Məhkəmə qərarları › İş №1(004)-45/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-45/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-45/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 aprel 2023-cü il tarixdə təxminən saat 20:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs usta kimi işlədiyi Bakı şəhəri,Yasamal rayonu,Həsən Məcidov küçəsində yerləşən «moto-təmir» emalatxanasına gələrək sonuncunun yatmış vəziyyətdə olmasından istifadə edərək Zərərçəkmiş şəxs məxsus içərisində 10 manat dəyərində 099 *** ** ** saylı nömrə kartı, üzərində 25 manat dəyərində qoruyucu üzlük və balansında pul olmayan 355 126 466 018565 və 3551 2646 ******* İMEİ kodlu qara rəngli 950 manat dəyərində «İphone» markalı, «11» modelli mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 985 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə saat təxminən 20 radələrində Yasamal rayonu, Həsən Məcidov küçəsində yerləşən moto-qaraja yaxınlaşaraq özünü Nicat kimi təqdim edib icarəyə motosikletinin olub- olmamasını orada işləyən ustadan soruşmuşdur. Adının sonradan Yusif olduğunu bildiyi həmin usta ona icarəyə motosikletinin olmadığını bildirmişdir. Sonra o həmin usta ilə münasibət qurmağa başlamış və o, Yusifdən öz mobil telefonu ilə dostuna zəng etməyini xahiş etmiş, həmin vaxt usta Yusifin əlləri çirkli olduğundan özünə məxsus olan İPHONE 11 markalı mobil telefonun 0252 nömrəli kodunu ona bildirmiş və telefonun divanın üstündən götürərək zəng etməyinə icazə vermişdir. O telefonu divanın üstündən götürdükdən sonra güya kiminləsə danışmış, daha sonra telefonu qaytarıb yerinə qoymuşdur. O, təxminən 1-2 saat Yusifin işlədiyi qarajda oturmuşdur. Yusif isə həmin vaxt motosiklet motoru yığırdı. Bundan sonra o güya dostlarının gec gəlmələrindən narahat olduğunu Yusifə bildirmişdir. Yusif isə narahat olmamağmı və orada dostlarını gözləməyini demişdir. Daha sonra isə Yusif yorğun olduğundan divana yaxınlaşaraq əyləşmiş və divanın qarşısında olan stola başını qoymuşdurki bir az dincəlsin. Bu zaman Yusifin yuxuya getdiyini görmuüşdür.O Yusifin yuxuya getdiyini görüb Yusifin divanın üzərinə qoyduğu İPHONE 11 markalı mobil telefonu götürüb qarajdan çıxıb getmişdir. Həmin gün 20 Yanvar metrosuna gedib yaxınlıqda yerləşən telefon mağazalarından birinə Yusifə məxsus İPHONE 11 markalı mobil telefonun özünə məxsus olduğunu bildirib pul lazım olduğundan satdığını bildirərək özüə məxsus şəxsiyyət vəsiqəsi ilə 380 manata satmışdır. Mağazadan çıxandan sonnra öz işlərini həll etmək üçün 380 manatı öz ehtiyaclrı üçün xərcləmişdir.Bir müddət sonra Yusifin onu axtardığını bilib özü Yusiflə teleqram sosial şəbəkəsi vasitəsi ilə əlaqəyə çıxaraq ehtiyacı olduğu üçün onun telefonunu götürdüyünü,lazım gələrsə ona yeni İphone 11 alacağımı deyərək ondan şikayət etməməyini xahiş etmişdir.O Yusifi görüntülü yığaraq telefonu 20 yanvar metrosu yaxınlığında «Velotrek» deyilən yerdə yerləşən «Ağa Telekom» mağazasına satdığını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki,Yusif ondan polisə şikayət edib və onu polis axtarır.Zərərçəkmiş şəxs məxsus mobil telefonu qarajdlan oğurlayarkən həmin vaxt onu ətrafda nəiniki Yusif, ümumiyyətlə heç kim görməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Elman oğlu törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 10 aprel 2023-cü il tarixdə saat təxminən 20 radələrində Yasamal rayonu, Həsən Məcidov küçəsində yerləşən moto-qarajda motosiklet təmir edən zaman qaraja müştəri qismində sonradan özünü Nicat kimi təqdim edən şəxs qaraja yaxınlaşaraq icarəyə motosikletin olub-olmamasını soruşmuşdur.O da Nicata onda icarəyə motosikletin olmadığını bildirmişdir. Sonra Nicat onunla münasibət qurmağa çalışmış və ondan dostuna zəng etməyini xahiş etmiş,həmin vaxtı onun əlləri çirkli olduğundan ona məxsus olan İPHONE 11 markalı mobil telefonun 0252 nömrəli kodunu Nicata bildirməklə telefonun divanın üstündən götürərək zəng etməsinə icazə vermişdir.Nicat telefonla kiminləsə danışmış,daha sonra telefonu qaytarıb yerinə qoymuşdur.Telefonun divanın üzərinə qoyma səbəbi,elektrik yuvasının divana yaxın olması və həmin telefonun cərəyana qoşulu olması olmuşdur.Nicat təxminən 2 saata yaxın onun işlədiyi qarajda oturmuşdur.O həmin vaxtı motosiklet motoru yığırdı.Nicat isə öz-özünə deyinərək dostlarının niyə gəlmədiklərindən gileylənirdi.Daha sonra o yorğun olduğumdan divana yaxınlaşaraq əyləşmiş və divanın qarşısında olan stola başını qoymuşdur ki, bir az dincəlsin.Elə olmuşdur ki,o yuxuya getmişdir.Təxminən 1 saatdan sonra o yuxudan ayılmış və özünü Nicat kimi təqdim edən şəxsin qarajda olmadığını, divanın üzərinə baxanda görmüşdür ki, telefonu divanda yoxdur. O belə ehtimal etmişdir ki, Nicat yəqin telefonu götürüb yaxın ətrafda kiminləsə danışır .Ətrafa baxdqda heç kimin olmadığını gördükdə telefonunun kiminsə oğurladığını başa düşmüşdür. Telefonunun oğurlandığını bildikdə üzərində ona məxsus olan 099 *** ** ** mobil nömrəsini müştəri xidmətlərinə zən edərək bağlatdırmışdır ki, telefona məxsus olan “İcloud”-dan çıxa bilməsin.O şəhərdə iki gün Nicatı axtarmağa başlamışdır.Nicatı tapa bilmədiyindən ona qarşı şübhələri daha da artmışdır.Sonradan Nicat özü onunla «Teleqram» sosial şəbəkəsi vasitəsi ilə əlaqəyə çıxaraq ehtiyacı olduğu üçün telefonu götürdüyünü, lazım gələrsə ona yeni İphone 11 alacağını, şikayət etməməyini xahiş etmişdir. Eyni zamanda onu görüntülü yığaraq telefonu satdığı 20 yanvar metrosu yaxınlığında Velotrek deyilən yerdə yerləşən «Ağa Telekom» mağazasının yerini bildirmişdir. O, 20 yanvar metrosu yaxınlığında «Velotrek» deyilən yerdə yerləşən «Ağa Telekom» mağazasına gedərək ona məxsus olan 950 manat dəyərində, qara rəngli 355 126 466 018565 və 355 **********07 imei kodlu mobil telefonu həmin mağazaya satılıb satılmağını soruşmuşdur. Mağazada olan satıcı jurnala baxaraq həmin telefonu 380 manata aldığını bildirmişdir. Hadisə nəticəsində onun 950 manat dəyərində İphone 11 markalı mobil telefonu, üzərində olan 25 manat dəyərində qoruyucu üzlük, telefonun içərisində olan 10 manat dəyərində 099 *** ** ** mobil nömrə ilə birgə oğurlanmışdır. Ümumilikdə ona 985 manat maddi ziyan dəymişdir.Eyni zamanda bildirmişdir ki, ekspertin rəyi onun üçün əhəmiyyət kəsb etmir və ona dəymiş zərəri 985 manat dəyərləndirmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona vurulmuş maddi ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 13 ildir ki, 20 Yanvar «Veloterek» yaxınlığında yerləşən telefon mağazasında satıcısı kimi fəaliyyət göstərir. Nicat adlı şəxsi bir neçə ay əvvəl müştəri kimi tanımışdır. Belə ki, Nicat 10 aprel 2023-cü il tarixdə işlədiyi mağazaya gələrək özünə məxsus olduğunu bildirdiyi «İPHONE 11» markalı, qara rəngli gövdəli mobil telefonu 400 manata satdığını bildirmişdir. Həmin telefon model baxımından çox da yeni olmasa da lakin telefonda xeyli cızıqların, şüşəsinin üzərinin ləkəli və işləməsində probleilərin olduğunu görmüşdür. Bundan sonra Nicata həmin telefonu aşağı qiymətə satmasını demiş və nəhayət həmin telefonu Nicatdan 380 manata almağa razılaşmışdır. Nicatdan mobil telefonu alarkən o, öz şəxsiyyət vəsiqəsinin ksero surətini ona təqdim etmişdir. İki gün sonra Nicatdan aldığı «İ PHONE 11» markalı, qara rəngli gövdəli mobil telefonu adını bilmədiyi vətəndaşa 430 manata satmışdır.Təxminən 5-6 gün sonra işlədiyi mağazaya dostu Nicatın ona satdığı telefonun sahibi olduğunu bildirən şəxs gəlmiş və onunla görüşmüşdür. Özünü Yusif kimi təqdim edən şəxs Nicat adlı şəxsin dostu olduğunu və Yusifin satdığı telefonun ona məxsus olduğunu, həmçinin Nicatın həmin telefonu ondan oğurlayaraq satdığını, həmin mobil telefonu ona qaytarmaq lazım olduğunu bildirmişdir. O isə Yusifə artıq telefonu tanımadığı şəxsə satdığını demişdir. Bundan sonra onunla polis əməkdaşları əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs ona satdığı «İPHONE 11» markalı mobil telefonun qutusunu itirdiyini bildirdiyi üçün təqdim edə bilməmişdir.O da Nicata inanıb telefonu ondan almışdır. Təqsirləndirilən şəxs ona satdığı «İPHONE 11» markalı mobil telefonun oğurluq olduğunu bilməmişdir. Əgər həmin telefonun oğurluq olduğunu bilsə idi heç vaxt həmin mobil telefonu almazdı və bu barədə polisə məlumat verərdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və hadisə yerinin foto şəklindən görünür ki, Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı Nicat Abdullayev tərəfindən hadisə yerinə baxış keçirilərəkən oğurluq hadisəsinin ünvan 1 ünvanda yerləşən moto-qarajda baş verməsi müəyyən edilmişdir. (İ/V. 14-17). “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. (İ/V. 29-31). xx.xx.2023-cü il tarixli “Çağırış vərəqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 314 nömrəli xidməti otağına dəvət olunmuşdur. (İ/V 32). “Məcburi gətirilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin İstintaq Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. (İ/V. 34). “Şübhəli şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, şübhəli qismində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (İ/V. 36). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-də Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilib. Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs kimi hesab edilmişdir. (İ/V. 45-46). “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 3 avqust 2023-cü il tarixdə saat 16:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 53). “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. (İ/V. 53). xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Üzləşdirmə” protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı deməklə təsdiq etmişlər. (İ/V. 74-77). “Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (İ/V. 91). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (İ/V. 92). “Götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus 355 126 466 018565 və 355**********07 İMEİ kodlu «İphone» markalı, «11» modelli mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu, “Velotrek” adlanan ərazidə yerləşən telefon mağazasının satıcı Şahid 380 manata satmış və sonuncuya Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, özünə məxsus, üzərinə tarix və imza olan şəxsiyyət vəsiqəsinin kserosurəti Bakı şəhəri, Nəsimi rayonu, “Velotrek” adlanan ərazidə yerləşən telefon mağazasının satıcısı Şahid götürülmüş və bu barədə götürmə haqqında protokol tərtib edilmişdir. Tərəfimdən götürülmüş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (İ/V. 99). “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin” 11 sentyabr 2023-cü il tarixli 3-16-16/2-9/6415/2023 nömrəli rəyindən görünür ki, 01 ədəd «İphone 11» markalı, qara rəngli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 650.00 manat, üzərində olmuş telefon qoruyucusu 2,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. (İ/V. 116-118). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(011)-484/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 73.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. (İ/V. 123-126). “Sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, götürmə haqqında xx.xx.2023-cü il tarixli protokol maddi sübut kimi tanınmış, vətəndaş Zərərçəkmiş şəxs məxsus 355 126 466 018565 və 355**********07 İMEİ kodlu «İphone» markalı, «11» modelli mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurəti maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (İ/V. 127- 134). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci tarixli, 1(006)-150/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif edilimişdir. (İ/V. 89). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını, Vətən müharibəsinin iştirakçısı olaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci tarixli, 1(006)-150/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci tarixli, 1(006)-150/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 29 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-497/2023 saylı, 2 oktyabr 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 2 oktyabr 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 1(006)-150/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 29 okyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar