Məhkəmə qərarları › İş №1(004)-457/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-457/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-457/2024 10.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər etmişdir. Belə ki, o. 04 aprel 2024-cü il tarixdə saat 14 radələrində idarə etdiyi **-FR-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobil ilə ünvan 2 ünvanın qarşısı ilə hərəkətdə olarkən, həmin ünvanın qarşısında yerləşən yol ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobil yolundan kənara çəkilməsi ilə bağlı irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncunun sol təpə nahiyyəsinə iki dəfə, üst dodağına isə bir dəfə yumruq zərbəsi vuraraq ona sol təpə nahiyəsinin şişkinliyi və qançırı, üst dodağının içəri səthinin əzilmiş yarası, sağ bazunun və hər iki diz oynağı nahiyələrinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaqla xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 04 aprel 2024-cü il tarixdə saat təxminən 14 radələrində idarə etdiyi «Toyota Prius» markalı avtomobil ilə Yasamal rayon telefon qovşağının arxasındakı A.Abbasov küçəsi ilə hərəkətdə olan zaman iki nəfər qadının əks istiqamətdən olan yolun avtomobilə aid olan hissəsi ilə hərəkət etməsini görmüşdür. Bu zaman o, avtomobilin pəncərəsindən həmin şəxslərə yoldan kənara çıxmalarını bildirmişdir. Həmin vaxt o, əsəbi olduğu üçün, ola bilsin ki, bu sözü biraz sərt şəkildə demişdir. Onun bu sözündən sonra orta yaşlı qadın yolun sağ tərəfinə keçmiş, digər şəxs isə avtomobilin sol tərəfində dayanmışdır. Həmin vaxt o, idarə etdiyi avtomobili dayandırmaq istəmiş, lakin avtomobildə olan nasazlıq səbəbindən avtomobili dayandıra bilməmişdir. Bu zaman avtomobilin sol tərəfindən dayanmış təxminən 30 yaşlı xanım əlindəki dondurmanı pəncərədən onun sifət nahiyəsinə tərəf tullamış və dondurma onun gözünə dəymişdir. O, avtomobili saxlamış və aşağı düşmək istəyəndə sifətinə dondurma tullayan 30 yaşlı xanım şillə ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuş və ona demişdir ki, sən kimsən mənə söz atırsan. O, əsəbləşdiyi üçün həmin qızın sinəsindən itələmiş və qadın yerə yıxılmışdır. Həmin vaxtı orada olan onun tanımadığı şəxslər onlara yaxınlaşaraq onu avtomobilə əyləşdirmişlər. O, avtomobili idarə edərək oradan uzaqlaşmaq istəyəndə mobil telefonunun olmadığını görmüş və avtomobili saxlayaraq avtomobildən aşağı düşmüşdür. O, həmin şəxslərə yaxınlaşmış və onlara mobil telefonunun olmadığını bildirmişdir. Orta yaşlı qadın ona demişdir ki, onun telefonu asfaltın üstünə düşmüşdür. O, asfalta baxaraq, həqiqətən də, mobil telefonun yerdə olduğunu görmüş və həmin telefonu götürərək avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Yekun olaraq əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə saat təxminən 14 radələrində anası Heyran ilə birlikdə Yasamal rayon telefon qovşağının arxasındakı A.Abbasov küçəsi ilə hərəkətdə olan vaxtı əks istiqamətdən olan digər yolla gələn «Toyota Prius» markalı avtomobilin sürücüsü əlini pəncərədən çıxardaraq ona demişdir ki, “nazlana-nazlana yerimə”. Həmin vaxt o, «Toyota Prius» markalı avtomobilə heç bir maneə törətməmişdir. O, həmin şəxs ona söz atdığına görə əlində olan dondurmanı onun sifət nahiyəsinə tərəf tullamışdır. Bundan sonra həmin şəxs avtomobildən aşağı düşərək onun üstünə gəlib ani olaraq yumruq ilə onun sinə nahiyənə vurmuşdur. Bundan sonra onların arasında dava yaranmışdır. Bu zaman onun anası onları ayırmaq istəyərkən həmin şəxs onun yaxasında yapışaraq bir neçə dəfə onun sifət nahiyəsindən vurmuşdur. Bundan əlavə həmin şəxs uca səslə dəfələrlə onu küçə söyüşləri ilə təhqir etmişdir. Bundan sonra ətrafda olan şəxslər onları ayırmışlar. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmiş və ona cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. 04 aprel 2024-cü il tarixdə saat təxminən 14 radələrində qızı Mərziyyə ilə birlikdə Yasamal rayon telefon qovşağının arxasındakı A.Abbasov küçəsi ilə hərəkətdə olan zaman «Toyota Prius» markalı avtomobilin sürücüsü Mərziyəyə “nazlananazlana niyə yeriyirsən kənara çəkil ki, avtomobili idarə edə bilim” demişdir. Bu zaman onun qızı əlində olan dondumanı həmin şəxsin sifən nahiyəsinə atmışdır. Bunda sonra onlar arasında dava yaranmışdır. Dava zamanı həmin şəxs Mərziyyəni dəfələrlə vurmuş və dəfələrlə uca səslə təhqir etmişdir. Həmin vaxt o, onları ayırmağa çalışmış, lakin bunu edə bilməmişdir. Bundan sonra kənarda olan şəxslər onları ayırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanının qarşısıdır. (i.v. 18-22) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 05 aprel 2024-cü il tarixli, 365 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən üzərində aşkar edilmiş xəsarətlər- sol təpə nahiyəsinin şişkinliyi və qançırı, üst dodağının içəri səthinin əzilmiş yarası, sağ bazunun və hər iki diz oynağı nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (i.v. 23-25) 05 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (i.v. 56-58) 05 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək hadisə vaxtı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini təsdiq etmişdir. (i.v. 59-61) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni Zərərçəkmiş şəxs ilkin olaraq “nazlana-nazlana yerimə” sözlərini deməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 iyun 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 48) “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 88-89) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını və ona dəymiş ziyan ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını və törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saatı görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saatı görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar