Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-452/2022 05.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi «Zəfər» Vəkil Bürosunun vəkil X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.3 və 177.3.2-ci maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarına əsasən onun əməli Azərbaycan Respublikası CMnin 170.3 və 177.3.2-ci maddəsindən həmin Məcəlləsinin 170.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 26 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Kəlbəcər rayonu, Comərd ərazi dairəsi, Tağlar kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 4/121, mənzil 20-də yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını aldadaraq ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 177.3.2-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 maddəsindən həmin məcəllənin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif olunub, həmin məcəllənin 170.3-cü maddəsi 170.1ci maddəsinə tövsif olunub CM-nin 66.2 maddəsinə əsasən 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.20219-cu il tarixdə cəzası bitməsinə, məhkumluğu ödənilməməsinə və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməməsinə baxmayaraq tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tik-tok”sosial şəbəkəsində xeyriyyəçi iş adamı, polkovnik Ömür Maşayev kimi təqdim edərək 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs1 ilə tanış olaraq onun oğlu Şahid2 Fövqaladə Hallar Nazirliyinə işə düzəldəcəyini yalan vəd verərək aldadıb, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvana gələrək sonuncudan 7000 (yeddi min) manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən eyni üsulla “Tik-tok”sosial şəbəkəsində xeyriyyəçi iş adamı, polkovnik Ömür Maşayev kimi təqdim edərək 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, aralarında yaranmış sevgi münasibətindən istifadə edərək ona evlənəcəklərini və anası X2 ilə birlikdə Sumqayıt şəhərində yaşayacaqlarını vəd etmiş, hazırda mənzilinin üç nəfərin yaşaması üçün uyğun olmadığını sataraq başqa mənzil alacağını bildirib, yeni mənzil almaq üçün Zərərçəkmiş şəxs2 Lənkəran rayon Siyavar kəndində yerləşən mənzillərini satıb pulunu vermələrini istəmiş, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 aldadaraq onun 5000 (beş min) manat məbləğində pulunu Bakı şəhər Yasamal rayon H.B.ünvan 2 ünvanın qarşısında sonuncunun pulu göndərdiyi taksi sürüçüsü X3 alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Tik-tok” sosial şəbəkəsində “xeyriyyəçi iş adamı Ömür Maşayev ” adlı səhifə açmış və özünə məxsus fotoşəkillərini həmin səhifədə paylaşmışdır. Həmçinin o, polkovnik hərbi rütbəsində hərbçi geyim paltarını 2021-ci ilin aprel ayında əldə etmiş və həmin hərbi geyimdə şəkil çəkdirmişdir. Həmçinin hərbi geyimdə olan isimlik yazılan hissədə isə “Masayev” olaraq isimlik yazdırmış və onu da həmin geyim formasına taxmışdır. Həmin şəkili də “Tik-tok” səhifəsində yerləşdirmişdir. 2021-ci ilin may ayında o, “Tik-tok” sosial şəbəkəsində bir nəfər qızla tanış olmuşdur. Həmin qızla sevgi münasibəti qurmuş və həmin vaxtlar bilmişdir ki, həmin qız Mingəçevir şəhər sakini Mələk adlı şəxsdir. Bir müddət Mələk ilə danışıb sevgi münasibətləri qurmuş, daha sonralar bilmişdir ki, Mələyin qardaşı Rizvan vardır, sonuncunu FHN-də işə düzəltmək istəyirlər. Mələk də ondan xahiş etmişdir ki, qardaşını FHN-də işə düzəltməyə köməklik etsin. O, da razılaşmışdır. Bir müddət sora bildirmişdir ki, 7000 manat pul müqabilində qardaşı Rizvanı FHN-də işə düzəldə bilər. Mələk də anası Aybənizlə danışmış, bundan sonra Zərərçəkmiş şəxs1 onunla «Vhatsapp» sosial şəbəkəsi ilə görüntülü zəng edərək danışmışdır. Aybəniz ondan oğlu Rizvanı işə düzəltməyini xahiş etmiş, o, da razılaşmış və 7 min manat pul müqabilində düzələcəyini bildirmişdir. Halbuki o, Rizvanın işə düzəlməsi ilə bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. Pula ehtiyacı olduğu üçün 7 min manat pulu ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 aldatmışdır. Bir neçə gün sonra 2021-ci ilin iyun ayının 13-də saat təxminən 14 radələrində o, Mingəçevir şəhərinə gəlmişdir. Kür çayının sahilində yerləşən 12 mərtəbəli binanın yaxınlığında Aybəniz və qızı Mələk ilə görüşmüşdür. Həmin qısa müddətli görüş zamanı o, Zərərçəkmiş şəxs1 7000 manat pulu təhvil almış, başqa Rizavana aid hər hansı sənəd istəmədən geri qayıdıb getmişdir. Həmin vaxtdan etibarən Aybəniz və qızı Mələk onu tapa bilməmişlər. Daha sonra Mələk onu sosial şəbəkədə səhifəsini tapmış və ondan nömrəsini istəmiş, o, da telefon nömrəsini sonuncuya vermişdir. Bir müddət sonra Aybəniz də onun mobil nömrəsini tapmış və danışıq zamanı ona bildirmişdir ki, “pulumu qaytar, qızım Mələyi sənə verəcəm evlənin”. O, da Aybənizə bildirmişdir ki, işləri düzəlsin pulu qaytaracaq. Lakin maddi vəziyyəti yaxşı olmadığından təxminən 1 ilə yaxın pul qaytara bilməmişdir. Lakin 2022-ci ilin may ayında o, Aybənizin adına poçt vasitəsilə 500, 400 və 200 manat olmaqla 1100 manat pul ödəmişdir. Bundan başqa o, 2022-ci ilin fevral-mart aylarında “instaqram” sosial şəbəkəsində eyni üsulla yəni özünü xeyriyyəçi iş adamı kimi təqdim edərək Sevər adlı qadınla tanış olmuşdur. X10 ilə birlikdə Lənkəran rayon Siyavar kəndində yaşayırmışlar. Onun Sevər ilə arasında sevgi münasibətləri yaranmışdır. O, Sevərlə evlənəcəyini deyərək onu inandırmışdır. Sevərə bildirmişdir ki, o, Sumqayıt şəhərində ev alacaq, Sevərlə evləndikdən sonra həmin evə köçəcəkdir. Anası Züleyxa da tək qalmayacaq onunla birlikdə yaşayacaq. Sevər və anası Züleyxa onun bu sözlərindən sonra ona inanmışlar. Onlar da kənddə yerləşən yaşadıqları evi sataraq ona pul barədə köməklik edəcəklərini bildirmişlər. O, da sonunculardan alacağı pulun üstünə özü pul qoyaraq birlikdə yaşayacağları evi alacağını vəd etmişdir. Bu söhbətdən bir neçə gün sonra Sevər ilə anası Züleyxa öz yaşayış evlərini 6 min manata satmışlar və ona taksi ilə 5000 manat pul göndərmişlər. O, həmin pulu 04 mart 2022-ci il tarixdə Bakı şəhər Yasamal rayon ərazisində Respublika xəstəxanasının yaxınlığında tanımadığı taksi sürücüsündən təhvil almışdır. Daha sonra isə nömrəsini dəyişmiş və Sevər ilə anası Züleyxananın onunla əlaqəsi kəsilmişdir. Zərərçəkmiş şəxs1 və Züleyxa Ramazanovadan başqa kimsəyə qarşı dələduzluq etməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Şahid2 2018-ci ildə işə qəbul olunmaq üçün sənədlərini toplayaraq Azərbaycan Respublikası FHN-nin DYMX-nə təqdim etmişdir. Lakin, həmin vaxtdan təxminən 3 il keçməsinə baxmayaraq oğlunun işə qəbul olunması ilə bağlı müvafiq əmr verilməmişdir. 2021-ci ilin may ayında özünə məxsus mobil telefonda “tik-tok* sosial şəbəkəsində "zabit630" istifadəçi adı və Ömür Maşayev ad, soyadlı şəxslə tanış olmuşdur. Həmin şəxs paylaşımlarında xeyriyyəçilikdə məşğul olduğunu, işsiz şəxslərin işə düzəlməsində köməklik göstərdiyini, əlil insanlara kömək olduğunu bildirirmiş. Bundan sonra o, oğlunun işə düzəlməsinə kömək etməsi üçün həmin sosial şəbəkədə Ömür Maşayevə (əsl adı Təqsirləndirilən şəxs) mesaj yazaraq ona da köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin mesaja cavab olaraq ondan mobil nömrəmi istəyərək zəng edəcəyini bildirmişdir. O, istifadəsində olan ***-***-**-** mobil nömrəni ona verdikdən sonra çox keçmədən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ona zəng etmişdir. Zəng zamanı o, Rövşənə oğlunun işlə bağlı müraciət etdiyi halda hələ də işə düzəlməməsini və düzəlməyəcəyi halda səbəbini onlara bildirilmədiyini danışdıqdan sonra Rövşən ona pul vermədiyi üçün oğlunun işə qəbul olunması ilə bağlı əmrinin verilmədiyini, 10-12 min manat pul verdikdən sonra oğlunun işə qəbul olunması ilə bağlı əmrin veriləcəyini bildirmişdir. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs FHN-nin əməkdaşları ilə münasibətlərinin yaxşı olduğunu və sonuncularla danışdıqdan sonra bu məsələni daha ucuza həll edəcəyini bildirərək ona xəbər verəcəyini demişdir. O, Təqsirləndirilən şəxs harada işlədiyini soruşduqda sonuncu ona "whatsapp" sosial şəbəkəsində videogörüntü ilə zəng edərək hərbi prokurorluqda işlədiyini bildirmişdir. Həm də həmin vaxt sonuncunun əynində xüsusi geyim forması olmuşdur. Bundan təxminən 3 gün sonra Rövşən ona zəng edərək FHN-nin əməkdaşları ilə danışdığını və ondan 7000 manat pul isdədiklərini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşaraq bankdan kredit götürərək verəcəyini bildirmiş, xx.xx.2021-ci il tarixdə "Bank Respublika"-nin Mingəçevir filialından qızı X8 adına 6750 manat kredit götürmüşdür. Həmin pulun üstünə də özündə olan 250 manat pulu qoyduqdan sonra Rövşənə zəng edərək pulun hazır olduğunu bildirmişdir. Rövşən də ona xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində şəhid ailəsini ziyarət edəcəyini, həmin vaxt da onunla görüşəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Rövşən onun yaşadığı evə gəlmiş və o, övladları Şahid2, X9 və Şahid1 iştirakları ilə 7000 manat pulu Rövşənə vermişdir. Rövşən də pulu aldıqdan sonra 3 günə oğlunun işə qəbul olunması ilə bağlı əmr veriləcəyini bildirmişdir. Lakin, 3 gün keçməsinə baxmayaraq oğlunun işə qəbul olunması ilə bağlı əmr verilməmişdir. O, dəfələrlə Rövşənlə əlaqə saxlamaq istəmiş, lakin müvəffəq olmamışdır. Rövşən nəhayət onun zənginə cavab verərək oğlunun işə qəbul olunması ilə bağlı əmrin verilməsinin ləngiyəcəyini, təxminən 10 gün də gözləməli olduğunu bildirmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs "tik-tok" sosial şəbəkəsində etdiyi paylaşımda hərbi prokurorluğun inzibati binasının şəklini paylaşaraq yeni vəzifəyə təyin olunduğunu və orada şöbə rəisi olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs dediyi vaxtdan da çox keçməsinə baxmayaraq ona verdiyi vədə əməl etməmiş və dələduzluq yolu ilə ona məxsus 7000 manat pulu ələ keçirmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs valideynləri ilə əlaqə saxlayaraq danışsa da sonuncunun atası Qərib ona oğlu Rövşənin əvvəllər də dələduzluqla 7 il azadlıqdan məhrumetmə cəzası aldığını, onun da pulunu dələduzluq yolu ilə ələ keçirdiyini və həmin pulu qaytarmayacağını bildirmişdir.Hal hazırda da ona dəymiş ziyan ödənilməyib, buna görə də Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının ortalarında yaşadığı Lənkəran rayonu Siyavər kəndində ona məxsus olan mobil telefonunun İnernet vasitəsi ilə «İstagram» sosial şəbəkəsində özünü xeyriyyəçi kimi və adını isə Ömər Maşayev kimi təqdim edən şəxslə tanış olmuşdur. Tanışlıq zamanı Ömər Maşayev özünü xeyrəçi bir insan kimi və Müdafiə Nazirliyində dəqiq adını çəkmədiyi şöbələrin birində rəis vəzifəsində çalışdığını və guya özü tərəfindən Qarabağ Müharibəsində iştirak edən Qazilərimizə köməklik etməsi ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Ömər Maşayev onun nə problemi olsa bu işdə köməklik edəcəyini bildirmişdir. O, isə Ömər Maşayevə inanıb onunla dəfələrlə «VVatsapla» görünütülü mobil telefonu ilə danışmışdır. Həmin müddət ərzində o, X10yla birlikdə yaşadığı Lənkəran rayonu Siyavər kəndində olan evlərini satmaq və Bakı şəhərində yerləşən fərdi yaşayış evi alıb həmin ünvana köçmək qərarına gəlmişlər. Bundan sonra o, və X10 bu barədə Ömər Maşayevə mobil telefon vastəsi ilə «VVatsapla» görünütülü danışmış və Ömər Maşayev ona və anasına bu işdə onlara yaxından köməklik edəcəyini və Bakı şəhərində yox Sumqayıt şəhərində yerləşən fərdi yaşayış evini alınmasını təklif etmişdir. Ona görə ki, özüdə Sumqayıt şəhərində yaşadığını və Sumqayıt şəhərində yaxın tanışılarının olduğunu və bir qədər ücüz qiymətə ev tapacağını bildirmişdir. Bundan sonra o, və anası Ömər Maşayevdən sonuncunun Sumqayıt şəhərində yerləşən fərdi yaşayış evini dəyəri barədə maraqlandıqda Ömər onlara oradan guya iki otaqlı mənzili 20.000 manata olduğunu və təşkil edəcəyini bildirmişdir. Onlar isə sonuncuya 20.000 manat nəğd şəkildə pullarının olmadığını və hazırda evlərini sata bilmədiklərini və o, isə əvvəllər işlədiyi müddətdə ərzində yığdığı cəmi 5000 manat pulu olduğunu bildirmişdir. Bundan sonra Ömər Maşayev onlara bildirmişdir ki, o, onsuzda Qarabağ Müharibəsində iştirak edən Qazilərə evlərin alınmasında ucuz qiymətə evlərin alınmasında köməklik etmiş və onlara bu işdə köməklik edər, onlar həmin 5000 manat pulu çatdırsın və qalan 15.000 manat pulu o, bir xeyirəçi kimi köməklik edəcəyini və bunun müqabilində onlardan gələcəkdə pul almayacağını bildirmişdir. O, və anası Ömər Maşayevə inanmışlar. Təxminən 04 mart 2022-ci il tarixdə səhər saatlarında o, Lənkəran və Bakı şəhərinə taksi kimi fəaliyyət göstərən tanıdığı Vüsal adlı şəxsə ona məxsus olan hamısı 100 manat pul əskinasları olmaqla 5000 manat pulu Bakı şəhərində Ömər Maşayevə vermək üçün Vüsala vermişdir. Elə həmin günü yəni 04 mart 2022-ci il tarixdə saat təxminən 10 radələrində Ömər Maşayev ona sonuncunun istifadəsində olan ***-***-**- ** GSM mobil telefon vasitəsi ilə zəng edərək həmin 5000 manat pulu Vüsaldan Bakı şəhəri Yasamal rayonu H. Zərdabi küçəsində aldığını və Sumqayıt şəhərində yerləşən 2 otaqdı fərdi yaşayış evini 2020-ci ilin mart ayının sonunadək alacağını bildirmişdir. Lakin üstündən bir müddət keçdikdən sonra o, və anası Ömər Maşayevlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu isə onlara müxtəlif bəhanələr gətirərək qısa müddət ərizində həll edəcəyini bildirmişdir. Bundan sonra o, və anası Ömər Maşayevə inanmış və sonuncunu bir qədər gözləmiş, lakin sonradan Ömər Maşayevin mobil telefonuna zəng edərkən, artıq mobil telefonunu söndürmüş və zəng çatmamışdır. Bundan sonra o, və anası başa düşmüşlər ki, Ömər Maşayev onları aldadaraq 5000 manat pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. O, Ömər Maşayevlə VVatsap görüntüsü ilə danışarkən onun video görünütüdən iki ədəd fotoşəkilərini çıxartmış və həmin fotoşəkilləri polisə təqdim etmişdir.Sonradan polisdən ona xəbər verilmişdir ki, onları aldadan şəxs Təqsirləndirilən şəxs imiş. Hazırda ona dəymiş maddi ziyan ödənilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. Qardaşı heç bir yerdə işləmir və sonuncunun FHN-də işə düzəlməyi üçün ailə üzvləri dəfələrlə müraciət etmişlər. Müraciətləri olsa da lakin nəticə əldə olunmamışdır. İşə düzəlməyi yaxud düzəlməməyi barədə hər hansı rəsmi məlumat verilməmişdir. 2021-ci ilin iyun ayında anası Zərərçəkmiş şəxs1 evdə olarkən onlara bildirmişdir ki, “Tik-tok” sosial şəbəkəsində xeyriyyəçi iş adamı ilə tanış olmuş və həmin şəxs Təqsirləndirilən şəxs polkovnik olmasını, onun qardaşı Rizvanı FHN-də işə düzəldəcəyini bildirmişdir. Qarşılığında isə 7000 manat pul lazım olmasını bildirmişdir. 2021-ci ilin iyun ayının xx.xx.2021-ci il tarixdə saat 14 radələrində yaşadığımız evdə olmuşlar. Anası Aybəniz bildirmişdir ki, Təqsirləndirilən şəxs onlarının yaşadığı evə gəlməsi xəbərini vermişdir.. Bundan sonra o, anası Aybəniz, qardaşı Rizvan evdə olanda Təqsirləndirilən şəxs onların yaşadığı evə gəlmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs anası Aybənizdən 7 000 manat pulu yaşadığları evdə Rizvanı FHN-də işə düzəltmək adı ilə alaraq evdən çıxıb getmişdir. Onlardan hər hansı sənəd istəməmiş və tez zamanda işə düzəlmək əmri gələcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2020ci il tarixdən bu günə kimi Lənkəran rayonu və Bakı şəhərinə ona məxsus idarə etdiyi Mercedes Benz minik markalı AZ ** MA *** dövlət qeydiyyat nişanlı avtomobililə taksi kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs2 təxminən 2022-ci ilin yanvar ayından bir müştəri kimi tanıdığını və onu bir müştəri kimi yaşadığı Lənkəran rayonu Siyavər kəndindən Bakı şəhərinə idarə etdiyi avtomobililə aparıb gətirdiynin bildirmişdir.Təxminən 04 mart 2022-ci il tarixdə səhər saatlarında o, yaşadığı Lənkəran rayonunda Bakı şəhərinə idarə etdiyi avtomobililə müştəriləri aparmaq üçün gözləyən zaman Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq və ondan ona hamsı 100 manat pul əskinasları olmaqla 5000 manat pulu və həmin pulları Bakı şəhərində tanışı olduğu Ömər Maşayev adlı şəxsə verməyini xahiş etmiş və bildirmişdir ki, Ömər Maşayev ona Sumqayıt şəhərində yerləşən 2 otaqlı fərdi yaşayış evi almaq üçün köməklik edəcək. O, isə həmin pulları sayıb, cibinə qoymuşdur. Sonra isə Sevər ona Ömər Maşayevin istifadə etdiyi 051- ***-**-** mobil telefon nömrəsini vermişdir. Elə həmin günü yəni 04 mart 2022-ci il tarixdə saat təxminən 10 radələrində o, Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 2 ünvanın qarşısında Ömər Maşayevin istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək həmin ünvanda görüşmüş və Ömər Maşayev kimi təqdim edən şəxs mülki geyimində olmuş və o, ona 5000 manat pulu sayıb vermişdir. Bundan sonra o, oradan Sevərə zəng edərək Ömər Maşayevə 5000 manat pulu verdiyini bildirmiş və həmin vaxtı isə Ömər Maşayevdə onun yanından Sevərə zəng edərək ondan 5000 manat pulu aldığını bildirmişdir. Bundan sonra Ömər Maşayevdə həmin pulları sayıb yoxlayandan sonra oradan cıxıb getmişdir. Lakin o, sonradan Sevərdən aldığı məlumata görə Ömər Maşayev onu aldadaraq ona nə ev almış və nədə ki, 5000 manat pulunu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. Heç bir yerdə işləmir və onun FHN-də işə düzəlməyi üçün ailə üzvləri dəfələrlə müraciət etmişlər. Müraciətləri olsa da lakin nəticə əldə olunmamışdır. Belə ki, işə düzəlməyi yaxud düzəlməməyi barədə hər hansı rəsmi məlumat verilməmişdir. 2021-ci ilin iyun ayında anası Zərərçəkmiş şəxs1 evdə olarkən ona bildirmişdir ki, “Tik-tok” sosial şəbəkəsində xeyriyyəçi iş adamı ilə tanış olmasını və həmin şəxs Təqsirləndirilən şəxs polkovnik olmasını, onu FHN-də işə düzəldəcəyini bildirmişdir. Qarşılığında isə 7000 manat pul lazım olmasını bildirmişdir. 2021-ci ilin iyun ayının xx.xx.2021-ci il tarixdə saat 14 radələrində yaşadığları evdə olmuşlar. Anası Aybəniz bildirmişdir ki, Təqsirləndirilən şəxs onların yaşadığları evə gəlirmiş. Bundan sonra o, anası Aybəniz qardaşı Loğmançələbi evdə olmuş və Təqsirləndirilən şəxs onların yaşadığları evə gəlmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs anası Aybənizdən 7 000 manat pulu yaşadığı evdə onu FHN-də işə düzəltmək adı alaraq evdən çıxıb getmişdir. Ondan hər hansı sənəd istəmədi və tez zamanda işə düzəlmək əmrin gələcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan 26 iyun 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.3 və 177.3.2-ci maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarına əsasən onun əməli Azərbaycan Respublikası CM-nin 170.3 və 177.3.2-ci maddəsindən həmin Məcəlləsinin 170.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 26 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.3 və 177.3.2-ci maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarına əsasən onun əməlinin Azərbaycan Respublikası CM-nin 170.3 və 177.3.2-ci maddəsindən həmin Məcəlləsinin 170.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə və 26 sentyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq 02 il keçmədən 13 iyun 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 26 iyun 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Zəfər» Vəkil Bürosunun vəkili F.E.Hacıyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Zəfər» Vəkil Bürosunun vəkili F.E.Hacıyevə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Zəfər» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Zəfər» Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Zəfər» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-452/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-452/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver