Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-453/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X5 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X3 X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət 16.11.2021-ci il tarixdə “Demokratik.az” internet saytında yayılmış “Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimi tapşırıb-“Tərtər işi” boz karidinala da uzanır?” başlıqlı məqalənin mətnindəki məlumatla əlaqədar olmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 ərazi aidiyyəti ilə bağlı məhkəmə tərəfindən qəbul edilən qərarla razı olduğunu bildirdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 bildirdi ki, rəhbəri olduğu “Demokratik.az” internet saytı Göygöl rayonu üzrə hüquqi ünvanda qeydiyyatdan keçmişdir. Ona görə də şikayətin aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə aşağıdakılara əsasə hesab edir ki, hazırkı iş aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə görünür ki, xüsusi ittiham qaydasında şikayət “Demokratik.az” internet saytında yayılmış məlumatla əlaqədar olmuşdur. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin internet saytının hüquqi ünvanıdır. Hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Ali Məhkəmə Plenumunun 21.02.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Bununla da “www.demokratik.az” internet saytının hüquqi ünvanını müəyyən etmək üçün internetdə bunun üçün müəyyən edilmiş imkanlardan istifadə edərək müəyyən edildi ki, Azərbaycan ərazisində internet saytlarının qeydiyyatı barədə məlumatları “whois.az” saytından əldə etmək olar. Həmin saytda “www.demokratik.az” saytının hüquqi ünvanı Göygöl rayonu kimi qeyd edilmişdir (çıxarış işə əlavə edilir). Həmin çıxarışa əsasən “www.demokratik.az” adlı sayt qeydiyyatdan keçib, Rzayev Osman adlı şəxs qeydiyyatdan keçirib, saytın hüquqi ünvanı kimi: şəhər-Göygöl rayonu göstərilib. CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Belə olduğu təqdirdə, CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də CPM-nin 300.1.4-cü maddəsindəki qərardır. Belə ki, CPM-nin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin CPM-nin 302.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. CPM-nin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300, 302-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-453/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-453/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver