və ondan sonra onunla maraqlanmamış və ona heç bir maddi yardım göstərməmişdir. Buna görə də o şikayət etmək qərarına gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsindən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi istiqamətində olan yoldur. Hadisə yerində yer üstü piyada zolaqları vardır.Yolda tormozlama izləri aşkar olunmamışdır. Avtomobilin üzərində zədə aşkar olunmamışdır. Nəqliyyat vasitəsinin hərəkət istiqaməti əlamətləri aşkar olunmadı. Nəqliyyat vasitəsinin sınmış və itirilmiş hissələri aşkar olunmamışdır. Paltar parçaları, qanabənzər iz, beyin maddəsi sürtülmə və s. izlər aşkar olunmadı. Hadisə yerində maddi sübut, videomüşahidə kamerası aşkar edilməmişdir (i.v.05-07). “Nəqliyyat vasitəsinin və texniki vəziyyətinin yoxlanılması haqqında” 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilində zədə aşkar edilməmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v. 09-12) “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”-yə dair xx.xx.2023-cü il tarixli, 2/37157 saylı protokoldan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri yoxdur (i.v.15). “Məhkəmə-yol nəqliyyat hadisələri” ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3758 nömrəli rəydən görünür ki, VAZ 2101 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.34-37). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11/361 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarət-sol qalça sümüyünün sirkə kasasını, oturaq sümüyünü keçən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən az olmaqla (25%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (i.v. 39- 42). “Sübutların qiymətləndirilməsi haqqında” 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılması, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu və ekspert rəyləri iş üzrə sübut növü kimi qəbul edilməsi, ”Vaz 2101” minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınması və sahibi Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini tam etiraf etməsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilməsi qərara alınmışdır (i.v.94-97) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.81-82). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.92) Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), onun hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan ”Vaz 2101” minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan ”Vaz 2101” minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar