Məhkəmə qərarları › İş №1(004)-457/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-457/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-457/2023 28.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Rəsulova X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 mart 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək olan müddət ərzində qulluqçu kimi işlədiyi Rəsulova X7 məxsus ünvan 2 mənzildə yerləşən yataq otağının dolabından 500 manat pulu, manatın həmin dövrlər üçün dollara olan məzənnəsi ilə 4.080 manat ekvivalentində olan 2.400 ABŞ dollar pulu, 100 manat dəyərində bir ədəd «Roman Mayan» markalı ətir və 240 manat dəyərində bir ədəd qızıl üzüyü vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, zərərəçkmiş şəxş Rəsulova X7 ümumilikdə 4.920 (dörd min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə Rəsulova X5 ünvan 2 ünvanda yerləşən evində xadiməçi kimi işə başlamışdır. İşə başlamamışdan evvəl onlar aylıq 1800 manat əmək haqqıya razılaşmışlar, lakin sonradan Sona onun əmək haqqısını 1000 manata endirmişdir. Həmin vaxt onun anası xəstə olduğu üçün pula ehtiyacı olmuşdur. İşə başladıqdan 10 gün sonra o Sonadan əmək haqqısını tam şəkildə istəmiş, lakin Sona ona cəmi 500 manat vermişdir. Bundan sonra onun pula ehtiyacı olduğu üçün Sonanın evindən 300 ABŞ dolları və bir ədəd qızıl üzük oğurlamışdır. Bundan sonra o Sonanın evindən götürdüyü bir ədəd qızıl üzüyü qonşuluqda yerləşən lonbarda qirov qoyub 100 manat pul götürmüşdür. Oğurluq nəticəsində əldə etdiyi pula isə dərman almışdır. Ona qarşı irəli sürülmüş ittihamla razı deyil, beləki Təqsirləndirilən şəxs evindən qeyd etdiyindən əlavə pul və ətir oğurlamamışdır. Yekun olaraq o əməlindən peşman olduğunu, himayəsində uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Rəsulova X8 ifadəsində göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun ünvan 2 ünvanda xadiməçi kimi işə başlamışdır. İşə başlamazdan əvvəl Fəzilə ilə aylıq 1000 manat əmək haqqıya razılaşmışdır. Fəzilənin iş rejimi 7/24 olmasına baxmayaraq, o bahanələr gətirərək bir neçə saatlıq, bəzən də bir neçə günlük evdən çıxmışdır. Təqsirləndirilən şəxs onun evində olduğu müddət ərzində evdən pul və müxtəlif əşylar itməyə başlamış, stresli vəziyyətdə olduğundan bəzən diqqətsizlik edib nəyi hara qoyması yadından çıxmışdır. Həmin vaxtdan etibarnən ona və qızına məxsus yataq otağında olan dolabdan pulların əksik gəlməsini müşahidə etmişdir. Fəzilələdən şübhələndiyi üçün pulların dəqiq sayını və şəkilini çəkib qızının yataq otağındakı dolaba qoymuşdur. Növbəti dəfə Fəzilə gəlib getdikdən sonra qoyduğu pullara baxmış və yenə əksik gəldiyini, bir ədəd qızıl üzüyün və bahalı ətirin yerində olmadığın aşkar etmişdir. Yəni, 1200 ABŞ dolları qoyduğu yerdən 390 ABŞ dolların və 500 manat pulun götürüldüyünü, yerdə 810 ABŞ dolları qalğını görmüşdür. Müşahidələrinə daham edərək növbəti dəfə qoyduğu pula baxdıqda 810 ABŞ dollarından 450 ABŞ dolları qaldığını görmüşdür. Fəzilənin oğurluq etdiyinə əmin olduqdan sonra bu barədə Fəzilə ilə danışmış və danışıq zamanı Fəzilə cibində salfetə bükülmüş vəziyyətdə saxladığı 300 ABŞ dollar pulu ona təqdim edərək ehtiyacı və borcu olduğu üçün götürdyünü bildimişdir. Fəzilə etdiyi oğurluğu etiraf etsə də digər pulları, qızıl üzüyü və ətiri oğurlamadığını bildrmişdir. Təqsirləndirilən şəxs onun evindən ümumilikdə 2400 ABŞ dollar, 500 manat pulu, bir ədəd 240 manat dəyərində çəkisi 0.3 qram olan qızıl üzüyü və 100 manat dəyərində bir ədəd “Roman Mayan” markalı ətir oğurlamışdır. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tam olaraq tələb etdiyini bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 42-43-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Gənclər şəhərciyində” yerləşən lombard işlədir. Gündəlik işi müxtəlif şəxslərdən şəxsiyyət vəsiqəsi əsasında girov qoyaraq gündəlik birjaya uyğun olaraq qyimətləndirib pul vəsaiti verməkdir. 24 mart 2023-cü il tarixdə həmişə olduğu kimi bir qadın ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edib girov kimi bir ədəd qızıl üzük girov qoyaraq pul istəmişdir. Üzüyə baxdıqda 583 əyarlı, 03 qram olması müəyyən olunmuş və gündəlik birjaya uyğun olaraq şəxsiyyət vəsiqəsi əsasında üzüyü girov götürüb 100 manat pul ödəmişdir. Həmin şəxs pulu aldıqdan sonra çıxıb getmişdir. Bir müddət sonra onun işlətdiyi lombarda polis əməkdaşları gəlmiş və yalnız bundan sonra ona məlum olmuşdur ki, 24 mart 2023-cü il tarixdə ona girov kimi verilmiş bir ədəd qızıl üzük oğurluq yolu ilə əldə olunmuşdur. Daha sonra o, həmin üzüyü tərtib edilmiş protokol əsasında polis əməkdaşlarına təqdim etmişdir. O, qızıl üzüyün oğurluq olduğunu əvvəlcədən bilsəydi heç vaxt həmin əşyanı qəbul etməzdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında baş vermişdir. (i.v. 7-11) 16 may 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, X2 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 36-37) “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən lombardan bir ədəd 03 qram çəkidə qızıl üzük maddi sübüt kimi götürülmüşdür. (i.v. 39) Rəsulova X8 tərəfindən verilmiş 18 may 2023-cü il tarixli qəbzdən görünür ki, bir ədəd 03 qram çəkidə olan qızıl üzük iş üzrə maddi sübut kimi tanınmış və sahibi olan zərərçəkmiş şəxs Rəsulova X7 qaytarılmışdır. (i.v. 40) “Sübutların qiymətləndirilməsi haqqında” 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd 583 əyarlı, 03 qram çəkidə olan qızıl üzük maddi sübut kimi tanınmış və sahibi olan zərərçəkmiş şəxs Rəsulova X7 qaytarılmışdır. (i.v. 74-78) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni onun ünvan 3 ünvanından Rəsulova X7 məxsus 2400 ABŞ dolları, 500 manat pul və bahalı ətir oğurlamaması, yalnız 300 ABŞ dolları və bir ədəd qızıl üzük oğurlaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadələsi ilə, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: AZE seriyalı 11720789 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 anası Təqsirləndirilən şəxsdır. (i.v. 34) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 41) “Qətimkan tədbirinin seçilməsi barədə” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 70-71) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 583 əyarlı 03 qram çəkidə olan qızıl üzük zərərçəkmiş şəxs Rəsulova X7 qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 583 əyarlı 03 qram çəkidə olan qızıl üzük zərərçəkmiş şəxs Rəsulova X7 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar