Məhkəmə qərarları › İş №1(004)-451/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-451/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-451/2021 17.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X7, Təqsirləndirilən şəxs: xx xxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nzil 227-də yaşamış, barəsində “həbs” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində “Şamaxinka” kimi adlanan yaşayış sahəsindən şəxsiyyəti isintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,844 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata əldə edib saxlayaraq üzərində daşımış, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən 13 avqust 2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli klassik şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,844 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşamış, psixi cəhətdən sağlamdır və heç bir psixiatrik qeydiyyatda deyil. Ailə həyatı qurmamış və hazırda subaydır, həmçinin tutulana kimi heç bir yerdə işləməmişdir. 1997-ci ildə Bakı Hərbi Məhkəməsinin və 2019-cu il tarixdə isə Nəsimi Rayon Məhkəməsinin hökmləri ilə cinayət məsuliyyəinə cəlb edilmiş və sonuncu dəfə 15 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu cinayəti məhz narkotiklə bağlı olmuşdur. Cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra ineksiya yolu ilə heroin qəbul etməyə başlamışdır. 12 avqust 2021-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə adını bilmədiyi şəxsdən 20 manat dəyərində sellofan falqada və onun içərisində qızılı rəngli kağız bükümün içərisində heroin almışdır. Həmin heroini münasib və heç kəsin görmədiyi bir yerdə istifadə etmək üçün üzərində saxlamışdır. 13 avqsut 2021-ci il tarixdə saat 14:00 radələrində o, ünvan 6 ünvanın qarşısından keçərkən ona iki nəfər mülki qeyimdə olan tanımadığı şəxslər yaxınlaşaraq özlərini 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edərək onu 29-cu PŞ-nə gətirərək təhvil vermişlər. Polis Şöbəsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları vəkilin iştirakı ilə üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdikdə o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq onun üzərinə baxış aparmışlar. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, şalvarının sağ yan cibində selofanın içərisində qızılı kağıza bükülmüş heroini təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 169 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, da daxil olmaqla müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ondan aşkar edilərək götürülmüş heroini o, satmaq üçün yox, özü istifadə etmək üçün almışdır. Bədənində ağrılar olur, narkotik istifadə etdiyi zaman isə ağrıları olmur. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29-cu Polis Şöbəsinə 12 avqust 2021-ci il tarixdə xx xxxxxx 1971-ci il tarixdə anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan, ünvan 8 yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də onun tərəfindən raportla Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə edilmiş və 29-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Rasim Əmirov tərəfindən 13 avqust 2021-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o, həmçinin Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, Şahid2 daxil edilmişdir. Rəhbərlik tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 13 avqust 2021-ci il tarixdə saat 14:00 radələrində qrup üzvü Şahid2lə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və saxlanılan şəxsə onlar Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları olduğuqlarım bildirdikdən sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxalanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 29- cu Polis Şöbəsinə getməli olduğunu bildirib onu avtomobillə 29-cu PŞnin inzibati binasına gətirmişlər və bu barədə raportla məruzə edildikdən sonra müvafiq araşdırmanın aparılması 29-cu PŞ-nin təhqiqatçısı Anar Allahyarova həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 29-cu Polis Şöbəsinə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış aparılacağı izah edikdikdən sonra şəxsi axtarış iştirakçılarına, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı iştirakçıların və Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi deyildikdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan falqanın içərisində siqaretin qızılı rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoymuş və bükümdəkinin heroin olduğunu və heroini 12 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində “Şamaxinka” kimi adlanan yaşayış sahəsindən tanımadığı cavan oğlandan şəxsi istifadəsi üçün 20 manata aldığını demişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmayıb. Təqsirləndirilən şəxs ancaq Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3489 saylı 14 avqust 2021-ci il tarixli ekspertiza rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,844 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan narkotik maddələr”in İ siyahsına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 4243 saylı 01 noyabr 2021-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 15.04.2020-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 02 ay 13 gün cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmişdir. 28.06.2020-ci il tarixdə cəza müddəti başa çatdığından, qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 15.08.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13.08.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 13 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,794 qram narkotik vasitə olanheroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X4 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar