Məhkəmə qərarları › İş №1(004)-45/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-45/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-45/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Naxçıvan MR Şərur rayonu, Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan və Bakı şəhəri, Maştağa qəsəbəsi, Albalı-1 yeni sahədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 maddi cəhətdən imkanı geniş olan tanışının öz hesabına ayrı-ayrı şəxsləri Ümrə və Kərbəla ziyarətlərinə səfərlərini təşkil etdiyini, həmin şəxslə olan əlaqələrindən istifadə edərək 2022-ci ilin aprel-may aylarında onun qeyd olunan hər iki ziyarətə getmək məsələsini həll edəcəyi barədə yalan vəd verməklə etibarından sui-istifadə edib aldadaraq, əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olaraq bunun müqabilində onun üçün hər hansı bir işi görmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq, 15 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağa Neymətulla küçəsində yerləşən "Məşədi Qərib” məscidinin qarşısında Zərərçəkmiş şəxs1 bacısı Şahid2 vasitəsi ilə ilkin olaraq 200 manat pulu, 17 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 3 saylı "ASAN xidmət" mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 300 ABŞ dolları, həmin vaxtın məzənnəsi ilə 510 manat pulu almaqla, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə məxsus ümumilikdə 710 manat pulu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 maddi cəhətdən imkanı geniş olan tanışının öz hesabına ayrı-ayrı şəxsləri Ümrə və Kərbəla ziyarətlərinə səfərlərini təşkil etdiyini, həmin şəxslə olan əlaqələrindən istifadə edərək 2022-ci ilin aprel-may aylarında onun və övladı X1 Ümrə ziyarətinə getmək məsələsini həll edəcəyi barədə yalan vəd verməklə etibarından sui-istifadə edib aldadaraq, əvvəlcədən bu kimi cinayəti törətmək niyyətində olaraq bunun müqabilində onun üçün hər hansı bir işi görmək və ya bu istiqamətdə vasitəçilik etmək arzusunda olmayaraq 17 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 3 saylı “ASAN xidmət” mərkəzinin qarşısında Zərərçəkmiş şəxs2 məxsus 1000 manat pulu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 aprel 2022-ci il tarixdə Ümrə və Kərbəla ziyarətləri təşkil edəcəyi barədə özünə məxsus “whatsapp” ani mesajlaşma proqramında status paylaşmışdır. Bundan sonra ona Həqiqət adlı tanışı zəng edərək ziyarətlə maraqlanmışdır. Həqiqətə yalandan demişdir ki, adının açıqlanmasını istəməyən imkanlı şəxs öz hesabına ziyarətlər təşkil edir, pulun az bir hissəsini ziyarətə getmək istəyən şəxs ödəyir, qalan pulu isə həmin imkanlı şəxs öz hesabına ödəyib ziyarəti təşkil edir. Halbuki əslində o, belə bir ziyarət səyahəti təşkil edən imkanlı şəxs tanımır. Onun bu təklifinə cavab olaraq Həqiqət demişdir ki, o və bacısı ziyarətə getmək istəyir. O Həqiqətdən ümumilikdə 400 manat pul almışdır. Bundan bir müddət sonra Həqiqət ona demişdir ki, bacısı Afidə və bacısı qızı Rövşanə də Ümrə ziyarətinə getmək istəyir və onun icazəsini aldıqdan sonra onun nömrəsini Afidəyə vermişdir. Afidə onunla telefonla əlaqə saxlayan zaman o demişdir ki, adının açıqlanmasını istəməyən imkanlı şəxs 500 manat ödəniş edən şəxslərin qalan xərclərini özü ödəməklə Ümrə ziyarətinə göndərir. Onun bu təklifinə cavab olaraq Afidə demişdir ki, qızı və nəvəsi də ziyarətə getmək istəyir. O bildirmişdir ki, pulu onun bank kartına yükləsin və ondan cavab gözləsin. Lakin Afiqə onunla görüşmək istədiyini bildirmişdir. O razılaşmış və 2022-ci ilin aprel ayının ortalarında Afidə, qızı Rövşanə və kürəkəni İlqarla Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 3 saylı “ASAN” Xidmətin qarşısında görüşmüşlər. Orada Afidədən 300 ABŞ dolları pul, ona məxsus pasportu və şəxsiyyət vəsiqəsini almış və Afidənin qızı Rövşanədan özü və qızının ziyarətinin təşkili üçün 1000 manat pul, ona və qızına məxsus pasportu və şəxsiyyət vəsiqəsini alaraq ona demişdir ki, 26 aprel 2022-ci il tarixdə saat 09:00-da “Heydər Əliyev" beynəlxalq hava limanından təyyarə yola düşəcək. Bundan sonra 300 ABŞ dolları və 1000 manat pulu bir neçə gün ərzində şəxsi ehtiyacları üçün xərcləmişdir. 26 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində Rövşanənin əri İlqar ona zəng edib ziyarət səfəri ilə bağlı aeroporta getdiklərini bildirmişdir. O yalandan demişdir ki, orada gözləyin, çarter reysi bir müddətlik təxirə salınıb, bir azdan gedib onları yola salacaq, lakin hava limanına getməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödənməsini, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödənməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının ortalarında bacısı Həqiqət ona demişdir ki, Buzovna qəsəbəsində yaşayan bir şəxs bir imkanlı şəxsin vasitəsi ilə 500 manat müqabilində Həcc və digər ziyarətlərə səyahət təşkil edir. Bundan sonra o həmin şəxslə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Söhbət zamanı həmin şəxs ona adının İsmayıl olduğunu və imkanlı tanışının Məşhəd, Kərbəla, həm də Həcc ziyarəti təşkil etdiyini bildirmişdir. O qiymətlər barədə soruşduqda İsmayıl demişdir ki, Həcc ziyarətinə görə 500 manat, Kərbəla ziyarətinə görə isə 400 manat pul ödəmək lazımdı. O demişdir ki, hər iki ziyarətə getmək istəyir. İsmayıl adlı şəxs bildirmişdir ki, aprel ayının sonlarında Həcc ziyarətinə, may ayının sonlarında isə Kərbəla ziyarətinə adamlar göndəriləcək, əlavə olaraq bildirmişdir ki, Həcc ziyarətinə görə 500 manatın hamısını, Kərbəla ziyarətinə görə isə 400 manatın yarısını əvvəlcədən, qalan hissəsini isə səfərə başlamamışdan əvvəl ödəmək lazımdır. Bundan sonra o İsmayıla vermək məqsədi ilə Həqiqətə 200 manat vermiş, Həqiqət isə 15 aprel 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanının qarşısında həmin pulu İsmayıla vermişdir. Sonradan İsmayıl özü də telefon danışığı zamanı pulu aldığını təsdiqləmişdir. Bundan sonra o bu barədə qızı Rövşanəyə məlumat vermiş və Rövşanə qızı ilə birlikdə ziyarətə getmək istədiyini bildirmişdir. Bundan sonra o, 17 aprel 2022-ci il tarixdə qızı Rövşanə və kürəkəni İlqar ilə birlikdə ünvan 3 ünvanında yerləşən 3 saylı ASAN xidmətin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Orada İsmayıl onlara bildirmişdir ki, səfərlər çarter reysi ilə təşkil olunur, təyyarə xx.xx.2022-ci il tarixində saat 09:00-da “Heydər Əliyev” beynəlxalq hava limanından uçacaq, ona görə də saat 06:00-da onların aeroportda olmaqları tələb olunur. O razılaşmış və özünə məxsus şəxsiyyət vəsiqəsini, pasportunu və 300 ABŞ dolları pulu qızı Rövşanə və kürəkəni Şahid1 yanında İsmayıla vermiş, həmin vaxt Rövşanə özünə və qızı Fərəh Kərimovaya məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu və 1000 manat pulu onun və kürəkəni İlqarın yanında İsmayıla vermişdir. 26 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində o, Rövşanə, Fərəh və İlqarla birlikdə aeroporta getmişlər. Yolboyu kürəkəni dəfələrlə İsmayıl ilə telefon əlaqəsi yaratmağa çalışsa da onun nömrəsinə zəng çatmamışdır. Onlar aeroporta çatdıqdan sonra İsmayılla telefon əlaqəsi yarada bilmiş və İsmayıl bildirmişdir ki, o hal-hazırda Bibi-Heybətdədir, buradan ziyarətə adamlar yola salıb birbaşa aeroporta gəlir. Orada olan zaman onlar kimi başqa şəxslərin də aldadıldığını görmüşlər. Bundan sonra başa düşmüşlər ki, İsmayıl onları aldadıb, o və qızı Rövşanə aeroportda olan zaman DİN-in 102 xidmətinə zəng edib İsmayıl barədə şikayət etmişlər. Son olaraq ona dəymiş zərərin bir qismi Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və o zərərin tam ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının ortalarında anası Afidə ona zəng edərək bir imkanlı şəxsin Həcc ziyarətinə səfər təşkil etdiyini və bunun üçün sadəcə 500 manat ilkin ödəniş vermək lazım olduğunu bildirmişdir. Bundan sonra o həyat yoldaşı İlqarla ilə məsləhət etmiş və anasına qızı ilə birlikdə getmək istədiyini bildirmişdir. Anası 2 nəfərə görə 1000 manat pul verilməli olduğunu bildirmiş və demişdir ki, 1-2 günə həmin şəxslə görüşəcəyik. 17 aprel 2022-ci il tarixdə o, anası Afidə və həyat yoldaşı İlqar Yasamal rayonu, Şərifzadə küçəsi 39 ünvanında yerləşən 3 saylı ASAN Xidmət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Onlar İsmayıl ilə ziyarət barədə müəyyən qədər söhbət etmişlər və İsmayıl demişdir ki, səfərlər çarter reysi ilə təşkil olunur, təyyarə xx.xx.2022-ci il tarixdə saat 09:00da təyyarə ’’Heydər Əliyev” beynəlxalq hava limanından uçacaq, ona görə də saat 06:00da aeroportda olmaqları tələb olunur. Onlar İsmayılın bu təklifi ilə razılaşmışlar və əvvəlcə anası Afidə özünə məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu və 300 ABŞ dolları pulu onun və həyat yoldaşı Şahid1 yanında İsmayıla vermişdir. Anasından sonra o da özünə və qızı Fərəh Kərimovaya məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu və 1000 manat pulu anası Afidə və həyat yoldaşı Şahid1 yanında İsmayıla şəxsə vermişdir. 26 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində o, qızı Fərəh, anası Afidə və həyat yoldaşı İlqarla birlikdə aeroporta getmişlər. Yolboyu İlqar dəfələrlə İsmayıl ilə telefon əlaqəsi yaratmağa çalışsa da onun nömrəsinə zəng çatmamışdır. Onlar aeroporta çatdıqdan sonra anası İsmayılla telefon vasitəsi ilə əlaqə yarada bilmiş və İsmayıl bildirmişdir ki, o hal-hazırda Bibi-Heybət məscidinin yanındadı, oradan ziyarətə adamları yola salıb birbaşa aeroporta gəlir. Aeroprotda olan zaman onlar kimi başqa şəxslərin də aldadıldığını görmüşlər. Aeroport əməkdaşlarından maraqlandıqları zaman məlum olmuşdur ki, həmin gün “Heydər Əliyev" beynəlxalq hava limanından Səudiyyə Ərəbistanının heç bir şəhərinə çarter təyyarə reysi təşkil edilməmişdir. Bundan sonra başa düşmüşlər ki, İsmayıl adlı şəxs onları aldadıb, o və anası Afidə aeroportda olan zaman DİN-in 102 xidmətinə zəng edib İsmayıl adlı şəxs barədə şikayət etmişlər. Bundan sonra məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 aprel 2022-ci il tarixdə sosial şəbəkədə Təqsirləndirilən şəxs sərfəli qiymətə ziyarət təşkil etdiyini görmüşdür. Bundan sonra o İsmayılın telefon nömrəsinə zəng edib onunla danışmış və İsmayıl ona bildirmişdir ki, Həcc, Kərbəla və Ümrə ziyarətləri təşkil edir. O İsmayıldan qiymət və şərtlər barədə maraqlandıqda İsmayıl demişdir ki, onun imkanlı bir tanışı öz hesabına müqəddəs ziyarətgahlara səfərlər təşkil edir, səfərə getmək istəyənlər səfərə görə minimum xərclərin pulunu ödəməlidirlər, qalan pulu həmin imkanlı şəxs ödəyəcək. O səfərlərin qiyməti ilə maraqlandıqda İsmayıl demişdir ki, 500 manat Ümrə və 400 manat Kərbəla ziyarətinin qiymətidir. O İsmayıla demişdir ki, hər iki ziyarətə getmək istəyir, lakin pulu azdır. Bundan sonra İsmayıl ona demişdir ki, imkanı zəif olduğu üçün ona hər ziyarəti 200 manata təşkil edə bilər. O bu barədə bacısı Afidəyə məlumat vermiş və Afidə onun əvəzinədə 200 manat verməsini ondan xahiş etmişdir. 15 aprel 2022-ci il tarixdə İsmayılla Buzovna qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən məscidin qarşısında görüşmüş və orada özünün 2 ziyarətinə görə 400 manat, eləcə də bacısı Afidənin Kərbəla ziyarətinə görə 200 manat olmaqla, ümumilikdə 600 manat pulu İsmayıla vermişdir. İsmayıl ona aid şəxsiyyət vəsiqəsi və pasportunu ondan almış və bildirmişdir ki, ziyarət barədə əlavə məlumatı yaxın günlərdə verəcək. 17 aprel 2022-ci il tarixdə İsmayıl ilə görüşmüş və orada Afidə özünə görə 300 ABŞ dolları və Rövşanəyə görə 1000 manat pulu İsmayıla vermişlər. 26 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində o aeroporta getmişdir. Orada, bacısı Afidə, bacısı qızı Rövşanə, bacısı nəvəsi Fərəh və bacısının kürəkəni İlqarı görmüşdür. İlqar İsmayılla telefon əlaqəsi yarada bilmiş və İsmayıl bildirmişdir ki, o hal-hazırda Bibi-Heybətdədir, oradan ziyarətə adamları yola salıb birbaşa aeroporta gədəcəkdir. Lakin sonradan İsmayıl vəd etdiyi vaxta gəlməmişdir. Aeroport əməkdaşlarından maraqlandıqları zaman ona məlum olmuşdur ki, həmin gün "Heydər Əliyev” beynəlxalq hava limanından Səudiyyə Ərəbistanının heç bir şəhərinə çarter təyyarə reysi təşkil edilməmişdir. Orada olan zaman onun kimi başqa şəxslərin də İsmayıl adlı şəxs tərəfindən ziyarət təşkil etmək adı ilə aldadıldığını görmüşdür. Bundan sonra başa düşmüşdür ki, İsmayıl adlı şəxs onlarıda aldadıb. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 69-72-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının ortalarında həyat yoldaşı Rövşanə demişdir ki, anası Afidə onda deyib ki, Buzovnada bir nəfər şəxs münasib qiymətə Həcc və digər ziyarətlərə səyahət təşkil edir, hansısa imkanlı şəxs öz hesabına imkanı zəif olan adamları ziyarətlərə göndərir, pulun 500 manatını özü verməlidir, qalan bütün xərcləri həmin imkanlı şəxs özü çəkir. Rövşanə qızı Fərəh ilə birlikdə Həcc ziyarətinə getmək istədiyini bildirmişdir. O razı olmuşdur. Rövşanə 2 nəfərə görə 1000 manat pul veriləcəyini bildirmiş və demişdir ki, 1-2 günə həmin şəxslə görüşəcəklər. 17 aprel 2022-ci il tarixdə o, qayınanası Afidə və həyat yoldaşı Rövşanə əvvəlcədən razılaşdıqları kimi Yasamal rayonu, Şərifzadə küçəsi 39 ünvanında yerləşən 3 saylı ASAN Xidmət mərkəzinin qarşısına getmişlər və orada İsmayıl adlı şəxslə görüşmüşlər. Onun anket məlumatları barədə maraqlandıqda Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Ziyarət barədə müəyyən qədər söhbət etmişlər və İsmayıl demişdir ki, səfərlər çarter reysi ilə təşkil olunur, təyyarə xx.xx.2022-ci il tarixdə saat 09:00-da təyyarə “Heydər Əliyev” beynəlxalq hava limanından uçacaq, ona görə də saat 06:00-da aeroportda olmaqları tələb olunur. Onlar razılaşmışlar və əvvəlcə qayınanası Afidə özünə məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu və 300 ABŞ dolları pulu onun və həyat yoldaşı Rövşanənin yanında İsmayıla vermişdir. Söhbət əsnasında qayınanası Afidə əvvəlcədən 200 manat pulu da İsmayıla vermişdir. 2022-ci ilin may ayında Məşhəd ziyarətinə gedəcəyini bildirmişdir. Anası sonra və həyat yoldaşı Rövşanə özünə və qızı Fərəh Kərimovaya məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu və 1000 manat pulu qayınanası Afidə və onun yanında İsmayıl adlı şəxsə vermişdir. İsmayıl bildirmişdir ki, müəyyən rəsmiləşmələr üçün sənədlər onda qalacaq, səfər günü aeroportda sənədləri onlara qaytaracaq. 26 aprel 2022-ci il tarixdə saat 05:00 radələrində o, qızı Fərəh, qayınanası Afidə və həyat yoldaşı Rövşanə ilə birlikdə aeroporta getmişlər. Yolboyu o dəfələrlə İsmayıl ilə telefon əlaqəsi yaratmağa çalışsa da nömrəyə zəng çatmışdır. Bu vəziyyət artıq onda müəyyən narahatlıq və şübhələr yaratmağa başlamışdır. Onlar aeroporta çatdıqdan sonra İsmayılla telefon əlaqəsi yarada bilmiş və İsmayıl bildirmişdir ki, o hal-hazırda Bibi-Heybətdədir, buradan ziyarətə adamlar yola salıb birbaşa aeroporta gəlir. Lakin sonradan İsmayıl vəd etdiyi vaxta gəlməmişdir. Aeroport əməkdaşlarından maraqlandıqları zaman onlara məlum olmuşdur ki, həmin gün “Heydər Əliyev” beynəlxalq hava limanından Səudiyyə Ərəbistanının heç bir şəhərinə çarter təyyarə reysi təşkil edilməmişdir. Orada olan zaman onlar kimi başqa şəxslərin də İsmayıl adlı şəxs tərəfindən ziyarət təşkil etmək adı ilə aldadıldığını görmüşlər. Bundan sonra başqa düşmüşlər ki, İsmayıl adlı şəxs onları aldadıb. Rövşanə və qayınanası Afidə aeroport əməkdaşlarının məsləhəti ilə DİN-in 102 xidmətinə zəng edib İsmayıl adlı şəxs barədə şikayət etmişlər. Daha sonra onlar evə qayıtmışlar. Bir neçə gün sonra o İsmayılla görüşüb həyat yoldaşına, qızına və qayınanasına məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu ondan almışdır. Həmin vaxt İsmayıl ailə üzvlərinə aid sənədləri qaytararaq etiraf etdi ki, o onları aldatmışdır, pul lazım olduğu üçün yalandan ziyarət təşkil etdiyini demişdir, qısa vaxt ərzində dəymiş maddi ziyanı ödəyəcəkdir. Lakin buna baxmayaraq İsmayıl sonradan onlardan yayınmağa və pulu ödəməkdən boyun qaçırmağa başlamışdır. Bu günədək İsmayıl və arvadı Rövşanəyə məxsus 1000 manat pulu, qayınanasına məxsus 710 manat pulu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 300 ABŞ dollar nağd pulu, özünə məxsus şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunu ünvan 1 ünvanında yerləşən 3 saylı “ASAN xidmət'in qarşısında Təqsirləndirilən şəxs vermişdir. (i.v. 12-15) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 1000 manat nağd pulu, özünə və övladı X2 məxsus şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunu ünvan 1 ünvanında yerləşən 3 saylı "ASAN xidmət'in qarşısında Təqsirləndirilən şəxs vermişdir. (i.v. 16-19) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2, bacısı Zərərçəkmiş şəxs1 ziyarətinə görə 200 manat nağd pulu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağa Neymətulla küçəsində yerləşən “Məşədi Qərib” məscidinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. (i.v. 89-92) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 1(008)-300/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı ilə 27 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasının çəkilməmiş hissəsi 10 ay 01 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və idarənin qeydiyyatından çıxarılmışdır. (i.v. 35-36, 41-43) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 7(008)- 921/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(008)-358/2021 saylı qərarı ilə təyin edilmiş 10 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının “8 noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsindən, bu Qərarın 2.5-ci bəndinə əsasən azad edilmişdir. (i.v. 44-46) 8 X4 münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2022-ci il tarixlı qərarına əsasən həmin qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2021-ci il tarixli qərarla məhkumluğu götürülmüşdür. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilib. Anası Zərərçəkmiş şəxs1 dəymiş 700 (yeddi yüz) manat ziyan ödənilməyib. Xalası Şahid2 dəymiş 400 (dörd yüz) manat məbləğində ziyan da ödənilməyib. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəymiş zərəri tam ödəmədini və Zərərçəkmiş şəxs2 dəymiş zərəri qismən ödənilməsini törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, onun üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52- 1), onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalı dırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qız) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qız) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar