Məhkəmə qərarları › İş №1(004)-447/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-447/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-447/2025 03.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1991 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-447/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, hazırda barəsində aparılan digər cinayət işi ilə əlaqədar Penitensiar Xidmətin Baki İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 15 aprel 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd ağız hissəsi bağlanan polietilen paketdə təmiz kəçisi 6,90 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17:45 dəqiqədə ünvan 4 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən yaşıl rəngdə 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 6,90 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Əli adlı, xx.xx.2012-ci il təvəllüdlü Nuray adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarına əlavə edilən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 429/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaq 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına (bundan sonra mətndə Qərar) əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə Qərarın 1.16-cı bəndində (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər) göstərilən şəxslər barəsində cinayət təqibinə xitam verir (Qərarın 5.1-ci bəndi). Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır (Qərarın 24-cü hissəsi). Cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər (CPM-nin 300.1.7). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3). Belə olan halda, məhkəmə, barəsində amnistiya aktının tətbiqinə məhdudiyyət qoyulmasını, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına Qərarın 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilməli, hazırki cinayət işi üzrə haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, təqsirləndirilən şəxsin barəsində olan digər ********* nömrəli cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 6,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 440 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və CPM-nin 43.3 və 300.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 6,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar