Məhkəmə qərarları › İş №1(004)-449/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-449/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-449/2024 24.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2ı iştirakları ilə, xx.xx.1989-cu ildə Ukrayna Respublikasının, Donetsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 192 ünvanda yerləşən “Melissa Park” yaşayış kompleksinin ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi boz metallik rəngli “Toyota Corolla” markalı **-TY- *** dövlət qeydiyyat nişanlı avtomobili azyaşlı övladı ilə onun üzərinə hərəkət etdirməsini cüzi səbəb kimi bəhanə gətirərək, sonuncunun idarə etdiyi avtomobilin arxası ilə piyada hərəkət edib “Melissa Park” yaşayış kompleksinin zirzəmisində olan zaman heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə Zərərçəkmiş şəxs təhqir edərək zor tətbiq edib qəsdən əli ilə sol göz nahiyəsinə yumruqla zərbə vuraraq ona sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sol gözün üst qapağının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirib qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, evdar xanımdır. Bir azyaşlı oğlan övladı vardır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində azyaşlı övladını baxçadan götürüb yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən “Melissa Park” yaşayış kompleksinə gəlirmiş. Övladı ilə birlikdə piyada yaşayış kompleksinin giriş hissəsinə yaxın məsafədə piyada hərəkətdə olan zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin gəldiyini görüb yol dar olduğu üçün ona keçməsi üçün yol vermişdir. Bundan sonra kompleksin aşağı tərəfində giriş hissəsinə yaxınlaşan zaman şlaqbaunun yanında Emil idarə etdiyi “Toyota” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili üzərlərinə sürdüyü üçün o, övladının əlindən tutub kənara çəkilmişdir. Bundan sonra həmin avtomobilin arxası ilə sürücünün ünvanına “korsan, görmürsən?” sözlərini demişdir. Emil də avtomobili saxlamadan hərəkətinə davam etmişdir. Bundan sonra o, həmin sürücünün arxası ilə kompleksin dayanacağına, yəni zirzəmiyə tərəf getmişdir. Zirzəmiyə daxil olan zaman Emilin idarə etdiyi avtomobili park edərək avtomobildə bir nəfər xanımla söhbət etdiklərini görmüşdür. O, iradını bildirmək üçün Emilə yaxınlaşmışdır. Emil avtomobildə sükan arxasında əyləşmişdir. O, avtomobilə sükan tərəfdən yaxınlaşıb Emilə “siz kimsiniz ki, üzərimə maşın sürürsüz?” dedikdə, Emilin yanında olan adını bilmədiyi xanım ona “biz sizi görməmişik” deyə cavab vermişdir. Həmin vaxt o əli ilə Emilin avtomobilinə vurmamış, sadəcə əlində olan paket avtomobilə dəymişdir. Bundan sonra Emil maşından yerə düşmüşdür. O, həmin vaxt əsəbi olduğu üçün yüksək səslə Emilin ünvanına nalayiq sözlər demişdir. Mübahisə zamanı Emil onun qollarından tutmuşdur. O, da Emil ilə əlbəyaxa olmuşdur. Emil təpiklə onun qarın nahiyəsinə zərbə vurmuşdur. O, da Emilin sifətinə sol gözü tərəfdən yumruqla zərbə vurmuşdur. Emilin yanında olan xanım onları bir-birindən ayırmışdır. Emil onu hədələyərək polisə aparacağını və avtomobilə əyləşməyini tələb etsə də, o, avtomobilə minməmişdir. Həmin vaxt Emil onu avtomobilə mindirməyə çalışan zaman yanında olan xanım avtomobilin qapısını ona tərəf itələyib sıxsa da, o, qapını geri itələyib onları uzaqlaşdırmışdır. Dalaşma zamanı səs-küyə ətrafdan tanımadığı bir nəfər xanım yaxınlaşaraq onları sakitləşdirməyə çalışmışdır. Sonra o, övladı ilə birlikdə çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxs ilə arasında əvvəllər heç bir tanışlıq, ədavət, düşmənçilik, qərəzli münasibət olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs əli ilə onun sol barmağını və sağ qolunu bərk sıxmış, bundan başqa Emil qarnına təpik vuraraq onu yerə yıxmış, sonra onu avtomobilinə mindirmək istəyən zaman ayağına da xəsarət yetirmişdir. Barəsində təyin edilmiş tibbi ekspertiza rəyinə əsasən bədənində aşkar olmuş sağ bazunun, sol əlin 2-ci barmağının və sağ baldırın qançırları, sağ saidin sıyrığı xəsarətlərini ona sonradan adını bildiyi Zərərçəkmiş şəxs yetirmişdir. Emildən başqa onu heç kim vuraraq xəsarət yetirməmişdir. Baş vermiş hadisə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən “Melissa Park” yaşayış kompleksinin zirzəmisində baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, hadisə zamanı orada o, azyaşlı övladı, Emil, onun yanında bir nəfər adını bilmədiyi xanım olmuşdur. Sonradan isə tanımadığı bir nəfər xanım onlara yaxınlaşmışdır. Ətrafda isə binanın mühafizəçisi və məhlədə yaşayan tanımadığı uşaqlar olmuşdur. O, dalaşma zamanı Zərərçəkmiş şəxs sifətinə sol gözü tərəfdən bir dəfə yumruq zərbəsi vurmuşdur. Emildən başqa heç kimə zərbə vurmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 aprel 2024-cü il tarixində idarə etdiyi avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən “Melissa Park” yaşayış kompleksinə daxil olarkən giriş hissədə yerləşən şlaqbaum açıldıqdan sonra hərəkətini davam etmişdir. Həmin vaxt tanımadığı, adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs yanında olan azyaşlı uşağı ilə birlikdə səkidə hərəkətdə olan zaman yola baxmadan səkidən yola şıxmiş, o isə Təqsirləndirilən şəxs heç bir siqnal vermədən sakit bir şəkildə manevr edib onları yanından ötüb keçmişdir. Bundan sonra o, hərəkətini davam etdirmiş, arxadan isə Təqsirləndirilən şəxs ona əl-qol hərəkətləri etdiyini görmüşdür. Həmin vaxt onun avtomobilində ondan başqa nişanlısı Şahid1 da olmuş, o, Ayseldən həmin qadının nəyə görə ona əl-qol hərəkəti göstərdiyini soruşduqda Aysel ona demişdir ki, sən ona yol vermədiyin üçün o, sənə əl-qol işarəsi göstərir. Bundan sonra o, yaşadığı məhəlləyə gələrək avtomobilini zirzəmidəki dayanacaqda park etmişdir. Təqsirləndirilən şəxs yanında olan azyaşlı övladı ilə yüksək səslə əsəbi halda qışqıraraq ünvanına nalayiq sözlər deyə-deyə üzərinə doğru hərəkət edərək avtomobilə yaxınlaşmış və avtomobilin qabaq yan qapısına əl ilə zərbələr vurmağa başlamışdır. O, Samirənin avtomobilini vurduğunu görüb avtomobilin qapısını açaraq yerə düşmüşdür. Bu zaman Samirə ona “korsan, görmürsən, mən yol keçirəm, üzərimə sürürsən” sözlərini demişdir. O, isə Samirəyə avtomobilində video cihazın olduğunu, Samirənin onun yoluna səkidən düşdüyünü bildirmişdir. Bundan sonra onlar arasında mübahisə yaranmışdır. Samirə ona yumruq vurmağa başlamış, o isə Samirəni saxlamaq üçün qollarını tutaraq sıxmışdır. Həmin vaxt Samirə onun əlindən çıxaraq əl-qol atdığı zaman dırnağı onun sol gözünə girmişdir. Bundan sonra o, Samirənin qollarını yenidən tutmuş, Samirə polis çağıracağını bildirdikdə onun özünün Samirəni polis aparıb təhvil verəcəyini bildirmişdir. O, Samirənin qollarından tutaraq nişanlısına avtomobilinin qapısını açmasını bildirmiş və Samirəni avtomobilinin arxa oturacağına əyləşdirməyə çalışmışdır. Həmin vaxt Samirə arxa oturacaqdan ayaqları ilə ona təpik vurmağa başlamış və avtomobildən yerə düşmüşdür. Bundan sonra ətrafdan tanımadığı bir nəfər xanım yaxınlaşaraq onları ayırmışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı orada o, nişanlısı Aysel, Təqsirləndirilən şəxs və azyaşlı övladından başqa binanın mühafizəçisi və məhlədə yaşayan tanımadığı uşaqlar olmuşdur. Sonradan isə tanımadığı bir nəfər xanım onlara yaxınlaşmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduğu üçün, yəni onun idarə etdiyi avtomobillə sakitcə yanından ötüb keçdiyi halda belə bir hadisəyə görə bu qədər əsəbi və idarəolunmaz hala gəldiyi üçün onun Samirənin qollarından tutub polisə aparmaqdan başqa çarəsi olmamışdır. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nişanlısıdır. Dəqiq xatırlamadığı tarixdə gündüz saatlarında Emilin idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən “Melissa Park” yaşayış kompleksinə daxil olarkən giriş hissədə yerləşən şlaqbaumdan keçərkən bir nəfər adının sonradan bildiyi Təqsirləndirilən şəxs ilə qarşılaşmışdırlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan azyaşlı övladı ilə səkidən aşağı düşmüş, Emil isə onlarından yanından keçərək hərəkətini davam etdirmişdir. Onlar keçdikdən sonra Samirə Emilə əl işarələri edərək nəsə dediyini görsələr də, məhəl qoymamışlar. Bundan sonra Emil zirzəmidəki dayanacağa gələrək avtomobili park etmişdir. Onlar avtomobildən düşməyə hazırlaşan vaxt Təqsirləndirilən şəxs yanında azyaşlı övladı ilə birlikdə gələrək yüksək səslə əsəbi halda qışqıraraq Emilin ünvanına nalayiq sözlər deyə-deyə avtomobilə doğru hərəkət etdiyini görmüşlər. Samirə avtomobilə yaxınlaşan kimi Emilə “korsan, görmürsən, mən yol keçirəm, üzərimə sürürsən, uşağımı əzməyə çalışırsan” sözlərini demişdir. Bundan sonra Emil maşından düşdüyü üçün onunla Samirə arasında mübahisə yaranmışdır. Samirə Emilə əl-qol atmağa başlamış, Emil isə Samirəni saxlamaq üçün qollarını tutaraq sıxmışdır. Həmin vaxt Samirə əli ilə Emilin sol gözündən yumruqla bir dəfə zərbə vurmuş, Emilin ünvanına yüksək səslə təhqiramiz sözlər söyləmişdir. Bundan sonra ətrafda olan şəxslər mübahisə olan yerə yığışmış, onların arasından tanımadığı bir nəfər xanım yaxınlaşaraq Samirəni sakitləşdirib kənara çəkmişdir. Mübahisə zamanı o, Emilin qolundan tutaraq onları bir-birindən aralamağa çalışmış, daha sonra Samirənin azyaşlı övladının ağladığını görüb əli ilə onu tutaraq sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun saçlarından tutaraq ona uşağına toxunmamasını bildirmişdir. Əlavə olaraq bildirdi ki, həmin vaxt Təqsirləndirilən şəxs idarəolunmaz vəziyyətdə olduğu üçün nişanlısı onun qollarından sıxaraq tutub saxlamağa çalışmışdır. Mübahisə zamanı ətrafda kənar şəxslər də olmuş, nalayiq ifadələr işlədilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 7-8 aydır ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən “Melissa Park” yaşayış kompleksində mühafizəçi işləyir. Onun işlədiyi ərazidə mübahisələr çox olduğu üçün hazırki iş üzrə sözügedən mübahisəni tam xatırlamır. O, gündəlik olaraq çox insan gördüyü üçün hazırda iş üzrə tərəflər olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. Yeganə olaraq xatırladığı odur ki, mübahisə vaxtı onu başqa şəxslər ora çağırmış, o da hadisə yerinə gələrək mübahisə edən şəxsləri sakitləşdirməyə çalışmışdır. Daha sonra zirzəmidən küçəyə çıxaraq getmiş, mübahisə barədə sonradan məlumatı olmamışdır. Mübahisə zamanı o, kiminsə bir-birini vurduğunu görməmiş, həmçinin nalayiq ifadə eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 20 aprel 2024-cü il tarixli, 414 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sol gözün üst qapağının qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 23-25) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 20 aprel 2024-cü il tarixli, 410 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun, sol əlin 2-ci barmağının və sağ baldırın qançırları, sağ saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 26-28) “Diskə baxış keçirilməsi haqqında” 04 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi və cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 192 ünvanda yerləşən “Melissa Park” yaşayış kompleksinin zirzəmisində Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş dalaşma hadisəsi ilə əlaqədar həmin vaxt idarə etdiyi avtomobildə quraşdırılmış videomüşahidə cihazı vasitəsi ilə qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd diskə baxış keçirilən zaman diskdə 02 ədəd videogörüntü müəyyən olundu: - Birinci görüntüdə xx.xx.2024-cü il tarixdə saat 18:02 dəqiqədə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin içərisində ön şüşəsinə quraşdırılmış videomüşahidə cihazı vasitəsi ilə videoqeyd aparması, həmin vaxt dar yolun hərəkət hissəsində kənarda avtomobillərin park edilməsi, qarşıda Zərərçəkmiş şəxsla eyni istiqamətdə yolun hərəkət hissəsində Təqsirləndirilən şəxs yanında azyaşlı övladı ilə piyada hərəkət etməsi, avtomobil yaxınlaşdıqda Təqsirləndirilən şəxs azyaşlı övladı ilə birlikdə yolun kənarına çəkilərək avtomobilə yol verməsi, saat 18:03 dəqiqədə Zərərçəkmiş şəxs avtomobilini hərəkət etdirərək şlaqbauna yaxınlaşması və giriş kartını oxutdurduqdan sonra şlaqbaunun qalxması və Zərərçəkmiş şəxs hərəkətinə davam etməsi, həmin vaxt qarşıda səkinin üzərində piyada hərəkət edən Təqsirləndirilən şəxs azyaşlı övladının əlindən tutaraq yoloun hərəkət hissəsinə doğru səkidən düşməsi və Zərərçəkmiş şəxs avtomobili onların yan tərəfindən sürüb irəliyə doğru getməsi müşahidə olunur. - İkinci görüntüdə xx.xx.2024-cü il tarixdə saat 18:06 dəqiqədə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin içərisində ön şüşəsinə quraşdırılmış videomüşahidə cihazı vasitəsi ilə videoqeyd aparması, həmin vaxt avtomobili yaşayış kompelksinin zirzəmisində park etməsi, bu vaxt Təqsirləndirilən şəxs yanında azyaşlı övladı ilə Zərərçəkmiş şəxs avtomobilinə sükan tərəfdən yaxınlaşaraq Zərərçəkmiş şəxs “sən kimsən mənim üstümə maşın sürürsən, səni boğub öldürərəm, təkrarən sən kimsən?” sözlərini deməsi və avtomobilə vurması səsləri, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs “sənin başın çatır?” sözlərini deməsi, həmin vaxt Zərərçəkmiş şəxs yanında olan xanımın onlara yaxınlaşması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl-qol atması və sonuncunun da Təqsirləndirilən şəxs əlini çəkməsi səsləri, ətrafdan şəxslərin baxaraq keçməsi, Təqsirləndirilən şəxs yüksək səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deməsi, Zərərçəkmiş şəxs da polis çağırmasını və gözləməsini Təqsirləndirilən şəxs deməsi və onu avtomobilə əyləşdirmək istəməsi, sonradan mühafizəçinin onlara yaxınlaşması, azyaşlıq uşaqların kənardan onlara baxması müşahidə olunur. (i.v. 70-71) 04 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxsnun üzünə qarşı deyərək hadisə vaxtı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini təsdiq etmişdir. (i.v. 72-76) “Baxış keçirilməsi haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin E blokunun zirzəmisidir. (i.v. 84-87) “Sübutların qiymətləndirilməsi haqqında” 06 iyul 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi və xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 192 ünvanda yerləşən “Melissa Park” yaşayış kompleksinin zirzəmisində Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş dalaşma hadisəsi ilə əlaqədar həmin vaxt idarə etdiyi avtomobildə quraşdırılmış videomüşahidə cihazı vasitəsi ilə qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd disk iş üçün sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 99-106) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni xuliqanlıq əməlini törətməməsi, həmin vaxt əli ilə Emilin avtomobilinə vurmaması, sadəcə əlində olan paketin avtomobilə dəyməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 iyun 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnun əvvəllər məhkum olunmamışdır. (i.v. 64) “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 153-154) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 anası Təqsirləndirilən şəxsdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi uşağın tibbi kitabçasından görünür ki, X3 autizm xəstəsidir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını və ona dəymiş ziyan ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı autizm xəstəliyindən əziyyət çəkən uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 10 (on) saatı görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saatı görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar