Məhkəmə qərarları › İş №1(004)-448/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-448/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-448/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Ağaəli qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı rayonu, Qarçuxur qəsəbəsi, 14-cü döngədə fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla ilə oğruluq etmişdir. Belə ki, o, tamah niyyət ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 yanvar 2022-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanda yerləşən “Əsmər Studio” adlı gözəllik salonuna müştəri qismində daxil olaraq ümumi istifadədə olan zalındakı masanın üzərindən, salonda müştəri qismində olan Zərərçəkmiş şəxs2 məxsus qara rəngli pul qabının içində 1200 manat nağd pulu tamah niyyəti ilə gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyət ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 aprel 2022-ci il tarixdə saat 21 radələrində ünvan 4 ünvanda yerləşən “Hüsvan” qadın gözəllik salonuna müştəri qismində daxil olaraq ümumi istifadədə olan zalındakı dolabın üzərindən, salonun icarədarı olan X1 məxsus qadın əl çantasının içərisindən daxilində 1582 manat və Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan manat məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları məbləğində nağd pul olan 6 manat dəyərində pul qabını içində tamah niyyəti ilə gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1928 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun himayəsində 3 azyaşlı övladı vardır. O uşaqlarını tək böyüdür və heç bir yerdə işləmir, bu səbəbdən onun maddi vəziyyəti pisdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində uşaqlarına yemək almaq məqsədi ilə ona pul lazım olduğu üçün oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə az yaşlı övladı ilə birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Suraxanı bazarı adlanan yerin yaxınlığında yerləşən “Əsmər Studio" adlanan gözəllik salonuna daxil olmuşdur. Həmin vaxt orada xidmət göstərən personalın başı qarışıq olmuşdur. Bu zaman masanın üzərində olan qara rəngli pul qabı onun diqqətini çəkmişdir. Bir qədər dayanaraq ətrafdakıların onu görmədiklərini yəqin etdikdən sonra masaya yaxınlaşaraq cəld şəkildə pul qabını açıb içindən 1200 manat pulu götürmüş və pul qabını yerinə qoymuşdur. Bundan sonra gözəllik salonunu tərk edərək oradan uzaqlaşmışdır. Oğurladığı 1200 manat pulu isə uşaqlarının ehtiyacları üçün xərcləmişdir. Bandan əlavə 12 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində azyaşlı qızı ilə bərabər iş axtarmaq üçün Yasamal rayonu, M.Seyidov küçəsi 43 ünvanında yerləşən “Hüsvan” gözəllik salonuna daxil olmuşdur. O, salonun girişində olan güzgülü dolabın üzərində qadın əl çantasının olduğunu görmüşdür. Bundan sonra salonda olan işçilərdən saç qaynağı barədə soruşmuşdur. Həmin vaxt o özünə məxsus əlində saxladığı gödəkçəni həmin dolabın üzərində olan əl çantasının üzərinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra orada olan şəxslərin diqqətinin yayındığını görüb çantanın içərisində olan boz rəngli pul kisəsini götürmüşdür. Pul kisəsini götürən sonra o həmin salonu tərk etmişdir. Salondan bir qədər aralandıqdan sonra pul kisəsini açıb 1078 manat və 200 ABŞ dollar pulun olduğunu görmüşdür. Pulları götürüb pul kisəsini isə yol kənarına atmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında polis əməkdaşları yaşadığı evə gəlib oğurluq etdiyinə görə onu polis bölməsinə dəvət etmişlər. Oğurladığı 1078 manat və 200 ABŞ dollar puldan cəmi 78 manatına uşaqlarına ərzaq almışdır. 1000 manat və 200 ABŞ dolları isə polis əməkdaşlarına təhvil vermişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxslərə dəymiş zərərin ödənildiyini və onlardan biri ilə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Ağaəli qızı ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yerləşən “Hüsvan” gözəllik salonunu icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində çantasını salonun dəhlizində olan güzgülü dolabın qarşısına qoymuşdur. Həmin gün müştəri çox olmuş və o mütəmadi olaraq işləmişdir. Həmin gün axşam saat 21:00 radələrində salonun dəhlizində olan güzgülü dolabın qarşısına qoyduğu çantasını götürüb həmin çantanın içərisinə olan pul kisəsini götürmək istədikdə pul kisəsinin çantanın içərisində olmadığını görmüşdür. Onun pul kisəsində 1.582 manat və 200 ABŞ dolları məbləğində pul olmuşdur. Çantasında olan pul kisəsinin oğurlandığını zənn edib salona quraşdırılmış müşahidə kameralarına baxdıqda, salona müştəri qismində yanında bir azyaşlı qız uşağı ilə birlikdə daxil olan qadının çantanın içərisində olan pul kisəsini oğurladığını müəyyən etmişdir. Bundan sonra o baş vermiş hadisə ilə əlaqədar olaraq DİN-in 102 Xidmət Mərkəzinə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin qismən ödənildiyini və qalan 585 manatında ödənilməsini tələb etdiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 91-92-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvanın yaxınlığında Surxanı Bazarın yanında yerləşən “Əsmər” gözəllik salonuna getmişdir. O salonda pedikür proserunda olmuşdur və həmin zaman ona məxsus qara rəngli pul çantasını içində olan 1200 manat pul ilə birlikdə ümumi istifadədə olan masanın üzərinə qoymuşdur. Həmin zaman bir nəfər orta yaşlı qadın yanında bir azyaşlı uşaqla birlikdə salona daxil olaraq saçını kəsdirmək istədiyini saç ustasını bildirmişdir. Həmin qadın bir qədər salonda qaldıqdan sonra qəflətən salonu tərk edib getmişdir. O, pedikür prosedurunu qurtarıb ustaya pul vermək üçün pul qabını açdıqda orada pulların olmadığını aşkar etmişdir. Daha sonra salonda olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxdıqdan sonra ona məlum olmuşdur ki, pul qabının içindən 1200 manat pulu həmin şəxs götürür. Bir neçə gündən sonra 31-ci Polis Bölməsindən onu dəvət etmişlər. O bölmədə olan zaman gözəllik salonunda ona məxsus pulu oğurlayan xanımı görmüş və ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdır. Ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən “Hüsvan” gözəllik salonudur. Zərərçəkmiş şəxs1 Ağaəli qızına məxsus içərisində 1582 manat və 200 ABŞ dolları məbləğində vəsait olan pul kisəsi həmin gözəllik salonundakı güzgülü dolabın üzərindən oğurlanmışdır. (i.v. 9-11) “Təqdim olunan pullara baxış keçirilməsi və götürülməsi haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “Hüsvan” gözəllik salonunun içərisində dolabın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs1 Ağaəli qızına məxsus əl çantasının içərisindən oğurladığı pul kisəsində olan 1000 (bir min) manat və 200 (iki yüz) ABŞ dolları pulu könüllü olaraq təhqiqat orqanına təqdim etmişdir. (i.v. 18-20) “Baxış keçirilməsi haqqında” 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis kapitanı Emil İslamov tərəfindən ünvan 8 ünvanında yerləşən “Hüsvan" gözəllik salonundan götürülmüş videogörüntünü əks etdirən 1 ədəd diskə Yasamal RPİ-nin tŞ-də Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən baxış zamanı ünvan 8 ünvanında yerləşən “Hüsvan” gözəllik salonunun daxilində bir nəfər qadının masa üzərində olan çantada axtarış apararaq əşyanın götürməsi müşahidə olunmuş. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisənin özündə əks etdirən qeyd olunan videogörüntüdə özü olduğunu, yanında isə ayaşlı övladının olamasını, həmin vaxt gözəllik salonunda olan çantadan oğurluq etdiyini bildirmişdir. (i.v. 67-68) “Baxış keçirilməsi barədə” 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanında yerləşən “Əsmər” gözəllik salonudur. Zərərçəkmiş şəxs2 məxsus içərisində 1200 manat məbləğində vəsait olan pul kisəsi həmin gözəllik salonundakı şüşə masanın üzərindən oğurlanmışdır. (i.v. 78-79) “İfadənin yerində yoxlanılması haqqında” 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “Əsmər” gözəllik salonunda törətdiyi cinayət əməlinin hadisə yerini əyani olaraq göstərməklə ifadələrində bildirdiyi halları və faktları təsdiq etmişdir. (i.v. 103-104) “Baxış keçirilməsi haqqında” 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis kapitanı Sail Hacıyev tərəfindən ünvan 3 ünvanda yerləşən “Əsmər Studio” adlı gözəllik salonundan götürülmüş videogörüntünü əks etdirən 1 ədəd diskə Suraxanı RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs iştirakı baxış zamanı ünvan 10 ünvanda yerləşən “Əsmər Studio” adlı gözəllik yanında azyaşlı uşaqla olması müşahidə olunmuş. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisənin özündə əks etdirən qeyd olunan videogörüntüdə özü olduğunu, yanında isə ayaşlı övladının olamasını, həmin vaxt gözəllik salonunda olan çantadan oğurluq etdiyini bildirmişdir. (i.v. 128-129) 11 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 Ağaəli qızı ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Ağaəli qızı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. (i.v. 145-147) “Sübutların qiymətləndirilməsi haqqında” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis kapitanı Emil İslamov tərəfindən ünvan 8 ünvanında yerləşən “Hüsvan” gözəllik salonundan götürülmüş videogörüntünü əks etdirən 1 ədəd disk və Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis kapitanı Sail Hacıyev tərəfindən ünvan 3 ünvanda yerləşən “Əsmər Studio” adlı gözəllik salonundan götürülmüş videogörüntünü əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş iş üzrə Zərərçəkmiş şəxs1 Ağaəli qızına məxsus 1000 (bir min) manat və 200 ABŞ dolları məbləğində pul əskinasları iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 Ağaəli qızma qaytarılmışdır. İş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdirən ifadələri, hadisə yerlərinə keçirilmiş baxış, maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında protokolları, üzləşdirmə rotokolu, maddi sübut, eləcə də tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər cinayət işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdiyndən və ibtidai istintaqla toplanmış digər sübutlarla təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 194-203) Zərərçəkmiş şəxs1 Ağaəli qızı tərəfində verilmiş 19 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 Ağaəli qızı ondan oğurlanmış 1582 manat və 200 ABŞ dolları pulundan 1000 manat və 200 ABŞ dolları təhvil almışdır. (i.v. 235) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Ağaəli qızının çantasından 1588 manat və 200 ABŞ dolları deyil, 1078 manat və 200 ABŞ dolları oğurlaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və bunu özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay islah işi 10% cəzasına məhkum edilmişdir. xx.xx.2019cu il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay islah işləri 10% cəzasına məhkum edilmiş xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v. 36-37) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 1(008)- 340/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Allahvedi qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 10% tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Allahvedi qızına təyin olunmuş hər ay qazancından dövlət nəfinə 10% tutulmaqla 06 ay müddətinə islah işləri cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq Təqsirləndirilən şəxs Allahvedi qızının üzərində hər ay qazancından dövlət nəfinə 10% tutulmaqla 01 (bir) il 08 (səkkiz) ay müddətə islah işləri cəzası saxlanılmışdır. (i.v. 39-43) Amnistiya aktının tətbiq edilməsi barədə 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 iyun 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 62, 124-125) AZ-İV № 045042 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014cü il təvəllüdlü X2 anası Təqsirləndirilən şəxsdır. (i.v. 225) xx.xx.2018-ci il tarixli doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə qız övladı doğulmuşdur. (i.v. 226) “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən həmin qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmünə əsasən hər ay qazancından dövlət nəfinə 10% tutulmaqla 01 (bir) il 08 (səkkiz) ay müddətə islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının əsasən cəzadan azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, himayəsində iki azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın qismən ödənilməsini, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirici hal kimi nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 02 ədəd CD disk işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 32 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar