Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-447/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: 28 avqust 1984-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 1,007 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 may 2023-cü il tarixdə saat 21:30 radələrində Yasamal RPİnin PPXB-nın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 62 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, bölmənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində ümumi təmiz çəkisi 1,007 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narktoik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3-4 ilə yaxın müddətdir ki, narkotik maddə istifadə edir, əsasən də, narkotik maddə olan heroin qəbul edirmiş. Narkotik maddə qəbul etməyi ona heç kim məcbur etməmiş, özü narkotik maddəni könüllü istifadə edirmiş. Üzərindəki narkotik maddə olan heroin aşkar olunması ilə bağlı isə səmimi olaraq demişdir ki, 17 may 2023-cü il tarixində saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Papani” adlanan ərazidə üzdən tanımadığı kişi cinsli şəxsdən ümumilikdə 10 (on) manat qarşılığında gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümdə narkotik maddə olan heroin almış və istifadə etmək üçün geyindiyi göy rəngli cins şalvarın sağ yan cibində gizlətmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanda yaşadığı evin yaxınlığında iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini Yasamal Rayon Polis İdarəsinin PPXB-nün əməkdaşları kimi təqdim edib narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə 26-cı polis bölməsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və onlar həmin polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsinə ərizə ilə yazıb müraciət etmişdir. Bundan sonra vəkil Müdafiəçi1 iş otağına dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis bölməsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstündə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir, həmçinin videoçəkiliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da, bundan sonra geyindiyi göy rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli selefona bükülmüş bükümdə içərisində narkotik maddə olan heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir, onun üstündə həmin vaxt başqa heç nə olmamışdır. İçərisində narkotik maddə olan heroin olan bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırmaqla, möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və həmin protokolla qablaşdırılmış zərfə onunla bərabər orada olan digər iştirakçılarda imza atmışdır. O, əlavə olaraq qeyd etmişdir ki, törətdiyi əməldən çox peşmandır, narkotik maddə olan heroin qəbul etsə də, heç vaxt hər hansı bir narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni satan şəxsin anket məlumatlarını bilmədiyini, saxlanılan zaman və polis bölməsində ona hər hansı fiziki və psixi təzyiq göstərilmədiyini bildirmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin PPXB-nın polis nəfəri işləyir, polis serjantıdır. xx.xx.2023-cü il tarixdə iş yoldaşı polis nəfəri polis kiçik serjantı Şahid2 ilə xidməti ərazidə xidmət aparan zaman bir nəfər kişi cinsindən olan şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim edib həmin şəxsin anket məlumatlarını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsin olmadığını, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxs onlardan yayınmaq istədiyindən onlarda şübhə doğurmuş və narkotik maddələrin qəbulunda şübhə doğurduğundan həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Yasamal rayon Polis İdarəsininin 26-cı PB-na gəlmişdir. Bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx.xx.1984-cü il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Həmin şəxs bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olunmuş və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin büküm açıldıqda onun içərisində qəhvəyi rəngli heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, həmin heroini 17 may 2023-cü il tarixdə saat 10 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sübut əhəmiyyət kəsb etdiyindən və müvafiq ekspertizanın keçirilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş, zərfə qoyulmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdikləri ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2880 saylı, 18 may 2023-cü il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli (imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,007 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 4093 saylı, 25 iyun 2023-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 181.2.5 və 234.1 maddələri ilə təqsirli bilinib, qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 il 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 17 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,907 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-447/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-447/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver