Məhkəmə qərarları › İş №1(004)-452/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-452/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-452/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 25 mart 2023-cü il tarixdə gecə saat 00:10 radələrində ünvan 1 ünvanda yerləşən «Jasmin Park» yaşayış kompleksinə aid olan tikilməkdə olan binaların həyətində xalası X1 əri olmuş Zərərçəkmiş şəxs onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr, söyüşlər işlətməsi səbəbinə aydınlıq gətirilməsi ilə bağlı aralarında ailə məişət və qohumluq münasibətləri zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyyələrindən qəsdən vuraraq, sonuncuya alının sol yarısının əzilmiş yarası, sol bazunun qançırı, sol baldırın sıyrığı kimi sağlamlığının qısa müddətə pouzlmasına səbəb olan sağlamlığa “Yüngül” zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası Şahid keçmiş həyat yoldaşıdır, onlar təxminən 8-9 ildir ki, boşanıblar və onların Süleyman adında bir oğlulları vardır. Zərərçəkmiş şəxslə münasibətləri həmişə yaxşı olmuşdur, xalası ilə boşanandan sonra da Elçinlə münasibət saxlamış, onunla bir neçə dəfə görüşüb hal-əhval tutmuşdur. xx.xx.2023-cü il tarixdə xalası Zülfiyyə “Wotsap” tətbiqi vasitəsi ilə onun istifadəsində olan telefona Elçinin səslı mesajını göndərmiş, həmin səs yazısında Elçin tərəfindən xalasını, eləcə də onun ailəsini nalayiq söyüşlərlə təhqir edərək kobud ifadələr işlətmsi görünür. Elçinin onun ailəsini təhqir etməsi ona pis təsir etdiyinə görə və Elçindən bu hərəkəti gözləmədiyi üçün əsəbləşmişdir. Elçinə zəng vurub harada olduğunu soruşmuş, Elçin başqa yerdə olduğunu bildirib, evə gələndə onunla əlaqə saxlayacağını qeyd etmişdir. Artıq gecə saatları olduğuna görə Elçinin yaşadığı evin həyətinə gəlmişdir, maşında onu gözləmiş, 25 mart 2023-cü il tarixdə saat 00:20 radələrində Elçinin həyətə daxil ollduğunu görüb, avtomobildən yerə düşüb, onunla görüşmüş və onunla işinin olduğunu bildirib maşına oturmasını xahiş etmişdir.Elçin maşina oturmuş və maşını idarə edib kənar dairəv yola çıxmış, sonra söhbət edə-edə «Jasmin» park yaşayış kompleksinin həyətinə gəlmiş, maşını saxlamış, maşından hər ikisi yerə düşmüşlər və Elçindən nəyə görə onun ailəsini təhqir etməsinin səbəbini soruşmuş, Elçin düzgün hərəkət etdiyini bildirirək öz hərəkətlərinə haqq qazandırmağa çalışmış və üzbəüz yenə də onun ailəsini təhqir edəndə əsəblərini saxlaya bilməyib yumruqla onun sifət nahiyyəsindən vurmuş və o, yerə yıxılmış, yerdə də onu yumruq və təpik zərbələri ilə vuraraq döyməyə başlamışdır. Elçinin hərəkətsiz vəziyyətdə olduğunu görüb dayanmış və maşına tərəf gedib, maşına oturub həmin yerdən uzaqalaşmışdır, yaşadığı mənzilə gəlmişdir. Mübahisə 3-5 dəqiqə ərizində davam etmişdir, həmin vaxtı yaşayış binasının həyətində tanımadığı gözətçilər var idi, lakin onlar yanlarından gəlib keçib gedəndən sonra bu hadisə baş vermişdir.Baş vermiş hadisədən sonra dəfələrlə Elçinlə görüşüb barışmaq istədiyini lakin buna nail ola bilmədiyini bildirmişdir. İfadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2006-cı ildə Şahid ilə ailə həyatı qurmuşdur, birgə nigahlarından 2011-ci ildə oğlu düynaya gəlibdir. Münasibətləri alınmadığına görə 2014-cü ildə rəsmi olaraq boşanımşlar. Övladına görə keçmiş yoldaşıyla həmişə əlaqə saxlayırmış, uşağın ehtiyaclarını həmişə ödəmişdir. Aliment ödəməsə də 2-ci qrup əlilliyinə görə aylıq 220 manat təqaüd alır və təqaüd kartını keçmiş yoldaşına vermişdir. Son 2 ay olar ki, oğlu artıq onunla qaldığına görə həmin təqaüd kartını Züliyyədən almışdır. xx.xx.2023-cü il tarixdə Zülfiyyə ilə telefon vasitəsi ilə danışanda Zülfiyyə ondan təqaüd kartını geri istəmişdir, lakin verməcəyini deyəndə, aralarında sözlü mübahisə yaranmış, Zülfiyyə onu söydüyünə görə o da onu telefonda söymüşdür. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 23:30 radələrində Zülfiyənin bacısı oğlu Təqsirləndirilən şəxs ona zəng vuraraq harada olduğunu və onunla görüşmək istədiyini bildirmiş, ona kənarda olduğunu, gələndə onunla əlaqə saxlayacağını bildirmişdir. Saat təxminən 00:10 radələrində həyətə gələndə İbrahimin binalarının qabağında dayandığını görmüş və ona yaxınlaş İbrahim onun maşınına oturmağını bildirmiş və o İbrahimin maşınına oturmuşdur. Normal qaydada hal-əhval tutmuşlar. O avtomobili söhbət edə-edə hərəkət etdirməyə başlamış, İbrahim avtomobili Kənar dairəvi yola çıxardaraq idarə edib «Jasmin» yaşayış kompleksinin həyətinə sürüb saxlamış və ona yerə düşüb siqaret çəkməyi bildirmiş və maşından yerə düşmüşlər, yerə düşən kimi İbrahim ona nəyə görə onun xalasını və ailəsini təhqir etməyisin səbəbini soruşmuşdur.O isə İbrahimə onun qohumları ilə ailəsi ilə heç bir işinin olmadığını bildirmiş xalasının onu söydüyünə görə o, da xalasını söymüşdür. Danışdığı vaxtı İbrahim gözlənilmədən yaxasından tutub yumruq zərbəsi ilə başından vurub onu yerə yıxmışdır, yerdə də İbrahim onu təpiklə, yumruqla başından ayağından, qolundan zərbələr vurmağa başlamış, zərbələr endirəndən sonra qaçıb maşınına oturmuş və maşını sürüb həmin yerdən uzaqlaşıb getmişdir. Həmin vaxtı orada olan tanımadığı mühafizəçi ona yaxınlaşıb, kömək lazım olub-olmadığın soruşmuş,heç nəyə ehtiyac olmadığını bildirmiş və ayağa qalxıb oradan yaşadığı evə gəlmiş və baş vermiş hadisə ilə bağlı olaraq DİN 102 xidmətinə zəng vurub məlumat vermişdir. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, baş vermiş hadisə zamanı optik eynəyi düşüb itmişdir istifadəsində olan Samsunq A 73 markalı mobil telefon yararsız hala düşərək sınmışdır. Əynində olan paltarlar da yarasız hala düşmüş, bu hadisə nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Onun tərəfindən İbrahimə qarşı heç bir xəsarət və ya fiziki zorakılıq hərəkətləri edilməmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını, ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 2006-cı ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur birgə nigahlarından 2011-ci il təvəllüdlü oğlu Süleyman adlı övladları dünyaya gəlmişdir. Ailə daxili münasibətləri düz gəlmədiyinə görə 2013-cü ildə rəsmi olaraq boşanmışlar.Oğlu Süleyman 2023-cü mart ayına qədər onunla birlikdə yaşamışdır cari ilin mart ayından isə öz istəyi ilə atası ilə yaşayır. 23 mart 2023-cü il tarixdə Elçin ona zəng vurub özünə məxsus əlilliyə görə təqaüd kartını ondan istədiyində ona bildirmişdir ki, kartda olan pulu xərcləmişdir, kartda pul yoxdur. Bu mövzuda aralarında mübahisə yaranmışdır.Mübahisə zamanı Elçin onu və onun ailə üzvlərini təhqir etməyə başladığından digər qahumlarına bu halı sübut etmək məqsədilə həmin təhqirlər olan danışıqlarını telefonuna yazmışdır.Sonradan Elçinin həmin səs yazısını digər ailə üzvlərinə Wotsap vasitəsi ilə göndərmişdir ki, Elçinin böyükləri ilə danışıb, onun başına ağıl qoysunlar. 25 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində bacısı oğlu İbrahim ona zəng vurub Elçinlə görüşdüyünü, Elçinin onların ailəsini təhqir etdiyinə görə səbəbini ondan soruşduqda, öz nalayiq hərəkətlərinə haqq qazandırıb təkrarən onları yenə də söydüyünə görə, onu döydüyünü bildirmişdir. Bacısı oğlu İbrahimin Elçini döyməsi ilə bağlı ona hansısa formada göstəriş verməmişdir, xahiş etməmişdir İbrahim hamıdan xəbərsiz olaraq Elçinin onların ailəsinə etdiyi söyüşlərə görə onu vurmuşdur. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 289 nömrəli, 25 mart 2023-cü il tarixli, rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər -alının sol yarısının əzilmiş yarası,sol bazunun qançırı,sol baldırın sıyrığı küt əşyanın (əşyaların)təsirindən törənmişlər,qərarda qeyd olunan müddətdə və şəraitdə,yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. (İ.v 17-19). Cinayət işim üzrə maddi sübut kimi tanınaraq ona əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin görüntülər ünvan 2 ünvanda yerləşən yaşayış binasının müşahidə kameraları vasitəsilə aparılan görüntülərini özündə əsk etdirir və görüntülər 27 mart 2023-cü il tarixdə saat 00:10-da qeydə alınmışdır. Görüntü 02 dəqiqə 48 saniyədən ibarətdir. Videogörüntüdən müəyyən edilir ki, zahiri görünüş əlamtələrinə görə 2 nəfər kişi cinsindən olan şəxslərin ünvan 2 ünvanda yerləşən «Jasmin» park yaşayış kompleksinə aid olan hündürmərtəbəli binaların həyətində üz-üzə dayanaraq söhbət etdikləri görünür,onların arxasında isə qabaq işıqları yanılı vəziyyətdə olan markası və nömrəsi görünməyən avtomobilin işlək vəziyyətdə dayanması müşahidə olunur.Həmin 2 nəfər şəxs söhbət etdikləri zaman onların yanından 2 nəfər orta yaşlarında kişinin gəlib keçdikləri müşahidə olunur.Həmin 2 nəfər şəxs 1 dəqiqə söhbət etdikdən sonra sağ tərəfdə dayanmış şəxsin onunla üzbəüz dayanmış şəxsi əl zərbəsi ilə vuraraq yerə yıxması və yerdə də həmin şəxsi əl və təpik zərbələri ilə vurması müşahidə olunur. Daha sonra isə döyən şəxsin döyülən şəxsi yerdə uzanılı vəziyyətdə qoyaraq avtomobilin yaxınlaşıb ona əyləşib həmin yerdən uzaqlaşdığı, digər şəxsin yəni döyülən kişinin isə üst-başını təmizləyərək həmin yerdən uzaqlaqması müşahidə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Manafov X3 rayon məhkəməsinin xx.xx.2018-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (İ.v 32-33). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmişin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək, vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Nümayəndə vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-452/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar