Məhkəmə qərarları › İş №1(004)-456/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-456/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-456/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi 24 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, Bakı şəhəri Yasamal rayonu 24 saylı mənzil-kommunal təsərüfatı birliyində süpürgəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 74 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı sonuncunun üz nahiyəsinə qəsdən əl zərbələri ilə vuraraq ona burun sümüyünün yerdəyişməsiz sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şikinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, iş yoldaşı Salehin təklifi ilə Yasamal rayonu, Hüseyn Cavid prospekti yerləşən “Çinar” kafesinə gəlmiş, Emini orada görmüş və oturduğu masada əyləşmiş, bir müddət sonra Saleh də kafeyə qayıtmışdır. Söhbət əsnasında o, Eminə hansı səbəbdən kafedə oturub nahar etdiyini, burada xərclədiyi pulu ailəsinə aparmasının daha düzgün olduğunu və tələfxərclik etdiyini demişdir. Bu sözlərə cavab olaraq Emin ona acıqlanaraq uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. O, Emini sakitləşdirmək istəsə də, Emin onu və ailə üzvlərini təhqir etməyə davam etmişdir. Bundan sonra o, Emini çölə dəvət etmiş və birlikdə kafenin arxasına keçmişlər. Saleh də onların arxasınca gəlmişdir. Kafenin arxasında olan zaman Emin onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməyə davam etdiyindən, məcbur qalıb onun üz nahiyəsinə əl zərbələri ilə vurmuşdur. Həmin vaxt Saleh araya girərək onları ayırmışdır. Hazırda o, zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, ümumiyyətlə hadisədən sonra Emini görməmişdir. İfadəsinin sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə şam yeməyi üçün Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən "Çinar" kafesinə gedərək yemək sifariş vermiş, iş yoldaşı Salehi də həmin kafeyə dəvət etmişdir. Saleh bir müddətdən sonra gəlib onunla birlikdə yemək yemişdir. Yeməkdən sonra Saleh kafedən çölə çıxmış, bundan sonra Anar Salehin dəvəti ilə ora gəlmiş və masada bir yerdə oturmuşdur. Saleh geri qayıtmış, sonra onlar Anarla zarafat edib onu cırnatmaq istəmişdir. Lakin Anar bundan qəzəblənərək ona qarşı aqresifləşmiş, daha sonra onu kafedən çölə çıxararaq mübahisəni orada həll etməyə dəvət etmişdir. Anar onu ani vəziyyətdə sifətindən əli ilə vurmuş, nəticədə burnu sınmışdır. O, Anara qaşı nalayiq ifadələri Anarın onu vurmasından sonra işlətmişdir. Saleh araya girərək onları aralamış və o, oradan uzaqlaşmışdır. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmadığını ondan şikayətçi olduğunu bildirərək məhkəmədən ədalətli qərar çıxarmasını xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Emin onun istifadəsində olan mobil nömrəyə zəng edərək Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 209 ünvanında yerləşən "Çinar" kafesində oturub yemək yediyini demiş və onu da ora dəvət etmişdir. O, Eminin təklifini qəbul edərək kafeyə gəlmiş və bir neçə dəqiqə Eminlə eyni masada oturmuşdur. Daha sonra ərazidə xidmət aparan 24 saylı mənzil-kommunal təsərrüfatı birliyinin süpürgəçilərinin fotoşəkillərini çəkib rəisə göndərmək məqsədilə kafedən çıxmışdır. Bir qədər sonra Anar onun istifadəsində olan mobil nömrəyə zəng edərək iş təklifi aldığını və birlikdə ora getməyi təklif etmişdir. Danışıq zamanı o, Anara Eminin "Çinar" kafesində olduğunu və ora gedib onu gözləməsini bildirmişdir. Bir neçə dəqiqə sonra kafeyə qayıtdıqda isə Anarın Eminlə eyni masada oturub söhbət etdiyini görmüşdür. O da həmin masaya yaxınlaşıb onlarla birlikdə əyləşmişdir. Həmin vaxt Anarla Emin sözlü mabahisə edirmişlər. Mübahisəyə səbəb Anarın Eminə tələfxərclik etdiyini bildirməsi və bunun qarşılığında Eminin onu nalayiq ifadələrlə təhqir etməsi olmuşdur. Emin uca səslə nalayiq ifadələr işlətdiyindən Anar onu çölə dəvət etmişdir. O da onların arxasınca getmişdir. Kafenin arxa tərəfində, yəni Hüseyn Cavid prospekti 74 ünvanının qarşısında Anarla Emin mübahisələrinə davam etmişlər. Mübahisə zamanı Emin Anan nalayiq ifadələrlə təhqir etmiş, bundan əsəbiləşən Anar əl zərbələri ilə Eminin üz nahiyəsinə vuraraq onu döymüşdür. Onları birtəhər aralamış və oradan uzaqlaşmışdır. İş materiallarında olan və mahkəmə istintaqı zamanı tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Yasamal rayonu, Hüseyn Cavid prospekti 74-dür. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. (İ.V. 9-15). Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş MTE və PA Birliyi publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 548 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - burun sümüyünün yerdəyişməsiz sınığı ilə müşayiət olunan burun nahiyyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s) endirilmiş hissəsinin təsirindən əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. (İ.V. 31-32). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-29/2-6513/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. (İ.V 24). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnaməsində göstərilmişdir ki, Qədirov X3 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. (İ.V. 26). Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, material üzrə izahatlar, ifadələr, hadisə yerinə baxış protokolu və ekspertiza rəyi sübut növü kimi qəbul edilmişdir. (İ.V. 64- 67). Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlu bir azyaşlı uşağı vardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi, zərərçəkmişin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, hazırkı vaxtadək tərəflər arasında barışıq əldə edilməmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qaldırılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın təyin olunması onun himayəsində olan azyaşlı uşağının maddi rifahına, təlim-tərbiyyə olunmasına mənfi təsir göstərə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək, vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X1 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-430/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 24 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilməklə, 20 saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi 24 saylı Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 220 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar