Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-448/2021 01.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 müdafiəçisi 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası CM-nin 147.1, 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onu həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası çərçivəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham olunan şəxs X6 Azərbaycan Respublikası Vəkillər X1 sədrinə, Azərbaycan Respublikası Ədliyyə Nazirinə, Yeni Azərbaycan Partiyasına ünvanlandığı şikayət adlı yazılarında, məktublarında yazdığı və yaydığı bir nəfər qadının Məzahirdən pulunu geri istəməsinin və onunla bağladığı müqavilənin müqabilində Məzahirin ona heç bir hüquqi yardım göstərməməsi barədə dediklərinin şahidi olmuşdur. Belə ki, o, guya onun tək və ya ərli qadın olmağı ilə maraqlanmış, işi ilə bağlı ofisə gəldikdə o, işi bir kənara qoyaraq ona söz atmış, onunla yaxından tanış olmaq istəmiş, bunun mümkün olmayacağını gördükdə isə, ona ətrafında özü kimi gənc rəfiqələri ilə tanış olmasını istəmiş, vəkillik fəaliyyəti adı altında vətəndaşları aldadaraq ,onların pullarını ələ keçirərək əslində heç bir keyfiyyətli hüquqi xidmət göstərməmiş, qadınlara pis niyyətlə baxdığını, onlara hörmət qoymadığını, öz şəxsi məqsədləri üçün istifadə etmək istədiyini, özünün isə guya bu kimi səbəblərdən əsəsbləşərək partiya üzvlərini təhqir etdiyini, belə bir şəxsin vəkil adı daşımağa və vətəndaşların hüquqlarını müdafiə etməyə mənəvi haqqı olmadığını vurğulamışdır. Bu yazılarla ətrafında ürək bulandıran, mənəviyyatına əhəmiyyətli formada zərər vuran iyrənc bir mənzərə yaradılmışdır . Başqa sözlə, bu yazıları 22 illik vəkillik fəaliyyəti ilə məşğul olan, “X9” xüsusi adına layiq görülən şəxsə qarşı, inanclı şəxsə, ailə başçısına qarşı ağır formada təhqir sayır . Təmsil olduğu iş yeri Konstitusion qurum olub, vətəndaşlara peşəkar qaydada hüquqi yardım göstərmək fəaliyyəti ilə məşğul olan bir təşkilatdır, hüquqi təsisatdır . Bu iş yerini əxlaqa, milli, dini adət, ənənələrə zidd olan bir yerlə eyniləşdirmək olmaz . Vəkili həmin yerdə olan, fəaliyyət göstərən şəxs səviyyəsinə endirmək qanun pozuntusudur . Dini inanclı şəxsə, ailə başçısına qarşı əxlaqa, etikaya, milli, dini dəyərlərə zidd olan sözlərlə aşağılamaq qanunun bilərəkdən kobud şəkildə pozulmasıdır . Həmçinin, yalan olduğunu bilə-bilə şəxs (özü ) barəsində böhtan xarakterli materiallar, məlumatlar kütləvi şəkildə, xüsusilə aidiyyəti olmayan ( Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Yeni Azərbaycan Partiyası ) orqan və təşkilatlarda qəsdən yaymaqla məqsəd şərəfinə, ləyaqətinə, işgüzar nüfuzuna qarşı olan qəsdən törədilmiş cinayətdir. Bu gün Vəkillər Kollegiyası ölkənin, cəmiyyətin mənafeyinə xeyir verə bilən dinamik qaydada fəaliyyətlə inkişaf etməkdədir. Belə vəziyyətdə bu kimi cinayət xarakterli cəhdlərin qanuni formada qarşısı alınmalı və həmin şəxslər qanuna müvafiq qaydada cəzalanmalıdırla . Şərh olunan mövcud vəziyyəti nəzərə alaraq, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs X3 əməlində CM- nin 147.1 və 148-ci maddələrinin tərkib əlamətləri vardır, şəxsin əməlləri həmin maddələr ilə tövsif olunmalı və cəzalanmalıdır . Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X4 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X3 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X6 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə, 148-ci maddəsinin dispozisiyasında isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Plenumun qeyd olunan qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1- 293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətdən görünür ki, şikayət Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Belə ki, A.Həbibova tərəfindən təhqir və böhtan xarakterli məlumatların kütləvi çıxışlarda yayılmasını təsdiq edən hər hansı sənədlər və ya sübutlar əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinin tələblərinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Digər tərəfdən xüsusi ittiham qaydasında şikayətdə hadisənin törədildiyi yer haqqında məlumatlar natamamdır. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-448/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 ibtidai araşdırma zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-448/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-448/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver